“Əkinçi”nin 100 illiyi

 

"Əkinçi"nin 100 illiyi münasibətilə respublikamızda görülən tədbirlər sırasında yadda qalan vacib işlərdən biri qəzetin materiallarının Akademiyanın Ədəbiyyat İnstitutu tərəfindən ayrıca kitab şəklində çap olunması idi. Görkəmli ədəbiyyatşünas-mətnşünas alim Əziz Mirəhmədov kitaba yazdığı giriş maqaləsində deyirdi:

"Həsən bəy Zərdabi "Əkinçi"ni nəşr etdiyi zaman Mirzə Cəlil də daxil olmaqla Azərbaycan yazıçılarının yeni nəslinin nümayəndələri 10, 12, 15 yaşlı uşaqlar və yeniyetmələr idilər. Lakin istər səksən-doxsanıncı illərdə, istərsə də sonra bu yazıçıların çoxu "Əkinçi"nin ölməz ideyalarını müxtəlif yollarla öyrənib faydalanırdılar. Bir də XX əsrin əvvəlində "Əkinçi" , Sabir demişkən, "vəfat etmişdisə”, Azərbaycan ziyalılarının çoxunun özünə "mənəvi ata" saydığı Zərdabi sağ idi; o yenə yazır, mübarizədən qalmır, "Əkinçi"də gördüyü işi davam etdirirdi. N.Vəzirov yeni komediyaları və "Dərviş" imzalı publisist əsərləri ilə mollanəsrəddinçilərlə həmrəy olduğunu göstərirdi.

"Molla Nəsrəddin"in redaktoru Mirzə Cəlil uzun illər "Əkinçi" ilə maraqlanıb məşğul olan, onun biblioqrafik nadirəyə çevrilmiş komplektini səhifəbəsəhifə, bir məktəbli kimi oxuyub öyrənən və ədəbi-jurnalistik fəaliyyətində nəzərə alan şəxsiyyətlər arasında yaşayıb işləmiş və böyük yazıçının mətbuata dair görüşlərinin formalaşıb inkişaf etməsində bu amillərin ciddi əhəmiyyəti olmuşdur.

…"Əkinçi" ənənələrini yaşatmaq və inkişaf etdirmək yolunda F.Köçərli daha ardıcıl çalışmışdır. Əsərlərində Zərdabi və onun qəzetini dönə-dönə yad edən alim 1906-cı ildə belə bir doğru fikir irəli sürürdü ki, "Əkinçi"nin gözəl sözləri və nəfli məlumatı indi də öz əhəmiyyətini itirməmişdir, onlar "müəyyən bir sistem halına salınıb Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, çox faydalı olar".

Məqalə müəllifi haqqında danışdığı kitabın nəşrini həmin böyük arzunun haqlı olaraq həqiqətə çevrilməsi kimi qiymətləndirirdi.

İndi həmin fikrin davamı olaraq onu qeyd etməyi vacib bilirik ki, "Əkinçi"nin ayrıca kitab halında çıxan o komplekti yaxşı olardı bu gün latın əlifbası ilə nəşr ediləydi.

Mətbuatdan yüksək peşəkarlıq, ədəbi-elmi, ictimai-siyasi səviyyə tələb olunduğu indiki vaxtda Milli mətbutımızın banisi H.B.Zərdabi məktəbindən gərəyincə dərs almağa hər birimizin ehtiyacımız var.

 

 

Ədəbiyyat qəzeti.-2009.-17 iyul.-S.1.