Xeyirxah əməl sahibi
1987-ci ildə "İşıq"
nəşriyyatında "Şəkinin gülüş
çələngi" adlı
bir kitabça çapdan çıxdı.
Mündəricə etibarilə
öz adının tutumundan çox-çox geniş olan və oxucular arasında sürətlə
yayılan bu kitabça bir neçə cəhətdən
diqqəti cəlb edirdi.
Əvvəla, burada
ənənəvi gülüş
mədəniyyətinin aparıcı
faktı olan lətifələrdən başqa
bayatılar, atalar sözü, zərb-məsəllər, o illərdə kitab səhifələrinə yenicə
düşməyə başlamış
alqışlar və qarğışlar da vardı. İkincisi, ilk dəfə idi ki, folklor məcmuəsində yalnız folklorşünaslıq
üçün yox, həm də etnologiya və qismən də tarixçilik üçün
əhəmiyyətli olan
kişi ləqəbləri,
ailə və nəsil ləqəbləri,
bulaq adları, həmçinin Şəki
xörəklərinin və
şirniyyatın adları
verilirdi (sonralar bu təşəbbüs
başqa
folklorçular tərəfindən
də qəbul edildi). Dialektoloji tədqiqlər üçün
əhəmiyyətli olan
"Azərbaycanca-şəkicə
lüğət" və
"Şəkinin ləqəbli
xəritəsi (məhəllələr)"
isə bu kitabçanın dəyərini
qat-qat artırırdı.
Üçüncüsü, toplayıcı Şəki
dialektinin yazıda qorunub saxlanmasına tam olmasa da,
xeyli dərəcədə
əməl etmişdi və
folklorşünaslıq elminin
əsas tələblərindən
biri olan bu iş o
dövrün "ütülənmiş",
"abıra salınmış"
folklor kitabları fonunda "ağ qarğa" misalında görünürdü. Dördüncüsü,
həmin kitabçanın
toplayıcısı və
tərtibçisi, ömrünün
yarım əsrini haqlamış Hikmət Əbdülhəlimovun
adı Azərbaycan oxucusuna tanış deyildi.
Şəkililər isə onu yaxşı tanıyırdılar.
Məsul
dövlət vəzifələrində
çalışan, hərbçilər
kimi qısa və aydın danışan, həmişə
sözə və gülüşə qənaət
edən Hikmət müəllimin belə bir mənalar toplusunu araya-ərsəyə gətirdiyinə
inanmaq çətin idi.
Ancaq bu məqamda vaxtilə sovet mətbuatında tez-tez işlənən bir məsəl yada düşür: "faktlar
yaman tərs şeydir". Kitabçanın xalq arasında
şöhrət qazanması
onun ikinci, genişləndirilmiş çapına
(1988) zəmin yaratdı.
Bunun dalınca həcmcə getdikcə böyüyən digər
kitablar - "Saa quzu kəsərəm"
(1992), "Şəki lətifələri"
(1994), "Şəki gülməcələri"
(1998) meydana gəldi. Şəki folklorunu məhəbbətlə
tanıdan Hikmət Əbdülhəlimovun adı
da getdikcə daha çox tanınırdı. Bununla
bərabər görülmüş
işdən gələn
gül iyini duymayanlar ara-sıra folklorçunun bostanına irili-xırdalı daşlar atırdılar. Ancaq məlumdur ki, Allah açan yolu bəndə bağlaya bilməz.
XXI əsrin əvvəlində
H.Əbdülhəlimovun folklorşünaslıq
fəaliyyətinin yeni
mərhələsi başlayır.
O, kütləvi nəşrlərdən
elmi nəşrlərə
keçir. Azərbaycan
Milli Elmlər Akademiyasının folklor İnstitutu (o vaxt folklor Elmi-Mədəni Mərkəzi)
tərəfindən buraxılan
çoxcildlik "Azərbaycan
folkloru antologiyası"nın IV cildinin (2000) əsas toplayıcılarından
və tərtibçilərindən
biri olur. Həmin silsilənin VI
(2002) və XVIII (2009) cildləri
isə tam halda H.Əbdülhəlimovun
əməyinin məhsuludur.
İş elə
gətirib ki, mən ustad Yaşar Qarayevin təklifi (daha doğrusu, təkidi) ilə IV cildin rəyçisi olmuş,
VI cildə isə ön söz yazmışam (Yaşar müəllimin IV cildə
yazdığı çox
yüksək səviyyəli
müqqədimədən sonra
eyni işi görmək çətin
idi). Aradan illər keçəndən sonra
XVIII cildin ön sözünü də mən yazmalı oldum. Bu faktları
sadalamaqda məqsədim
var. Hikmət müəllimlə birgə
çalışmamız onun
öz işini qəlbən sevdiyini, bu sahədəki yorulmazlığını görmək
üçün mənə
imkan yaratdı. O topladığı materialları
tanışlıq üçün
mənə təqdim etdikcə öz-özümə fikirləşirdim:
"Görəsən bu
qədər gücü
haradan alır?" Sonra öz-özümə
cavab verirdim: "Əlbəttə, el hikmətindən".
H.Əbdülhəlimov yenə
də dövlət qulluqçusudur, ancaq toplama işini bir an da
olsun yaddan çıxarmır. Xatırlayaq
ki, rus atalar
sözlərinin ən
böyük toplayıcısı
V.İ.Dal və Azərbaycan
atalar sözlərinin
ən böyük toplayıcısı Ə.Hüseynzadə
(idmançıların dili
ilə desək, hələlik onların rekordunu heç kəs təzələyə
bilməyib) başqa peşə sahibi olublar, ancaq onlardan hər biri öz millətinə
və bütövlükdə
elmə əvəzsiz
xidmət göstərib.
Adları əbədiləşib.
Bu gün artıq Azərbaycanın sərhədlərindən
kənarda belə folklorşünas kimi məşhur olan H.Əbdülhəlimov da öz doğma xalqı və mədəniyyəti üçün
layiqli işlər görüb, qalın-qalın kitabları meydana qoyub, minlərlə söz incisini unudulmaqdan, itib-batmaqdan xilas edib. Folklor örnəkləri üzərində
onun geniş müşahidələri və
maraqlı qənaətləri
var. Sözsüz ki, bunlar da
bir gün kağıza çökəcəkdir.
El sözünün pərəstişkarları
bu günlərdə Hikmət müəllimi 70
illik yubileyi münasibətilə təbrik
edirlər. Mən də bu təbriklərə
qoşuluram və qədim Şərq kitablarının birində
oxuduğum sözləri
xatırlatmaq istəyirəm:
"Xeyirxah iş görənlərin və
görmək istəyənlərin
ömrünü Allah
uzadır". Mən
buna şübhə etmirəm!
P.S. Bu yaxınlarda H.Əbdülhəlimovun yeni
topladığı folklor
materialları ilə tanış oldum. Açıqca görünür
ki, növbəti kitab ilk addımlarını
atmağa başlayır.
Qədəmləri uğurlu
olsun!
Faiq ÇƏlƏBİ
Sankt-Peterburq-Şəki
Ədəbiyyat qəzeti.-2009.-17
iyul.-S.6.