Mehdi
Hüseyn meyarı
Xalq
yazıçısı İsa Hüseynov deyir ki, Mehdi
Hüseynin mənim həyatımda kim olduğunu, necə yer
tutduğunu ifadə etmək üçün əslində gərək
mən danışmaq, yazmaq əvəzinə ürəyimi
çıxarıb ovcumda tutub deyəm: "Baxın,
hamısı buradadır…"
Elə
iyunun 4-də görkəmli yazıçı, yenilməz tənqidçi,
gözəl ictimai xadim Mehdi Hüseynin Qazaxda keçirilən
100 illik yubileyində iştirak edib ürək sözlərini
dilə gətirənlər də bu ovqata köklənmişdilər.
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan
Yazıçılar Birliyinin təşəbbüsü,
Regionların İnkşafı İctimai Birliyi, Qazax rayon
İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən
tədbirdə Gürcüstan və Türkiyədən də
qonaqlar iştirak edirdilər.
Həmin
gün Qazax rayon İcra Hakimiyyətinin
başçısı Rauf Hüseynov başda olmaqla aparat
işçiləri, tanınmış ədəbiyyat və
mədəniyyət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri
əvvəlcə Səhiyyə Nazirliyinin Qazax rayonlararası
kardioloji dispanserinin həyətində Mehdi Hüseynin heykəlinin
qoyulacağını bildirən xatirə lövhənin
önünə gəldilər. Rayon başçısı
bildirdi ki, gördüyünüz bu ərazi tamamilə
abadlaşdırılacaq və burada müasir bir park
salınacaq: "Sahənin ən müasir avadanlıqlarla,
xüsusi qranit, mərmər daşlarla işlənilməsini
nəzərdə tutmuşuq. Çalışacağıq
ki, arxitekturanın ən müasir nailiyyətləri buraya tətbiq
edilsin. Xalqımızın böyük
yazıçısı, görkəmli ədəbiyyat xadimi,
xalq yazıçısı Mehdi Hüseynin heykəli də bu
gördüyünüz yerdə ucaldılacaq. Mehdi Hüseyn
Azərbaycan xalqı üçün çox əvəzsiz
bir insan olub. Təkcə "Abşeron" romanının
adını çəkmək bəs edər ki, bu qüdrətli
yazıçının kimliyi, fəaliyyəti, amalı
göz önünə gəlsin. O, iyirmi bir yaşında Azərbaycan
Yazıçılar İttifaqının katibi, iyirmi beş
yaşından ömrünün sonuna kimi birinci katibi olub.
Cavan
bir oğlanın bu yaşda belə yüksək vəzifələrə
yüksəlməsinin özü onun sənətkar
mövqeyi, ictimai fəaliyyət yetkinliyi,
dünyagörüşünün nüfuz dairəsi
haqqında çox şey deyir. Nəzərə alsaq ki, Mehdi
Hüseyn çox cavan yaşındaykən
dünyasını dəyişib, onda bu görkəmli sənətkarın
yaradıcılıq dühasının, şəxsiyyətinin
parlaqlığı, yetkinliyi bir o qədər genişliyi ilə
göz önünə gəlir. Bu insan qısa ömrü
boyunca heç nəyə - cəmiyyətdə, dünyada
baş verən ən xırda hadisəyə qarşı biganə
qalmayıb, adi münasibət bəsləməyib. Bu, həm
də Mehdi Hüseynin ictimai fəaliyyətindən irəli gəlirdi.
Mehdi Hüseynin hər hansı məsələyə
soyuqqanlı münasibəti olubsa, bu, yalnız zahirən olub.
