Ürəklərdə
yaşayan ad
Azərbaycan
ədəbiyyatı çox qədim tarixə malikdir ki, bunun
da mənbəyində şifahi ədəbiyyat durur.
Aşıq ədəbiyyatı isə şifahi ədəbiyyatla
yazılı ədəbiyyat arasında müəyyən bir vəhdət
təşkil edir.
Yaradıcılığı
ustad sənətkarlar tərəfindən yüksək dəyərləndirilən,
elin-obanın dilindən düşməyən
aşıq-şairlərdən biri də
Abdalgülablılı Aşıq Valehdir. Uzun müddətdir
ki, alimlərimiz onun haqqında tədqiqat aparır, şeirlərini
toplayıb çap edir, mülahizələr
yürüdürlər. Hələ XX əsrin əvvəllərində
Firidun bəy Köçərli
bu görkəmli sənətkar haqqında demişdir: "O,
zamanın ürafasından sayılan əhli zövq və
sahibi təb bir vücud imiş. Məhəlli təvəllüdü
Gülablı qəryəsidir ki, ata-babasının əsl vətənidir".
Buradan və digər sənədlərdən məlum olur
ki, Aşıq Valeh Ağdam rayonunun Abdalgülablı kəndində
dünyaya gəlmişdir. Şərqin konservatoriyası,
musiqi beşiyi, şairlər, xanəndələr diyarı
olan bu kənd bir sıra məşhur şəxsiyyətlər
yetişdirmişdir. Bunların sırasında Valehin babası
şair Məhəmməd, Aşıq Güllü,
Aşıq Cünun, Aşıq Qənbər, Valehin ustadı
olmuş Aşıq Səməd, Aşıq Abbasqulu, məşhur
tarzən Qurban Pirimov, öz məlahətli səsilə dinləyicilərin
sevimlisi olan Sara Qədimova və başqaları məhz
bu kəndin yetirmələri, övladlarıdır. Belə
bir ocaqdan Valeh kimi sənətkarların da çıxması
heç bir təəccüb doğurmur.
F.B.Köçərlidən bəri
daha bir sıra alimlərimiz onun həyatı haqqında
axtarışlar aparmış və nəhayət, müəyyən
etmişlər ki, aşığın əsl adı Səfi,
atasının adı isə Məhəmməddir.
"Valeh" isə aşığın təxəllüsüdür.
O, 1722-ci ildə Abdalgülablıda anadan olmuşdur. Səkkiz
yaşlarında isə atası onu öz kəndlərində
yaşayan Molla Mahmudun yanına qoyur, mükəmməl savad
verməsini xahiş edir. 14 yaşlarında ikən Quranı
başa vurur, lakin molla olmaqdan imtina edir. Atasının
razılığı ilə dövrünün hörmətli
sənətkarlarından olan Aşıq Səmədin
yanına gedir və ona şəyirdlik edir. Aşıq Səməd
Valehin saza-sözə olan həvəsini nəzərə
alaraq aşıqlıq sənətinin ən incə sirlərini
belə ona öyrədir. Bundan sonra ustad öz istedadlı
şagirdini məclislərə, mərəkələrə
aparır, onu sınaqlardan çıxarır. Hətta
deyilənə görə Valeh təxəllüsünü də
şəyirdinə ustadı Aşıq Səməd
vermişdir. Çünki Valeh - valeh olmaq, vurulmaq, sevmək mənasında
olmaqla gənc yaşlarında gözəl bir qıza bənd
olması da şairin şeirlərində öz əksini
tapmışdır. Lakin həmin qızla evlənib-evlənməməsi
bizə məlum deyildir. Bu barədə aşığın
bizə gəlib çatmış "Vücudnamə"si
hərtərəfli, geniş məlumat verir. Aşıq
Valeh öz "Vücudnamə"sində həyatını,
uşaqlıq və gənclik illərində məktəbdə
oxumasını, 15 yaşından eşqə düşməsini,
hətta ailə qurmasını, gəzdiyi yerləri,
görüşdüyü şəxsləri
açıq-aşkar şəkildə əks etdirməyə
səy göstərmişdir. Akademik Həmid
Araslının qeyd etdiyi kimi, bu əsərlərdə
xüsusən insanın dünyəvi həyatından bəhs
edən hissə ümumi olsa da, çox realdır. Buna görə
də alimlərimiz, tədqiqatçı mütəxəssislərimiz
yeri gələndə öz fikirlərini təsdiqdə
şair-aşıq tərəfindən yaradılmış
"Vücudnamə"yə əsaslanması tamamilə məqsədəuyğundur.
