75 illik yol...

 

Ədəbiyyatımız, Birliyimiz…

 

və “Ədəbiyyat qəzeti”miz

 

Bu il Azərbaycan Yazıçılar Birliyinin və onun orqanı "Ədəbiyyat qəzeti"nin yetmiş beş yaşı tamam olur. Keçən əsrin 30-cu illərinin ortalarından başlayaraq Azərbaycanın ədəbi təsərrüfatına rəhbərlik edən Yazıçılar Birliyi kimi "Ədəbiyyat qəzeti" də bütün ictimai-siyasi, ideoloji problemlərə baxmayaraq möhtəşəm bir tarix yaşamışdır. Xalqımızın bu möhtəşəm yaradıcılıq tarixini, təbii ki, hərfi- hərfinə qəbul etmək (və davam etdirmək) mümkün deyil, ancaq ondan imtina eləmək də yaddaşsızlıq (və ağılsızlıq) olardı. Totalitar rejimin məmurları ideoloji basqılarının reallaşmasında həm ədəbi təşkilatı, həm də ədəbi orqanı bir vasitəyə çevirməyə cəhd etmişlər. Azərbaycan Yazıçılar Birliyindən də, "Ədəbiyyat qəzeti"ndən də həm 30-cu illərin repressiyalarının hazırlanmasında, həyata keçirilməsində istifadə olunub, həm də repressiyalara məruz qoyulub. 50-ci, 60-cı illərdə bədii-ictimai həyatın yumşalmasının, 70-ci illərdə canlanmasının şahidi, 80-ci, 90-cı illərdə isə milli azadlıq hərəkatının, müstəqilliyin carçısı olub. Beynəlmiləlçilərlə millətçilərin, radikallarla liberalların, əqidəlilərlə əqidəsizlərin, yaşlılarla gənclərin, mövqelilərlə mövqeyə can atanların… nəhayət, istedadlılarla istedadsızların mübarizə meydanına çevrilən Yazıçılar Birliyinin (və onun orqanının) kifayət qədər zəngin bir ömür yaşadığını heç kim inkar edə bilməz…

Mən nəinki təəssüflənmirəm, hətta fəxr edirəm ki, həyatım son iyirmi beş ildə Yazıçılar Birliyi, xüsusilə "Ədəbiyyat qəzeti" ilə bu və ya digər dərəcədə bağlı olmuşdur…

Vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edib Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin əyani aspiranturasını bitirəndən sonra mənə universitetdə işləmək üçün yer tapılmadı. Ona görə də elmi rəhbərim professor Tofiq Hacıyevin məsləhəti (və təbii ki, köməyi ilə) Elmlər Akademiyasının Dilçilik İnstitutunda müvəqqəti işə düzəldim. İnstitutun o zaman kiçik elmi işçisi (indi isə elmlər doktoru) Hüseyn Əsgərov əsgərliyə getdi, iki ildən sonra qayıdacaqdı və öz yerimi tapana qədər bu iki il də mənə kifayət idi. "Ədəbiyyat və incəsənət" qəzeti ilə tələbəlik illərində başladığım, aspirantlıq dövründə isə davam etdirdiyim əlaqəm Akademiyada çalışdığım ilk aylardan daha da genişləndi. Qəzetin baş redaktoru, görkəmli şair, xeyirxah insan Nəriman Həsənzadənin bir çoxları kimi mənə də hüdudsuz qayğıkeşliyi olmasaydı, yəqin ki, bu əlaqə-əməkdaşlıqdan söhbət gedə bilməzdi…

