Deyilən
söz yadigardır...
Nigar Rəfibəyli-90
Nizami adına Ədəbiyyat
Muzeyində çıxışım (18.06.2003)
Yubiley
ərəfəsində Nigar xanımın kitablarını
yenidən vərəqlədikcə füzulinin 500 illik
yubileyində (Ankara, 2.11.1994) Türkiyənin o vaxtkı
prezidenti Süleyman Dəmirəlin yüksək dəyərlər
xəzinəsi olan yaradıcı adamlar barədə dediyi
sözlər fikrimdən keçirdi: "Müharibələrin
qəhrəmanları, orduların sərkərdələri
olduğu kimi, dillərin də qəhrəmanları, sərkərdələri
olur. Onlar yazıçı və şairlərdir".
Bu
sözlərdə böyük həqiqət, hikmət
vardır. Bircə misalla kifayətlənəcəyəm.
Dünya dillərinin inkişaf mərhələlərinin tədqiqində
bədii əsərlər ən mötəbər mənbə
kimi götürülürlər. Deməli, burada qadın
poeziyamızın ənənələrini yaşadan,
inkişaf etdirən, Azərbaycan ədəbiyyatı tarixində
layiqli yeri olan, xalqımızın zərif duyğulu şairə
qızı Nigar xanımın da payı vardır. Bu gün
poeziyamızı Nigar xanımsız təsəvvür etmək
çətindir. Nigar xanımın poeziyası həmişəyaşardır.
O, fikir
aydınlığı, deyim tərzi, özünəməxsusluğu
ilə seçilir.
Nə
yaxşı ki, yaradıcı adamların yubileylərini
keçirirlər. Nigar xanımın poeziyasını nəzərdən
keçirəndə özüm üçün bir daha kəşf
etdim ki, poeziya insanın hər yaş dövründə bir
cür anlaşılır, duyulur, dərk edilir. Buymuş
poeziyanın ölməzliyi. Buymuş onun möcüzəsi.
Buymuş onun həmişəyaşarlığı. Onu da bir
daha dərk etdim ki, lirik əsər bütöv, fikir
kamilliyindən ibarət olan bir aləmdir. Onun daxilində olan
doğruluğa, saflığa görə oxuyur və sevirik.
Tam səmimiyyətlə deyə bilərik ki, Nigar
xanımın poeziyası doğruluğa, saflığa səsləyən
təkrarsız poeziyadır. Təsadüfi
deyildir ki, onun yaradıcılığına Səməd
Vurğun, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Mirzə
İbrahimov, Abbas Zamanov, Mirvarid Dilbazi və Rəsul Rza daxil
olmaqla bir çox görkəmli qələm sahibləri
yüksək qiymət vermişlər. Nigar xanıma həsr
olunan saysız-hesabsız şeirlər, onun təsiri
altında yazılan poeziya nümunələri şairin
böyük nüfuzundan xəbər verir. Baxmayaraq ki,
zamanında repressiyaya məruz qalmış nəslin nümayəndəsi
olan Nigar xanıma daş atanlar az deyildi. Lakin o, təzyiqlərə
mətanətlə sinə gərirdi. Nə yaxşı ki,
onun tale yolunda Rəsul Rza dayanmışdı. Həyatdan,
quruluşdan küskün, ürəyi niskilli Nigar xanıma o
vaxt arxa olmaq qəhrəmanlığa bərabər idi. Rəsul müəllim sovet rejiminin qəddarlığı
tüğyan elədiyi 1937-ci ilin fevralında hətta Nigar
xanımla ailə həyatı qurmaqdan belə çəkinmədi.
Şairin bu addımı ona başucalığı gətirmiş,
ictimaiyyət arasında onun qorxmazlığı, cəsarəti,
mərdliyi barədə fikir formalaşmışdı. Bu,
Nigar xanımın böyük ehtiramına, tükənməz
məhəbbətinə səbəb olmuş,
duyğuları, hissləri ölməz poeziya misralarına
çevrilmişdi:
Sən olmasan baharın,
yazın ətri olmazdı.