Hadisələrə konkret reaksiya vermək onun təbiətindən,
xarakterindən irəli gəlib. Azərbaycan ədəbiyyatının,
Azərbaycan mədəniyyətinin, mənəviyyatının
formalaşmasında Mehdi Hüseynin çox böyük rolu
olub. Bu görkəmli sənətkarın anadan
olmasının yüz illiyinin keçirilməsi ilə
bağlı möhtərəm Prezidentimiz İlham Əliyevin
6 fevral 2009-cu il tarixli sərəncamı şübhəsiz
ki, Mehdi Hüseyn yaradıcılığına, şəxsiyyətinə
Azərbaycan dövlətinin, xalqımızın böyük
münasibətini, qədirbilənlik duyğusunu ifadə edir.
Həmin sərəncamın icrasıyla bağlı
görülən tədbirlərin davamı olaraq bu gün
yazıçının doğulub boya-başa
çatdığı Qazax rayonunda keçirilən tədbirə
qatılan tanınmış ədəbiyyat və mədəniyyət
xadimlərini, Mehdi Hüseynsevərləri salamlamaqdan məmnunluq
duyur, qürur hissi keçirirəm. Zaman sübut edir ki, əsl
sənətkar nə dövlət, nə də xalq tərəfindən
unudulmur, eyni zamanda, təbii ki, Mehdi Hüseynin də xatirəsi
əziz tutulur. Möhtərəm Prezidentimizin sərəncamına
uyğun olaraq Qazaxda Mehdi Hüseynin heykəlinin
ucaldılması üçün xüsusi sahənin
ayrılması və artıq hazırlıq işlərinin
aparılmasına başlanılması bu münasibətin təzahürlərindən
biridir. Heykəlin eskizi bir ay bundan əvvəl
hazırlanıb. Artıq eskiz üzərində iş gedir. Eyni
zamanda, ərazidə təmizlik, abadlıq işləri
aparılır. Ümid edirəm ki, iki aydan sonra burada
iştirak edənləri və digər qonaqları heykəlin
açılışına dəvət edəcəyik.
Ümummilli
lider, ulu öndər Heydər Əliyev bizə həmişə
məsləhət verirdi ki, çalışıb
yaxşı insanların, böyük şəxsiyyətlərin
xatirəsini yaşadın, onları nümunə göstərin.
Mən fəxr edirəm ki, Qazaxda belə şəxsiyyətlər
çox yetişib. Onların hər birinin adıyla hər
birimiz, o cümlədən, xalqımız fəxr edir.
Çünki bu insanlar örnək, nümunə məktəbləridi.
Sənətin və həyatın müxtəlif
sahələrində. Yaxın günlərdə
"İzvestiya" qəzetinin əməkdaşı bizim
Şəmkir, Tovuz, Qazax, Ağstafa bölgəsindən
material hazırlayırdı. Rayonumuzdakı "Mütəfəkkirlər
bağı"yla tanış olarkən dedim ki, biz təkcə
dünyasını dəyişən mütəfəkkirlərimizə,
sənətkarlarımıza yox, həyatda
yaşayıb-yaradanlara da heykəl, büst ucaldırıq.
Həmyerlilərimizdən
akademik Teymur Bünyadovun, ustad sənətkarımız Ədalət
Nəsibovun büstlərinin "Mütəfəkkirlər
bağı"nda qoyulmasına heyranlığını
bildirirdi. Sonra bu barədə fikirlərini də
yazmışdı. Qürur hissi ilə qeyd edirəm ki, Azərbaycanımızın
bugünkü inkişafında, ədəbiyyatımızın,
mədəniyyətimizin əldə etdiyi nailiyyətlərdə
Qazax torpağının yetişdirdiyi şəxsiyyətlərin
də xüsusi rolu olub. Bu insanlardan biri də adı
xalqımız üçün çox əziz olan Mehdi
Hüseyndir".
