“Dolu”nun qəm buludu

 

Ədəbiyyatımızın qızğın inkişaf dövrləri ilə müqayisədə bugünkü ədəbi prosesimizdən gileylənməkdə haqsız deyilik. Həm də "ədəbi proses" anlayışının iki tərəfi var: bədii yaradıcılıq və ədəbi tənqid. Əlbəttə, biz ümumiyyətlə yoxluğundan yox, hadisə sayılan yaradıcılıq faktlarının azlığından gileylənirik. Qarabağ boyda dərdin ədəbi ifadəsinin siyasi təhlillərdən, siyasi dedi-qodulardan, şayiələrdən, çayxana söhbətlərindən geri qalmasından narazıyıq. Yadımızdadır, A.Səhhət yazırdı ki, Səttar xanın fədailəri M.Ə.Sabiri əzbər deyə-deyə döyüşə gedirmişlər. Nə qədər prozaik səslənsə də, bu gün "Ana və poçtalyon", "Can nənə, bir nağıl de" yoxdur. Kimdir müqəssir? Yazanlarmı, daha doğrusu, yazmayanlarmı, yaxud yazmağı tələb etməyən zəmanəmi? Mən Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" adlı "ən uzun dərdli hekayə"sindən sonra "Dolu" romanını oxudum. Gördüm ki, ən ağrılı Qarabağ dərdimiz əsl böyük ədəbiyyat səviyyəsində xalqa təqdim olundu. Oxucu xalqın dərdini olduğu kimi gördü. Dərdinin olduğu kimi dəyərləndirilməsini görən xalqın düşüncəsində ümid çırağı yanır. Yəni: "Qarabağ camaatının yorğan davası"nın siyasi məzmunu açılır, bu "yorğan davası"nda uduzmanın günahkarları adı ilə göstərilir (yəni bədiilik faktlaşır), şəhidlər bayraqlaşdırılır, himnləşdirilir; radio-televiziyadakı, qəzetlərdəki siyasi-publisist təkrarlardan, saqqız çeynəmələrindən, çevirtatı-vurtatılardan qulaqları, gözləri qabar bağlamış oxucu "Dolu" bədiiliyinin səmimiliyinə inanır, Tanrı vergisi olan Qədir Rüstəmovun səsində dərdinin zilini eşidir, füzuli kədərini yaşayır, Nəsimi kimi fədakarlıq yolunda misra-misra qalxır, ürəyinə vergül boyda - vergül boyda ümid zərrələri axır. Yəni: dərdin diaqnozu verilirsə, deməli, çarəsinə ümid qalır - bu, beynəlxalq siyasətçinin, siyasi icmalçının aşıladığı təmənnalı siyasi fal açma deyil, yazıçının sözüdür, yazıçı həmişə xalqın tərəfində olub, həmişə xalq yazıçısına inanıb.

Roman gözümüzlə gördüyümüz, ürəyimiz və əsəblərimizlə yaşadığımız Qarabağ faciəsinin həqiqətləri və bədiilikləri ilə yüklənib; bu faciə bədii düşüncənin vasitəsilə, qeyri-siyasi müstəvidə təhlil olunur.

Qurtarmamış müharibənin haqqında bədii yazı (nəsr) müəyyən dərəcədə publisist oçerk təəssüratı oyadır. Hitler faşizmi ilə müharibə haqqında ən yaxşı əsərlər xeyli sonra yazıldı: "Saz", "Tütək səsi", "Uzaq sahillərdə", "Mavi nəğmənin sahilində", "Dostluq qalası", "General"… Rus ədəbiyyatında da belə oldu: "Gənc qvardiya", "Əsl insan haqqında povest", "Ağcaqayın"… "Hərb və sülh" epopeyası fransa - Rusiya müharibəsindən 55 il sonra yazıldı. Hərbi şərait, hərbin tarixi-siyasi məzmunu, hərbin subyektləri - sərkərdələri, döyüşçüləri təhlil olunmuş olmalıdırlar. Bu təhlili yazıçıdan çox zaman aparmalıdır. Adətən zaman keçməmiş yazılan əsərlərdə təsvir təhlili üstələyir. Zaman uzaqlaşdıqca ədəbiyyatda əsəbilik, çılğınlıq olmur. Bədii düşüncə soyuqqanlılıqla işləyir. Müharibə gedə-gedə yazılan əsərlər ayrı-ayrı döyüşçülərin də, hətta dövlətin də xətrinə dəyə bilər.

