Ünvansız
məktub
Əziz
dostum! Sənin məsləhətinə əməl edərək
istedadlı yazıçımız İsmayıl
Şıxlının "Dəli Kür" romanını
təzədən oxudum. Mən belə bir qənaətə gəldim
ki, bu diqqətəlayiq əsəri hər dəfə yenidən
oxuyanda əvvəl nəzərindən qaçmış olan
təzə, təravətli keyfiyyətlər kəşf edirsən.
Bəlkə bunun yeganə səbəbi ondadır ki, müəllif
həqiqətə və xalq həyatının doğru təsvirinə
sədaqət göstərmişdir. Etiraf edim ki, əsərin
jurnal variantı məndə belə bir təəssürat
oyatmışdı ki, məişət əhvalatlarının
təsvirinə çox yer verilmişdir. Son fəsilləri
diqqətlə nəzərdən keçirdikdə ictimai meyllərin
üstünlüyü tədricən əvvəlki təəssüratı
azaldır və səndə belə bir qənaət hasil olur
ki, "Dəli Kür" romanı getdikcə ictimai romana
çevrilir. Əsərin bədii məntiqi belə bir nəticə
üçün əsas verir.
Əsərin
pafosu, ruhu yeniliyin köhnəlik, maarifin cəhalət, həyat
və mübarizə eşqinin itaətkarlıq və
mütilik üzərində qələbəsini təşkil
edir. Cahandarağalar, mollasadıqlar mühitinə yeni hava gətirən
Əşrəf, Əhməd, Firidun kimi gənclərin fəaliyyəti bir az sonra
başlasa da, inanırsan ki, onların tam mənəvi qələbəsi
yaxındadır. Xoşbəxtlikdən belə bir ümid tədricən,
pillə-pillə möhkəmlənir.
Yəqin
ki, bir məsələdə mənimlə tam şərik
olarsan ki, İsmayıl Şıxlı istedadının ən
qüvvətli cəhəti xarakterlər yaratmaq
bacarığıdır. "Ayrılan yollar"
romanından biz bu keyfiyyətə aid tutarlı, ibrətli
misallar göstərə bilərik. Lakin "Dəli
Kür"dəki ağıllı mühakimələr, həqiqət
duyğusu və hər şeydən əvvəl sənətkar
obyektivliyi yazıçının romandan-romana necə təkmilləşdiyini
aşkar göstərir. Mən hələ bu əsərin
müasir Azərbaycan ədəbiyyatının yeni bir nailiyyəti
olması barədə qənaətimi əvvəlcədən
söyləmək istəmirəm. Ona görə ki, müasir
oxucu və dinləyici belə bir fikrə bütöv təhlildən
sonra gəlməlidir...
...Mən "Dəli Kür"dəki yazıçı
təsvirlərini, bədii təhkiyəni ona görə səmimi
adlandırıram ki, burada öyrənilən və qismən
də müşahidə olunan həyata heç bir bəzək
vurulmamış, hətta cəsarət əlaməti olaraq bir
sıra mətləblər kəskin şəkildə irəli
sürülmüşdür. Üslubun
aydınlığı, yığcamlığı və
bunlarla yanaşı tərkibində nəcib bir duyğunu, incə
bir əhval-ruhiyyəni saxlamaq qüdrətini demək olar ki,
romanın hər səhifəsində görürsən.
..."Dəli
Kür" romanında hadisələr, psixoloji vəziyyətlər,
qəhrəmanların gərgin ruhi halları rəngarəng
şəkildə təsvir olunmuşdur. Ancaq burada da bir cəhəti
sənətkar dostumuz İsmayıl Şıxlının nəzərinə
çatdırmağı lazım bilirəm. Bu da dildəki təkrarlardır.
Sən bu fikirdəsən ki, təkrarlar çox zaman portretin
aydınlığına, onun canlı şəkildə yadda
qalmasına kömək edir. Cahandar ağanın qalın
qaşlarını, qəzəbli gözlərini, həbəşi
dodaqlarını dönə-dönə yada salmaqla
yazıçı elə bil onun sifətini daşdan yonur, həkk
edir. Tamamilə şərikəm. Bunlar portret çəkmək
sahəsində yazıçının misilsiz
ustalığıdır. Bir oxucu kimi bunları mən də bəyənirəm.
Ancaq de görüm Kürün
şırıltısını, ayaq altda qalan xırda
daşların şıqqıltısını, kənd
axşamının təsvirini, Cahandar ağanın papiros
çəkməsini, tüstünün burulub
qalxmasını, Mələyin, Zərnigarın, Güləsərin
güzgü qarşısında öz
görkəmlərini necə nəzərdən keçirdiklərini
dönə-dönə eyni şəkildə təkrar etmək
romanın dilinə ağırlıq, yekrənglik gətirmirmi?