O, məni tələbəlikdən tanıyırdı. Əsasən şeir kitablarına yazdığım resenziyaları məmnuniyyətlə dərc edir, hələ o qədər də mükəmməl olmayan mülahizələrimi tərifləyirdi. Adımın altında yazılan "ADU-nun tələbəsi", "ADU-nun aspirantı", "filologiya elmləri namizədi" ifadələri bir-birini əvəzlədikcə Nəriman müəllim nə qədər ürəkdən sevinirdisə, yazılarıma tələbkarlığı bir o qədər də artırdı. Və mən də bu tələbkarlığın səviyyəsinə qalxmaq, qayğıya layiq olmaq istəyirdim. Baş redaktorun (və rəyi mənim üçün həlledici olan insanın) bəyənmədiyi, çox böyük nəzakətlə geri qaytardığı yazıları başqa bir yerdə çap etdirmək ağlıma belə gəlmirdi. Xüsusi qayğının bir təzahürü də onda idi ki, Nəriman müəllim mənim maddi vəziyyətimi nəzərə alıb məqalələrimi əlyazmasında qəbul edirdi.

1987-ci ilin yayında Qazaxda - kəndimizdə oturub Akademiyadakı işimin artıq bir-iki aya bitəcəyi, harada nə iş tapacağım barədə düşünürdüm ki, Nəriman Həsənzadədən teleqram gəldi. Məni tənqid və ədəbiyyatşünaslıq şöbəsinə müdir dəvət edirdi… Kənddən necə çıxdığım, Bakıya necə gəldiyim yadımda deyil, onda gördüm ki, redaksiyada, baş redaktorun kabinetindəyəm. Və dərhal işə başladım… Sonralar öyrəndim ki, mənim bu təyinatım Nəriman müəllim üçün o qədər də asan başa gəlməyib. Hətta İsmayıl Şıxlını da yola gətirməyə məcbur olub…

İşə başladığım ilk günlərdən redaksiyanın mühitinə uyğunlaşmağa - baş redaktor müavini Nadir Cabbarov, məsul katib Ayaz Vəfalı, şöbə müdirləri Sabir Əhmədli, Davud Nəsib, Vidadi Məmmədov, Əşrəf İbrahimov, Camal Yusifzadə kimi müxtəlif xarakterli, bununla belə istedadlı - təcrübəli qələm adamlarından öyrənməyə çalışdım. Mühit kifayət qədər sağlam, işgüzar idi. Qəzetin tirajı bəzən yüz minə çatırdı, müəlliflər şəbəkəsi xeyli geniş idi.

Ancaq ədəbi aləmin həmişə olduğu kimi, o zaman da öz daxili intriqaları, üslub maraqları, çəkişmələri vardı ki, bunun qarşısını almaq, sadəcə olaraq, mümkün deyildi… Görünür, baş redaktorun böyük ictimai-siyasi nüfuzu, heç bir "qrup"a qoşulmamağı, yüksək mədəniyyəti də dotələb qüvvələrdə müəyyən narahatlıq doğururdu.

Nəriman müəllimlə məsləhətləşmələrdən sonra qəzeti istedadının az və ya çox olmağına baxmadan bütün yaradıcı gəncliyin üzünə açdıq, "dəyirmi stol" söhbətləri keçirərək ədəbi prosesi bütövlükdə dəyərləndirməyə, ümumi mənzərəni, üslub cərəyanlarını müəyyənləşdirməyə çalışdıq, müxtəlif maraqları əks etdirən materiallar verdik, yeni rubrikalar açdıq. Qəzetdən bu və ya digər səbəblərə görə kənarda qalan tənqidçilərə zəng edib əməkdaşlığa çağırdıq. Müəyyən uğurlar qazansaq da, bəzi qüvvələr sakitləşmədilər… Və qəzetin fəaliyyətinin İttifaqda çox gərgin şəraitdə müzakirəsini keçirməyə nail oldular. Ancaq ittihamlar məntiqsiz olduğundan müzakirəni yarımçıq qoyub bir-birləri ilə mübahisəyə başladılar.

