İsmayıl
Şıxlı – 90
Yazıçı,
alim, pedaqoq
Ədəbiyyatşünas
alim Mürşüd Məmmədov yazırdı ki,
İsmayıl Şıxlı adətən məclislərdə
başını əllərinə söykəmiş halda
oturur, sanki demək istəyirdi bu başı bu əllər
ucaldıb. Maraqlı müşahidədi və şübhəsiz
ki, bu görkəmli sənətkarı həm də Allah
vergisi olan bənzərsiz istedadı, əvəzolunmaz şəxsiyyəti,
xalqına olan sönməz sevgisi ucaltmış, heykəlləşdirmişdi.
İyunun
5-də xalq yazıçısının 90 illik yubileyi
münasibətilə doğulub boya-başa
çatdığı Qazax rayonunda düzənlənən tədbirə
qatılanlar da məhz bu ucalığın, heykəlin
"önündə baxa durmuşdular" (Qazi Bürhanəddin).
Mərasim
iştirakçıları əvvəlcə İsmayıl
Şıxlının heykəli önünə gələrək
xatirəsini tər gül-çiçək dəstələri
ilə yad etdilər. Qazax rayon İcra Hakimiyyətinin
başçısı Rauf Hüseynov
yazıçının heykəlinin məhz həmin yerdə
qoyulmasının səbəbini açıqladı:
"Bağanis-Ayrım kəndi erməni vandalları tərəfindən
vəhşicəsinə yandırılandan sonra Qazağın
özündə elə adamlar oldu ki, artıq köç tədarükü
gördülər. Onlar ailələrini təhlükəsiz
yerlərə köçürmək istəyirdilər. Belə
bir vəziyyətdə İsmayıl Şıxlı
Qazağa gəldi. Bax, həmin bu heykəlin
qoyulduğu yerdə stul qoyuldu və İsmayıl müəllim
o stulda əyləşib heç nə demədən onu əhatəyə
almış rayon sakinlərinin üzünə baxdı. O
dilsiz baxışlar əslində çox şey dedi, öz dərsini
verdi və şübhəsiz ki, köç fikrini də birdəfəlik
yaddan çıxardı".
Tədbir
rayon mədəniyyət sarayında davam etdirildi. Rayon başçısı yubiley mərasimini
açaraq xalq yazıçısı İsmayıl
Şıxlının ədəbiyyat tarixində tutduğu
mövqe, bənzərsiz şəxsiyyəti haqqında
danışdı. Bildirdi ki, O, Azərbaycan xalqı
qarşısında öz borcunu, missiyasını şərəflə
yerinə yetirmiş sənətkarlarımızdandır,
xalqımıza, mədəniyyətimizə, ədəbiyyatımıza
çox böyük irs, böyük sərvət qoyub
getmişdir. "İsmayıl Şıxlı hələ sağlığında
heykəlləşmiş, ümumxalq ağsaqqalı kimi qəbul
olunmuşdu. O, həmişə öz əsərlərində,
bütün görkəmli sənətkarlarımız kimi, mənəviyyat,
əxlaq, insanlıq, vətənə və millətə sədaqət
ruhu aşılamış, xalqın güvənc yerlərindən
biri olmuşdur".
Tədbirin
aparıcısı, AYB-nin Qazax bölməsinin sədri Barat
Vüsal tədbirdə çıxış edərək
dedi: "İsmayıl Şıxlı sevərək
yaşadı, sevilərək haqq dünyasına qovuşdu.
Elçin Şıxlının yaxşı bir sözü
var ki, onun haqqında yazmaq yox, onunla dərtləşmək
duyğusu keçir könlümdən. Ancaq Elçin müəllimin
dediyi kimi, bu dünyanı heç kimin tutub
durmadığı həqiqəti də var. Nə
xoş ki, İsmayıl Şıxlı böyük mənəvi
dünyası, şəxsiyyət işığı, əsərləri
ilə bu dünyada əbədi qalacaq, yaşayacaq və
heç şübhəsiz ki, mənəvi dünyamızda
dönə-dönə bizim həmsöhbətimizə, dərdləşdiyimiz
könül dostuna çevriləcək".