Əslində "Dolu" müharibə mövzusunda müharibədən sonrakı ədəbiyyatdır. Bu müharibə, təxminən 20 ildir ki, gedir. Deməli, bu müharibənin fiziologiyası artıq təhlil olunub. Romandakı hadisələr müstəqilliyimizin başlanğıc dövrüdür; müstəqil dövlətin dövlətçiliyi hələ öz məxrəcini tapmamışdı. Müstəqil dövlətçiliyimizin fərasətsizliyi müstəqilliyimizin şirinliyini yaşamağa imkan vermədi. Bu fərasətsizliyin nəticəsində, Aqilin üslub qəlibində desək, "dünyanın ən lənətə gəlmiş" xalqı torpağımızda at oynatdı, Aqilin təbiri ilə, tank oynatdı. İndi o dövr tarixə çevrilib. Artıq "Hərb və sülh" dövrüdür. Ona görə də "Dolu" "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz"dən daha mükəmməldir. Türklüyün imamı (ifadə Əhməd Cəfəroğlunundur) Əli bəy Hüseynzadə "Molla Nəsrəddin"in gülüşü haqqında deyir: "Bu gülüşün üzündən pərdəni götürsəniz, yerində ahu-zar, göz yaşı və hönkürtü görərsiniz. Bu, Qoqolun, Sviftin, Dikkensin gülüşüdür. Xeyr, bu, ürəyi yas və ələmlə dolu "Molla Nəsrəddin"in gülüşüdür". Bəli, "Dolu" böyük Qarabağ dərdimiz haqqında bizim öz "Hərb və sülh"ümüzdür. Burada Qarabağ hərbi bütün həqiqətləri ilə, bütün acıları, sızıltıları ilə, bütün faciələri, sarsıntıları ilə, xalqın göstərdiyi fövqəladə fədakarlıqları və iç düşmənlərimizin maskası soyulmuş sifətləri ilə öz bədii əksini tapmışdır. Romanımızı "Hərb və sülh"dən uzaqlaşdıran fərqlərdən biri bir sevgi xəttinin olmamasıdır. Bunun öz məntiqi var. Bu, qəfil törəmiş ölüm-qalım davasıdır. Burada vətən, torpaq sevgisi bütün sevgiləri udub. Oğullar sevgililərinə, övladlar valideynlərinə sevgiləri ilə vətən, torpaq üçün mərmi altına gedirlər. Bu, məntiqsiz bir müharibədir, sərkərdəsiz döyüşdür. Sevgini sevməyə vaxt yoxdur, oğullar sevgi üçün ölməyə gedirlər. Oğullar mərmi altında ürəklərində düşmənə nifrət daşıyırlar, sevgini yada salmağa mərmilər fasilə vermir. Sevginin ifadəsi düşmənə nifrətin şiddətindədir. İç düşmənlərinin dış düşmənlərinə havadarlığı xalqın öz fədakarlığını bütün gücü ilə ortalığa qoymasına imkan vermir. Bu günün müharibəsi sevgisizdir. Dövlətin düşmənin dəyirmanına su tökdüyü yerdə Aqil Abbas sevgini haradan alsın? Ancaq Aqil Abbas düşmən dəyirmanına su tökənləri "iş başında" göstərir. Bu "iş başında" olanlar göz açmağa qoymur, sevgilərimizi al qanına boyayırlar.

