Hüseyn
İbrahimov – 90
Şəxsiyyətin
və sənətin vəhdəti
Xalq yazıçısı Hüseyn İbrahimov yarım əsrdən
artıq davam edən zəngin yaradıcılığı ilə
ədəbiyyatımızın və ictimai fikrimizin
inkişafında mühüm xidmətləri ilə
seçilən, nəzərə çarpan məhsuldar
yazıçı kimi xüsusi hörmət və nüfuz
qazanmışdır.
Maraqlı
hekayələri, povestləri və romanları ilə o, Azərbaycan
ədəbiyyatına sanballı töhfələr
vermişdir.
Hüseyn
Məhəmmədəli oğlu İbrahimov 12 mart 1919-cu ildə
Naxçıvan mahalının Şərur bölgəsindəki
Şahtaxtı kəndində anadan olmuş, ilk təhsilini
burada almışdır. Araz çayının
sahilində yerləşən, böyük Mirzə Cəlilin
"sahibi-mənsəb və ziyalılar vətəni"
adlandırdığı, milli elm, ədəbiyyat, mətbuat
və incəsənətimizə qüdrətli simalar bəxş
etmiş bu kəndin özünəməxsus coğrafi
mövqeyi və maarifçilik ənənələri
Hüseyn İbrahimovun da mənəvi təkamülündə,
dünyabaxışının formalaşmasında, gələcək
sənət taleyində mühüm rol oynamışdır. Qədim Şahtaxtı kəndində keçirdiyi
acılı-şirinli günlər, uşaqlıq
yaddaşına həkk olunmuş zəngin həyat hadisələri,
ilk gənclik illərindən tanıdığı müxtəlif
xarakterli və keşməkeşli taleyə malik insanlar
Hüseyn İbrahimovun sonralar yaradıcılıq prosesində
daim istinad etdiyi tükənməz mənbələr
olmuşdur.
Onun ilk qələm təcrübələri, gənclik
şeirləri texnikumun divar qəzetində meydana
çıxıb. Əvvəlcə Noraşen (indiki Şərur)
rayonunda (1941-1943), sonra Naxçıvan Muxtar Respublikasında
(1943-1947) Gənclər təşkilatına rəhbərlik
etməsi də Hüseyn İbrahimovun maarif işçilərinin,
müəllimlərin, ziyalıların və gənclərin həyatına
daha yaxından bələd olmasını şərtləndirmişdir.
Buna görədir ki, xalq yazıçısının
çoxillik yaradıcılığının bütün
dövrlərində maarifçi ziyalıların və gənclərin
taleyi ilə bağlı mövzular, süjetlər və
obrazlar üstünlük təşkil edir.
Tərcümeyi-halının mətbuatla, kütləvi
informasiya vasitələri ilə bağlı səhifələri
Hüseyn İbrahimovun həyati baxışlarını daha
da konkretləşdirmiş və dərinləşdirmişdir.
"Şərq qapısı" vilayət qəzetinin
redaktor müavini (1947-1949) və Naxçıvan Nazirlər
Soveti yanında Radio Verilişləri Komitəsinin sədri
(1949-1954), "Şərq qapısı"nın baş
redaktoru (1961-1965) vəzifələrindəki gərgin və fədakar
iş təkcə mətbuatın inkişafı ilə
bağlı olaraq qalmayıb, həm də onun cavan
yazıçı kimi həyatın dərin qatlarını,
xarakterlərin daxili mürəkkəbliyini və incəliklərini
öyrənməsinə münasib şərait
yaratmışdır. Azərbaycan Dövlət
Universitetinin Jurnalistika fakültəsində keçən təhsil
illəri gənc jurnalist və yazıçı
üçün ideya-mənəvi təkamül və
yaradıcılıq şəriştəsi baxımından
xüsusi məktəb kimi çox əhəmiyyətli
olmuşdur.
Xalq
yazıçısı Hüseyn İbrahimovun həyatında,
tərcümeyi-halında, taleyində dövlətçilik fəaliyyəti
xüsusi yer tutur. O, XX əsr Azərbaycan ədəbi-ictimai
fikir tarixində dövlətçilik fəaliyyəti ilə
yazıçılıq işini məharətlə
uzlaşdırmağı bacaran sənətkarlardandır.