İsmayıl Şıxlı oxucuya ehtiram bəsləyən
yazıçıdır və heç bir zaman onun
yaddaşına etinasızlıq göstərməmişdir.
Əgər portret cizgilərinin təkrarında oxucunun
yaddaşı təzələnirsə, təəssüratı
aydınlaşırsa, başqa qisim təkrarlar isə olsa-olsa
marağın azalmasına imkan yaradır.
"Dəli
Kür" xarakterlər romanıdır. Bu xarakterlər silsiləsində
isə tənqidçi və oxucular Cahandar ağanın
mükəmməlliyinə və bitkinliyinə daha çox
üstünlük verirlər. Doğrudan da o əzəmətli
bir surətdir. Bir tərəfdən özünün şəxsi
istəklərini cilovlaya bilmir, Allahyarın qanuni
arvadını götürüb qaçır və bununla da
şərəfi tapdanmış ərin qısqanclıq və
qisas duyğularını alovlandırır. Nəticədə
ailədə bir soyuqluq və ikitirəlik yaradır. O biri tərəfdən
öz bacısını müridlərə qoşulduğu
üçün amansızcasına öldürür. Bir tərəfdən
oğlu Əşrəfin özünə
oxşamadığını, anası tərəfə
çəkdiyini ürək ağrısı ilə
xatırlayır, öz oğlunun seminariya tələbəsi
libasında gözə görünməsini istəmir. O biri tərəfdən
seminariya müəllimi Çernyayevskini və Rus Əhmədi
kənd cəhalətpərəstlərinin hücumundan
qoruyur. Bir tərəfdən Cahandar ağa
öz sinfi təbiətini büruzə verərək indiki
zamanda hökumətə arxalanmaq və öz ağalıq
imtiyazlarını qorumaq istəyir, o biri tərəfdən
bir sövq-təbii ilə hiss edir ki, bu pristavlar, bu kazaklar, bu
rütbə sahibləri mahala xeyir iş
üçün gəlmirlər. Buna görə də
güman və tərəddüdlərdən sonra maarifə,
nəcib insanlara öz ürəyində daha çox
üstünlük verir. Cahandar ağa, Mələk, Molla
Sadıq, Şahnigar, Əşrəf, Allahyar surətləri
ona görə daha çox yadda qalır ki, yazıçı
onların bir surət kimi təkmilləşməsini psixoloji
sarsıntılar zəminində izləmişdir. Qocaman
Tolstoyun bir sözü yadıma düşdü: "Mən hər
dəfə qələmi mürəkkəbə batıranda
ürəyimin bir parçasını mürəkkəb
qabına qoyuram". Başqa sözlə desək,
dahi yazıçı öz əsərlərini ürək
qanı ilə yazdığını, daxilən
yaşadığını və öz surətlərinin
taleyinə, aqibətinə soyuqqanlılıq göstərmədiyini
nəzərə çatdırmaq istəmişdir. İnsanı
butövlükdə bütün qüvvətli və zəif
cəhətləri ilə təsvir etmək
İsmayıl Şıxlının ən çox sevdiyi və
demək olar ki, həmişə müvəffəq olduğu
priyomlardandır. Bu qəhrəmanlar sevinc və ehtirasla
yaşayanda da, tutqun və kədərli görünəndə
də, hətta yuxuda da bir teyfə, vahiməli kölgəyə
çevrilib oxucunun ürəyinə soyuqluq gətirəndə
də canlı və ibrətlidirlər.
Cahandar ağanın öz bacısı Şahnigarı
öldürməyə apardığı səhnədə
müəllifin həyəcanlı təhkiyəsi ilə gənc
qadının ürəyindən keçən təsirli, qəribə,
tükürpərdən duyğular arasındakı daxili vəhdətə
diqqət yetirmisənmi? Öz daxili coşkunluğunun və ehtirasının
qığılcımlarını sinəsində aparan, lakin
bir söz belə pıçıldamağa cəsarət etməyən
Şahnigarın daxili monoloquna diqqət yetirmisənmi? Məgər
misal gətirəcəyim dilsiz, sözsüz səhnə həm
Şahnigarın, həm də Cahandar ağanın bədii tərcümeyi-halı
deyilmi?
Əziz
dostum! Mən çox aydın təsəvvür edirəm ki,
zəngin mənəviyyatlı obraz yaratmaq sənətkar
üçün nə dərəcədə çətindir.
