Aləmdə səsi var
İyirminci yüzilin Azərbaycan ədəbiyyatının istedadlı
nümayəndələrindən biri olan xalq
yazıçısı Əzizə
Cəfərzadə özünəməxsus
bir yaradıcılıq
yolu keçmişdir.
Daha çox tarixi roman ustası,
etnoqrafik yaddaşımızın
mahir salnaməçilərindən
biri kimi tanınan yazıçının
ədəbi-bədii irsi özünün zənginliyi, əhatəliliyi
və çoxcəhətliliyi
ilə diqqəti çəkməkdədir.
Əzizə Cəfərzadə
bədii yaradıcılığa
"Əzrayıl" adlı
hekayə ilə başlamışdır. 1937-ci ildə "Ədəbiyyat
qəzeti"ndə dərc olunmuş bu hekayədə, yazıçı dövrünün
sosial həyatının
canlı bədii mənzərəsini yarada
bilmişdir. Məhz bu dövrdən etibarən hekayələri,
povestləri elmi və publisistik yazıları ilə o, vaxtaşırı olaraq mətbuatda çıxış etmiş,
bir sıra maraqlı və məzmunlu sənət örnəkləri ortaya çıxarmışdır.
Əzizə Cəfərzadə yaradıcılığı
üçün hekayə
janrı səciyyəvidir.
O, bu janrda bütün yaradıcılığı
boyu qələm çalmışdır. Ədibin
hekayələrinin mühüm
bir qismi kitab kimi nəşr
olunmuşdur. "Natəvan
haqqında hekayələr"
(1963), "Qızımın hekayələri" (1964), "Sahibsiz ev" (1966), "Əllərini mənə
ver" (1966) və digər kitablarında toplanmış bədii nümunələr bu qəbildəndir. Yazıçı
hekayə yaradıcılığı
ilə yanaşı, povest janrında da bir sıra
maraqlı sənət
nümunələri yaratmışdır.
Əzizə Cəfərzadə yaradıcılığında
tarixi mövzulu əsərlər aparıcı
yer tutur. O, bütün ədəbi fəaliyyəti boyu bu mövzuya sadiq qalmış, nəticədə xalqımızın
uzaq və yaxın tarixinin bir çox səhifələrini birləşdirən
əsərlər ortaya
çıxmışdır. Müəllifin "Aləmdə
səsim var mənim" (1972), "Vətənə
qayıt" (1977), "Yad
et məni" (1980),
"Bakı - 1501" (1981), "Cəlaliyyə" (1983), "Ağlar
- güləyən Sabir"
(1989) kimi roman və povestləri bu qəbildəndir.
Azərbaycanın istiqlaliyyət əldə
etməsi Əzizə
Cəfərzadə yaradıcılığının
daha da çiçəklənməsinə,
mahiyyətcə dəyişməsinə
səbəb olmuş,
tarixi mövzuda yeni-yeni əsərlərin
yaranmasına təkan
vermişdir. "Eldən-elə", "Gülüstandan
öncə", "Zərrintac
- Tahirə" (1996), "Bir
səsin faciəsi"
(1997), "İşığa doğru" (1998), "Bəla"
(1999), "Rübabə - Sultanın",
"Xəzərin göz
yaşları", "Eşq
sultanı" (2003) romanları
buna misal ola bilər. Diqqətəlayiq haldır ki,
ədibin tarixi romanlarında bir tərəfdən dövrün
panoramı çəkilmiş,
xalqımızın etnoqrafik
yaddaşının aparıcı
cizgiləri qabardılmış,
digər tərəfdən
ədəbi və siyasi şəxsiyyətlərin
canlı, real bədii obrazları yaradılmışdır.
Əzizə Cəfərzadə yaradıcılığının
mühüm bir qolu elmi-nəzəri
istiqamətlidir. Onun tərtibatı
ilə işıq üzü görən
"Fatma xanım Kəminə", "Könül
çırpıntıları", iki cilddən ibarət "Azərbaycanın
aşıq və şair qadınları"
"Şirvanın üç
şairi", Abdulla Padarlının "Seçilmiş
əsərləri", "Hər budaqdan bir yarpaq" kitabları ciddi elmi dəyər daşımaqdadır.