Akademik Teymur Bünyadov mərasimdə
çıxış edərək Azərbaycan Prezidenti
İlham Əliyevin ümummilli lider Heydər Əliyevin ənənələrinə
sadiq qalaraq ölkəmizdə mədəniyyətin, ədəbiyyatın
inkişafına xüsusi qayğıyla
yanaşdığını, ədəbi-mədəni irsin
yaşadılması istiqamətində diqqətəlayiq
işlər gördüyünü vurğuladı. Ölkə
başçısının bu istiqamətdə
apardığı siyasətin yerlərdə də uğurla həyata
keçirildiyindən məmnunluğunu bildirən
T.Bünyadov Qazax rayon İcra Hakimiyyəti
başçısının rayonun mədəni həyatında
həyata keçirdiyi işlərdən ehtiramla söz
açdı: "Görkəmli şairimiz Səməd
Vurğunun adını daşıyan Poeziya evi onun təşəbbüsü
ilə əsaslı olaraq təmir edilib. Xalq
yazıçısı İsmayıl Şıxlının
heykəli Rauf müəllimin rəhbərliyi dövründə
ucalıb. İndi də Mehdi Hüseynin heykəlinin
qoyulmasına hazırlıq işləri görülür. Bu
həm də dövlətimizin qədirbilənliyinə qoyulan
heykəldi, özümüzə, rayon rəhbərliyinin
yaxşı işinə qoyulan abidədi. Hər kəs öz
yaxşı əməliylə özünün heykəlini
ucaldır".
Sonra
Mehdi Hüseynin heykəlinin qoyulacağı yeri nişan verən
rəmzi xatirə lövhənin
açılışını bildirən qırmızı
lent kəsildi, xatirə daşın önünə tər
çiçək dəstələri qoyuldu.
Mərasim
"Mütəfəkkirlər bağı"nda davam
etdirildi. Söz sənətimizin ustadları M.P.Vaqif, M.V.Vidadi
və Səməd Vurğunun heykəlləri, Mehdi Hüseynin
büstü önünə gül dəstələri qoyuldu.
Büstün önündə Qazağın yetirdiyi mütəfəkkirlərdən
qədirbilənlik hissiylə söz açıldı, xatirə
şəkilləri çəkildi.
Yubiley tədbiri
həmin gün rayonun mədəniyyət sarayında davam
etdirildi. RİH-nin başçısı Rauf Hüseynov
öncə çıxış edərək bir daha xalq
yazıçısı Mehdi Hüseynin ədəbiyyatımızın
inkişafındakı rolundan ətraflı danışdı:
"Bu gün çox gözəl bir gündür. Azərbaycanın
xalq yazıçısı Mehdi Hüseynin anadan
olmasının yüz illik yubileyini təntənəli şəkildə
qeyd edirik. Bu yubiley mərasimi 6 fevral 2009-cu ildə
möhtərəm Prezidentimiz İlham Əliyevin
imzaladığı sərəncamdan irəli gələn tədbirlərin
məntiqli davamıdı. Dövlət
başçısının sərəncamına uyğun
olaraq belə bir tədbirin Qazax rayonunda da keçirilməsi
heç də təsadüfi deyil. Ona görə ki,
böyük yazıçı, bacarıqlı təşkilatçı,
ictimaiyyətçi, bütövlükdə xarakterizə etsək,
əsl insan olan Mehdi Hüseyn bizim Qazax rayonunun yetirməsidir. Mehdi Hüseyn 1909-cu ildə bu torpaqda doğulub,
Qazaxda boya-başa çatıb və hələ cavan
yaşlarında ikən özünü çox istedadlı
bir insan kimi göstərə bilibdir. Ədəbiyyata on səkkiz
yaşında çap edilmiş şeriylə gəlib,
"Qoyun qırxımı" adlı ilk hekayəsini
yazıb. 21-25 yaşlarından başlayaraq - Azərbaycan
Yazıçılar Birliyinə rəhbərlik edib.
Mehdi
Hüseyn böyük insan, böyük şəxsiyyət,
görkəmli yazıçı, qətiyyətli tənqidçi
olaraq öz işinə çox əmək sərf etmiş,
təlatümlü ömür yaşamışdır.