Sən olmasan bir dünya
Sevinc belə çox azdı.
Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şerim olmasın sənsiz.
Nigar xanıma haqsız irad tutanlar, Bəxtiyar Vahabzadə demiş, nə murada yetdi, nə
Fəxr edirik ki, bizim Nigar Rəfibəyli kimi dilimizi, poeziyamızı yaşadan, deməli, özü də yaşayan şairəmiz vardır.
Hüseyn Arif
Şairin 80 illik yubileyində Nizami adına Ədəbiyyat Muzeyində (2004),
İctimai Televiziyanın açıq səma altında şairə həsr etdiyi yığıncaqda (14.09.06) və 85 illik yubileyində Musiqili Komediya teatrında (8.07.09) çıxışlarımdan
Mən o xoşbəxt insanlardanam ki, uzun illər Hüseyn Ariflə təmasda olmuşam. Ailəvi yaxınlıq, dostluq səviyyəsində münasibətlərimiz vardı. Şəxsi münasibətlərimizin möhkəm təməli keçən əsrin 70-ci illərinin əvvəlində qoyulmuşdu. Dillər İnstitutunda işləyirdim. Sevimli müəllimim İsmixan Rəhimovun təşəbbüsü ilə ölməz şairimiz Səməd Vurğuna həsr olunmuş "Səməd Vurğun" xüsusi kursu təşkil olunmuşdu. Bu kursu Bəxtiyar Vahabzadə və Hüseyn Hüseynzadə aparırdı. Səməd Vurğuna vurğunluğum elə o vaxtdan hər iki şairə məhəbbətimi alovlandırdı. Yadımdadır, mühazirədən sonra biz - bir qrup Səməd Vurğun pərəstişkarı şairi evinə qədər ötürərdik. İncə qəlbli, incə ruhlu şairlə şəxsi münasibətlərim həmin illərdən başlayıb. Ölümünə altı ay qalmış mənə "Qocaldım" adlı şeir həsr etmişdi. Həmin şeir şairin 80 illik yubileyi münasibətilə f.e.n. Gülzar İbrahim qızı ilə hazırladığım və çap etdirdiyim "Hüseyn Arif - 80" (Bakınəşr, 2004, 64 s.) adlı portret kitabda çap olunub.
Onu da deyim ki, Hüseyn Arif hələ "Aşıqlar Birliyi"ni yaratmamışdan çox-çox əvvəl də xalq yaradıcılığını az-çox sevən, folklorla məşğul olan adamları özü tapır, onlarla münasibətdə olurdu.
Şairlə şirin münasibətlərimə folklorla məşğul olmağım da təsir etmişdi.
Hüseyn Arif bəzən sadəlövhlük həddini keçən qədər sadə idi. Lakin bu sadəliyin arxasında müdriklik dərəcəsinə çatan güclü bir məntiq, mənəviyyat vardı.
Onun köklə, adət-ənənələrlə bağlı özünəməxsus düşüncə tərzi vardı. fikir verin, Böyük Vətən müharibəsi vaxtı Konstantin Simonovun "'Gözlə məni" adlı, sonralar məşhur olan şeri çıxmışdı. Ondan artıq şairimizin Azərbaycan dilinə tərcümə etdiyi həmin şeirdə cəbhədə olan döyüşçülərin hiss-həyəcanı təsvir edilir. Həyat yoldaşına yazır ki, oddan-alovdan keçəcəm, ölməyəcəm, gələcəm. Gözlə məni. H.Arif bir şair kimi “gözlə məni” müraciətinə “gözləyənə gözlə desəm qınayar məni” misrasını əlavə etməklə namuslu əsgər qadınının xarakterini daha bitkin verməyə çalışır. Ona həmin misranı dedizdirən də elə Simonovun məşhur “Gözlə məni” şeridir:
Mən yazmadım: - Gələcəyəm,
Gözlə, yar məni.
