Hafiz Paşayevin
"Bir səfirin manifesti" kitabının
rus dilində nəşrinin təqdimatı
keçirildi
İyulun 17-də AMEA-nın "Akademiya" kitab mərkəzində Azərbaycanın ABŞ-da ilk səfiri olmuş xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevin "Bir səfirin manifesti" kitabının rus dilinə tərcümə olunmuş nəşrinin təqdimat mərasimi keçirildi.
Mərasim iştirakçılarını səmimiyyətlə salamlayan professor Hafiz Paşayev indiki vaxtda məclisin keçirildiyi kitab mərkəzinə çoxsaylı insanların toplaşmasından məmnun olduğunu vurğuladı. O, həmçinin kitabın rus dilinə tərcümə olunmasının səbəblərini açıqlayaraq dedi:
- Ötən il Moskvada olanda respublikamızın oradakı səfirliyinin yanındakı böyük kitab mağazasına daxil oldum və oradan Azərbaycanla bağlı hər hansı bir kitabı almaq istədim. Amma çox təəssüflər olsun ki, mağazadan belə bir kitabı ala bilmədim. Doğrudur, ölkəmizdə xüsusilə son vaxtlar kifayət qədər kitablar çap olunur və oxucularımızın ixtiyarına verilir. Amma tək bununla kifayətlənmək olmaz və biz onları ölkədən kənara da çıxarmalıyıq. Məhz elə buna görə də mən bir müddət bundan əvvəl işıq üzü görmüş "Bir səfirin manifesti" kitabının rus dilinə tərcümə olunması təklifinə öz razılığımı bildirdim.
Bilirsiniz, ölkəmizdə kitab çapı məsələsi və onların yayımı tədricən nizama düşür. Ancaq bizim ən başlıca məqsədlərimizdən biri Azərbaycanı ölkəmizin hüdudlarından kənarda təbliğ etmək və onu xaricdəki oxucuların diqqətinə təqdim etməkdir. Biz Azərbaycan Diplomatik Akademiyasında ayda bir dəfə "Akademiyanın məclisi" adlı bir tədbir hazırlayırıq. Bu dəfə müzakirə olunan mövzu "Azərbaycanı xaricdə necə təqdim etməli" adlanırdı. Akademiyaya dünyanın 25 ölkəsindən gəlmiş tələbələri də bu məclisə dəvət etdik və onların da fikirlərini öyrəndik. Onlardan biri isə Amerikada yaşayan rus jurnalisti Yuri Siqov idi.
Onunla Amerikada
"Bir səfirin manifesti" kitabının rus dilinə tərcümə olunmasını öz öhdəsinə götürən Eldar İsmayılova da öz minnətdarlığımı bildirirəm. Eyni zamanda bu nəşrin araya-ərsəyə gəlməsində böyük rolu olan kitabın rus dilində nəşrinin redaktoru Səyavuş Məmmədzadəyə təşəkkürümü bildirir və sözü ona verirəm.
Əsərin rus dilində nəşrinin redaktoru S.Məmmədzadə bugünkü tədbirin əhəmiyyətindən söz açaraq, kitabın rus dilində nəşrini ölkəmizlə bağlı reallıqların daha böyük auditoriyaya çatdırılması kimi dəyərləndirdi. O, görkəmli Azərbaycan yazıçısı, tanınmış alim və pedaqoq Mir Cəlal Paşayevin ocağında boya-başa çatmış, yüksək əxlaqi dəyərlər əsasında tərbiyə almış H.Paşayevin "Bir səfirin manifesti" kitabının uzun illərin müşahidə və təcrübəsi əsasında meydana gəldiyini qeyd etdi. Azərbaycanın ABŞ-da ilk səfiri olan və 14 il bu ölkədə respublikamızı məharətlə təmsil edən müəllif öz əsərində zəmanəmizin siyasi ab-havasını böyük bacarıqla qələmə almışdır. Kitabda onun Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin yaranması və inkişafına, habelə iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasına dair xatirə və mülahizələri toplanmışdır.