Alimin Azərbaycan poeziyasında xalq şeri üslubuna dair monoqrafik araşdırmaları müasir
milli ədəbiyyatşünaslıq
və folklorşünaslığın
əhəmiyyətli nümunələrindəndir.
Əzizə Cəfərzadənin tərcümə
yaradıcılığı sahəsindəki fəaliyyəti
də maraq doğurur. O, müxtəlif
dövrlərdə Türkiyə
ədəbiyyatının görkəmli
nümayəndələri olan
Sevinc Çokumun
"Bizim diyar", Əhməd Kabaklının
"Əjdaha daşı",
Şəmsi Tellinin
"Atatürkün eşq
macərası" romanlarını,
rus yazıçısı
S.Smirnovun "Brest qalası"nı dilimizə çevirərək
nəşr etdirmişdir.
Ədibin publisistik yaradıcılığı
da zəngin və çoxcəhətlidir.
Xüsusilə onun
1965-1966-cı illərdə
Afrikanın Qana respublikasında yaşadığı
illərin bəhrəsi
olan "Qızıl sahilə səyahət"
əsəri "Azərbaycan
publisitikasının maraqlı
örnəklərindən sayılmaqdadır.
Bundan əlavə, müəllifin mətbuat səhifələrində Azərbaycanın
ictimai-siyasi və mənəvi-əxlaqi həyatının müxtəlif
problemlərinə dair
çoxlu sayda məqalə və müsahibələri də
çap olunmuşdur.
Sənətkarın tarixi romanlarını
səciyyələndirən cəhətlərdən biri
də onların ideyaca müasirliyi, bu günün problemləri ilə bağlı olmasıdır.
Bu romanlar dil, üslub, yazı manerasının orijinallığı, təsvir
olunan faktlara və hadisələrə
yanaşma tərzi ilə də diqqəti çəkməkdədir.
Bir məsələyə
də fikir verilməlidir ki, sovet imperiyasının ən çətin və mürəkkəb dönəmində yazıb-yaratmasına baxmayaraq, Əzizə Cəfərzadənin
əsərlərində dövrün
konyunktiv elementləri,
saxta ideologiyanın izləri öz əksini tapmamışdır.
Əksinə, yazıçı
tarixi mövzulara müraciət etməklə dolayısı ilə sovet imperiyasının təlqin etdiyi ideoloji stereotiplərə öz etirazını ifadə etmişdir.
"Aləmdə səsim
var mənim" romanında Əzizə Cəfərzadə, yaradıcılığına
və şəxsiyyətinə
hörmət bəslədiyi
Seyid Əzim Şirvaninin obrazını
yaratmağı qarşısına
məqsəd qoysa da, yazıçı bununla kifayətlənməmiş,
bütövlükdə XIX yüzil Şirvan tarixini, daha doğrusu, Şamaxı mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin
canlı mənzərəsi
fonunda və etnoqrafik yaddaşın işığında işləmişdir.
Əzizə Cəfərzadə həm
də müəllim kimi fəaliyyət göstərmiş, filologiya
elminin sirlərini tələbələrə həvəslə
öyrətmiş və
gənc nəslin təlim-tərbiyəsinə
xüsusi qayğı
göstərmişdir. O, nəsillərin
varislik ənənəsini
davam etdirən qayğıkeş müəllim
ömrü yaşamışdır.
Xalq yazıçısı, filologiya
elmləri doktoru, professor Əzizə Cəfərzadənin maddi
və mənəvi dəstəyi sayəsində
doğma yurdu Hacıqabul rayonu Udulu kəndində orta məktəb binası tikilmiş və bu gün
onun adını daşıyır. Uzun müddət
respublika Qadınlar Komitəsinə rəhbərlik
etmiş mərhum yazıçı - müəllim
Əzizə Cəfərzadənin
90 illik yubileyi münasibətilə tədbirlərin
keçirilməsinə hazırlıq
görülür. İnanırıq
ki, müəllifin yalnız öz dövrünə deyil, gələcəyə ünvanlanmış əsərləri
geniş oxucu kütləsinin diqqət və marağına səbəb olacaq, sevilə-sevilə oxunacaqdır.
Zaur Fateh (İbrahimov)
Ədəbiyyat qəzeti.-2009.-24
iyul.-S.1, 2.