Gözlə! - desəm, gözləyənə,
Qınayar məni. -
deyə bəyan edir. Əslində, Hüseyn Arifin belə düşünməyə haqqı vardı. Mən doğma kəndimizdə "qara kağız" alsa da, yenə də ərinin yolunu gözləyən neçə-neçə qadın görmüşəm.
Hüseyn Arifi çox vaxt təbiət şairi kimi təqdim edirlər. Bizə qalırsa, Hüseyn Arifin təbiət təsvirinə həsr olunan şeirlərində belə Şərq müdrikliyi, fəlsəfi düşüncələr qırmızı xətt kimi keçir:
Palıd səssiz qalxıb, səssiz boy atır,
Söyüd dirçəlməmiş özünü dartır.
Gölməçə harayı qulaq batırır,
Ümman dilə gəlib: Mən varam! - demir.
Bu misralarda təbiət təsviri arxasında dərin fəlsəfi fikrin yer aldığı göz qabağındadır.
Elə ki, balalar gəlir dünyaya -
O gündən hey ölçüb, biçir analar.
Mahnı da oxuyur, şeir də deyir,
Bəstəkar analar, şair analar.
Şairin "Analar" şerində qəribə bir mənzərənin şahidi oluruq. Yalnız Şərq qadınlarına məxsus hadisələr cərəyan edir burada. Ana həyatını övladına verməyə, onun xoşbəxtliyi naminə hətta öz xoşbəxtliyindən belə keçməyə hazırdır. Qərb aləmində isə hərə öz ömür payını özü üçün yaşayır.
Prof. Məhərrəm Qasımlı Hüseyn Arif poeziyasında üç cəhətin - təbiilik, səmimilik və müdrikliyin bərqərar olduğunu xüsusi vurğulayır. Bu, həqiqətən də belədir:
Haranı bəyənib seçəsi olsam,
Oraya, ey sənəm, sən mənimlə get.
Bir gün bu dünyadan köçəsi olsam,
Tək onda demərəm sən mənimlə get.
Bu misralarda təbiilik, səmimilik və müdriklik ali məqamda durur və şairə ehtiram və məhəbbət qazandırır.
Şairin "Sən mənimlə get", “Mən inanmadım", "Qonşu qız", "Dedim-dedi", "Xatırla məni", "Şeir deyilmi?", "Mən sülhə səs verirəm", "Könül deyir yaşa hələ", "Söylə yadındamı?", "Dinə bilmədim" kimi nəğməyə çevrilmiş şeirləri dillər əzbəri olmuşdur. Mən hələ aşıqların dilindən düşməyən "Sən niyə qocaldın, ay Mirzə dayı" və toylarımıza xüsusi rövnəq gətirən "Meşəbəyi"ni demirəm.
Hüseyn Arifin poetik düşüncə tərzi, xalq ruhundan gələn hikməti, poeziyasının qüdrəti oxucunu haldan-hala salır, heyrətləndirir:
Ağrıyanda özü doyar özündən,
Yaş süzülər, qəm ələnər gözündən.
Uşaq kimi uşağın da sözündən
Tez tutulub, tez darılar qocalar.
Hüseyn Arif xalq arasında da, yaradıcı adamlar arasında da ən çox sevilən şairlərdəndir. Vəfatından 20 ilə yaxın vaxt keçsə də bu günün özündə belə elə bir məclis olmaz ki, "Qağa"dan (Hüseyn Arifdən) söhbət düşməsin, onunla bağlı lətifələr məclisin yaraşığına çevrilməsin. Yeri gəlmişkən, lətifələr müdrik adamlar haqqında yaranır. O adam ki, həmişə Hüseyn Arif kimi xalq arasında olur, xalqla nəfəs alır, prof. Nizami Cəfərovun doğru olaraq qeyd etdiyi kimi, müdrik olmaya bilməz.
Hüseyn Ariflə bağlı yaranmış düşündürücü, duzlu-məzəli lətifələrin sayı-hesabı yoxdur. Maraqlıdır ki, onunla bağlı lətifələr bəzən öz-özünə yaranırdı.