Yazıçılıq - həyatı və insanları
yaxından tanımaq və populyar olmaq dövlətçilik
işində Hüseyn İbrahimovun köməyinə gəlmişdir.
Müxtəlif dövlət vəzifələrində
çalışmaq isə Hüseyn İbrahimova cəmiyyətin
"hamı üçün görünməyən" tərəflərini
də görməyə, öyrənəmyə imkan
vermişdir. Hər iki halda - həm yazıçılıq,
həm də dövlətçilik fəaliyyəti nəinki
uduzmuş, əksinə, çox şey qazanmışdır.
Hüseyn müəllimin timsalında
yazıçılıqla dövlətçilik bir-birini
tamamlamışdır. Hüseyn İbrahimovun
Naxçıvan Vilayət Partiya Komitəsində mühazirəçilər
qrupunun rəhbəri (1960-1961), Təbliğat və təşviqat
şöbəsinin müdiri (1965-1970), Naxçıvan Muxtar
Respublikasının mədəniyyət naziri (1970-1975) vəzifələrindəki
fəaliyyəti, Naxçıvan Muxtar Respublikası Ali
Sovetinin sədri (1963-1970) kimi məsul dövlət
işində təmsil olunması həm də onu özünəməxsus
ictimai baxışlara malik olan cəmiyyətşünas
yazıçı səviyyəsinə
çatdırmışdır. Azərbaycan
dövlətçilik tarixinin müxtəlif mərhələlərindən
- Atabəylər dövründən, sovet hökumətinin
qurulmasından, qaçaqçılıq hərəkatından,
repressiya illərindən, müstəqillik uğrunda
mübarizədən yazdığı əsərlərin,
habelə əsərlərindəki raykom katibi, ispolkom sədri,
istehsalat rəhbəri, komsomol katibi, məktəb direktoru və
s. kimi obrazların uğurlu alınmasında dövlətçilik
təcrübəsi öz "sözünü"
demişdir.
Hüseyn
İbrahimovun həyatı Yazıçılar Birliyi ilə
üzvi surətdə bağlıdır: 1952-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. O, Azərbaycan Yazıçılar İttifaqı
Naxçıvan filialının sədri (1954-1960),
Yazıçılar Birliyi Naxçıvan şöbəsinin
məsul katibi (1980-1997) vəzifələrində regionda milli ədəbiyyatın
inkişaf etdirilməsi, yeni yazıçılar nəslinin
formalaşdırılması sahəsində səmərəli
fəaliyyət göstərmişdir. Hüseyn
İbrahimovun Naxçıvan Yazıçılar Birliyinin sədri
kimi (1997-2007) fəaliyyəti də müstəqillik
dövründə Naxçıvanda yeni ədəbi
mühitin canlandırılmasına xidmət etmişdir. Azərbaycan Yazıçılar Təşkilatının
əllinci illərdən sonra keçirilmiş bütün
qurultay və plenumlarının iştiarkçısı olan
H.İbrahimov həmişə ədəbiyyatın milliliyi, xəlqiliyi,
həyatiliyi, təbiiliyi uğrunda mübarizə hərəkatında
fəal görünmüşdür. Naxçıvanda ədəbi
mühitin və yeni yaradıcı nəslin
nağılları Hüseyn İbrahimovun məqsədyönlü
fəaliyyəti sayəsində daim özünün müsbət
həllini tapmışdır.
Naxçıvanda
yaşayıb-yaradan yaradıcı qüvvələrin ilk ədəbi
almanaxı olan "Səadət mahnıları" (1955)
Hüseyn müəllimin təşəbbüsü ilə nəşr
olunmuşdur. Səksəninci illərdə "Araz"
almanaxının üç sayının və "Qoy
tanısın dünya səni" adlı şeir toplusunun nəşri
də onun səmərəli təşkilatçılıq
işinin nəticəsidir. O, 1958-ci ildə
özünün "Baharın hekayəsi" povesti ilə
yanaşı, qələm dostlarından Müzəffər Nəsirlinin
"Mənim muxtar respublikam", Hüseyn Razinin "Kəndimizin
səhəri" adlı ilk şeir kitablarını, habelə
Hüseyn Cavidin anadan olmasının yüz illiyi ilə əlaqədar
kiçik şeir toplusunu da vaxtilə (1982)
Naxçıvanda daxili imkanlar hesabına nəşr etdirəmyə
müvəffəq olmuşdur. Hüseyn İbrahimov
ömrünün sonuna kimi qədim diyarın ədəbi
mühitinə ağsaqqallıq edib. Bu diyarda yazıb-yaradan
yeni yaradıcı nəslin bir çox nümayəndələri
məhz Hüseyn İbrahimovun zəmanəti ilə
Yazıçılar Birliyinin üzvlüyünə daxil
olmuşlar. Onun işlədiyi dövrdə Naxçıvanda
Yazıçılar Birliyinin üzvləri 16 nəfərdən
60 nəfərə çatdırılmışdır.