Türkiyəli
yazar Yasemin Bayer mərasimdə çıxış edərək
dedi: "Mən ilk olaraq Azərbaycana gəldikdə, burada
yaşayan insanlarla ünsiyyətdə olduqda hiss etdim ki, azərbaycanlıların
İsmayıl Şıxlıya çox böyük sevgisi
var. Hər kəs onun haqqında hədsiz duyğularla söz
açır, sənətinin, şəxsiyyətinin
böyüklüyünü dilə gətirirdi. Bu münasibət
mənim marağımı artırdı. Onun
yaradıcılığı ilə tanış oldum. "Dəli
Kür" romanı məni daha çox
duyğulandırdı. Mən həmin əsəri Türkiyə
türkcəsinə uyğunlaşdırdım. Hazırda
"Dəli Kür" Türkiyədə kütləvi
tirajla çapa hazırlanır. İnşallah, yaxın
günlərdə əsər türk dilində türkiyəli
oxuculara təqdim ediləcək. Dünya şöhrətli
yazıçı folkner müsahibə verməkdən həmişə
qaçarmış. Ucuz təbliğat, şou, tərif onun təbiətinə
yad imiş. Türk ədəbiyyatının da bu tipli
yazarları çox olub. Eyni zamanda, İsmayıl
Şıxlı da həmişə öz şəxsiyyətini,
mənəvi ucalığını qoruyan sənətkar kimi
xalq sevgisi qazanıb. Namusla yazıb-yaradıb. Onun əsərləri
sırf Azərbaycan nəsridi - lirik, etnoqrafik və folklorla
qol-qola".
Şair
Eldar Nəsib Sibirel yubilyara həsr etdiyi şeri oxuduqdan sonra
söz alan telejurnalist Qərənfil Xəlilova dedi: "Mənim
bu gözəl məclisdə çıxış etməyimin
səbəbkarı xalq yazıçısı İsa
Hüseynovdur. Buraya gəlməmişdən öncə mən
İsa müəllimi ziyarət etdim. Bir arzusunu bildirdi ki,
mütləq mənim təbrikimi yubiley
iştirakçılarına çatdır. İsa
Hüseynovun xanımı da eyni istəyini bildirdi. Dedi ki,
İsmayıl Şıxlı bizim ailə həyatı
qurmağımızın ən böyük səbəbkarı
olub, ağsaqqallıq edib. Bəlkə də İsmayıl
müəllim olmasaydı, bizim ailə qurmağımız da
baş tutmazdı".
Yazıçının
oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin
Şıxlı yubiley mərasimində çıxış
edərək tədbir iştirakçılarına,
atasının xatirəsini əziz tutanlara öz minnətdarlığını
bildirdi, xatirələrini dilə gətirdi: "Dünən
bu sarayda görkəmli Azərbaycan yazıçısı
Mehdi Hüseynin yüz illik yubileyini qeyd etdik. Atamla Mehdi
Hüseyn qardaş kimi idilər. Atam Mehdi əmiyə
böyük duyğularla bağlanmışdı.
Vəfatından
keçən bu illər ərzində atamın
baxışları heç vaxt məni tərk etməyib, mən
öz fəaliyyətimdə, gündəlik işimdə onun
baxışlarını hər an üstümdə hiss
etmişəm. Hər an düşünürəm ki, o, mənim
fəaliyyətimdən razıdırmı, nədəsə səhv
etməmişəm ki?.. Atam həmişə harasa səfər
edəndə, daha çox Qazağa yola düşəndə
ailə üzvlərini də özüylə aparardı. Yol
boyu qısa bir vaxtda o, çox şeydən
danışardı. Daha çox əxlaqlı dəyərlər,
milli köklər haqqında. Vəfat etməmişdən son
gücünü toplayıb vəsiyyətini etdi, dedi ki,
çalışın həmişə kişi kimi yaşayın…"
E.Şıxlı sonra yazıçının
"Ölüləri qəbiristanlıqda basdırın"
pyesinin aqibətindən söz açdı. Bildirdi ki,
yazıçı bu əsəri özünün əvvəllər
çap edilmiş "Namus qaçağı" və
"Ölüləri qəbiristanlıqda basdırın"
hekayələrinin motivləri əsasında yazıb: "Vəfatından bir il sonra mən
əsəri atamın yazı masasının siyirməsindən
tapdım. Oxuyub gördüm ki, müasir həyatımızın
çox böyük prosesləri, təbədüllatları
bu əsərdə bütün reallıqları ilə əks
olunub. Sonra mən əsər haqqında o zaman mədəniyyət
naziri işləyən Polad Bülbüloğluna
danışdım. O, əsəri oxumaq üçün
götürdü. Az keçməmiş mənə dedi ki,
biz əsəri tamaşaya hazırlamaq qərarına gəlmişik…"
Yazıçı-publisist
Nahid Hacızadə mərasimdə çıxış edərək
vurğuladı ki, millilik və bəşərilik, azərbaycançılıq,
ziyalılıq, əqidə və xarakter
bütövlüyü, sadəlik və müdriklik
İsmayıl Şıxlı şəxsiyyətinin əsas
xüsusiyyətləri idi.
Tədbirdə
Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən
böyük simalardan biri olan İsmayıl Şıxlı
yazıçılıqla bərabər pedaqoji fəaliyyətlə
də məşğul olduğu bir daha dilə gətirildi.
Qeyd edildi ki, hər zaman hörmət və ehtiramla yad olunan,
bu gün boya-başa çatdığı torpaqda heykəlləşən
İsmayıl Şıxlı öz əsərləri ilə
xalqın qəlbində daim yaşayacaqdır.