Bir gün Azərnəşrin binasında 2-ci mərtəbədə xeyli adam söhbət edirdik. Bir də gördük şair redaktor işlədiyi "Gənclik" nəşriyyatından aşağı enir (Nəşriyyat 3-cü mərtəbədə idi). Şair Azərnəşrdə şöbə müdiri işləyən Mustafa İskəndərzadəyə xitabən dedi:
- A Mustafa, nə var, nə yox?
- Hər şey yaxşı, ay qağa.
- Elqızı neynir? (Söhbət Mustafanın həyat yoldaşı Mənzərə xanımdan gedirdi).
- Əlini öpür, ay qağa, yaxşıdı.
- İşləyirmi?
- Bəli, işləyir.
- İşləsə yaxşıdı, qoy işləsin - deyərək çıxıb getdi. Yarım saatdan sonra kefi kök geri qayıtdı. Mustafa ilə həmin dialoq yenidən başlandı. Söhbət Mənzərə xanımın üstünə gələndə Mustafa necə deyərlər, valı dəyişdi.
- Elqızı işləyirmi?
- Yox, ay qağa, işləmir.
- Qadın işləməsə yaxşıdır - deyib çıxıb getdi.
Bəlkə də bu, qarşısındakının fikrinə hörmət əlaməti idi, bilmirəm. Bir onu bilirəm ki, Qağa bənzərsiz, təkrarsız adam idi.
Bir dəfə dedim: "Qağa, səni yaman bəzəyir, haqqında lətifələr düzəldirlər".
Şair kefini pozmadan gülümsədi və məni mat qoyan cavab verdi: "Onlarda o baş hardadı, özüm düzəldirəm". Gözlərim önündə Molla Nəsrəddinə bənzər bir müdrik canlandı.
Bəzi lətifələrdə, hətta şairin "Meşəbəyi" şerində, şair əməlli-başlı içki içən kimi təqdim olunur. Mən isə şairin əlli, yüz qramdan artıq içki içdiyini görməmişəm. Bu miqdar sanki ona şeirə, sənətə, insanlara məhəbbətini alovlandırmaq üçün lazım idi. Belə hallarda onsuz da mülayim xasiyyətli şair ipəyə dönərdi. Kefi kök, damağı çağ olardı. Ana təbiətdən, güldən, çiçəkdən, çəməndən söz açardı. Şairin belə anlarının birində soruşdum ki, Qağa, gülə, çiçəyə, çəmənə şeirlər də qoşubsan, onların hansını daha çox sevirsən? Şairin cavabı yenə də məni mat qoydu: "Çəməni-çiçəyi çox sevirəm. Qızılgülə həsəd aparıram. Onun bülbül kimi aşiqi - Məcnunu var".
Hüseyn Ariflə bağlı bir məqamı da diqqətə çatdırmaq istərdim. İlahi vergili şairlərdə gələcəklərini, olacaqları görmək qabiliyyəti olub. Şeirlərində bunu bəyan edən M.Lermontov və Səməd Vurğun belələrindəndir. Hüseyn Arif də şair fəhmi ilə olacağı bəyan edib:
Sevirəm Tiflisi, sevirəm, ancaq,
Öləndə Qazaxdan götürün məni.
Şair Barat Vüsalın dediyinə görə 1992-ci ildə şair Ağstafada dünyasını dəyişəndə orada məscid olmadığına görə onu Qazax məscidindən götürüblər. Fəxri xiyabanda halalca yeri olsa da, xalq şairi Hüseyn Arif vəsiyyətinə əsasən Ağstafada oğlu Arifin yanında dəfn olunmuşdur.
Təbiətdən gələn müdrikliklə şair yaxşı bilirdi ki, sağlığında xalqın məhəbbətini qazanmış adam dünyasını dəyişəndə harada dəfn olunsa, orada fəxri bir guşə yaranır. Onu onsuz da ziyarət edəcəklər. Hüseyn Arif ümumxalq məhəbbəti qazanan, sevilən, qəbri ziyarət edilən sevimli şairimizdir.