Hüseyn müəllim Naxçıvan ədəbi
mühitində təmsil olunan istedadlı yaradıcı gənclərin
bir çoxu haqqında mətbuatda "uğurlu yol"
xarakterli məqalələr yazmış, onlara xeyir-dua
vermişdir. Onlarla kitabın ön sözü xalq
yazıçısı Hüseyn İbrahimova məxsusdur. Nəhayət, 1999-cu ildə İran İslam
Respublikasında iki dildə nəşr olunmuş irihəcmli
"Səhər nəğmələri" ədəbi
almanaxı ümumən ədəbi əlaqələrimizin
daha da geynişlənməsinə, Naxçıvan ədəbi
mühitinin inkişafına xalq yazıçısı
Hüseyn İbrahimovun sanballı töhfəsidir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev Hüseyn
İbrahimovun yaradıcılığına yüksək qiymət
vermişdir. O, müstəqil Azərbaycanın
"Şöhrət" ordeni (1994) və xalq
yazıçısı (1998) fəxri adına layiq
görülmüşdür.
Hüseyn İbrahimovun anadan olmasının 50, 75 və 80 illik yubileyləri respublika miqyasında dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Əsərləri bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
***
Xalq yazıçısı
Hüseyn İbrahimov zəngin və çoxcəhətli
yaradıcılıq fəaliyyətinə malikdir. Ədəbi fəaliyyətə
1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə dərc
olunan "O, düşməndə qoymadı anasının
qanını" adlı şeirlə
başlamışdır.
Sonralar
o, yaradıcılıq taleyini həmişəlik olaraq epik ədəbiyyata
bağlamışdır. Hüseyn İbrahimov cəmiyyətimizdə
yaşanmış bir çox ideoloji mərhələlərdə
yazıb-yaratsa da, hətta Vilayət Partiya Komitəsinin
İdeologiya şöbəsinə rəhbərlik etsə də,
yaradıcılığı etibarilə əsasən
ideologiyalara uymayan, həmişə mənəvi və
maarifçi mühitin problemlərini ön mövqeyə
çəkən yazıçı olmuşdur. "Günəş doğan yerdə"
romanını nəzərə almasaq,
yaradıcılığının 40 ildən artıq
dövrünü əhatə edən sovet hakimiyyətinin
heç bir əlamətdar hadisəsi, tarixi günü və
ya siyasi şəxsiyyəti haqqında onun bədii əsəri
yoxdur. Hətta sovet hakimiyyətinin
qurulması uğrunda mübarizəyə həsr olunmuş
"Günəş doğan yerdə" romanında da
müqayisədə həyat materialı ideologiyanın
payından çoxdur. Əsərdəki keşməkeşli
taleyə malik olan igid, məğrur, keçid
dövrünün çətinliklərini yaşayan, "bir
igid bir eli saxlar" əqidəsinə sadiq olan Qüdrət
obrazı və süjetdə geniş yer tutan
qaçaqçılıq hərəkatının təsviri
romana geniş və təbii həyat nəfəsi gətirir. Beləliklə, bədii nəsrimizin sərt rejim
çərçivəsində ideoloji tələblərin məngənəsindən
çıxıb həyata, isnanlara, mənəviyyata yönəlməsi,
yaxınlaşması və dirçəlişində
Hüseyn İbrahimovun da özünəməxsus xidməti və
zəhməti vardır.
Müxtəlif nəsr janrlarında yazıb-yaratsa da, hekayə
janrına Hüseyn müəllim bütün
yaradıcılığı boyu müraciət etmişdir.