Böyük amalı, əqidəsi yolunda heç bir çətinlikdən
qorxmayan Mehdi Hüseyn həmişə öz mövqeyini
qoruyub saxladı, bu gün ədəbiyyatımızda müstəsna
yerləri olan istedadlı insanları qorudu, onları himayə
etdi, yetişdirdi. Bu sahədə Mehdi Hüseynin çox
böyük və xüsusi rolu oldu. O, qeyri-adi bir insan idi.
Mehdi Hüseynin yaradıcılığı çoxşaxəli, çox genişdir. Onun əsərlərində realizmlə romantika harmoniya təşkil edir. Biz indi iyirmi birinci əsrin ilk onilliyindən boylanıb Mehdi Hüseyn yaradıcılığına, Mehdi Hüseyn şəxsiyyətinə baxanda onda hansı keyfiyyətləri görürük? Hər şeydən əvvəl çox vicdanlı, prinsipial bir insan, istedadlı yazıçı, yenilməz təşkilatçı, yaxşı dost, gələcəyin adamı olan bir vətəndaş… Ölümündən keçən bu illər Mehdi Hüseyn şəxsiyyətinə olan marağı azacıq da olsa belə azaltmayıb. O, ömrünü bütövlükdə öz xalqına həsr etmişdi.
Qazax respublikamızın paytaxtından ən uzaqda yerləşən bir rayondu. Ancaq burada yetişmiş görkəmli şəxsiyyətlərin ömür yolu bu məsafəni yaxından-yaxın edib. Onların sənəti, istedadı Bakıdan dünyaya yol açıb, adlarını əziz tutanların üzünə Qazax camaatının qapısı açıq olub. Bu gün də Mehdi Hüseynin ana yurduna ölkəmizin paytaxtından tanınmış qələm adamları gəliblər. Birlikdə onun yüz illik yubileyini qeyd edirik, bir yerdəyik, ən əsası, Mehdi Hüseynlə, onun işıqlı xatirəsi ilə birgəyik.
Xalqın xalqlar arasındakı yeri təkcə onun iqtisadiyyatıyla ölçülə bilməz. Burada mütləq mədəniyyətin, ədəbiyyatın öz yeri var, mənəviyyat ən birinci yerdə durmalıdı. Böyük Heydər Əliyev həmişə bizə tövsiyə edirdi ki, mədəniyyətimizi, ədəbiyyatımızı uca tutaq, ucaldaq. Bu gün Azərbaycanda mədəniyyət sahəsində də, ədəbiyyat sahəsində də çoxlu işlər görülür. Yeri gəlmişkən, dünən burada sevimli yazıçımız Vidadi Babanlının "Vicdan susanda" kitabının yeni nəşrinin təqdimat mərasimi keçirildi. "Vicdan susanda" kitabının özü bir epopeyadı. Vidadi müəllim Mehdi Hüseynin layiqli yetirməsi kimi bu kitabda cəmiyyətdə baş verən hadisələrə nüfuz edə bilib… Deməliyəm ki, insanlar cəmiyyətdə xüsusi yeri, haqqı olan şəxslərə dövlət qayğısından məmnun qalırlar, sevinirlər.
Qazağın xoşbəxtliyi ondadır ki, onun bəxtinə xoşbəxt taleli sənətkarlar düşüb. Qazax onları pərvazlandırıb, onlar da Qazağı tanıdıb, ucaldıb, adını dünyayla bir ediblər…
Tədbirin aparıcısı, AYB-nin Qazax bölməsinin sədri Barat Vüsal vurğuladı ki, Mehdi Hüseynin ədəbiyyata gəlişiylə ədəbi həyatımıza qətiyyət, aydınlıq gəldi. Mehdi Hüseyn böyük bir ədəbiyyat ordusunun öndəri oldu. İsa Muğannadan, İsmayıl Şıxlıdan, Bəxtiyar Vahabzadədən, Vidadi Babanlıdan tutmuş çox görkəmli sənətkarlarımızın yetişməsində Mehdi Hüseynin xüsusi yeri var. Xalq şairi Balaş Azəroğlu deyir ki, mən Mehdi Hüseyni Pişəvəri qədər sevirdim. Görkəmli yazıçımız Mir Cəlal onun ölümünü eşidəndə demişdi ki, Mehdi Hüseyn öldü, ədəbiyyatımız yetim qaldı. Bu, çox dəqiq və düzgün ifadə edilmiş bir münasibətdir. Mehdi Hüseyni haqlı olaraq ədəbiyyatımızın səməndər quşu, sənətin qılıncı adlandırırdılar. O, ədəbiyyata aydın yeriylə gəldi, ədəbi həyatımıza işıq saflığını gətirdi".