Fərman Kərimzadə
İctimai
TV-də çıxışım (9.01.07)
Fərman
Kərimzadə ilə eyni ildə, o ilk bahar dönəmində,
mən son bahar dönəmində anadan olmuşuq. Lakin o
Bakıya məndən iki il əvvəl gəlmişdi.
Ümumiyyətlə, o, xarici
görünüşü və danışığı ilə
köhnə kişiləri andırırıdı. Bununla da möhtəşəm idi. fərman və Əlibala Hacızadə ilə
Lenin adına kitabxanada gənclər üçün təşkil
olunmuş yaradıcılıq dərnəyində
Fərman mütaliəni çox sevirdi. Hərtərəfli biliyə malik idi. Lakin onun biliyi ensiklopedik bilikdən fərqlənirdi. O, hər şeyi real həyatla vəhdətdə qəbul edirdi. Bunun Əlibayramlı rayonunun Vladimirovka kəndinə mənim maşınımda İsrail Mustafayevin istədiyi Həsən kişinin qızı Nellinin diləkçiliyinə gedib-gələndə şahidi olmuşdum. Onu da deyim ki, İsrailin toyunu Montində edəndə şair Qabil tamada, fərman isə onun müavini idi. Fərman çox danışmağı sevməzdi. Ona görə də yaxınları belə onunla bağlı bəzi məqamları bilməzdilər. 1988-ci ilin sonları idi. Türkiyədən yüksək səviyyəli qonaqlar gəlmişdilər. "Qarabağ" restoranında onlara ziyafət verirdilər. Mən ora Abbas Zamanovla getmişdim. Məclisi akademik Fərəməz Maqsudov aparırdı. Mən orda ilk dəfə gördüm ki, Fərəməz müəllim həm türk, həm də Azərbaycan poeziyasını demək olar ki, əzbər bilir. Sabir Rüstəmxanlının təpədən-dırnağa azərbaycançı olduğunu bilirdim. Lakin gördüm ki, o, eyni dərəcədə türkçüdür. O da məlum oldu ki, Fərman Kərimzadə qeyri-adi şeirlər yazırmış. Həmin şeirlərdə dərin hüzn, qüssə, kədər qırmızı xətt kimi keçirdi.
Onu da deyim ki, "Qarlı aşırım"dan sonra Fərman düz 11 il susdu. Hərə bir şey deyirdi. Lakin lap yaxın adamlar bilirdi ki, o tarixi roman üzərində işləyir. Gecə-gündüz mütaliə edir, material toplayır. 1982-ci ildə "Xudafərin körpüsü" şimşək kimi çaxdı, ildırım sürətilə bütün evlərə, ailələrə mehman oldu. Bir il sonra kitabın II hissəsi çıxdı. 1988-ci ildə isə 300 səhifəlik "Çaldıran döyüşü" romanı 65 min tirajla işıq üzü gördü və elə bil Fərman gözə gəldi. Nəzər tutdu onu. Lakin Fərmanın yaxın dostları yaxşı bilir ki, onun dərdi el-oba dərdi idi. Qarabağ dərdi idi. Az adam bilir ki, Fərman Kərimzadə Ermənistandan - öz ana torpaqlarından, ata yurdlarından qaçmağa məcbur olaraq Azərbaycana gələn qohum-əqrəbasını qarşılayarkən onların ağır vəziyyətini görmüş, ürəyi dözməmiş, əbədi dayanmışdı. O, qələminin və ağlının ən kəsərli vaxtı - anadan olduğu mart ayında, ilk baharda, Novruz bayramına üç gün qalmış dünyasını dəyişdi.
Nə edəsən, həyat keşməkeşli və anlaşılmazdır. Təsəllini onda tapdıq ki, onu əbədiyaşar edən tarixi romanları, povest və hekayələri vardır.
Ədəbiyyat qəzeti.-2009.-24 iyul.-S.4.