Prezident
təqaüdçüsü, əməkdar incəsənət
xadimi Vidadi Babanlı İ.Şıxlı ilə bağlı
unudulmaz xatirələrini dilə gətirərək dedi:
"Rəhmətlik İsmayıl Şıxlı ilə mən
demək olar ki, ədəbiyyata eyni vaxtda gəlmişdik. Lakin
o, məndən on yaş böyük idi. İkinci Dünya
müharibəsindən yenicə qayıtmışdı, mən
hələ orta məktəb partası arxasından yenicə
durub gəlmişdim Bakıya. İstəyim universitetdə təhsil
almaq idi. O zaman Yazıçılar İttifaqının nəzdində
ədəbiyyat dərnəyi yaradılmışdı. Dərnəyin
rəhbəri Mirzə İbrahimov idi. İsmayıl
Şıxlıyla dərnəkdə tanış oldum. O vaxta
qədər mən Şıxlı təxəllüsü ilə
yazan bir yazıçının olduğundan xəbərsiz
idim. Mənim ilk şeirlərim Vədadi Şıxlı
imzasıyla çap olunurdu. Hətta "Gəlin" novestim
də Vədadi Şıxlı imzasıyla
çıxmışdı. İsmayıl Şıxlıyla
məni tez-tez dəyişik salırdılar. Hətta bir dəfə
Dağıstanda keçirilən ədəbiyyat
ongünlüyündə iştirak etmək üçün
mənim də adımı siyahıya salmışdılar.
Sumqayıtda işlədiyimə
görə məni tapa bilməyib yerimə İsmayıl
Şıxlını göndərmişdilər. O zaman Osman
Sarıvəlli Yazıçılar İttifaqında gənclər
üzrə məsləhətçi işləyirdi. Mən həmin
günlərdə Osman müəllimin yanına gələndə
Süleyman Rüstəmi, İsmayıl Şıxlını,
daha bir neçə yazıçı və şairi söhbət
edən gördüm. Mən salam verəndə bunlar
gülüşdülər. Düzü, əvvəl pərt
oldum ki, bunlar nəyə gülür. Süleyman Rüstəm
də ki, çox zarafatcıl adam idi. Dedi: "Ay Vidadi, xətrinə
dəyməsin, bu günlərdə biz Mahaçqalaya
getmişdik. Azərbaycan ədəbiyyatı günləri
keçirilirdi. Orada sənin adını çəkdilər".
Sən demə, Mərkəzi Komitədən gedən
siyahıdan mənim adımı oxuyublarmış.
Mahaçqalada universitetin rektoru qonaqları təqdim edəndə
mənim adımı çəkib. Süleyman Rüstəm
aydınlaşdırıb ki, Vidadi Şıxlı yox, gələn
İsmayıl Şıxlıdı. Buna baxmayaraq, ertəsi
gün "Daqestanskaya pravda" qəzetində şəkil
İsmayılın, ad yenə də mənim olmaqla
çıxış dərc olunur. Mən inanmadım. Bunu
görən İsmayıl Şıxlı gülə-gülə
qəzeti pencəyinin cibindən çıxarıb verdi ki, al
özün bax. Gördüm ki, şəkil
İsmayılındı, məqalənin altında mənim
imzam. Dedim: "İsmayıl, bu gündən mən daha
Şıxlı təxəllüsü ilə
yazmayacağam". Dedi: "Əşi, sənin gözəl
familiyan var - Babanlı, elə bu imzayla da yaz-yarat". Ondan
sonra 1962-ci ildə mənim "Həyat bizi
sınayır" əsərim Babanlı təxəllüsü
ilə çap olundu… İsmayıl həm şəxsiyyət
etibarı ilə çox mükəmməl, bütöv adam
idi, həm də yazıçı kimi. Onun "Dəli
Kür" əsəri xüsusilə bizim ədəbiyyatımızda
hadisə idi. Nə qədər ki, bu əsər qalır,
oxunur, yaşayır, İsmayıl Şıxlını da
özüylə yaşadacaq. Uzun əsrlər boyu nəsillər
bu əsərin ruhuyla tərbiyələnəcək. Necə
ki, Tolstoyun "Anna Karenina"sı, Dostoyevskinin "Karamazov
qardaşları" öz müəlliflərini yaşadır,
"Dəli Kür"də öz müəllifini eləcə
yaşadacaq. Onun təkcə əsəri yox, özünün
ziyalı, şəxsiyyət obrazı da həmişə
yaddaşlarda qalacaq".
Sonra mərasim
iştirakçıları rejissor Rövşən
Almuradlının quruluşunda Azərbaycan Milli Akademik Dram
Teatrının hazırladığı "Ölüləri
qəbiristanlıqda basdırın" tamaşasına
baxdılar.
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.-2009.-12
iyun.-S.1, 4.