"Mən Hafiz Paşayevi alim-fizik kimi tanıyırdım, indi isə onu görkəmli diplomat kimi kəşf etdim" - deyən S.Məmmədzadə H.Paşayevin ölkəmiz üçün çox ağır olan bir dövrdə diplomatik fəaliyyətə başladığını qeyd etdi. O, dedi: Həmin illərdə bizim diplomatlar necə deyərlər sıfırdan başlamışdılar, yəni öyrənə-öyrənə diplomatik missiyanı yerinə yetirirdilər. Bu da şübhəsiz ki, çox çətindir və onlardan böyük məharət tələb edirdi.
Bu gün oxucularımıza təqdim olunan "Bir səfirin manifesti" kitabının rus dilində nəşrini bu baxımdan yüksək dəyərləndirir və ən yeni tariximiz üçün dəyərli sənəd kimi qiymətləndirirəm. Bu kitabın həmçinin ölkəmizin yeni diplomat nəslinin yetişməsində əvəzsiz rol oynayacağına əmin olduğumu bildirirəm.
Əsərin ictimai-siyasi əhəmiyyətindən bəhs edən akademik Vasim Məmmədəliyev bildirdi ki, ümummilli lider Heydər Əliyevin xarici siyasətimizdə ABŞ-la münasibətlərə mühüm qiymət verməsi, bu əlaqələrin durmadan inkişafı və möhkəmlənməsi yolunda ciddi səyləri konkret faktlarla oxuculara çatdırılır. Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, əsərin adı da çox maraqlıdır: "Bir səfirin manifesti". Bu, görkəmli yazıçımız Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərini xatırladır və həm də təsadüfi deyildir. Çünki görkəmli alim və diplomatımız Hafiz Paşayev Azərbaycanın böyük yazıçısı, böyük pedaqoqu və alimi Mir Cəlal müəllimin ocağının yetişdirməsidir.
"Bir səfirin manifesti" kitabını dolğun, zəngin faktlara əsaslanan mühüm tədqiqat işi adlandıran akademik həmçinin bu əsərin diplomatların stolüstü kitabına çevriləcəyinə əminliyini vurğuladı.
"Mən çox sevinirəm ki, bu gün Azərbaycan xalqına böyük məhəbbət ruhu ilə yazılan belə bir kitab oxuculara təqdim olunur", - deyən akademik V.Məmmədəliyev eyni zamanda kitab mağazasındakı bu izdihamdan da məmnun olduğunu söylədi.
Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli "Bir səfirin manifesti" kitabından müəllifin müstəqillik illərində ölkəmizin diplomatiyasını xüsusi baxış bucağından işıqlandırdığını bildirərək əsərin təkcə peşəkar diplomatlarda deyil, həm də geniş oxucu kütləsində ciddi maraq doğuracağını qeyd etdi. Natiq kitabın dərslik kimi istifadəsinin vacibliyini də vurğulayaraq, həqiqətən bu kitabın Azərbaycanı dünyaya bir az da yaxınlaşdırdığını dedi.
Ölkəmizin Vaşinqtondakı səfirliyinin təcrübəsi və müəllifin zəngin şəxsi təəssüratları əsasında yazılmış kitabda geniş spektrli mövzularla yanaşı, mühüm siyasi, ictimai hadisələrin və cərəyanların maraqlı detalları işıqlandırılır. Əgər "Bir gəncin manifesti" kitabı bizim nəsli tərbiyə edibsə, "Bir səfirin manifesti" kitabı Azərbaycanın yeni nəslinin, eləcə də respublikamızın gənc diplomatlarının yetişməsində kifayət qədər sanballı rol oynayacaqdır.
Təqdimat mərasiminin sonunda professor Hafiz Paşayev "Bir səfirin manifesti"ni imzalayaraq tədbir iştirakçılarına təqdim etdi.
Ələsgər
Behbudlu
Ədəbiyyat qəzeti.-2009.-24
iyul.-S.1, 2.