80-ci illərin sonlarında "Ədəbiyyat və incəsənət" qəzeti (sonra isə "Ədəbiyyat qəzeti") yalnız bir sıra iddialı ədəbiyyat adamları ilə deyil, eyni zamanda, yuxarı təşkilatlardakı ədəbiyyat məsələlərinə lazımınca bələd olmayan bəzi səlahiyyət sahibləri ilə də mübarizə aparırdı. Milli azadlıq hərəkatı, sovet-kommunist idarəçiliyi sisteminin müqaviməti, Ermənistanın Azərbaycana torpaq iddiaları, imperiya rejiminin xəyanətləri və s. dövrün reallıqları idi, ölkədə gedən ədəbi-ictimai prosesə güclü təsir edən bu reallıqlardan kənarda, əlbəttə, ədəbiyyatı - ədəbi təsərrüfatı təsəvvür etmək mümkün deyildi.

Qəzetin nüfuzu orada çap olunan müəlliflərdən daha çox baş redaktordan, redaksiya əməkdaşlarının səviyyəsindən asılı olur…

Redaksiyada baş redaktordan sonra ən təcrübəli, ədəbiyyata - mətbuata ən sədaqətli adam, yəqin ki, məsul katib Ayaz Vəfalı idi. Təmkininə, elmi-ədəbiyyatşünaslıq mühitindəki nüfuzuna görə ona hörmətlə yanaşılırdı. Və ədəbi mühitdəki qalmaqallara ümumiyyətlə qoşulmayan Ayaz müəllim istənilən problemi fərdi qaydada həll etmək tərəfdarı idi, ancaq bu cür həll olunacaq problemlər çox az idi: 60-cılar öz iddialarından əl çəkməmiş 80-cilərin iddiaları başlamışdı; mənim də iştirak etdiyim çayxana müzakirələrində 60-cılar 70-cilərə, 70-cilər 80-cilərə qarışmışdı…

"Azərbaycan" jurnalından "Yazıçı" nəşriyyatına, oradan da "Ədəbiyyat və incəsənət"ə gəlmiş baş redaktor müavini olan Nadir Cabbarov istedadına, özünəməxsus üslubuna baxmayaraq, müəyyən qədər laqeyd təsir bağışlayırdı. Publisistika şöbəsinin müdiri Vidadi Məmmədov sanki qeyri-adi iş görə bilməyəcəyini artıq dərk etdiyindən daha səmimi idi. Və redaksiya əməkdaşlarının şəxsiyyəti, yaradıcılıq imkanları, maraqları barədə olduqca aydın təsəvvürü vardı…

Nəriman müəllim Vidadi Məmmədovun xətrini istəyirdi, hərdənbir tənbeh edirdi, o isə adətən ehtiramla, özü demişkən, "həyalı uşaqlar kimi" qulaq asırdı. Vidadi Məmmədov da, Nəriman müəllimin özü də yaxşı bilirdi ki, tənbehin heç bir əhəmiyyəti olmayacaq. Ancaq Vidadi müəllimin obyektivliyi, istedadı, ağıllı məsləhətləri, zarafatları redaksiyaya lazım idi, sağlam əhval-ruhiyyə yaradırdı.

…Maraqlı hadisələrdən biri də tanınmış müəlliflərin öz şeirlərini Davud Nəsibin rəhbərlik etdiyi şöbəyə yox, birbaşa Nəriman müəllimə təqdim etmələri idi. Böyük poetik zövqü olan baş redaktorun saatlarca orta səviyyəli şeirləri (və şairləri) dinləməyə məcbur olmasını görmək ağır idi. Nəriman müəllimin, bir, iki, üç yox, daha çox şerini oxumağı israrla tələb edən tanınmış bir şairə "Ayə, məni niyə öldürürsən?" deməsi yadımdadır… İnsanlarla münasibətdə mədəniyyətə ən çox üstünlük verən baş redaktorun yorulanda "bu şairlər olmasaydı, daha yaxşı qəzet buraxardıq" deməsini də tamamilə təbii saymaq olardı.

