22 iyul - Milli Mətbuat Günüdür
Bu gün Azərbaycanda, sözün
əsil mənasında,
müstəqil mətbuata
böyük ehtiyac var. Azərbaycanda mətbuatın müstəqilliyi
cəmiyyətin sifarişidir.
Mən hesab edirəm ki, mətbu orqanlar bəzi siyasi dairələrin təsirindən
çıxmalıdır və
sözün əsil mənasında müstəqil
olmalıdır. Biz çox şeyi Avropadan öyrənirik, Avropaya inteqrasiya edirik və bu, bizim siyasətimizin
əsas istiqamətlərindən
biridir. Hesab edirəm ki, bu sahədə də öyrənməyə
ehtiyac var.
Bu gün Azərbaycanda mətbuat azadlığı, söz
azadlığı var.
Azərbaycanda senzura 1998-ci ildə
aradan götürülmüşdür.
1992-ci ildə tətbiq
olunan senzura 1998-ci ildə Heydər Əliyev tərəfindən
ləğv edildi.
1990-cı illərin əvvəllərində mətbuata
qarşı dözümsüzlük
halları kifayət qədər çox idi. Bəzi vəzifəli şəxslərin
əsəbləri dözmürdü.
Yəqin ki, bu, bütün dövrlərə aid olan məsələdir.
Ona görə mətbuata diqqət, qayğı göstərmək
hər bir vəzifəli şəxsin
borcudur və vəzifəsidir. Hər bir vəzifəli şəxs, xüsusilə
böyük səlahiyyətlərə
malik olan şəxs gərək dözümlü olsun, tənqidə dözümlü
olsun.
...Əlbəttə,
biz çalışmalıyıq
ki, görülən bütün işlər haqqında cəmiyyətimizə
dolğun məlumat çatdıraq. Eyni zamanda, mövcud olan problemləri də tam şəkildə
diqqətə çatdıraq.
Mətbuatda gedən tənqidi materiallar mənim fəaliyyətimə
də köməkdir.
Mən bəzi şeyləri belə verilişlərdən, məqalələrdən
götürürəm. Bu,
çox önəmlidir.
İqtidarla mətbuat
arasında daim əlaqə, ünsiyyət
olmalıdır. Mən
bununla demək istəmirəm ki, bu əlaqə daim çox xoş olmalıdır, yaxud da müsbət
olmalıdır. Yox. Amma bu, olmalıdır.
Biz hamımız,
Azərbaycan vətəndaşları
çalışmalıyıq ki, ölkəmiz daha da güclənsin,
daha da müasirləşsin.
Azərbaycanda dünyada
mövcud olan ən yüksək texnologiyalar tətbiq olunsun, o cümlədən
ictimai həyatda da. Ona görə
bəzi tənqidi yazılar, gərək o yazıların personajlarını qıcıqlandırmasın
və biz bu dözümlülüyü
gərək nümayiş
etdirək.
Bu gün mətbuat, eyni zamanda, təbliğat funksiyasını daşıyır.
Xüsusilə nəzərə alsaq ki, Azərbaycan
uzun müddət informasiya blokadasında idi və bizim
əleyhimizə dünyanın
ən güclü lobbilərindən biri - erməni lobbisi mütəmadi qaydada işləyir və bizim gördüyümüz
bütün işlərə
ləkə vurmaq istəyir, onda mətbuatın təbliğat funksiyası
daha da güclənməlidir.
Bu gün Ermənistan Azərbaycana bütün sahələrdə uduzur. Bizim siyasi, diplomatik səylərimiz nəticə verir. Danışıqlar prosesində bizi qane edən meyillər görünməkdədir. İqtisadi inkişaf baxımından ümumiyyətlə, müqayisə ediləsi deyil. Həmçinin gələcək perspektivlər baxımından müqayisə ediləsi deyil. Belə olan halda, erməni təbliğatının gündəliyinə yeni bir mövzu düşübdür: Azərbaycanı qeyri-demokratik ölkə kimi dünyaya təqdim etmək, Azərbaycanı ləkələmək və nəticə etibarilə dünya birliyinə, dünya ictimaiyyətinə sübut etmək ki, ermənilər belə “antidemokratik”, “avtoritar” dövlətdə yaşaya bilməzlər. Bu, tamamilə yanlış bir tezisdir və bunun səbəbi də aydındır. Biz gərək buna qarşı mübarizə aparaq. Biz Ermənistanın təbliğatı ilə daim mübarizə aparırıq. Beynəlxalq təşkilatlarda, bütün beynəlxalq forumlarda öz sözümüzü deyirik və artıq bunun nəticələri də göz qabağındadır. Beynəlxalq təşkilatların qərarları artıq reallığı əks etdirir. Amma mətbuatın gücü tamamilə başqadır. Ona görə bizim mətbuatımızın internet vasitəsilə dünya birliyinə ingilis dilində, başqa dillərdə həqiqəti çatdırması çox önəmlidir. Onu da bilirik ki, Azərbaycanda dərc olunan məqalələr Ermənistanda böyük diqqətlə izlənilir və biz düşmənə imkan verməməliyik ki, orada Azərbaycan haqqında yanlış təsəvvür yaransın.
Mən ümid edirəm ki, gələcəkdə milli mətbuatımız daha da inkişaf edəcək, dövlət, hökumət tərəfindən lazımi tədbirlər görüləcəkdir. Siz bilirsiniz ki, öndərimiz Heydər Əliyev mətbuata daim böyük diqqətlə yanaşırdı. Mətbuatın maddi-texniki bazasının möhkəmlənməsinə, ümumiyyətlə, mətbuata qayğısı həmişə hiss olunurdu. Mən çalışıram ki, öz tərəfimdən bunu davam etdirim. İndi nə dərəcədə müvəffəq olmuşam, bunu demək mənim üçün çətindir. Amma istəyirəm biləsiniz ki, heç bir fərq qoymadan, mənim mətbuata münasibətim çox müsbətdir. İstər iqtidar mətbuatı olsun, istər müxalifət mətbuatı olsun, istərsə də müstəqil mətbuat olsun — bu, bizim mətbuatımızdır. Bu, Azərbaycanın demokratik inkişafına çox böyük töhfədir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan mətbuatının
130 illiyinə həsr
olunmuş yubiley mərasimində nitqindən
Ədəbiyyat qəzeti.-2009.-17 iyul.-S.1.