Bu obraz təkcə gərgin zəhmətin, yuxusuz gecələrin
məhsulu deyil, həm də əsl yazıçının
sevimli övladıdır. Şahnigarın vaxtından əvvəl
sıradan çıxmasını mən İsmayıl
Şıxlı ilə söhbətimdə ona irad tutdum. Mənə elə gəldi ki, bu surət əsərin
sonrakı fəsillərində daha çox rol oynaya bilər
və "Dəli Kür"ün psixoloji səhnələrini
ancaq zənginləşdirə bilərdi. İsmayıl müəllim
mənə cavab verdi ki, Şahnigar yüzlərlə cəhalət
qurbanlarından biri idi. Mən məhz cəhalət
uçurumunun dərinliyini və qadınların
hüquqsuzluğunun faciəli nəticəsini göstərmək
istəmişəm. Öz-özümü inandırmağa
çalışdım ki, həyatın məntiqi bəzən
yazıçının iradəsindən asılı olmur.
İlya Erenburqun "Fırtına"
və Şoloxovun "Sakit Don" romanlarında vaxtından əvvəl
sıradan çıxan müsbət surətləri də
xatırladım. Doğrudur, Şahnigar öldürüləndən
sonra da bir surət kimi itmir, bir sıra psixoloji səhnələrin
doğmasına imkan yaradır. O, Cahandar ağaya rahatlıq
vermir: "Dağa havaxt köçürsünüz, dərdin
alım? Bə məni aranda qoyursunuz? Demirsənmi bacım
aranda istidən bişər? Yoxsa elə bilirsən, qara torpaq
sərin olur?".
Əziz dostum! Ürəyimin
çırpıntıları yenə də mənə
pıçıldayır ki, hər halda əsərin əvvəlindən
başlamış həyat eşqi ilə dolu bu nikbin
obrazı, bu şux təbiətli insanı öldürməmək
də olardı. Bəlkə də bu suala ağlabatan
cavabı yenə də müəllifin özü verə bilər.
Mən əsərdən
oxucunu doydurana qədər bir-birindən gözəl təsvir
olunmuş surətlərdən ancaq birinin taleyini misal gətirdim.
Bəs xəcalətindən xalq içərisinə
çıxa bilməyən Allahyarın həyəcanları,
öz taleyi ilə barışmalı olan, sarsıntılar
keçirən Zərnigarın taleyi, könülsüz ərə
verilən, lakin Cahandar ağanın qonaq otağında
az-çox təskinlik tapan Mələyin taleyi, bəs
ümidini azərbaycanlı uşaqların gələcək
xoşbəxtliyinə bağlayan Rus Əhmədin taleyi? Bəzən öz-özünə fikirləşirsən
ki, bu qədər rəngarəng həyat və mübarizə
yolu keçən müxtəlif insanların bədii portreti həcmcə
o qədər də böyük olmayan romanın çərçivəsinə
necə də məharətlə
sığışdırılmışdır?
Əgər
desəm ki, "Dəli Kür" zəngin xarakterlər, qəribə
talelər romanıdır, güman edirəm ki, mənimlə
şərik olarsan?
Xalqımızın
gözəl adət və ənənələrinə romanda
yazıçının dərin məhəbbəti hiss
olunur. Kəndli əməyinin müqəddəsliyinə
ehtiram, xalq şənliklərinin həvəslə təsviri,
Novruz bayramında tonqal qalayan, xonça gəzdirən,
qapılara dinə çıxan, bacalardan heybə sallayan,
camdakı suyun içərisində bir-birinə qovuşan iynələrin
hərəkətində öz bəxtini və gələcəyini
axtaran gənclər nə qədər də təbiidir.
Hələ mən əsərin gözəlliyini bir qədər
də artıran bayatıları və mahnıları demirəm.
Bunlar gəlişi gözəl olmaq üçün deyilməmişdir.
Bunları həyati və estetik bir zərurət
doğurmuşdur.
...İsmayıl Şıxlının sənətkarlıq
qüdrəti orasındadır ki, o öz oxucusunu indiki
düşüncə tərzindən qopararaq köhnə kəndin
qəribə, özünəməxsus mənzərəsini xəyalən
təsəvvür etməyə, nəinki təsəvvür
etməyə, həm də mütəəssir olmağa təhrik edir. Sən
özün çox yaxşı bilirsən ki, oxucunu
özü kimi düşünməyə, özü kimi
duymağa bir növ məcbur etmək əsl istedad əlamətidir
və bu cəhət onun talantının ən gözəl
keyfiyyətlərindəndir.
