Piyada gəzir

 

İndi sən atlısan, mənsə piyada,

İlqarı maşına dəyişən gözəl.

Sərvətə, dövlətə uyub, dünyada

Şöhrət həvəsinə bərk düşən gözəl.

 

Ürəyin hələ sevər yaşında,

Məhəbbət deyilən bir ada gəzir.

Quruca cismindir gedən maşında,

Eşqin mənim ilə piyada gəzir.

 

 

Ümid çırağı

 

Ümid verdin bir çınqı

Verdin iynə ucunda.

Onu piltə elədim

Ürəyimin içində

Ürəyimi çıraq tək

Ehmal tutub ovcumda,

Səni axtarıram mən

Ayağımın ucunda!

 

 

Ağ kəpənək

 

Hər il qəbir üstündən

Geri evə dönəndə

Bir ağqanad kəpənək

Gələr uçar önümdə.

 

Ah, kim bilir, bəlkə o,

Ölən arzularımdır?

Ağ gəlinlik donunda

Dəfn olunmuş yarımdır?

 

 

O əllər

 

Sıxmışammı biləydim

Təqdim edib gülləri

Tabutumdan bir zaman

Yapışası əlləri?

 

Ah, kim bilir, bəlkə

Həmin əllər ehtiyac

Girdabında batanda,

Onları mən kəsmişəm

Ətəyimdən tutanda?

 

 

Telman Kürsoy

 

Ədəbiyyat qəzeti.-2009.-24 iyul.-S.4.