"Ədəbiyyatımızın mirvarisi"
adlandırılan hekayə janrında onun da öz mirvariləri
vardır. "Şirin xatirə", "Qumralın məktubları",
"Təmiz adam", "Kənd həsrəti", "Arxayın Məmməd",
"Madam Heruta", "Qadın nəfəsi", "Vicdan
səsi", "Köhnə onluq", "Aləmzər"
Azərbaycan ədəbiyyatının hekayələrdən
düzəldilmiş nəhəng boyunbağısına məhz
onun bəxş etdiyi mirvarilərdir. Yazıçının
hekayələri müxtəlif dillərə tərcümə
edilmiş, Türkiyədə nəşr olunmuşdur.
Çoxillik
yaradıcılıq təcrübəsinə malik olmuş
Hüseyn İbrahimovun bəzi hekayə və
novellalarının formasını təyin edərkən həmin
janrların əvvəlinə "kiçik" ifadəsini
artırmaq lazım gəlir. Bir-iki hekayə istisna olmaqla
("Kənd həsrəti", "Nazbalış"), digər
əksər nümunələr maksimum
yığcamlığı ilə diqqəti cəlb edir. Bu cəhət
yazıçının satirik novellararına daha çox
aiddir. Deməli, Hüseyn İbrahimovu keçən əsrin əvvəllərindən
başlanan kiçik hekayə janr ənənəsinin uğurlu
davamçısı kimi də dəyərləndirmək
olar. Onun kiçik formalarda yazılmış hekayələrində
həyatın böyük və ciddi məsələləri
özünün bədii əksini tapmışdır.
Yazıçının qələmə aldığı
çoxcəhətli əhvalat və obrazların mərkəzində,
əsasən bir meyar dayanır: ləyaqət! Müəllif
təsvir etdiyi hadisə və personajları qiymətləndirmə
barometrinə çevirdiyi bu yüksək mənəvi keyfiyyəti
aşkarlamaq niyyəti ilə hər dəfə yeni hadisəyə
müraciət etmiş, aralarında müəyyən bənzəyiş
olsa da, bir-birini təkrar etməyən vəziyyətlər
yaratmışdır. O, "özü
balaca, işi böyük olan hərbi xəstəxananın
ibrətamiz qayğılarını (İnam), bütün
yuxularını doğma kəndi Kosalıda görən
qocaman alimin xəyal dünyasını ("Kənd həsrəti”),
ezamiyyətdən qayıdan köhnə tanışların
kupedə təsadüfən
rastlaşdıqları "təmiz adam”ın natəmiz əməllərini
("Təmiz adam”) əlçatmaz bir eşqin hekayətindən
söz açan köhnə onluqla bağlı təsirli xatirələri
("Köhnə onluq”) qələmə almaqla hekayə
üçün zəruri olan detalların konkretlik və
emosionallığına müvəffəq olmuşdur.
Bunlar isə yazıçının maraq dairəsinin
genişliyini, onun nüfuz etdiyi səciyyəvi hadisələri
ümumiləşdirməsini şərtləndirmişdir. Bunun nəticəsidir ki, məktəbli
uşaqların quş yuvalarını uçurmaları
("Kərim əmi"), atası cəbhəyə gedəndən
sonra doğulan övlada ad qoyulmaması ("Səfər müəllimin
qızı"), qoca nənənin illərdən bəri
toplayıb balıncın içində saxladığı
pulla alınan "Jiquli"nin
"Nazbalış" adlandırılması
("Nazbalış"), nişanlısının
arxasınca könüllü cəbhəyə yola düşən
və həlak olan Yazgüldən yadigar qalmış şəkil
("Şirin xatirə") kimi ilk baxışda adi
görünən detallar da hekayələrdə insan ləyaqətinin
məharətlə üzə çıxarılmasına,
bunun əksinə olan naqis meyllərə kəskin
münasibət bəslənilməsinə səbəb
olmuşdur.