Aşıq Valeh özü haqqında açıq-aydın
demişdir:
Səkkizdə,
doqquzda Quranı seçdim,
On yaşında yaxşı-yamanı seçdim.
On birimdə Quran kitabı seçdim,
On beşimdə sərim doldu sevdaya.
Yaxud:
Valeh ləqəbimdir, Səfidir adım,
Allahı sevənlər, budur muradım… və s.
Akademik Həmid Araslı, folklorşünas Əhliman Axundov, professorlardan M.Təhmasib, Vaqif Vəliyev, Paşa Əfəndiyev, Famil Mehdi, Mürsəl Həkimov və başqaları Aşıq Valehin yaradıcılığını yüksək qiymətləndirmiş, onun haqqında dəyərli fikirlər yürütmüşlər. Bu işdə Valehin həmyerlisi şair və alim famil Mehdi və professor Mürsəl Həkimov çox iş görmüşlər. Bu qəbil aşıq-şairlərin yaradıcılığı, ümumiyyətlə, gəncliyə həm mənəvi, həm də elmi nöqteyi-nəzərdən çox şey verir.
Aşıq Valehin yaradıcılığı elə bir dövrə təsadüf edir ki, bu dövrdə aşıq poeziyası, aşıq lirikası yazılı ədəbiyyata təsir göstərirdi. Yazıb-yaradan şairlərlə aşıq-şairlər arasında da müəyyən yaxınlıq, dostluq var idi. Onlar hətta deyişir, bir-birilərinə nəzmlə məktub göndərirdilər. Bu zaman Aşıq Valehin sıx əlaqə saxladığı, dostluq etdiyi, yaradıcılıq söhbətləri apardığı, fəxr və iftixar hissi ilə adını çəkdiyi sənətkarlardan biri də Molla Pənah Vaqif olmuşdur. Bunu Valehin öz şeirlərindən, ayrı-ayrı bənd və misralardakı müraciətlərindən, el söyləmələrindən aydın görürük. Məsələn, 1807-ci ildə aşığın yaratmış olduğu bir şerində deyilir:
Ustad Səməd sənətdə bir dağ idi,
Kələntərli Alı fəndli bağ idi.
On il əvvəl Molla Pənah sağ idi,
Valeh kimi aşıqlar ustadı var.
Bu misralarda aşığın Vaqifə olan səmimi münasibəti və duyğuları açıq şəkildə görünür. Hətta bəzi şeirlərindən görünür ki, Qarabağ vilayətində xalqı incidən zülmkarlardan Valeh vilayətin baş vəziri, həm də yaxın dostu kimi Vaqifə müraciət edərək ondan kömək diləmişdir. Məsələn, şeirlərin birində deyilir:
Molla Pənah, ərzim sizə söyləyim,
Mahallıqca biz düşmüşük dara, bil.
Şadlığı axtaran biçarə kəslər
Həmdəm olub yenə ahu-zarə, bil.
Valehəm, bu dərdə varmı, de çarə,
İsgəndər bəy bizi salıb azarə.
Var-dövləti çəkib tökdü bazarə,
Biz rəiyyətik belə sitəmkarə, bil.
Əlbəttə, belə bəndlərin sayını artırmaq da olar.
Valehin dövrünün digər şair və aşıqları ilə də görüşləri, söhbətləri, hətta deyişmələri olmuşdur. Məsələn, Aşıq Cəlalla, ustadı Səmədlə, Aşıq Feyruzla, Məsum Əfəndi ilə, Aşıq Qənbərlə deyişmələri, şair Abdulla Canızadəylə məktublaşması onun xalq arasında böyük nüfuz sahibi, istedadlı şair-aşıq, qayğıkeş insan və humanist bir vətəndaş olduğunu deməyə haqq verir.