Aqil Abbas beynəlxalq gop icmalçılarının, kürsülərdə xalqı aldatmaqda bir-birinə macal verməyən siyasət yozanların xeyli durğu işarələrini dəqiqləşdirib - nöqtələr, vergüllər, sual və nidalar öz yerlərini tutub; xeyli mötərizələr açılıb, xeyli açıqlamalar mötərizəyə salınıb, bir çox neytral fikirlərin altından xətt çəkilib - kursivləşdirilib. "Hərb və sülh"ün danışdığı müharibədən 55 il sonra müəyyləşdirdikləri kimi, hər şey öz konkret adı ilə deyilir və bədiilik də, bədiiliyin maksimal gücü də bu konkret olanın içindədir. "Dolu"da "Hərb və sülh"dən fərqli bir də "sülh" çatmır. Bu, üçüncü kitabda olacaq, orada sevgi xəttini də görəcəyik.

Bəli, "Dolu"dakı müharibə dünyada tarixin heç bir vaxt görmədiyi bir müharibədir. Söhbət ölümün miqdarında deyil. Məsələn, sovet-Hitler müharibəsində ancaq Dneprı keçərkən beş Azərbaycan əhalisi boyda insan tələf oldu. Ancaq ordu vardı, planlı döyüş gedirdi, insan "plan"la qırılırdı. Qarabağ qırğını havayı ölümdür. Bu, təşkilatsız, ordusuz müharibədir. Eynən himnimizdə deyilən bir mənzərədir: "Hüququndan (əslində: həyatından) keçən əsgər (kəslər) hərə bir qəhrəman oldu". Qarabağ döyüşçüləri himnin "Səndən ötrü can verməyə cümlə hazırız, Səndən ötrü qan tökməyə cümlə qadiriz" sözlərini felən icra etdilər. Bu, yaşadığımız tarixin bir kəsiyidir, 18-20 il əvvəl yaşadığımız bir qara tarixdir. Gələcək nəsillər bu tarixin həqiqətlərini tarix dərsliklərindən yox, "Dolu" romanından, "Əzəldən Araz boyu paralanmış vətənin İndi də parasının parası qalmış bizə" - deyən H.Kürdoğlunun şeirlərindən öyrənəcəkdir. Gələcəkdə Qarabağın etnoqrafiyasını, dilini və dildə həkk olunmuş etnik psixologiyanı Aqilin bu dilogiyasından öyrənəcəklər. Vaxtilə professor Əkbər Bayramovun təhlil etdiyi mənzərə, müharibəqabağı şəraitdə Xuraman Abbasovanın öz yaylığını camaatın önünə atmaqla insan dalğasını dayandırması kimi etnik psixologiya müharibədə Pələngin anasının şəxsində əyaniləşir. Milli-etnik psixologiya romanların canına hopub, o, konkret hadisənin təsvirində, hansısa bir obrazın davranışında deyil, hər yerdədir, hər hadisənin içində, hər obrazın hərəkətində, danışığındadır. Adi bir ifadənin içindədir. Yaponiyadakı dünya futbol yarışında Türkiyənin dünya üçüncüsü qələbəsi Çadır şəhərində dolu gurultusu ilə qarşılanır. Qarabağ döyüşçüsü Musanın iki ayağı kəsilmiş anası bayırdakı insan sevincinin gurultusuna yuxudan ayılır:

"- Nə olub, ay oğul?

- Türklər qələbə çaldılar!

- Qarabağı aldılar?

- Nə Qarabağ?! futbolda ey, dünya çempionatında.

Musanın anası başını buladı:

- Allah ayıbınızı örtsün! Mən də elə bildim, müharibə qutardı".

