Tarixə şahidlik
Bu günlərdə Mətbuat
Şurasının təşkilatçılığı ilə
Pərvanə Məmmədlinin "Cənubi Azərbaycan Mətbuatı
tarixi" ("Elm" nəşriyyatı, 2009)
kitabının təqdimatı keçirildi. Sözü gedən
qurumun sədri Əflatun Amaşov tədbiri açaraq bildirdi
ki, oxuculara təqdim olunan bu kitabda XIX əsrin birinci
yarısından müasir dövrümüzədək
İranda və ondan qıraqda yaşayan azərbaycanlı
ziyalıların ədəbi-ictimai fəaliyyətindən,
onların nəşr etdikləri çeşidli mətbu
orqanlardan geniş bəhs olunur. Kitab Güney Azərbaycanın
mətbuat tarixi haqqında sistemli məlumat vermək məqsədi
ilə yazılıb və bu sahədə ilk təşəbbüsdür.
Doktor Cavad Heyət mərasimdə
çıxış edərək "Cənubi Azərbaycan
mətbuatı tarixi"nin araya-ərsəyə gəlməsinin
ilk növbədə milli kimliyimizi ortaya qoymaq
düşüncəsindən qaynaqlandığını
vurğuladı. O, tarixin ayrı-ayrı mərhələlərində
azərbaycanlılara qarşı aparılan basqılardan,
xalqın bu təzyiqlərə davamlı dirənişindən
tarixi faktlar əsasında, tutarlı arqumentlərlə
söz açdı. Bildirdi ki, XIX əsrin əvvəllərində
Rusiya ilə İran arasındakı savaş nəticəsində
Azərbaycan iki yerə parçalanmış, Azərbaycanın
Quzeyi və Güneyi o zamandan bir-birindən fərqli
inkişaf xəttinə malik olmuşdur. İki əsrə
yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə
qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri
zəngin ədəbiyyata, qədim tarixə malik bir xalqın
mənəviyyatına ağır zərbə olsa da, onun milli
qürurunu sındıra bilməmişdir. C.Heyət
vurğuladı ki, 1906-1911-ci illər Məşrutə
inqilabı, 1920-ci il Xiyabani, 1945-ci il 21 Azər hərəkatları,
nəhayət, 1978-1979-cu illər İran inqilabı XX əsrdə
Güney Azərbaycan türklərinin aparıcı qüvvə
kimi iştirak etdiyi, əsas ağırlıq mərkəzini
təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi hərəkatlar
kimi xalqın oyanışında böyük rol oynadı. Hər
iki tərəfdə xalqımızın düçar
olduğu mənəvi ağrıları "Molla Nəsrəddin"lə
yanaşı İranda "Ruznameye-Vaqieye-İttifaqiyə"
(1851), Təbrizdə "Əxbare dər səltəneye Azərbaycan"
(1958), "Əxtər" (1875), "Şahsevən"
(İstanbul-1888), "Hikmət", "Kamal" (Qahirə),
sonralar "Azadstan", "Təcəddüd", "Azərbaycan",
"Varlıq" kimi mətbu orqanları ardıcıl olaraq
əks etdirdi.
Tədbirdə tarixçi alimlərdən
Nəsiman Yaqublu, Atamoğlan Məmmədli, Ənvər
Börüsoy, Tahir Aydınoğlu, jurnalist Tatyana xanım
çıxış edərək bildirdilər ki, bizdə Cənubi
Azərbaycan ədəbiyyatı və tarixi kifayət qədər
tədqiq olunub, öyrənilib, ancaq onun mətbuat tarixi ilk dəfədir
ki, sistemli və geniş şəkildə tədqiqata cəlb
edilib. Əsrlərdən bəri İranın möhkəmlənməsində
və tərəqqisində əsas rol oynayan, yeri gələndə
canını belə əsirgəməyən azərbaycanlılar
bu gün də öz hüquqları uğrunda yorulmadan
mübarizə aparırlar. Bu müqəddəs işdə
çətinliklərlə nəşr edilən hər bir mətbuat
nümunəsinin adi bir sayının da böyük siyasi, mədəni
əhəmiyyəti vardır.
Sonda kitabın müəllifi Pərvanə
Məmmədli kitab haqqında əhatəli
çıxış edənlərə, tədbir
iştirakçılarına dərin təşəkkürünü
bildirdi: "Mən çox xoşbəxtəm ki, bu tədbirdə
Cavad Heyət iştirak edir. O, vaxtın qədrini çox
yaxşı bilir. Bəxtimizlə, xalqımızın taleyiylə
bağlı olan bir kitabın təqdiminə sərf etdiyiniz
vaxta görə hamınıza təşəkkür edirəm".
Sərvaz
Hüseynoğlu
Ədəbiyyat
qəzeti.-2009.-17 iyul.-S.6.