O həm ata idi

 

Bütün uşaqlara elə gəlir ki, onun atası dünyada ən qüvvətli, ən ağıllı, ən gözəl insandır. Mən də bütün övladlar kimi düşünmüşəm. İndi bəzən ürəyimdə deyirəm - kaş, atam adi adam olaydı, ən adi adam, amma ölməyəydi, sağ qalaydı, bizimlə olaydı, qocalaydı, səhərdən axşama kimi ona qulluq eləyərdim.

…Lakin bilirəm ki, bu mümkün deyil, Azərbaycandan Xəzəri, Muğanı, Kürü, Arazı, Kəpəzi, Göy gölü ayırmaq olarmı? Səməd Vurğunu da bizim xalqdan, bizim torpaqdan ayırmaq olmaz. O, təkcə bizim - öz ailəmizinki deyil…

Onun haqqında nə yazım?

Atam öləndə mənim 18 yaşım var idi. Ömrümün bu 18 ili - əvvəlindən axırına kimi hər anı, hər saatı onunla bağlı olan bütöv bir xatirədir.

İndi ən şad, ən məzəli xatirə belə ürəyimdə xəfif bir kövrəklik dumanına bürünür. Bu dumanda onu - şair atamı görürəm. Nəfəsi üzümə dəyən kimi duman seyrəlir, çəkilib gedir, onun səsini eşidirəm:

- Daha böyümüsən, qızım, anan icazə versə, səni indən belə ova da aparacağam. Yusifdən, Vaqifdən sənin nəyin əskikdir?

Bu sözləri atam mənə deputatı olduğu Quba rayonundan Bakıya gəldiyimiz vaxt dedi. 1953-cü ildə. Bu səfərdə ilk dəfə atamı xalqın gözü ilə görmüşdüm. Seçicilərlə birgə onun çıxışlarına qulaq asmışdım. Ürəyim qürurla dolmuşdu.

Lakin elə oldu ki, o il atam məni ova yox, Moskvaya apardı. Bir gün onun dostu tərcüməçisi Pavel Antokolskinin qonağı olduq. Ukraynadan Mikola Bajan, Cürcüstandan Georgi Leonidze, Moskva yazıçı şairlərindən Aleksandr fadeyev, Nikolay Tixonov Konstantin Simonov orada idilər. Mən P.Antokolskinin həyat yoldaşı Zoya Konstantinovnanın yanında oturmuşdum. Atam danışdıqca qadın heyrətindən bilmirdi neyləsin. Səməd Vurğun ədəbiyyatda romantik qəhrəman problemindən söhbət açmışdı. Özünəməxsus səmimiyyət, ehtiras, yumorla danışırdı. Məclisdəkilər susub diqqətlə ona qulaq asırdılar.

Atam sözünü qurtardıqdan sonra bir müddət heç kim danışmadı, araya sükut çökdü. Hamı məhəbbət dolu nəzərlərlə atama baxırdı

Birdən Zoya xala yerindən sıçrayıb dedi:

- Pavel, sən məni öldürsən mən Səmədi öpəcəyəm!

Qonaqlar hamısı ayağa qalxıb atamı qucaqlayıb öpdülər. Sevincimdən yerə-göyə sığmırdım. Kaş ki, atamın o axşam dediyi sözləri qələmə alaydımAncaq neyləmək olar, gənclik ölümə inanmır, övlad isə ata ölümünü heç təsəvvürünə belə gətirmir

Atam həmişə yeni yazdığı əsərləri hamıdan əvvəl anama, Yusifə, Vaqifə, mənə oxuyardı. "Aygün" poemasının ilk dinləyicisi mən olmuşam. Bununla fəxr edirəm. O, mənə poemanı hissə-hissə yazdıqca oxuyardı. Özü çox ciddi, fikrimi bilmək istəyərdi. üçün poemanı məhz mənə oxuduğunu sonradan, bu misralardan başa düşdüm:

 

Mən bu sətirləri yazdığım zaman

Aybəniz yanımda xəyala vardı.

Mənalar süzüldü baxışlarından,

Hələ gözləri bir az yaşardı.

Sinəmdə dil açıb danışdı ilham:

Ömrümdə ən əziz bir gün olaydı -

Mənim Aybənizim, mənim qız balam

Hünərdə, namusda Aygün olaydı.

