Aybəniz Vəkilovanın xatirəsi anılıb

 

“Zərif xanım, gözəl ana, qayğıkeş nənə, layiqli mədəniyyət işçisi Aybəniz Vurğunqızı Vəkilova xalq şairi Səməd Vurğunun övladı kimi atasının irsinin qoruyucusu olmuşdur“.

Bu sözlər Aybəniz Vurğunqızının vəfatının 40-cı günü ilə bağlı keçirilən anım mərasimində deyilmişdir.

Çıxış edənlər Səməd Vurğunun öz övladı barədə yazdığı şerindəki “Aybəniz hamıdan bəxtiyar olsun” misrasını xatırlatmışlar. Bildirmişlər ki, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirən Aybəniz Vəkilova atası haqqında nəşr olunan kitabların redaktoru, məsləhətçisi və onun irsinin layiqli bələdçisi, vəfalı övlad kimi tanınmış, ömrünün sonunadək S.Vurğunun ev muzeyinin direktoru və Vurğun Fondunun prezidenti olmuşdur.

Ulu öndər Heydər Əliyev mərhumun əməyini yüksək qiymətləndirmiş, onu əməkdar mədəniyyət işçisi fəxri adına layiq görmüşdür. Prezident İlham Əliyev isə ona fərdi təqaüd təyin etmişdir. Vəfatından bir il əvvəl Aybəniz xanım Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri üzvü seçilmişdi.

Mərasimdə ombudsman Elmira Süleymanova, elm, mədəniyyət, incəsənət xadimləri, mərhumun yaxın rəfiqələri və digər şəxslər iştirak etmişlər.

Mərhumun qızı Aygün Vəkilova anasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirmişdir.

 

 

          Ədəbiyyat qəzeti.-2009.-24 iyul.-S.2.