Milli-mənəvi sərvətlərimizin saxlanc yeri

 

Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır.

 

Heydər Əliyev

 

Mədəniyyətimizin, elmimizin, tariximizin, ədəbiyyat və incəsənətimizin tarixini əks etdirən, bu tarixin mühafizə edilib öyrənilməsində və yayılması işində muzeylərin rolu əvəzsizdir.

Naxçıvanda muzey quruculuğu, muzeylərin geniş şəbəkəsinin yaradılması ulu öndərin mədəniyyətimizə tükənməz məhəbbət və qayğısı sayəsində həyata keçirilmişdir.

Hazırda Naxçıvan Muxtar Respublika Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində çox qiymətli, zəngin eksponatlara malik müxtəlif növlü 23 muzey fəaliyyət göstərir. Bu muzeylərin əksəriyyətinin açılış mərasimlərində bilavasitə ümummilli liderin özü iştirak etmişdir.

Elm, ədəbiyyat və mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə açılan muzeylər insanlara xidmət edir, muzey əməkdaşları muzeyə gələnlərə dolğun, hərtərəfli məlumat verirlər.

Uzun müddət fəaliyyət göstərən muzeyimizə Naxçıvan Muxtar Respublikası rəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində əzəmətli, gözəl bir bina verildi, 18 avqust 2008-ci il tarixdə muzey öz qapılarını geniş tamaşaçı kütləsinin üzünə yenidən açdı.

2 mərtəbə və 3 zaldan ibarət olan muzey ekspozisiyası ardıcıllıqla Azərbaycan ədəbiyyatı klassiklərinin, müasir yazıçı və sairlərimizin, elm və mədəniyyət xadimlərimizin, ədəbiyyatşünas alimlərimizin həyat və yaradıcılığını geniş ekspozisiyalar, qiymətli eksponatlar vasitəsilə keçmiş dövrlərdən başlayaraq bu günümüzə qədər keçdiyi yolu özündə əks etdirir.

Hazırda muzeyimizin fondunda və ekspozisiyada mövcud materiallar əsasında 19600-dan artıq eksponatlar mühafizə olunur, 720 ədəd eksponat isə ekspozisiyada nümayiş etdirilir.

Muzey işçiləri ədəbiyyatşünas alimlərlə, yazıçı və şairlərlə əlaqə saxlayır, toplama, tədqiqat işləri aparır, fondu və ekspozisiyanı zənginləşdirmək məqsədilə ədəbiyyat profilli kitabları fonda toplayır, mətbuatda - "Ədəbiyyat qəzeti", "Mədəniyyət", "Şərq qapısı", "Nuh yurdu" qəzetlərində, "Yeni mədəni-maarif", "Naxçıvan" ictimai-siyasi, elmi-publisistik jurnallarında elmi məqalələrlə çıxışlar edirlər.

Muzeyin fonduna daxil olan eksponatlar komplektləşdirilmiş, görkəmli şəxsiyyətlərin şəxsi fondları yaradılmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik və ictimai-siyasi fəaliyyətindən bəhs edən "Heydər Əliyev fondu", Naxçıvan teatrının yaranmasının 125 illik yubileyi ilə əlaqədar "Ədəbiyyat muzeyində Naxçıvan teatrının fondu", dahi Azərbaycan şairi Nizami Gəncəvinin, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, ədəbiyyatşünas alimlərdən Əziz Şərif, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Lətif Hüseynzadə, Yavuz Axundlu, İsa Həbibbəyli, xalq yazıçısı Hüseyn İbrahimov, xalq şairi Məmməd Araz, şair İslam Səfərli və şairə-dramaturq Kəmalə Ağayevanın həyat və yaradıcılığına həsr olunmuş fondlar muxtar respublika ziyalılarına xidmət edir.

Naxçıvanda yaşayan, yazıb-yaradan ədəbiyyatşünas alimlərimizdən, yazıçı və şairlərimizdən akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, professorlar Yavuz Axundlu, Məhərrəm Cəfərli, filologiya elmləri namizədləri Xanəli Kərimli, Həmid Arzulu, Əbülfəz Əzimli, Fərman Xəlilov, şairə-dramaturq Kəmalə Ağayeva, yazıçı və şairlərdən Güllü Məmmədova, Vaqif Məmmədov, Firudin Süleymanoğlu, Elman Həbib, Muxtar Qasımzadə, Asim Yadigar, Nazlı Hacılı və başqaları hər yeni nəşr olunan elmi əsərlərini, şeirlər kitablarını avtoqrafla muzeyimizə hədiyyə edirlər.