Nəriman müəllimin bir sözü də vardı: "İstedadlı adamın səhvini kəndir edib onun boğazına keçirmək olmaz"… Nəriman Nəsənzadə (və "Ədəbiyyat və incəsənət" qəzeti) Yazıçılar İttifaqında məhkəməyə çəkildiyi ərəfədə tanınmış tənqidçilərdən biri elə bilmişdi ki, bu, sondur, baş redaktora məktub yazıb onu təhqir eləmişdi. Müzakirədən sonra isə ikinci bir məktub yazıb üzr istəmişdi. Bu hadisə mənə çox pis təsir elədi, dedim ki, məktubların hər ikisini qəzetdə verək. Nəriman müəllim razı olmadı…

Qəzetdə işlədiyim 1987-1991-ci illər mənim üçün böyük bir məktəb oldu: qaynar yaradıcılıq mühiti, ədəbi mübahisələr, yerli-yersiz çəkişmələr… və bütün bunların Azərbaycan tarixinin çox mürəkkəb bir dövründə baş verməsi izsiz qala bilməzdi. Baş redaktor hər cür şərait yaratmışdı ki, qəzetdə milli mənlik, azadlıq, müstəqillik təbliğatı aparılsın, ölkənin şimalı ilə cənubu arasında əlaqələr genişlənsin. Elə ona görə də qəzetin bir neçə səhifəsi ərəb əlifbası ilə çıxırdı ki, Cənubda da yayıla bilsin… Türk dünyasının birliyi, türkçülük ideyaları əsas mövzulardan idi. Erməni məkri barədə ilk sanballı yazılar dərc olunmuşdu…

Etiraf edim ki, Nəriman Həsənzadə baş redaktorluqdan çıxdıqdan sonra onun yaratdığı sağlam işguzar mühit yerində qalsa da, bir az qəribsədim. Və yeni baş redaktor, ilhamlı şair Cabir Novruzun təkidinə baxmayaraq, yalnız bir neçə ay davam gətirdim…

Neçə illər arzusunda olduğum universitetdə yer açılan kimi başladım müəllimliyə… Və "Ədəbiyyat qəzeti"ndə qazandığım təcrübə həyatda mənə çox kömək oldu… Hər şeydən əvvəl, ədəbi-ictimai mühiti dərindən tanıdım, kimin kim olduğunu, hansı ideala xidmət etdiyini, hansı iradənin sahibi olduğunu öyrəndim. Öz kimliyim barədə ədəbi-ictimai təsəvvür yaratdım. Çox yazdım… Yalnız onu deyə bilərəm ki, "Ədəbiyyat qəzeti"nin yetmiş beş illik tarixində bir-iki müəllif təsəvvür etmək olar ki, mənim qədər məqaləsi dərc edilmiş olsun. Və bunların içərisində müəyyən hissəsi uzun zaman elmi-ədəbi mühitin diqqət mərkəzində olmuş, müzakirə obyektinə çevrilmişdir.

Qəzetin baş redaktoru və iki şöbənin müdiri əslən qazaxlı idi: Nəriman Həsənzadə, Davud Nəsib və mən… Bir dəfə böyük şairimiz Hüseyn Arif redaksiyaya gəldi. Davud Nəsib məni ona təqdim edib dedi ki, qağa, bizdə şöbə müdiri işləyir, özü də qazaxlıdı… Hüseyn qağa mənimlə könülsüz görüşüb nəzakət xatirinə soruşdu ki, şeir yazırsanmı?.. Dedim: yox… Davud əlavə elədi ki, tənqidçidir… Qağa özünəməxsus laqeydliklə "tənqid bekar şeydi" - dedi. "Şeir yazmırsansa, “Ədəbiyyat qəzeti”ndə nə işin var"… Təxminən on-on beş dəqiqədən sonra söhbət gəlib çıxdı Hüseyn Arifin çoxdan gözlənilən "xalq şairi" olmaq məsələsi üzərinə… Və mən dedim ki, qağa, Anar müəllim bu il sizə "xalq şairi" adı verdirə bilməsə, Yazıçılar İttifaqı nüfuzdan düşəcək… Hüseyn Arifi elə kövrələn görməmişdim, mənə məhəbbət dolu nəzərlərlə baxıb Davud Nəsibə "bunu qoruyun, böyük tənqidçidi" - dedi.