Guya bu dialoqda bir yumor var, ancaq bu, göz yaşı içində xəfif bir təbəssümdür. Əslində göz yaşı görünüşü qapadığı üçün burada gülüş görünmür. Bu ana üçün bu gün dünyanın heç bir uğuru qələbə deyil (bu ümumiləşmiş Azərbaycan anasının düşüncəsidir). Qələbə ancaq Qarabağın alınmasıdır. Heç xərçəngə tapılan dərman da qələbə deyil. Dünyanı sənə versinlər, lap cənnəti, axirəti, yəni əbədiyyətı sənə versinlər - bu dünyanın cənnəti Qarabağdır. Ancaq "Qarabağ cənnətini röyamızda görürük" (H.Kürdoğlu). Çox şey demək olar, ancaq dialoqdakı etnik psixologiyanın canı "Allah ayıbınızı örtsün" ifadəsindədir. Bu, Qarabağda çox işlənən ifadədir - həm yumorla, həm də ciddi, sərt mənada işlənir. Bu millət nəyi ayıb bilir - qadın üçün namussuzluğu, kişi üçün qeyrətsizliyi. Bu həmin namusun və qeyrətin rəmzidir ki, Pələngin ölmüş Qadın anası əlində Rəşid Behbudovun onun oğluna bağışladığı papağı tutmuşdu. Bu həmin mərd etnik psixologiyanın diktəsidir ki, Komandir müstəntiqə deyir: "Kişi adamsan ki, nakişiliyini boynuna alırsan". Bu, eynən 40 hədisin ikincisinə bənzəyir: "Allahın düz yoluna qayıdan günahkar Tanrıdan ümidini kəsən abiddən Allaha daha yaxındır". Yəni türkün etnik psixologiyası islam - Quran ayələri ilə üst-üstə düşür.

Komandirin dünyanın ən varlı şəhərinin dəliqanlılarına bu müraciəti də əcdadımızın, babalarımızın etnik qeyrət normasına dayanır: "Qeyrətinizə qurban olum, möhkəm dayanın, arxamızda ana-bacılarımızdır!"; "Qardaşlar, bura bizim Çanaqqalamızdır! Day arxa yoxdu! Arxada ana-bacılarımızdı!". Əgər bu döyüşdə sərkərdə olsaydı, həqiqətən Ağdam cəbhəsi Çanaqqala ola bilərdi (mən Çanaqqala məzarıstanında başdaşlarında azərbaycanlı şəhidlərin adlarını oxumuşam).

Bu da həmin əcdad psixologiyasından gəlir: qarşısıalınmaz iki igid qarşı-qarşıya gəlir. Biri cəzalandırılmalı bir namərdi cəzalandırmaq üçün təhqir yolunu seçir. O biri igid kişinin kişini belə biabır etməsini dədə-baba ədəbinə sığışdırmır və qüdrətli qəhrəman müqabilinə etiraz edir. Drakonun torpaq uğrunda döyüşdə namussuzluq edən kəsə qəzəbinin kulminasiyası, bu qəzəbin vulkan gücünün qarşısıalınmazlığı ilə Pələngin milli-etnik yaşanışa hörmətinin, abır-həya kodunun toxunulmazlığına hörmətinin dönməzliyi üz-üzə durur. Sərkərdə ilə qabil əsgər, pəhləvanla şəyirdi qarşılaşır. Bu dramatizm yazıçının sənətkarlıq uğurlarındandır. Əslində şagirdin müəllimin üzünə ağ olması, əsgərin özündən böyüyə etirazı da milli normasızlıqdır, ancaq ədəb, abır normasının pozulması milli əxlaq kodunun zədələnməsi demək olduğundan yazıçı iki qəhrəmanını üz-üzə gətirir. Və yanğını söndürmək üçün yox, öləzitmək, şiddətini almaq üçün Komandiri onların arasına salır: "Komandir yapışdı hər ikisinin silahının lüləsindən, dirədi öz böyrünə: - Onda mənə atın! Atın, ürəyiniz soyusun!" İki igid, düşmən olmuş iki dost bir-birinin anasını ağlar qoymaq vədi ilə bir-birindən aralanır. Yazıçı bu konfliktin həllini, öz təbiri ilə desək, ən istedadlı yazıçı kimi tapır: döyüşlərin ən ağır, ən xatalı tapşırıqlarından birini alan Drakona yoldaşlıq etmək üçün Pələng özünü irəli atır. Bu, dünyanın ən mərd düşmənçiliyidir. Vətənin iki ən vətənpərvərinin düşmənçiliyidir. Vətən sevgisi, düşmənə qəzəb duyğusu iki vətənpərvər düşmənin bir-birinə qisas hissini udur. Və bu səhnəni kəşf edən yazıçı dünyanın böyük hünər sahibi yazıçısıdır.