Müstəqillik dövründə muzeyimizdə muzey əməkdaşlarının müxtəlif mövzularda elmi məqalələrinin nəşri xeyli artmışdır. Son illər ərzində muzey tərəfindən "Muzey elm və mədəniyyət toplusudur", "Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi", "Heydər Əliyev muzeylərimizin yaradıcısı və memarıdır", "Naxçıvanda Cəlil Məmmədquluzadə muzeyləri", " Ədəbiyyat muzeyində Naxçıvan teatrının fondu" adlı kitablar nəşr olunmuşdur.

Muzeyimizdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hər il mütəmadi olaraq anadan olduğu gün, anım günü, dövlətçilik fəaliyyəti ilə bağlı əlamətdar günlər geniş qeyd olunur. Muzey işinə diqqət ulu öndərin fəaliyyətində xüsusi yer tutduğuna görə "Heydər Əliyev və muzeylərimiz" mövzusunda geniş tərtibatlı sərgi hazırlanmış, muxtar respublikada fəaliyyət göstərən muzeylərin ekspozisiyalarından guşələr sərgidə öz əksini tapmışdır.

Muzeydə Mirzə Cəlilin zəngin ədəbi-bədii irsini hərtərəfli öyrənmək və təbliğ etmək məqsədilə 1986-cı ildən "Mirzə Cəlil lektoriyası" fəaliyyət göstərir. fəaliyyət göstərdiyi illər ərzində muzeydə bir sıra silsilə tədbirlər həyata keçirilir, görkəmli ədəbiyyatşünas alimlər, yazıçı və şairlər, ziyalılar lektoriyanın qonağı olur və müxtəlif mövzularda çıxışlar edirlər. Lektoriyanın məşğələləri əsasən Cəlil Məmmədquluzadəyə və onun redaktoru olduğu "Molla Nəsrəddin" jurnalına və mollanəsrəddinçi şairlərə həsr olunur.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən yubileyi qeyd olunan yazıçı və şairlərin həyat və yaradıcılığını geniş işıqlandırmaq məqsədilə ekspoziyada guşələr yeni materiallarla zənginləşdirilir, sərgilər təşkil edilir, tədbirlər keçirilir.

Böyük demokrat yazıçı, publisist Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin keçirilməsi haqqında 6 fevral 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Sərəncamla əlaqədar muzeyimizin əməkdaşları Naxçıvan Dövlət Universitetində, Müəllimlər İnstitutunda, Heydər Əliyev adına Uşaq və Gənclər Sarayında, Tibb məktəbində olmuş, elmi konfrans keçirilmiş, muzey materialları əsasında sərgi nümayiş etdirilmiş, çıxışlar olmuşdur.

Ali, orta-ixtisas orta təhsil, mütəxəssisləri ilə əlaqələrimiz daha da möhkəmləndirilir, tələbələrin, şagirdlərin kollektiv surətdə muzeyə gəlişləri təşkil edilir, ekskursiyalar aparılır. Orta məktəb şagirdlərinin dərs məşğələləri muzeydə keçirilir, muzey materiallarından əyani vəsait kimi istifadə olunur. Bu il şəhərimizin orta məktəb şagirdlərinin muzeyə gəlişləri təşkil edilmiş, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Araz, Mehdi Hüseynlə bağlı dərslər həmin məktəblərin müəllimləri muzeyin əməkdaşları ilə birlikdə muzeydə keçirilmişdir.

Muzey əməkdaşlarının vəzifəsi Azərbaycan ədəbiyyatı klassiklərinin müasirlərinin həyat yaradıcılığını dərindən öyrənmək, muzeyə gələn tamaşaçılara geniş təbliğ etməkdir.

 

 

Xanım İsmayılova

 

Ədəbiyyat qəzeti.-2009.-17 iyul.-S.2.