İsmayıl Şıxlı Yazıçılar İttifaqındakı işindən ayrılandan sonra bir az hövsələsiz olmuşdu. Üçüncü, ya dördüncü gün qəzetə yazı göndərəndə fikirləşirdi ki, beşinci gün çıxmalıdır. Və buna haqqı da vardı… Bir dəfə Nəriman müəllimə həmin qaydada hekayə göndərir, beşinci gün görür ki, çıxmadı. Zəng edib narazılığını bildirir. Nəriman müəllim üzr istəyib deyir ki, gələn nömrədə çıxacaq… Ancaq gələn nömrə Kamran Bağırovun hansı plenumdasa etdiyi məruzə dərc olunur. Və bunu qətiyyən nəzərə almayan İsmayıl müəllim yenidən zəng edir… Dünyagörmüş, müdrik bir insanın onu elə bil başa düşmək istəmədiyini görən Nəriman müəllim küskün bir təmkinlə "İsmayıl qağa, bu nömrədə Kamran Bağırovun hekayəsi gedəsi oldu, sizinki gələn nömrə gedər…"

Yadımda deyil, qəzetin hansı nömrəsini isə "müzakirə" edib irad tutmuşdular ki, qazaxlıların yazıları çox çap olunur. Doğrusu, fikir verməmişdik, bir də baxdıq: Səməd Vurğun haqqında qızı Aybəniz Vəkilovanın məqaləsi getmişdi… Mirvarid Dilbazinin, Hüseyn Arifin şeirləri… Bir də nə isə…

Belə çıxırdı ki, hər regionun öz ədəbi limiti olmalıdır. Və ondan kənara çıxmaq olmaz… Nəriman Həsənzadə bu cür məntiqsiz təzyiqlərin qarşısında cəsarətlə dayanırdı, yumşaq təbiətinə, mehribanlığına baxmayaraq, bəzən elə sərtləşir, qranit kimi möhkəm olurdu ki, məhz həmin məqamlarda mən düşünürdüm ki, onu heç bir qüvvə heç zaman sındıra bilməz. Rəhmətlik Əşrəf İbrahimov deyirdi ki, çoxları Nəriman müəllimi sadəlövh adam hesab edir, elə bilirlər ki, qılığına girib istədiklərini edəcəklər, ancaq o, müəyyən səviyyəyə qədər aldanar, yaxud aldanmağı bacarar…

Bir dəfə Nəriman müəllim məni çağırıb bir yazı verdi, dedi ki, dərdiş, İrandan məktubdur, Rəfiq Zəka Xəndan gətirib, bir az ciddi bax… Əslini də gətizdir…

Məktubu Cənubi azərbaycanlı ziyalı Əhməd Azərlu Rəfiq Zəkaya yazmışdı. Çox keçmədi ki, Rəfiq müəllim onun əslini də gətirdi. Oxuyub müqayisə elədim, hər şey yerli-yerində idi… Əhməd Azərlu Rəfiq müəllimi tərifləyir, İran üslubunda təmtəraqlı ifadələr işlədirdi. Və yazırdı ki, Rəfiq müəllim, mən sənin şeirlərini Şəhriyara oxudum, o qədər mütəəssir oldu ki, ağladı…

Nəriman müəllim məktubu dərc edib-etməmək barədə mənim fikrimi soruşmadan dedi: - Dərdiş, bunu vermək olmaz, ona oxşayır ki, Nizami Gəncəvi mənim şeirlərimi oxuyub mütəəssir ola, ağlaya…