Dünyanın ən varlı şəhərində evlər dağılıb, ailələr batıb, şikəst olan kim, itkin düşən kim, ancaq bir xəbər insanları ildırım kimi vurur. Bütün olanlar bir yana qalır, bu xəbər dəhşəti ilə az qala hər şeyi unutdurur. Şəhərin dağıdılmasına ağlayan camaat mat qalır. Bu, ağlamalı deyil, bu xəbər göz yaşlarını da qurudub. İnsanlar quruyub qalıblar, hamı əli qoynunda daşa dönüb. Xəbər yayılıb ki, Qarağacıya qrad düşüb - Qarağacı bu şəhərin qəbiristanlığıdır. "Allah ayıbınızı örtsün" budur. Bu, sındırılıb parçalanmış Şumer yazı lövhələridir, bu, məhv edilmiş Misir ehramlarıdır, aşırılmış Eyfel qülləsidir, uçurulmuş-dağıdılmış Qız qalasıdır. Bu, nəslin öz babasına cavabını verə bilməyəcəyi rüsvayçılığıdır. Etnosun rüsvayçılığı budur; əcdadın qarşısında başıaşağı olmaq budur. Eradan iki əsr əvvəl Arsak türklərinin abad elədiyi yurdu 2200 il sonrakı törəmələri bu günə qoydu. Törəmələri neyləsinlər, başçı yoxdur. Törəmələri canlarına dərd eləsinlər, muğamçıların yarısınca da sərkərdə yetişdirəydilər - general Naxçıvanskilər kimi. Qəbiristanlığın dağıdılması namusun, qeyrətin tapdalanmasıdır. Yazıçı bu hadisədən etnik-psixoloji bomba kimi istifadə edir. Onun qəhrəmanları bu qəbirlərin ruhlarını qorumaq üçün drakonlaşırlar, pələngləşirlər, komandirləşirlər, vurğun vurmuş cavanlar olurlar. Hadisələrin gedişində yazıçı lazım olanı yerində tapa bildiyi, gerçəkliyi bədiiləşdirə, bədiiliyi gerçəkləşdirə bildiyi üçün roman bədii-estetik ölçülü bir romandır.

Bu roman "Gənc qvardiya", "Sakit Don" həcmində də ola bilərdi, "Dostluq qalası" boyda da. Ancaq "Dolu" boyda yaradılıb. Aqil Abbas o həcmi bu boya necə yerləşdirib. Bu, xüsusi tədqiqat və təhlil tələb edir. Ancaq bir məqama nəzər salaq. Hərəsi bir fəslin təsviri olmalı olan iki süjet bir-birinə təşbeh kimi verilir - Pələngə milli qəhrəman adı verilməsi ilə Türkiyənin futbol qələbəsinin sevincinin Çadır şəhərində eyni yaşanışının yarım səhifədə əks olunması. Bu, dünya ədəbiyyatının ən təsirli və ən yığcam lövhəsidir - ən lakonik, ancaq ən aydın, ən də tragik mənzərədir. Oğluna Milli Qəhrəman adı verilməsi ilə Çadır şəhəri muştuluq üçün Pələngin anasının çadırına axır. Nə görürlər: çarpayıda üzü qapıya uzanmış ananın "Sol əli aşağı sallanmışdı. Sağ əlində isə bir papaq vardı - Rəşid Behbudovun Pələngə bağışladığı papaq…". Vəssəlam. Bu cümlə bir ağı-şerin əvəzidir. Bu da "Allah ayıbınızı örtsün" deməkdir. Bu papaq namusun, qeyrətin rəmzidir. Qarağacıda ərinin, ata-babasının yanında dəfn olunmamış bu ananın öz ucuz ölümü ilə qisasa çağıran "ən dərdli uzun bir hekayəsi"dir. Bu, uzun bir satirik şerdir, bir cümləyə sığışıb. Belə şerləşən, bayatılaşan, ağılaşan, qoşmalaşan cümlələr roman boyu baş alıb gedir.

