"Dəli Kür" Türkiyə türkcəsində

 

Dünən Atatürk Mərkəzində xalq yazıçısı İsmayıl Şıxlının Türkiyədə nəfis şəkildə çap edilən "Dəli Kür" kitabının təqdimat mərasimi keçirildi.

Mərasimi AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov açaraq əsəri Türkiyə türkcəsinə uyğunlaşdıran Yasemin Bayerin təşəbbüsünü yüksək dəyərləndirdi: "İsmayıl Şıxlı böyük yazıçı, görkəmli dövlət xadimi idi. Bu il onun anadan olmasının doxsan illiyi münasibətilə ölkəmizdə bir çox maraqlı tədbirlər keçirildi, əsərləri tamaşaya qoyuldu. Ədibin ədəbiyyatımızın ən dəyərli nümunələrindən biri olan "Dəli Kür" əsəri indiyə qədər dünyanın bir çox dillərinə tərcümə olunub. "Dəli Kür"ün Türkiyə türkcəsində işıq üzü görməsi isə ilk növbədə Yasemin xanımın ədəbiyyatımıza olan sevgisindən qaynaqlanıb. O, Azərbaycan ədəbiyyatını təmənnasız olaraq təbliğ edir, bu sahədə xeyli iş görüb".

Əsəri türk dilinə uyğunlaşdıran Y.Bayer söz alaraq dedi: "İsmayıl Şıxlı vaxtilə yazırdı ki, məni gerçək anlamda nəsrə bağlayan həyatın özü olmuşdur". Məni bu görkəmli yazıçının sənətinə bağlayan əsas qüvvə isə Azərbaycanda İsmayıl Şıxlı şəxsiyyətinə bəslənən sevgi, qədirbilənlik duyğuları oldu. Sonra mən yazıçının yaradıcılığıyla tanış oldum. Anladım ki, onun əsərləri türkiyəli oxuculara mütləq çatdırılmalıdı. Bu sıradan ilk işim "Dəli Kür"dü. Ədibin "Ölüləri qəbiristanlıqda basdirin” əsəri də yaxın günlərdə Türkiyədə işıq üzü görəcək".

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qeyd etdi ki, Atatürk Mərkəzində milli kimliyimizi, mədəniyyətimizi ortaya qoyan, təbliğ edən çox dəyərli tədbirlər keçirilir. Xalq yazıçısı İsmayıl Şıxlının Türkiyədə çap edilmiş "Dəli Kür" əsərinin təqdimatının da burada keçirilməsi təbiidi. İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidi. Onunla şəxsi dostluğumdan həmişə böyük qürur duymuşam. Bir yazıçı olaraq İsmayıl müəllim böyük xarakterlər ustası idi. O, şeirdə Səməd Vurğunun Gəray bəyin simasında yaratdığı azərbaycanlı bəy obrazının, xarakterinin prototipini nəsrdə Cahandar ağa surətində yarada bildi. Ona görə ki, yazıçının özü də şəxsiyyət kimi bütöv, bitkin bir insan idi. Yasemin xanım İsmayıl Şıxlı yaradıcılığına üz tutmaqla çox gərəkli bir missiyanı yerinə yetirib".

AMEA-nın müxbir üzvü Kamal Abdulla mərasimdə çıxış edərək son illər Azərbaycan ədəbiyyatını təmənnasız, könlünün istəyilə Türkiyədə təbliğ edən Y.Bayerə bütün qələm yoldaşları adından minnətdarlığını bildirdi. Kinorejissor, xalq artisti Oqtay Mirqasımov, professor Qulu Məhərrəmli, kinorejissor Rövşən Almuradlı, tənqidçi Bəsti Əlibəyli, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı Yunis Oğuz, Qazax rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülayə Həsənova, türkiyəli sənətçi Əli İhsan Gənc, yazıçı Əli Əmirli, jurnalist Fazil Abbasov da yeni nəşrlə, eyni zamanda, İsmayıl Şıxlı şəxsiyyəti ilə bağlı təəssüratlarını dilə gətirdilər.

AYB-nin katibi Rəşad Məcid "Dəli Kür"ün Türkiyə türkcəsində bu qədər gec yayınlanmasından təəssüfləndiyini bildirdi və bu sahədə olan ilk təşəbbüsü yüksək qiymətləndirdi.

Görkəmli yazıçının oğlu Elçin Şıxlı dedi: "Bilərəkdən deyirəm, Yasemin xanımın ərsəyə gətirdiyi bu kitabın təqdim edilməsindən məmnunam, ailəmiz adından şərəf duyduğumuzu bildirmək istəyirəm. O, bizə böyük bir dünyanı bəxş edib. Atatürk Mərkəzi bizi birləşdirir və bu birliyə əbədilik arzulayıram".

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.-2009.-24 iyul.-S.5.