Rəhmətlik Rəfiq Zəkanın yaradıcılıq istedadı, milli vətənpərvərliyi - türkçülüyü ilə yanaşı, belə zarafatyana işləri də vardı. Dostu Hüseyn Arifə Türkiyədən "xalq şairi" adı "almışdı". O da inanmışdı… Və təkidlə tələb edirdi ki, "Ədəbiyyat qəzeti"ndə bu barədə məlumat getsin. Hətta orda-burda deyirdi ki, Nərimanın mənə paxıllığı tutur, ona görə istəmir… İş o yerə çatdı ki, hamının hörmət bəslədiyi görkəmli ziyalımız, filosof-ədəbiyyatşünas Camal Mustafayev bizə zəng elədi, "böyük şairdi, yerlinizdi, niyə incidirsiniz?" - dedi. Ona izah eləyəndə ki, Türkiyədə belə ənənə yoxdur, qağanı işə salıblar, Camal müəllim xeyli fikrə getdi və bizimlə razılaşdı.

"Ədəbiyyat qəzeti"ndə işlədiyim illər bütöv bir ömrə bəs edəcək qədər şirin xatirələrlə doludur…

Şairliyi ilə yanaşı çox səmimi, üzügülər insan olan Tofiq Mütəllibov bir dəfə hövlnak bizim şöbəyə gəlib soruşdu ki, Nəriman müəllimin yanında iclas var, ya yox? Dedim, bilmirəm, nə olub? Dedi ki, şübhələnmişəm... Mən onun yanında olanda kimsə zəng eləsə, deyir ki, iclasdayam, sonra danışarıq. İndi zəng elədim ki, görüşmək istəyirəm, mənə də həmin sözləri dedi…

Nəriman müəllimin özü isə deyirdi ki, mənim işim-peşəm Tofiq Mütəllibovdan üzr istəməkdi. Elə təkliflər eləyir ki, yox deyə bilmirəm, amma əməl eləmək də mümkün olmur. Qalıram üzr istəyə-stəyə…

Nəriman müəllimlə Tofiq müəllim çox şirin söhbət elədiyi bir məqamda təmsil ustamız Hikmət Ziya gəlir baş redaktorun otağına. Salam-kəlamdan sonra baş redaktordan qabaq Tofiq Mütəllibov soruşur ki, Hikmət, nə yaxşı gəlmisən? Hikmət müəllim cavab verir ki, Nəriman müəllimlə danışmışıq, bu gün şeirlərimi oxuyub göndərməlidir mətbəəyə… Sən demə, Tofiq müəllim baş redaktoru təzəcə razı salıbmış ki, haraya isə getsinlər. Odur ki, bərk dilxor olur. Dodağının altında deyir ki, Nəriman müəllim mənim şeirlərimi mətbəəyə oxumadan göndərir… Hazırcavab Hikmət Ziya onun sözünü kəsib: "Düz eləyir da! Oxusa, göndərməz axı…"

Baş redaktor yalnız redaksiyada deyil, ədəbi-mədəni, ümumən ictimai aləmdə də harmoniya tərəfdarı idi. Kiminsə incidilməsinə dözə bilmirdi, ancaq onu incidirdilər. Və belə hallarda çox zaman haqsızlığa dözürdü ki, bəlkə, kimsə günahını başa düşə…

 

Xətrimə dəyiblər yenə, qadası,

Xətrim, bilirsənmi, sığal istəyir.

Mənim ürəyimdə ilham ağrısı

İlhamsız kəslərdən macal istəyir…

 

Nəriman müəllim redaksiya əməkdaşlarının, yaradıcı adamların nazı ilə oynaya bilirdi. Və onları daxildən gələn bir səmimiyyətlə, ən gərgin vəziyyətlərdə belə səsini qaldırmadan "A Nadir! A Vidadi!.." deyə çağırırdı, ancaq mənə "Dərdiş!" deyirdi… Hünərin vardısa, bu nəzakətin, bu hörmətin qarşısında ərimə…

