Məryəm Həsənova

  

  

Dünya

 

Ayağı yüngülün, ürəyi pakın

Çıxar qənşərinə daşayaq, dünya:

Ayaq ölcüsümü başda idrakın? -

Tanımır yerini baş, ayaq, dünya.

 

Dərd qəlbə ərk elər, qəm uzə yağar,

Göz yaşı tablamaz, bənizə yağar.

Dolu da yağanda dənizə yağar, -

Nemət ol, içi boş başa yağ, dünya.

 

Kimi göy qamarlar yerlə qarışıq,

Kiminin dərdinə başı qarışıq;

Kimi dərya-dərya, kimi bir qaşıq,

Kiminin tapmayır aşı yağ, dünya.

 

Orda səadətdən gözlər qamaşa,

Dəmlər qədəhlənə, qaynaya, daşa

Dünya, bu yana da eylə tamaşa,

Bu yandan o yana daşı yağ, dünya.

 

Dərdim min deyilsə, dərdi min istə,

Gətir yığ dərdini dərdimin üstə;

Sınaqdır: yığılar dərd əmin üstə,

Bu dərdi biz necə daşıyaq, dünya?

 

Bu sazı tutanın cəminə - məhkum,

Bu saza mizrabam, siminəməhkum;

Dəmindən azadam, qəminə - məhkum,

Hakimi, məhkumu baş-ayaq, dünya.

 

Zaman zəmisində biçindəyik biz,

Unutma ömrünü "biçən" "ovçunu".

Torpağın ovcunun içindəyik biz,

Özü istəyəndə yumar ovcunu.

 

 

Qurtarıb

 

Gözü boyayırlar, gözləri bilər,

Üzü boyayırlar, üzləri bilər;

Özləri girirlər boyaq küpünə,

rəngə düşüblər, özləri bilər.

 

Söz əlil olmasın, - dayaq qurtarıb,

İndi qurtarmayıb, bayaq qurtarıb;

Siz Allah, sözləri küpə salmayın,

Sözü boyamaqdan boyaq qurtarıb.

 

 

Dan yeri

 

Siz bir durun dan üzü,

Bir seyr edin dənizi!

gözəldir bənizi

Baxmağa göz istəyir.

 

Dan yerinə bir baxın:

Mənim qəlbimə yaxın;

İlk eşqinizi yaxın,

Ürəkdə köz istəyir.

 

Dan yerinin sehri var,

Bir sehrkar mehri var.

Sevgisinin nəhri var, -

İlqarı düz istəyir.

 

Dan yeri nələr demir,

Zülməti boğur, gömür;

Dan yeri - yeni ömür,

Ömrunə iz istəyir.

 

 

Bizim ana dilimizdə

 

Şüalanar təbəssümlər,

Mizrab gəzər sarı simlər;

Gah ovsunlar, gah tilsimlər -

Bizim ana dilimizdə.

 

Tarixlərin təkinə var,

"Cütünə var", "təkinə var";

"Biçini gör", "əkinə" var

Bizim ana dilimizdə.

 

Qızılgüllər ləçəklənər,

Tumurcuqlar ürəklənər;

Kəlmə-kəlmə pətəklənər -

Bizim ana dilimizdə.

 

Ləpə-ləpə pıçıltllar,

Əfsun-əfsun mışıltılar;

Parıl-parıl işıltılar -

Bizim ana dilimizdə.

 

Səsin səliqə-sahmanı,

Hər diləyin öz dərmanı;

Yerin-göyün tərcümanı -

Bizim ana dilimizdə.

 

Sağ əl soldan ayrı düşüb,

Səda teldən ayrı düşüb;

İzim yoldan ayrı düşüb -

Bizim ana dilimizdə.

 

Söz var məna qönçısidi,

Söz var sirr düyünçəsidi,

Söz var pələng pəncəsidi -

Bizim ana dilimizdə.

 

 

Ədəbiyyat qəzeti.-2009.-5 iyun.-S.6.