Hikmət Əbdülhəlimov-70
Hörmətli
Hikmət müəllim!
Sizi
70 yaşınızın tamam olması münasibətilə
təbrik edirik.
Siz
Bakı Ali Partiya məktəbini fərqlənmə diplomu ilə
bitirərək partiya və komsomol işində məsul vəzifələrdə
çalışmısınız. Şəki şəhər
mədəniyyət şöbəsinə
başçılıq etmisiniz. Şəki şəhər
İcra Hakimiyyəti aparatında şöbə müdiri
olmusunuz. Hazırda Bakı Telefon Rabitəsi İstehsalat
Birliyində kadrlar şöbəsinin müdirisiniz. Rəsmi
işdən başqa sizin böyük həvəslə məşğul
olduğunuz bir iş də var. Siz 40 ildən artıq müddətdə
xalqımızın mədəni sərvətini - folklor
nümunələrini zərrə-zərrə
toplamısınız. "Şəkinin gülüş
çələngi", "Saa quzu kəsərəm",
"Şəki lətifələri" kitabları sizin zəhmətinizlə
ərsəyə gəlmişdir.
Azərbaycan
MEA Nizami adına Ədəbiyyat İnstitutunun nəşr
etdiyi "Azərbaycan folklor antologiyası" IV kitab,
"Şəki folkloru" I cildinin tərtibçilərindən
biri, "Azərbaycan folkloru antologiyası" VI-XIII kitab,
"Şəki folkloru"nun II və III cildlərinin
toplayanı, tərtibçisi, qeyd və şərhlərin
müəllifisiniz. "Ünsiyyət körpüsü",
"Qəhrəman ana, qayğıkeş qadın", "Əbədiyyətə
qovuşan insan" kitabları da sizin tərtibatınızda
və ön sözünüzlə işıq üzü
görüb. "Ulduz" jurnalında, "Ədəbiyyat qəzeti"ndə,
müxtəlif mətbuat orqanlarında
topladığınız folklor nümunələri dərc
olunmuşdur.
2003-cü
ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı
Təbliğ Bürosunun "Yaddaş" mükafatına
layiq görülmüsünüz.
Hörmətli
Hikmət müəllim!
Sizi
70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik
edir, sizə uzun ömür, cansağlığı, yeni
yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.-2009.-17
iyul.-S.6.