…Bir dəfə gördüm ki, Vidadi Məmmədov dəhlizin o başından - baş redaktorun otağı tərəfdən gülə-gülə gəlir. Bildim ki, nə isə var, dayandım. Yaxınlaşıb dedi ki, Nəriman müəllimlə söhbət edirdik, birdən içəri Umud Rəhimoğlu girdi (Umud bir-iki ay idi ki, Vidadi Məmmədovun şöbəsinə işə götürülmüşdü), Nəriman müəllimə dedi ki, son nömrələrdə mənim yazım çıxmayıb, xahiş edirəm bu nömrədə çıxsın: birdən oxucularım elə bilər ki, deməyə sözüm qurtarıb…

İldə bir yazısı çıxan, ya çıxmayan Vidadi Məmmədov üçün gənc Umud Rəhimoğlunun oxucuları qarşısındakı qeyri-adi məsuliyyəti tamamilə anlaşılmaz idi.

Ancaq Nəriman müəllim Umudun bu narahatlığını tamamilə ciddi qəbul eləmişdi…

Qəribə hallar da olurdu…

Üsyankar şairimiz Xəlil Rza iri həcmli bir məqalə gətirmişdi. Böyük sənətkara dedim ki, məqaləni ixtisar eləsin. Haradasa otuz-qırx səhifə idi… xahiş elədi ki, materialın hamısı getsin. Qaldım naçar. Xəlil Rza gedəndən sonra təcrübəli dostlarımdan biri dedi ki, Xəlil Rzada ölçü hissi yoxdur, özün ixtisar elə... Bilməyəcək… Məqaləni on səhifəyə endirib çap elədik. Xəlil Rza gəldi, təşəkkürünü bildirdi, sonra da əlavə etdi ki, "igid, sən də deyirdin həcmi böyükdür, elə bu nömrədə ondan da böyük yazılar var"…

Mən hər biri ilə xoş münasibətlərimiz olan iş yoldaşlarımızı - Sabir Əhmədlini, Əşrəf İbrahimovu, Vidadi Məmmədovu, Davud Nəsibi, Kamilə Neməti, Qafar Namazəliyevi həmişə ürək ağrısı ilə xatırlayıram, onların çoxu həyatdan çox tez getdilər… Təskinliyimiz isə odur ki, bu dünyada özləri barədə gözəl təəssürat qoydular. Çox yerdə, o cümlədən də "Ədəbiyyat qəzeti"nin səhifələrində…

Necə deyərlər, "kənar"dan gəlmiş rəhmətlik Cabir Novruzdan sonra qəzetə böyük yazıçı, mərhum Sabir Əhmədli rəhbərlik etdi. Hazırda isə bu yüksək missiyanı on illərlə qəzetin ağırlığını çiynində daşımış şair-ədəbiyyatşünas Ayaz Vəfalı uğurla həyata keçirir… Azərbaycanın dövlət müstəqilliyi qazanması, Azərbaycan Yazıçılar Birliyinə və ədəbiyyata, o cümlədən də "Ədəbiyyat qəzeti"nə həmişə xüsusi ehtiramla yanaşan ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə böhran dövrünü arxada qoyan qəzetimiz özünün yetmiş beş yaşını ədəbiyyatımızın gələcəyinə böyük ümidlərlə qeyd etməyə hazırlaşır… İstedadlı gənclərin gəlişi, keçmiş əməkdaşlara ehtiramla yanaşılması bir daha göstərir ki, "Ədəbiyyat qəzeti" bizim hamımızın qəzeti, Azərbaycan Yazıçılar Birliyi bizim hamımızın Birliyi olaraq qalır. Məndə belə bir hiss var ki, bizim hamımızın yaşı Yazıçılar Birliyinin, "Ədəbiyyat qəzeti"nin yaşı qədərdir… Və onlar nə qədər yaşayacaqsa, bizim ömrümüz də o qədər uzun olacaq…

 

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.-2009.-24 iyul.-S.3.