Romanda obrazlar, hadisələr simvollarla göstərilir: at belində olan adam, dünyanın ən varlı şəhəri, vurğun vurmuş cavanlar, şeytanın övladları, qeyrət dağarcığı, böyük dövlətlərin böyük saraylarında yazılan kinoların ssenariləri və s. və i.a. - bütün bu ad-simvollardan hərəsi bir təfərrüatın, bir təsvirin ifadəçisidir. Təsvirdə dolğunluq yaradan ştrixlər, işarələr, ricətlər həm də yığcamlığa xidmət edir.

"Çadırda Üzeyir Hacıbəyov doğula bilməz"lə "Dolu"nu dilogiya şəklinə salan yalnız hadisələrin ardıcıllığı deyil, həm də obrazların və obraz-ifadələrin davamında və gerçəkliyindədir: Seyid Lazım ağa və onun cəddi, Drakon, fazil müəllimin hind filmləri, Allahverdinin restoranı, Aqil Abbasın özü də daxil olmaqla gerçək insanlar hər iki romanın iştirakçılarıdır.

Və böyük-böyük təfərrüatların zərrələşdirilməsi, günəşin damcıda əks olunması üslubu ilə süjetdə qənaət baxımından da kitablar bir-birinin davamıdır. Bu baxımdan "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" romanında bir məqam diqqəti xüsusi çəkir. Xaraba qalmış Malıbəyli məktəbinə gələn Müəllimə bugünkü hadisələrin, Azərbaycan tarixindən Şah İsmayıl səhifələrinin, erməni vəhşiliyinin beş səhifədə qəribə şəkildə bədii icmalını verir, öz şagirdlərini çox istedadla portretləşdirir. Müəllim boş sinfə girir, dərsə başlayır. Adlarını əzbərdən bildiyi 23 şagirdinin bir-bir adını çağırır: - Məmməd?.. Cəfər?.. Leyla?.. Şagirdlərinin adını çəkdikcə xarakterini video lenti kimi yaddaşından keçirir. Yadıma "Dədə Qorqud kitabı"nın 12 boyu düşür. Hər boy bir igidin, bir Oğuz alpının qəhrəmanlıq süjetidir. Burada Malıbəyli övladlarının 23 boydan ibarət dastanı canlandırılır. Yığcam, beş səhifədə, səhifələrə düzülmüş albom portretləri kimi 23 Malıbəyli şagirdinin tale süjetləri icmal olunur. Bu süjet-portretlərdən biri: "- Elçin? Burda… Qoçuydu Elçin, davakarıydı Elçin, məktəbin atamanıydı. Kənd çıxanda babasından qalmış köhnə qoşalülə tüfənglə düz axıracan vuruşmuşdu. Gələndə də bir yaralı əsgəri Malıbəyli meşəsindən Abdalacan çiynində gətirmişdi. Pəhləvanıydı Elçin. On oğula döş verməzdi Elçin. İndi gözləri çuxura düşmüş, ordu batmış bir görkəmdə Bərdədəki 1 nömrəli Ərəb Çadır şəhərinin kənarındakı yolda siqaret satırdı". Döyüş meydanında Oğuz alpına dönən Malıbəyli şagirdi sonralar tüfənd çıxanda əlləri yanına düşən Koroğlunun taleyini yaşayır. Müəllimin bu yaddaş səhnəsi 23 fəsildən ibarət bir roman ola bilər. Tapılmış üslubi fənd beş səhifədə onun bədii xülasəsini verir.