Əməkdar incəsənət xadimi Vidadi Babanlı öz çıxışında bildirdi ki, Mehdi Hüseyn xoşbəxt yazıçılardandı: “Yazıçının xoşbəxtliyi ondadır ki, o, fiziki cəhətcən həyatda olmasa da, mənən yaşayır, sözü ürəklərdə qalır. Bu elə bir istəkdir ki, əlinə qələm alan hər bir adam bunu arzulayır. Ancaq bu xoşbəxt tale tək-tək yazıçıya nəsib olur. Mehdi Hüseyn belə xoşbəxtlərdəndir. O, çox savadlı, mütaliəni sevən bir insan idi. Nə vaxt yanına getsən, baxırdın ki, nəsə oxuyur, mütaliə edir. Elə bir cavan yazıçı olmazdı ki, Mehdi Hüseyn onun əsərini oxuyub dəyərli məsləhətlərini verməsin… Onun fikri bütün sovetlər məkanında yazıçı və şairlər tərəfindən hörmətlə qəbul edilirdi. Səməd Vurğun, Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi Mehdi Hüseyn də həyatdan cavan getdi. Yaşasaydı, ədəbiyyatımız daha çox qazanacaqdı, mədəniyyətimiz daha çox inkişaf edəcəkdi. Onların itkisi xalqımızın itkisidir. Mehdi Hüseyn öz istedadıyla mənsub olduğu xalqı tanıdır, xalqa xidmət edirdi… Heç yadımdan çıxmır, dəfn günü onun tabutunun yanında Teymur Bünyadov, İsa Hüseynov, İsmayıl Şıxlı və mən oturmuşduq. Maşın asta-asta Fəxri xiyabana yaxınlaşdıqca ürəyimizdən qara qanlar axırdı. Biz təkcə öz yaxın, simsar adamımızı, yerlimizi yox, həm də Azərbaycan ədəbiyyatının keşiyində ləyaqətlə durmağı bacaran bir insanı son mənzilə yola salırdıq, bu itkiylə barışa bilmirdik… Mehdi Hüseyn kimi şəxsiyyətlər həmişə xalqın da, dövlətin də qəlbində yaşayır, belə insanlar xalqın böyük sərvətidir".
Sonra şair Bilal Qoca M.Hüseynə həsr etdiyi şeri oxudu.
Ədəbiyyatşünas Rüstəm Kamal mərasimdə çıxış edərək dedi ki, mənim ədəbiyyata gəlişimdə dərsliklərdə gördüyüm Mehdi Hüseynin şəkliylə bərabər onun haqqında yazılmış oçerklərin müstəsna rolu olub. Həmişə Mehdi Hüseynin xatirəsiylə yaşamışam, məqalələr yazarkən onun ruhunu hiss etmişəm… Xalqın mövcudluq vasitələrindən biri də milli ədəbiyyatdı. Mehdi Hüseyn milli ədəbiyyatımızın saflığı uğrunda mübarizə aparıb, ədəbi sahədə mərdliklə döyüşüb. Mehdi Hüseyn milli ədəbiyyatımıza ədəbiyyat əxlaqı gətirənlərdəndi. Əsərləri daha çox səhərin açılmasıyla başlayır. Onun üzü həmişə səhərə doğrudur, əsərlərində xarakterlər üz-üzə gəlir. Bu xarakterlərin açılmasında Mehdi Hüseynin öz yazıçı xarakteri əsas rol oynayır".