Hüseyn
İbrahimovun hekayələrindəki həqiqi isnani ləyaqət
axtarışları onun fərdi ləyaqəti ilə səciyyələnən
obrazlar yaratması ilə nəticələnmişdir. "Döyüşdə aldığı
ağır yaradan ölən oğlunu dəfn edən"
kimi dərhal hərbi xəstəxanaya qayıdaraq yenicə gətirilmiş
naməlum əsgəri çətin cərrahiyyə əməliyyatı
sayəsində həyata qaytaran tibb elmləri doktoru Şalva
İrakliyeviç, inamı özünə deviz seçən
Yelmar Zərgərli, Vətən elminin
dünya şöhrəti qazanması yollarında can-başla
xidmət göstərən professor Qoşqar Çinarlı,
"işi də ürəyi kimi təmiz olan" taksi
sürücüsü Sabir, ömrü boyu şərəfli əməyə
bel bağlayan neftçi fərrux kişi, iradə və sədaqəti
ilə xəstə həyat yoldaşı
üçün əvəzedilməz məlhəmə
çevrilən Şadiyyə kimi hekayə qəhrəmanları
ləyaqətin ucalığını, əvəzedilməzliyini
bütün təbiiliyi ilə mənalandırırlar.
Yazıçı öz növbəsində pis niyyətli,
köhnə fikirli, cəmiyyətə fayda verməyən
adamları oxucunun mühakiməsinə verməklə də
estetik idealın bütöv, inandırıcı təqdiminə
səy göstərib. Bu isə onun epik üslubuna satirik notlar
daxil edib.
Hüseyn
İbrahimovun epik təhkiyəsində nəzərə
çarpan sakit, təmkinli təsvir hekayədən povestə
keçidi bədii baxımdan əsaslandırır. Bu
maraqlı sənətkarlıq körpüsü həm də
yazıçının povestlərinin yaranmasında hekayəçilik
məşqinin rolunu da aydınlaşdırır. Beləliklə,
povest janrı sahəsində də Hüseyn İbrahimovun
özünəməxsusluğu, orijinal dəst-xətti
aşkar nəzərə çarpır. Mənəviyyat,
ailə-məişət məsələlərinin ön
mövqeyə çəkilməsi, yalnız sevinc və fərəhi,
xoşbəxtliyi deyil, təbii insan kədəri və
ağrılarını da bədii ədəbiyyatın
materialına çevirməsi hekayələrində olduğu
kimi, xalq yazıçısının povestlərində
də əsas aparıcı xətti təşkil edir. "Göyərçinin məhəbbəti",
"Səhv edəndə", "Qu quşları öləndə
oxuyurlar" və s. povestlərdə həyatı
bütün təbiiliyi ilə yaşayan, düşünən,
səhv edən, büdrəyən, aldanan, lakin çətin
məqamda ayağa qalxmağı bacaran sıravi adamların həyatı,
zərgin mənəviyyatı öz əksini
tapmışdır. Bütün bunlar müəllifin hətta
çətin dönəmlərdə də ideoloji sxem və
tələblərdən uzaqda dayanmasına,
üzunömürlü əsərlər yazmasına şərait
yaratmışdır.
Hüseyn
İbrahimovun hələ 1958-ci ildə kitab halında nəşr
etdirdiyi "Baharın hekayəsi" povesti oxucuların bir
neçə nəslinin yaddaşında dərin iz
salmış dəyərli sənət nümunəsidir.
"Baharın hekayəsi" həm də Hüseyn
İbrahimovun hekayə yaradıcılığının
yekunu, nəsrin iri formalarına keçidinin
başlanğıcıdır. Yazıçının
romançılığa meyli də ilk dəfə
"Baharın hekayəsi"ndə müşahidə
olunmuşdur. fikrimizcə, bütövlükdə Hüseyn
İbrahimov bir yazıçı kimi "Baharın hekayəsi"ndən
doğulmuşdur. Bu povest təcrübəsizlik ucbatından
ötəri meyllərə uymuş və yanılmış,
peşiman olmuş zavalı Baharın hekayəti, əsərin
müəllifi Hüseyn İbrahimovun isə
yazıçı kimi layiqli təqdimatıdır.
Təsadüfi
deyildir ki, vaxtilə xalq şairi Rəsul Rza bu povestdən bəhs
edərək yazmışdır: "Hüseyn İbrahimovun
"Baharın hekayəsi" povesti ciddi yaradıcılıq
işinin məhsuludur. Buradakı hadisələrin
həyatiliyi ayrı-ayrı obrazların
inandırıcılığı, məqsəd
aydınlığı və əsərin ümumi ruhundan
çıxan tərbiyəvi mənası bizə bu əsəri…
nəsr əsərlərimizin yaxşı nümunələri
sırasına qoymağa haqq qazandırır".
