İsmayıl Şıxlı-90
Hörmətli redaksiya!
Ədəbi ictimaiyyətə
yaxşı məlumdur ki, görkəmli
yazıçımız İsmayıl Şıxlının
"Dəli Kür" romanının 1962-ci ildə "Azərbaycan"
jurnalında çap olunmuş birinci hissəsi haqqında ilk
məqalələrdən birini də mərhum atam, tənqidçi
Əhəd Hüseynov yazmışdı. Polemik mövqedən
yazılmış bu məqalə o zaman romanın özü
kimi birmənalı qarşılanmamışdı.
Son vaxtlarda mən
atamın xatirəsinə həsr edilmiş "Əhəd
yaşayır" kitabını tərtib etmək
üçün onun arxivində ardıcıl
çalışmalı oldum. Çoxsaylı materiallar
arasında İ.Şıxlının "Dəli
Kür" romanı haqqında iki əlyazması mənə
çox maraqlı göründü. Mən bu materialları
atamın "Dəli Kür" haqqında mətbu məqaləsi
ilə tutuşdurdum. 1970-ci ildə qələmə
alınmış bu əlyazmaları "Dəli Kür"
romanının son variantı haqqında
yazılmışdır. Hər iki əlyazmasının
oxunuşundan sonra belə qənaətə gəldim ki, atam bu
yazılarında romanın ideya-estetik xüsusiyyətlərindən
daha geniş söhbət aça bilmişdir.
Düşünürəm
ki, fəaliyyət göstərdiyi dövrdə obyektiv,
prinsipial və yüksək nəzəri hazırlığa
malik tənqidçi kimi tanınan atamın bu əlyazmaları
indiki ədəbi mühit və oxucular üçün də
maraqlı ola bilər. Buna görə də həmin maqalələrdən
birini - “Unudulmaz məktub”u "Ədəbiyyat qəzeti"nə
təqdim etmək qərarına gəldim.
Zərnurə Əhədqızı
P.S. Yeri gəlmişkən
onu da qeyd edim ki, atamın arxivini araşdırarkən oradan
"Ədəbiyyat qəzeti"nin 70 ildən artıq bundan əvvəlki
- 30 yanvar 1939-cu il tarixli sayına rast gəldim. Qat kəsmiş
səhifələri səliqə ilə qorunmuş doğma qəzetimizin
həmin sayında kənd təsərrüfatı
qabaqcıllarının toplanışında Səməd
Vurğunun çıxışı, həmçinin Həmid
Araslının "Əlişir Nəvai" və Orucəlinin
"Mir Cəlalın novellaları" məqalələri
çap olunmuşdur.
Bu günlərdə
redaksiya oxuculara müraciətlə qəzetin xüsusən
1934-1950-ci illər saylarından arxivlərində
saxladıqları nüsxələr barədə məlumat
verməyi və natamam komplektləri tamamlamağa kömək
göstərməyi xahiş etmişdi.
Mən atamın arxivində
saxlanılan həmin nüsxəni Azərbaycan Prezidentinin məlum
sərəncamı ilə 75 illiyi ölkə miqyasında qeyd
olunan "Ədəbiyyat qəzeti"nə məmnuniyyətlə
ərməğan edirəm.
Ədəbiyyat qəzeti.-2009.-24
iyul.-S.2.