Tanınmış yazıçı Nahid Hacızadə vurğuladı ki, Qazax torpağı Azərbaycan ədəbiyyatına böyük şəxsiyyətlər bəxş edib: "Onlardan biri də Mehdi Hüseyndir. Mehdi Hüseynin yüz illik yubileyi bizim söz sənətimizin bayramıdır. O, qələm dostlarına deyirdi ki, çalışın ədəbi vicdanlara ləkə düşməsin. Unudulmaz yazıçımız İsmayıl Şıxlı ustadının bu deyimini həmişə böyük qədirbilənlik hissiylə xatırlayırdı. Mehdi Hüseyn ədəbiyyatımızın vicdan səsi idi. Atası Əli əfəndinin tərbiyəsini almışdı. Mehdi müəllim həmişə himayə edir, qoruyur, qol-qanad verirdi. O, ədəbiyyatımızın elə böyük simalarındandır ki, hardan baxsan görünür. Mehdi Hüseyn sevə-sevə qələmə aldığı Simruq quşu obrazında həm də öz xarakterini, düşüncə tərzini, mübarizə əzmini yaratmışdı".
Yazıçı
Salatın Əhmədli M.Hüseyn
yaradıcılığına, şəxsiyyətinə olan
hədsiz sevgisini, marağını dilə gətirdi.
Vurğuladı ki, uzun illər bu görkəmli sənətkarın
ailəsi, yadigarları ilə
Tanınmış şair İlyas Tapdıq mərasimdə çıxış edərək dedi: "Mehdi Hüseyn ədəbiyyatımızın yenilməz bayraqdarlarından biri idi. O dövrdə bütün ədəbi gənclik Mehdi Hüseynin, Səməd Vurğunun adını eşidəndə elə bilirdilər əfsanəvi insanlardan danışılır. "Mehdi Hüseyn" deyiləndə elə bilirdik ən böyük klassikin adını eşidirik. Halbüki o, bizim müasirimiz idi, çox cavan idi. Onun ədəbi fikirləri ilə Sovet İttifaqının ən nüfuzlu, yüksək ədəbiyyat adamları hesablaşırdı. Dövrünün ən yüksək vəzifəli dövlət xadimlərindən olan Podqornı onun Türkiyədəki çıxışından çox razı qalmışdı. Söz var idi ki, Mehdi Hüseyni yaxın günlərdə SSRİ-nin mədəniyyət naziri vəzifəsinə irəli çəkəcəklər. Heç vaxt bəlağətlə, ritorika ilə danışmazdı. Ancaq ən çox da yadda qalan onun çıxışları olardı. Mehdi Hüseyn ədəbi fikir meyarı idi. Onun ölüm xəbərini aldığım günün acı təəssüratını hələ də unuda bilmirəm. Kim ki, ədəbiyyatla yaşayır - o, həmişə Mehdi Hüseynlədi, onu düşünür.”
İ.Tapdıq sonra ustada həsr etdiyi şeri oxudu.
Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu vurğuladı ki, ruhumuzu, mənəviyyatımızı dünyaya çatdıran Mehdi Hüseynin yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil edirdi. “Gürcüstanda yaşayan azərbaycanlılar adından Mehdi Hüseyn işığına yığışanları salamlayıram. Mən onun haqqında yalnız heyranı, vurğunu kimi söz aça bilərəm". Natiq sonra yubilyara həsr etdiyi şeri oxudu.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxışında bildirdi ki, mənim Mehdi Hüseyn haqqında söz deməyim böyük məsuliyyətdi. "Mən ona həmişə "Mehdi əmi" deyərdim. Atam İsmayıl Şıxlı ilə Mehdi əmi eyni gündə - martın 21-də anadan olmuşdur. Azərbaycanın bir çox görkəmli sənətkarları bu gündə dünyaya gəliblər. Hər il Yazıçılar Birliyinin təşəbbüsüylə martın 21-də bir qrup Azərbaycan ziyalısı fəxri xiyabana gedərək həmin gündə doğulanların xatirəsini yad edir - o cümlədən Mehdi Hüseynin də… Mən həmişə Mehdi Hüseyni atamın meyarlarıyla xatırlayır, onun gözüylə baxıram. Atam deyirdi ki, müəllim kimi Əli Sultanlını, yazıçı kimi Mehdi Hüseyni tanımışam. Onun haqqında "Qranit kimi sərt" adlı məqalə yazmışdı. Doğrudan da Mehdi əmi sərt adam idi. Ancaq bu sərtlik ədalətli olmağa hesablanmışdı. Atam ədəbi tənqiddə Mehdi əmini Belinski ilə müqayisə edirdi… Ölümündən bircə gün əvvəl atamla vədələşmişdilərk ki, səhər Yazıçılar İttifaqında keçiriləcək iclasdan sonra dənizə "vətən balığı" tutmağa getsinlər. Bu sözün tarixi var idi. Rəhmətlik Oruc Qoşqarlı, İsa Hüseynov və atamla balıq tutmağa getdikləri günlərin birində mən də atamla birlikdə idim. Mehdi əmi xırdaca bir balıq tutub böyük bir daşın çalasında yığılıb qalan suyun içinə atmışdı. Həmin balığı mənə göstərib gülə-gülə deyirdi ki, bax, bu, "vətən balığıdı". Həmin ifadə sonralar dostların dilinə düşmüşdü. Müəyyən vaxtda zəng edirdilər ki, hazırlaşın, "vətən balığı"na gedirik…"
Sonra şair Tofiq Saleh M.Hüseynə həsr etdiyi şeri oxudu, qeyd etdi ki, Mehdi Hüseyn kimi insanlar cəmiyyətin bətnindən işıq kimi doğulur, bəşəriyyətin inkişafına kömək edirlər - amalları, əqidələri ilə.
Akademik Teymur Bünyadov çıxışında M.Hüseyn yaradıcılığının, şəxsiyyətinin bir çox məqamlarından söz açdı: "Mehdi Hüseyn heç vaxt kiminsə kölgəsində kölgələnmədi. Əksinə, yüzlərlə gənc istedadlara kölgə oldu, kömək etdi, onları ədəbi münaqişələrin alovundan qorudu. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə ona yazdığı məktublarından birində Mehdi müəllimə "Mənim valideynim" - deyə müraciət edirdi. Bu cümlə o dövr ədəbi gəncliyinin Mehdi Hüseynə olan münasibətinin tam ifadəsidi. O, həyata mübariz gəldi, mübariz yaşadı və mübariz də getdi. Mehdi Hüseynin xatirəsi həmişə xalqımız, dövlətimiz tərəfindən əziz tutulub. Bu münasibət Mehdi Hüseynin doğulduğu Qazax torpağında da yetərlidi. İndi Qazaxda çox lakonik, zərif, incə işlər görülür. Bütün bunlara görə rayonun icra başçısı Rauf Hüseynova dərin minnətdarlığımı bildirirəm. O, cənab Prezidentimiz İlham Əliyevin bütün sərəncam və göstərişlərinin Qazaxda layiqincə yerinə yetirilməsi üçün vicdanla çalışır, böyük əmək sərf edir".
Sonra T.Bünyadov Mehdi Hüseynin oğlu Əlinin, qızı Zivər xanımın və öz adından Mehdi Hüseynin xatirəsini əziz tutduğuna görə Azərbaycan Prezidentinə, xalqımıza, Qazax camaatına və mərasimə qatılanlara öz minnətdarlığını bildirdi.
Tədbirdə
rayonun musiqi kollektivinin ifasında şeir və musiqi səsləndirildi,
Qazax Dövlət Dram Teatrını aktyorlarının
ifasında M.Hüseynin "Alov" pyesindən səhnə
ifa olundu, aşıqlar çalıb-çağırdı.
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.-2009.-12
may.-S.1, 2.