Aşıq Valehin həyat fəaliyyəti 25 yaşından sonra Zərniyar xanımla bağlıdır. Gənc yaşlarından ustad sənətkar kimi məşhurlaşmış Valeh ətraf əyalətlərin də nəzər-diqqətini özünə cəlb edir. Bir neçə il müstəqil aşıqlıq etdikdən sonra özünə şəyird götürüb öyrədir, sələflərindən gələn ustad - şagird ənənəsini davam etdirir. Müasirləri olan Aşıq Qənbərin, Aşıq Cəlalın, Aşıq Əhmədin və başqalarının bir sənətkar kimi formalaşmasında onun mühüm rolu olmuşdur. Lakin sənətin sirlərinə bələd olmamış şəyirdi Səməd ondan ayrılıb müstəqil aşıqlıq etmək həvəsinə düşür. Nəhayət, gəlib Dərbənddə Zərniyar xanımla görüşüb deyişir, təslim olur. Zərniyar xanım ondan ustadının adını soruşur. O, isə Valehin ünvanını ona verir. Zərniyar xanım Valehə açıq məktub yazıb onu Dağıstana - onunla deyişməyə dəvət edir:
Bir neçə aşığı eyləmişəm bənd,
Ayağında zəncir, boynunda kəmənd,
Adım Zərniyardır, məkanım Dərbənd,
Məni anar olsan, bu məkana gəl!
Məktubdan halı olan Valeh Dağıstana - Dərbənd şəhərinə gəlir. Zərniyar xanımla görüşür, onu bağlayıb, aşıqları zindandan azad edir və şərtə görə Zərniyar xanımla həyat qurmaq fikrini dəqiqləşdirir. O zaman Valehin 25, Zərniyar xanımın 18-19 yaşı vardı. Deyilənə görə, Zərniyar xanım 1730-cu ildə Dərbənddə anadan olmuş, elə uşaq vaxtlarından şeirə, sənətə, saza böyük həvəs göstərmişdir. Buna görə də əhd edir ki, hər kim onu bağlasa, ona ərə gedəcək. Çox aşıqlar onu bağlamaq fikrinə düşürsə də, bir şey çıxmır, məğlub olub onun toruna düşür. Nəhayət, Valeh onu bağlayır və onunla evlənir. Zərniyar xanımı da götürüb Abdalgülablıya gəlir, ömürlərinin sonuna qədər bir-birilərinə sadiq həyat sürürlər. 1747-ci ildə ailə həyatı quran Zərniyar xanım 1840-cı ildə Abdalgülablıda vəfat etmiş və qədim qəbiristanlıqda dəfn olunmuşdur. Onun başdaşında belə bir şeir həkk olunmuşdur:
Vəfai-eşqdə düz ilqar mənəm,
Sadiqi-aşiqə vəfadar mənəm.
Məkani Dərbəndəm, övrəti Valeh,
Sorağı dastanlı Zərniyar mənəm.
Ümumiyyətlə, istər deyişmələrindəki qoşmalar, istərsə də ayrı-ayrı şeirlərindən məlum olur ki, Zərniyar xanım dərin kamal sahibi, mütərəqqi bir ziyalı qadın olmuşdur. Təəssüflər olsun ki, onun da geniş tərcümeyi-halı və yaradıcılığı bu günə qədər öyrənilməmiş qalır. Lakin mütəfəkkirlərimizin dediyi kimi: "Dünyada qalacaq yalnız yaradan" və yaxud "Deyilən söz yadigardır". Ona görə də bu istedadlı sənətkar öz yaradıcılığı ilə xalqın dilində, ürəyində daim yaşayacaqdır.
Əldən-ələ keçən "Valeh-Zərniyar" dastanı dediklərimizə ən yaxşı sübutdur.
Afayət
RÜSTƏMZADƏ
Ədəbiyyat qəzeti.-2009.-24
iyul.-S.5, 6.