Tanrıdan dəvət gələndə

 

Bu yeni nəşrlər Mövlanə məclisinin saz ilə işrət olunan təptəzə ovqatı kökündədi, ziyarətdən-ziyarətə yollanan Dərviş Yunusun ruhi yaşantılarından qaynaqlanıb. Qutlaması, "xoş gəldin"i öz içindədi:

 

Kitab bizim, Quran bizim, ocaq bizim, pir bizim,

Kilit bizim, açar bizim, hikmət bizim, sir bizim,

Hardayıqsa əqidəmiz, inancımız bir bizim,

Bizim olan, bizdən olan, bizlərə xoş gəlmisən!

 

Oxunan hər qoşma, hər təcnis, gəraylı, mani oxucu qənşərinəsizlərin nəfəsiylə isinməyi bir ehtiyac bilirəm" amacıyla çıxır, oxuduqca sanki can-cana qovuşur. Nişan verilir ki, Konya alimlər, övliyalar, ərənlər məkanıdır, "Dünya buradan duyar Mövlanənin sazını". Elə bu yeni nəşrlər eyni pak məkanın, müqəddəs ocağın qan qardaşları kimidi dünyanın Mövlanə sazını duyduğu alimlər, övliyalar, ərənlər meydanı kimi açılır qarşımızda. Təbii ki, hər misra, hər söz "Mövlanə" söyləyir, Konyanın timsalında bütün türk dünyasına salama əyilir, "ruhu, qəlbi, ürəyi incə olan kimsələr" Atatürk köşkündə yaşananlara, Almaniyanın Münhen xəstəxanasında türkün nəfəsinə, türkün həvəsinə sığınıb:

 

Can içində can nədir?

Damardakı qan nədir?

Altay, Türküstan nədir?

Bu sirri dərkə qurban.

 

- qüruruyla dolanlara baş endirib, bağır basır.

Təbii ki, bu yeni nəşrlərlə tanış olan hər bir oxucu xalq şairi Zəlimxan Yaqubla elə onun öz sözü, öz avazıyla danışıb-anlaşır:

 

Məndən ötə neçə mən var,

Candan ötə neçə can var,

Hər şerində gülüstan var,

Sözün çiçək, güldür, babam!

 

Zəlimxan Yaqub haqqı bulmaq yolunu Yunis İmrəyə, Mövlanəyə, Dadaloğluna müridlikdə görür. Bu xoşqismət müridliyin xəmiri isə sözlə, şeirlə yoğrulduğu bəlli:

 

Yaxşı şeir, yaxşı türkü

Uca dərgahla danışır.

Enir qulun ayağına,

Yüksəlir, şahla danışır.

 

Qeyb olmaz səslər içində,

Yaşar məndə, yaşar səndə.

Yerdə dostu olur bəndə,

Göydə Allahla danışır.

 

Təqdim edilən sətirlər Z.Yaqubun "Dünya türkün dünyası" (Bakı, "Qismət" nəşriyyatı, 2009) kitabındandı. Nəfis şəkildə işıq üzü görən yeni nəşri Türkiyə türkcəsinə uyğunlaşdıran Azad Ağaoğludur. Gözəlimiz Türk Cümhuriyyətinin Azərbaycandakı böyük elçisi Hulisi Kılıç kitaba yazdığı ön sözdə adı sənəti Azərbaycanın sınırlarından aşaraq Türkiyəyə, İrana bütün Türküstana yayılmış olan, dastanlarımızdan gələn xalq şairi fikir adamı Zəlimxan Yaqubu ən görkəmli sənətçilərimizdən biri kimi dəyərləndirir, buludlardan süzülən, çiçəklərə düzülən, füzulidən süzülüb - axıb Yunusdan gələn şairin xalq tərəfindən necə böyük duyğularla qarşılanmasını gördükcə qürurlandığını dönə-dönə vurğulayır: "Zəlimxan yalnız böyük bir şair deyil, həm sözçüsü olduğu düşüncələrin gerçəkləşəcəyinə bütün varlığıyla inanan böyük bir fikir adamıdır".

"Dünya türkün dünyası"na Z.Yaqub haqqında geniş avtobioqrafik məlumatla yanaşı, professor Həsən Əzizoğlunun "Saz ilə sözün birliyini yaşadan şair" məqaləsi daxil edilib. Məqalədə haqlı olaraq vurğulanır ki, Z.Yaqub müstəqillik dönənimizin gerçək yaşama bağlı romantik şairidir.

Sonra da gəlir şeirlər, dastanlar. Bu şeirlər gözəl diləklər diləkçisi, pak yollar yolçularıdı:

 

Peyğəmbərin dilində ən mübarək kəlama,

Yerlərə könül verib, göyüzünə yüksəlmə,

Şəhidlərin qisməti uca Tanrıdan gəlmə,

O varılmaz ucalıq heyrətdir, heyrət mənə,

Tanrım, şəhid olmanın sirrini öyrət mənə!

 

Şair yazdığının, nədən yazdığının niyə yazdığının fərqində olduğundandı ki, məsuliyyət hissini bir an da olsun unutmur:

 

Ey qələmim, elə yaz ki, söhbətinə-sözünə

Sənətkarın sazındakı tel "bərəkalalh" - desin.

Xalq ucaldır sənətkarı, xalq üçün yanmaq gərək,

Elə yan ki, atəşinə kül "bərəkallah" - desin.

 

Ey Zəlimxan, dərya olsan, de: "damladan

azam mən",

Heç öyünmə, güvənmə ki, baharam mən,

yazam mən,

Tel olmadan söyləmə ki, bir sədəfli sazam mən,

Bu gedişə dodaq gülsün, dil "bərəkallah" - desin.

 

Xalq şairinin haqqında söz açacağımız ikinci kitabı isə yaxın günlərdə Təbrizdə "Əxtər" nəşriyyatı tərəfindən çap edilib. Kitabın ərəb əlifbası ilə köçürəni ön söz yazanı Məhəmməd İbadi Qaraxanlıdır. Yeni nəşr "Mən bir dağ çayıyam" adıyla təqdim olunub. Kitaba şairin təcnis, qoşma gəraylıları, maniləri müxtəlif şeirləri daxil edilib. Bu şeirlər oxucunu həyatın gəlim-gediminə pirani bir düşüncəylə ruhi rahatlığa hazırlayır, düşüncəyə pasibanlıq edir:

 

yol kəsən yağış var,

qar-boranlı qış var,

Göylərə çağırış var -

Tanrıdan dəvət gəlib.

 

Bu yazılanlar şəhadət verir ki, "gözə dayaq, ruha dayaq, haqqa silahdı şairlər; qaranlıqdan aydınlığa çıxan sabahdı şairlər":

 

Baxışlara enəndə qəm,

Dərd olanda aləmə tən

Bir millətin sinəsindən

Yüksələn ahdı şairlər.

 

Elə bu amalla da Z.Yaqub tale kitabı yazıb - həyatı bahasına

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2009.- 5 iyun.- S.7.