Ümumiyyətlə, Aqil Abbas obraz və hadisələri uğurla portretləşdirir. Bu, Drakonun mənəvi-əxlaqi portreti: "Dünyanın Ən Varlı Şəhərində hərəni bir şeyə görə tanıyırdılar - kimini vəzifəsinə, kimini puluna, kimini nəslinə-nəcabətinə, onu da sözünə görə. Hərə bir şeyin ağaseydi, o da sözünün. Kim nəyin ağasıydı, xeyrin görmüşdü. Amma o, ağası olduğu sözə görə gedib Maqadanda ayıları görüb gəlmişdi. Və o Maqadanda da söz sahiblərinin içində söz sahibi olmuşdu". Füzuli deyirdi: "Söz candır, əgər bilirsə insan, sözdür ki, deyərlər, özgədir can". Aqil Abbas əlavə edir ki, söz həm də əqidənin portretidir, insanın şəxsiyyətidir.

Bu da bir hadisənin portretidir, canlı mənzərədir: "- Bala, bəs bu türklər niyə gəlmirlər? - Gəliblər, ay ana, gəliblər! - Allah, sənə şükür. Bəs qurban olduqlarım hardadırlar? - Bakıda dönərxana tikirlər. - Dönərxana nədi, ay bala? - Dönərxana?! Avtomat zavodu. - Ayaqlarının altında ölüm! Onlar olmasa, ermənilər çoxdan bizi qırıb qutarmışdı…" Pələngin anası ilə bu sual-cavabı sifətində kinayə, yumor, sevgi və sevinc, kədər, təsəlli, sadəlövhlük və başqa psixoloji yaşanışlar oxunan bir qəzəbli portretdir.

Bu romanlar çiynində ağır yüklü mətləblər daşıyan, içində qışqırtı, sızıltı eşidilən hazırcavab ifadələr, cümlələr, təşbehlərlə çitənib: mollası çatışmayan şəhər (ölümün intəhasızlığı deyilmir), qorxularını ana bətnində qoyub çıxmış oğullar, müharibənin içində olan yox, içində müharibə olan insanlar, itin yemədiyi namus, yardım bayramı, oğlunun ölümünü bilməməyin xoşbəxtliyi, oğlunu güllə ağzına "işə" göndərən ana, sahibləri kimi qızıl qana boyanmış dualar, sözün adamı qəfil it kimi tutması, qızıl qanın içində şirin yuxu tapmaq (ölüm), Əzrayılın işindən bezməsi… Buradakı qarğışları oxuyanda uşaq vaxtı anaların Hitlerə yağdırdığı göz yaşı, sızıltı dolu qarğışlar yadıma düşdü. O müharibədən 30 il sonra Berlində Reyxstaqın canındakı yaraları görən Məmməd İsmayıl yazacaqdı: Reyxstaqı bu günə salan sovet mərmiləri, bombaları deyil, anaların elədikləri qarğışlardır. İndi mən anaların-ataların, nənələrin-babaların elədikləri yaralı, göynər qarğışların erməni faşistlərini, onları qoruyan dünya böyüklərini tutacağı günü gözləyirəm.

Bütün sənətkarlıq faktları ilə yanaşı və birinci növbədə, dili bu romanları oxutdurur. Yazıçının kimliyindən, adından-sanından asılı olmayaraq, əsər özünü oxutdurmalıdır. Aqilin romanları özünü oxutdurur. Qarşında çayın soyuyur, dərman atmağının vaxtı keçir, bu romanları oxumağa fasilə vermirsən. İnsanları işdən-gücdən qoyan serialların təntənə etdiyi dövranda romanın belə oxunması nə deməkdir? Bu günümüzdür, düşüncəmizdir, əslində oxumuruq, həyatımızı yaşayırıq, gördüklərimizi yenidən yadımıza salırıq, eşitdiklərimizi şəxsən yaşayırıq. Bu, romantika ilə faciənin birləşməsindən ibarət realist əsərdir. XXI əsrin mədəniyyəti bu siyasətdən utanmalı, xəcalət çəkməlidir. Aqil öz sözünü deyib. Bu romanlar Arif Babayevin "Qarabağ şikəstəsi" oxumağı kimi qavranır: insanın beynini göynədir, ürəyini danışdırır, əsəblərini düşündürür, gözlərini sızıldadır.

 

 

Tofiq HACIYEV

 

Ədəbiyyat qəzeti.-2009.-5 iyun.-S.7.