Sən
necə bilirsən? Mənə elə gəlir ki,
yazıçı inqilabdan əvvəlki kəndin
dözülməz faciələri ilə yanaşı, bunlara
qarşı xalq içərisindən doğan narazı
adamları da göstərə bilərdi. Romanda
tanış olduğumuz ev qulluqçuları, nökərlər,
kiçik bir işarə ilə ölümə də getməyə
hazır olan adamların hamısı itaətkar, səbirli,
dözümlüdürlər, onlarda öz bəxtləri ilə
razılaşmaq, taleyin zərbələrinə heç bir
müqavimət göstərməmək duyğusu
güclüdür. Doğrudur, zəmanədən şikayət
edənləri də vardır. Ancaq bu şikayətlər
heç bir yerdə əhəmiyyətli bir etiraza
çevrilmirlər. Əlbəttə, mən o fikirdə deyiləm
ki, yazıçı sinfi şüurca aşağı səviyyədə
olan adamları gözlənmədən bir inqilabçı
kimi təqdim etsin və bununla da həyatın mənzərəsini
təhrif etsin. Amma ürəyim mənə
deyir ki, XIX əsrin son 25 ilində hakimlərin, ruhanilərin
özbaşınalığından şikayətlənən
adamlar da həyatın özündə var idi. İllərlə
at belində mürgüləyən, "qaçağı
xalq saxlayar" məsəlində deyildiyi kimi, uca dağlar
qoynunda, çınqıllı dərələrdə,
keçilməz meşələrdə zorakılardan qisas alan
mərd adamlar da var idi. Mülkədardan təkcə namus
qisası deyil, xalq adından ictimai intiqam alanlar da var idi. Məncə,
yoxsulların pənah gətirdiyi belə adamların geniş
təsvir olunması romanın ictimai dəyərini bir qədər
də artıra bilərdi. Bu mənim öz şəxsi qənaətimdir.
Onu da bilirəm ki, İsmayıl Şıxlının hafizəsində
bu mövzuda nə qədər də qatı
açılmamış və öz təravətini saxlayan həyati
misallar vardır!
Şairanə
bir dildə yazılmış "Dəli Kür"
romanında ətraf aləm və təbiət ancaq hadisələrə
bitərəf bir fon vəzifəsini oynamır, ya oxucuda ancaq
estetik duyğular oyatmaq vəzifəsinə xidmət etmir.
Başqa sözlə, ilk baharın ilıq nəfəsi,
yamaclarda təzəcə çalınmış otun ətri,
dəmyə yerlərin bol kəhrəba rəngli
buğdası insan əməyinin şeriyyət və gözəlliyi
ilə bağlı şəkildə təsvir olunmuşdur. Bu təsvirlərdə təbiət son dərəcə
rəngarəngdir və yazıçı İsmayıl
Şıxlının ilham çeşməsi olan Azərbaycan
torpağına tükənməz məhəbbətini ifadə
edir: "Üfüq şərq tərəfdə əvvəl
maviyə çaldı, sonra süd kimi ağardı, nəhayət
çəhrayı rəngə boyandı. Bu solğun
qızartı getdikcə gücləndi, şəffaflaşdı
və səmanın böyük bir parçası
başdan-başa alovlanan kimi oldu. Kür tərəfdən
olduqca sərin, lakin adamın bədənini üşürgələndirən
bir səhər küləyi gəlib keçdi. Bu külək
elə bil, günəş çıxmamışdan əvvəl
gecənin son qalıqlarını qabağına qatıb
uzaqlara qovdu". Bu təbiət təsviri Əşrəfin
ürəyində baş qaldıran gənclik duyğuları
ilə, onun hər şeydə gözəllik və təravət
görən, insanlarda ancaq yaxşılıq və mənəvi
təmizlik axtaran ehtiraslı ürəyinin döyüntüləri
ilə həmahəng səslənir. Güləsərin
xəyalları nə qədər dağınıqdır:
"Bacadan seyr etdiyi səmanın bir parçası onun xəyalı
tək gah tər-təmiz olur, gah da küləyin hardansa qovub
gətirdiyi dumana bürünüb
tutqunlaşırdı".
Misal gətirdiyim bu kiçik parçaların
özündən belə aydın olur ki, təbiətlə
insan duyğularının qarşılıqlı əlaqəsini
görməkdə, psixoloji parallelizm nümunələri
yaratmaqda İsmayıl Şıxlı doğrudan da təqdirəlayiq
bir istedaddır.
İctimai
romanın ilk böyük, təsirli səhnə və
lövhələri yazılmışdır. Əvvəldən
təqdim edilən bir sox surətlərin mənəvi
inkişaf yolu aydın görünməkdədir. Lakin qüdrətli əllərində Azərbaycan
torpağına maarif məşəli gətirən, xalqı
gerilik və cəhalətin zülmətindən
çıxarmağa çalışan xalq müəllimlərinin
xeyirxah və alicənab siması da yavaş-yavaş
görünməyə, bir obraz kimi tədricən
bütövləşməyə, ətə-qana dolmağa
başlayırlar. Onların mənəvi gözəlliyinin tərənnümündə
İsmayıl Şıxlının nəcib təbiətindən
gələn keyfiyyətlərdə özünü göstərməkdədir...
Əhəd Hüseynov
Ədəbiyyat qəzeti.-2009.-24
iyul.-S.2, 5.