Süleyman Rüstəm anıldı

 

Dünən xalq şairi Süleyman Rüstəmin vəfatının 20 illiyinə həsr edilmiş anım günü keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək görkəmli sənətkarın məzarı üstünə tər çiçək dəstələri qoydular, xatirəsini xoş duyğularla yad etdilər. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar XX əsr Azərbaycan poeziyasında görkəmli yer tutan şair haqqında ehtiramla söz açdı, yazıçı Xeyrəddin Qoca çıxış edərək Süleyman Rüstəmin bir sənətkar olaraq onun ən çox sevdiyi şairlərdən biri olduğunu vurğuladı: "Mən onunla tez-tez görüşürdüm. Yaratdığı "Kirpiçilər" dərnəyində bizə öz dəyərli məsləhətlərini verirdi. Süleyman Rüstəm çətin dövrlərdə yaşamışdı, repressiyanın qanlı olayları onun gözləri qarşısında baş vermişdi. Buna baxmayaraq Səməd Vurğun da daxil olmaqla, bir çox sənətkarlarımızın xilası üçün çox iş görmüşdür. Onun "Təbriz şeirləri" ədəbiyyat tariximizin qürur, mübarizə səhifələrindəndir".

Anım mərasimi Yazıçılar Birliyinin Natəvan klubunda davam etdirildi. Xalq yazıçısı Anar tədbiri açaraq S.Rüstəmi XX əsr poeziyamızın ən qüdrətli sənətkarlarından biri kimi dəyərləndirdi: "Vəfatından iyirmi il keçməsinə baxmayaraq o, həmişə xalqın yaddaşındadı, onun yaradıcılığı yenə də böyük maraq doğurur, oxunur, tədqiq edilir. Süleyman Rüstəmin obrazı bizim hamımızın xatirəsində şux, canlı qalıb. O, həmişə gənclik şövqünü qoruyub saxlayan insan kimi yaddaşlarda yaşayır. Bu gün qəribə bir təsadüfdü ki, məni Novxanıda keçiriləcək bir tədbirə dəvət ediblər. Yadıma atamın bir xatirəsi düşdü. Cavanlıq illərində Süleyman Rüstəm atamı bağa dəvət edibmiş. Atam elə bilirmiş buradakı bağlar da Göyçaydakı kimi olur. Soruşub ki, bəs bağa haçan gedəcəyik. Süleyman Rüstəm deyib: "Bağ elə budu də…" Bu xoş günü sonralar tez-tez xatırlayardılar".

AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca mərasimdə çıxış edərək dedi: "Bu gün biz Süleyman Rüstəmin xatirəsini yad edirik. Ancaq elədi ki, onun adı çəkiləndə adam kədər hissini unudur. Fəxri xiyabandakı büstü önündə də eyni hissi keçiririk. Ona görə ki, Süleyman müəllim daxilən şux adam idi, dərin yumor hissi vardı. Onun qəzəlləri, qoşmaları da duzlu, şirin idi. Özü də işıqlı insan idi. Şəxsi həyatımda çox xeyirxahlığını görmüşəm. O, hamı üçün belə idi…"

Şairin "Başım ayrılsa da bir gün bədəndən, Ürəyim ayrılmaz doğma vətəndən", "Dostunam söyləyib sıxma əlimi, Gözün məndə deyil, çörəyimdədir" misralarının işığında ürək sözlərini söyləyən yazıçı Aqşin Babayev, çıxışına "Süleyman Rüstəm şerimizdə bir çox yeniliklərin banisidir" sözləriylə başlayan şair Abbas Abdulla, "O, anadan şair doğulanlardan idi" - deyən Fikrət Sadıq, "Süleyman Rüstəm o taylı-bu taylı Azərbaycanımızın dərdlərinin dilmancıydı" duyğusu ilə xatirələrini dilə gətirən yazıçı Nahid Hacızadə, ustad haqqında yazdığı şeri oxuyan şair Oqtay Rza da S.Rüstəm haqqında unudulmaz xatirələrini danışdılar.

Şair Musa Ələkbərli, Ədəbiyyat İnstitutunun əməkdaşı Dilşad Cabbarova, ədəbiyyatşünas alim Gülxani Pənah, şair Sona Xəyal da S.Rüstəm haqqında eyni fikir ucalığı, qədirbilənlik hissiylə söz açdılar.

Şair-tədqiqatçı Teyyub Qurban arxiv sənədləri əsasında bu görkəmli şairin ömrünün ayrı-ayrı illərində böyük vətəndaşlıq duyğusuyla gördüyü işlərdən söz açdı.

Tanınmış tənqidçi Vaqif Yusifli vurğuladı ki, Süleyman Rüstəm, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Mikayıl Müşfiq adı olmadan XX əsr Azərbaycan poeziyasını təsəvvür etmək mümkün deyil: "Görkəmli rus ədibi Aleksandr Fadeyev deyirdi ki, Süleyman Rüstəm Azərbaycan sovet poeziyasının pioneridir. Tamamilə doğrudur. O dövrdə yeni bir ədəbiyyat yaranırdı Süleyman Rüstəm bu prosesin önündə gedirdi. Səməd Vurğun doğru olaraq qeyd edirdi ki, biz Bakıya gələndə Süleyman Rüstəm artıq tanınmış şair idi. Rəsul Rza isə fikrində tamamilə haqlı idi ki, Azərbaycan poeziyasında Füzuli ənənələrini S.Rüstəm ləyaqətlə davam etdirir. Onun yaradıcılığında ictimai motivlər güclü idi".

Tədbirin sonunda şairin oğlu Azad Rüstəmzadə atasının adını əziz tutanlara, xatirəsini yaşadanlara, AYB rəhbərliyinə ailələri adından minnətdarlığını bildirdi: "Atamı itirdiyim vaxtdan iyirmi il keçir. Bir oğul kimi fərəh hissi keçirirəm ki, sənət dostları, mənəvi varisləri onun xatirəsini bu cür yüksək duyğularla yaşadırlar. Burada dinlədiyim xatirələrin çoxu mənim üçün yeni maraqlı idi, xoş duyğular yaşadım, hamınıza dərin təşəkkürlər edirəm".

 

 

S.Aranlı

 

Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.1.