Yaddaş
Sevimli şairimiz Səməd
Vurğunun bu müdrik kəlamı ətrafında
düşünərkən qəribə bir mənzərə
ilə üzləşdim. Yaradıcı adamların
vaxtının böyük bir hissəsi görkəmli
yazıçılar, şair və alimlərin yubileylərinə,
doğum və anım gününə, eləcə də
kitabların təqdimatına həsr olunan
yığıncaqlarda keçir və iş təkcə
iştirak edərək ehtiram göstərməklə bitmir. Orada
maraqlı, düşündürücü və ibrətamiz
çıxışlar da edirlər. Təəssüf ki, həmin
çıxışlar çox vaxt yazıya alınmır,
çıxış olaraq qalır. Olsa-olsa mətbuatda tədbir
haqqında məlumatda yazılır ki, filankəslər
çıxış etdilər. Unudulmaz xatirəyə
çevrilən ilk çıxışım barədə
düşünürəm. Elmə, biliyə, ədəbiyyata
böyük maraq göstərilən XX əsrin ikinci
yarısının 60-cı ili idi. Dillər İnstitutunda
3-cü kursda oxuyurdum. Görkəmli ədibimiz Süleyman Rəhimovun
60 illik yubileyi münasibəti ilə institutumuzda keçirilən
tədbirdə tələbələr adından
çıxış etdiyim, "Saçlı"
romanının ilk çap tarixi üstündə Nəbi Xəzri
ilə mübahisəm, Süleyman müəllimin mənim tərəfimi,
daha doğrusu, həqiqətin tərəfini saxlaması, Rəsul
Rzanın "Bu oğlandan nəsə olacaq" deməsi
yaddaşımda silinməz izlər buraxıb. Taleyə bax ki,
Rəsul Rzanın bəlkə də şair fəhmi ilə
dediyi bu sözlərdən cəmisi səkkiz il sonra - 1968-ci
ildə həyatımda ən əlamətdar hadisə olan, Azərbaycanda
və İraqda səs salan "Kərkük
bayatıları" kitabını birgə çap etdirdik. O
ki, qaldı əlamətdar bir məqam kimi sonralar tez-tez
xatırladığım, tələbə
yoldaşlarımın yaxşı mənada həsədinə
səbəb olan həmin çıxışıma, onun təfsilatını
unutmuşam. Yadımda qalan odur ki, Süleyman müəllimin
saçlarının ağlığını nəzərə
alaraq onu zirvəsi qarla örtülü qocaman dağa bənzətdim.
Ağ saçları öz zəhməti ilə
qazandığına işarə olaraq B.Vahabzadənin
"Qara saçlar, ağ saçlar" şerini əzbərdən
dedim.
Bunları xatırladıqca göz
önünə lap son illərdə yazıçı,
şair və ədəbiyyatşünas alimlərimizin
yubileylərində, doğum və anım günlərində,
kitabların təqdimatı mərasimlərindəki
çıxışlarım gəlir. Belə mərasimlərdə
ən səmimi duyğularla təəssüratlarımı həmkarlarımla
bölüşməyi həmişə özümə mənəvi
borc bilmişəm. Ancaq bu deyilənlərin, eləcə də
həmin mərasimlərdə söz deyən başqa həmkarlarımın
çıxışlarının tam halda yazıya
alınmaması yaralı yerim olub. Çox vaxt bu
çıxışların sadəcə olaraq xülasəsi
verilib. Baxmayaraq ki, onların bir
çoxunda ədəbiyyatımız üçün gərəkli
olan mətləblər qədərincədir. Məhz buna
görə də düşünürəm ki, ədəbi məclislərdə,
doğum və anım günlərində, yas mərasimlərində
görkəmli şəxsiyyətlərimiz, qələm sahiblərimiz,
alimlərimiz barədə səslənən fikirləri,
çıxışları it-bat olmaqdan qoruyaraq gələcək
nəsillərə yadigar qoymaq faydalı olardı. Texniki vasitələrin
möcüzələr yaratdığı zəmanəmizdə
bu işin öhdəsindən gəlmək o qədər də
çətin olmazdı.
Deyilənləri nəzərə
alaraq xalqa üzağlığı gətirən qələm
sahibləri haqqında çıxışlarımdan bəzisini
"Ədəbiyyat qəzeti"nin oxucularına təqdim
edirəm.
Qəzənfər
Paşayev
Ədəbiyyat qəzeti.-2009.-24
iyul.-S.4.