 

O, həm Aygün haqda yaşca qəhrəmanına yaxın olan oxucunun fikrini bilmək istəyirmiş, həm mənə - qızına Aygünü bir nümunə kimi göstərib ata nəsihəti verirmiş

1955-ci ilin yay aylarını uzun, unudulmaz bir səfərdə keçirdik. Şamxor, Gəncə, Qazax, Dilcan, Ağdam, Bərdə, Şuşa, Kəlbəcərharalarda olduq, gözəl, mənzərəli bir yer gözünə dəyən kimi atam maşını əylədib deyərdi:

- Düşün, balalarım, buralarda doyunca gəzin. Abıqız (çox vaxt məni belə çağırardı), gözəlliyin yanından ötüb keçmək olmaz, gərək ayaq saxlayıb onunla görüşəsən, ona salam verəsən!

Belə anlarda bizimlə gəzərdi. Zarafat edər, bizə otların, çiçəklərin, ağacların, quşların adını deyərdi. Elə bil bizi - övladlarını təbiətlə tanış edərdi.

Ancaq bəzən baxıb görərdim ki, atam tək-tənha bir ağaca söykənib, ya da şehli daş, kötük üstündə oturub isə düşünür. Onu belə görmək istəməzdim, tez onun yanına yüyürüb arxadan boynunu bərk-bərk qucaqlayıb soruşardım:

- Ata, niyə belə fikirlisən?

Mənə o zaman - 1955-ci ilin yayında, elə gəlirdi ki, atam fikrində isə yazır, beş-on gündən sonra bizi başına yığıb həmişəki kimi təzə şeirlərini oxuyacaqLakin illər keçib getdikdən sonra başa düşdüm ki, tək-tənha ağaca söykənib uzaqdakı dağlara baxan insan Azərbaycanla vidalaşan Səməd Vurğun imiş.

Necə deyərlər, sinə dolu, söz çox, vaxt az

Yəqin ki, oxucuları Səməd Vurğunun necə ata, ailə başçısı olması da maraqlandırar. Bu baxımdan onun uzaq Çindən anama yazdığı məktub diqqətəlayiqdir:

"Əzizim, gözümün işığı Xavər! Oktyabrın 28-də təyyarə ilə Çin paytaxtı Pekin şəhərinə gəldim. İqlimin kəskin surətdə dəyişməsi nəticəsində mən bir az ağır nəfəs almağa başladım. Vyetnam isə daha cənubda çox yağarlıq olduğundan həkimlər ora getməyi mənə məsləhət görmədilər. Odur ki, mən noyabrın 10-na kimi Çində qalıb sonra qatarla (8 günlük yol) Moskvaya qayıdacağam. Bu gecə pis yuxu gördüm. Gördüm ki, Aybəniz məni xəstə zənn edib bərk-bərk ağlayır. Görünür ki, mənim həsrətimi çəkirsiniz.

Onu deyim ki, ömrümdə bu qədər sizi xatırlamamışdım. Ürəyinə başqa şey gəlməsin, kefim yaxşıdır. Çin torpağından zəngin xatirələrlə qayıdacağam, yəqin ki, yenə tərlan-təbim aşıb daşacaqdır.

Buradan məktub teleqram göndərmək çox çətindir.

Öpürəm səni, Mehdixanı, uşaqları. Məndən hamıya salam de.

Sənin S.Vurğunun.

Aybəniz! Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm. Vaqif inciməsin deyə onu da bir saat öpəcəyəm. Qurban olum sizə, ananızı incitməyin, dərslərə fikir verin.

 

31.X.1955. Pekin".

 

Bu, Səməd Vurğunun yazdığı son məktub idi.

 

Aybəniz VƏKİLOVA

 

İyunun 13-ü Aybəniz xanımın doğmalarla-dostlarla vida günü kimi yadımızda qaldı. Bu ayrılıq onu yaxından tanıyan hər kəs üçün çox ağırdır.

Aybəniz Vurğunqızının böyük ata məhəbbətini dilə gətirdiyi yanıqlı sətirlər eyni zamanda onun özünün bir övlad kimi atasına necə böyük məhəbbət bəslədiyini aşkar göstərir.

Əbədiyyətdə qovuşdular. Ruhları şad olsun.

 

 

Ədəbiyyat qəzeti.-2009.-17 iyul.-S.2.