Yarım
əsr bundan əvvəl yazılmasına baxmayaraq, Hüseyn
İbrahimovun "Baharın hekayəsi" povesti indi -
müstəqillik dövründə də Azərbaycan nəsrinin
layiqli nümunəsi kimi dəyərləndirilə bilər.
Hüseyn
İbrahimov hələ 50-ci illərdə yazdığı
"Sabahın sorağında" romanı ilə
özünün həm də mahir romançı
imkanlarını büruzə vermişdi. "Sabahın
sorağında" məişət, mənəviyyat
romanıdır. Əsər istehsalat romanlarının dəbdə
olduğu bir dövrdə yazılmışdı. Bu, kəndi
yalnız təsərrüfat, əmək yarışı,
yaxud sinfi çəkişmələr meydanı kimi təqdim
edən özündən əvvəlki romanların uzun
illər ərzində yaratdığı,
formalaşdırdığı qəlibləşmiş
ideoloji təsəvvürləri yıxıb uçuran yeni
roamandır. Bu, kənd ziyalılarının keşməkeşli
taleyini geniş miqyasda ədəbiyyatımıza gətirən
əsərlərin birinci dəstəsinə mənsubdur. Aradan
illər keçməsinə baxmayaraq, "Sabahın
sorağında" bu gün də yaxşı bir romanın
sorağında olan oxucu və tənqidçilərin maraqla
oxuduğu əsərləndəndir. "Sabahın
sorağında" romanındakı qocaman nümunəvi kənd
ziyalısı, əsl xalq müəllimi Mirzə Mahmud, pak əqidə
sahibi olan Zeynal Günəşli, Firəngül müəllimə
kimi insanlar kənddə sinfi mübarizə qəhrəmanlarını,
yaxud sosializm yarışı qaliblərini təqdim etməyə
köklənmiş həmin dövr nəsrimiz
üçün yeni insanlar idilər. Yazıçı
yeni insanın simasını müəyyən edərkən
ictimai münasibətləri deyil, şəxsiyyət amilini
ön mövqeyə çəkmiş və öz qəhrəmanlarının
daxilindəki böyük sabahları yaratmaq imkanlarını
məharətlə açıb göstərə
bilmişdir. Buna görədir ki, ədəbi tənqid
"Sabahın sorağında" romanına yüksək
qiymət vermişdir. Akademik Məmməd Arif hələ
1967-ci ildə "Sabahın sorağında"
romanını nəzərdə tutaraq yazırdı:
"Müəllifin müsbət qəhrəman
uğrundakı axtarışları, mənəvi intelelktual
keyfiyyətlərə malik surətlər yaratmaq təcrübəsi
qiymətlidir. Yazıçı səmimiyyətlə təsvir
etdiyi təmiz insanları - qəhrəmanları oxucusuna sevdirə
bilir".
Hüseyn İbrahimovun "Bahar yağışı"
adlı romanının mövzusunu "yandım" deyib
haray çəkən çöllərimizə su gətirmək,
əsrlərlə istifadəsiz qalmış düzlərimizə
əbədi bahar bəxş etməklə əlaqədar
maraqlı hadisələr təşkil edir. Əsərdə
epik konfliktin xarakteri təkcə tikinti rəisi Osman Məlikzadə kimi mühafizəkar,
iş görməkdən çox gözə kül
üfürməyə çalışan adamlarla öz
işini sevən, ürəyi qurub-yaratmaq eşqi ilə
döyünən Yalçın İbrahimbəyli
arasındakı təzadla deyil, həm də müxtəlif rəngli
təbiət təsvirləri ilə müəyyənləşir.
Zəhmətkeş
adamlara arxalanmaq niyyəti ilə, quruculuq əzmi ilə
üz-üzə gələn bədxahlıq, şəxsi mənfəət
hissi, eqoizm, nəhayət, bahar yağışının
axarında, yaz günəşinin işığında "əriyib"
gedir. Hüseyn İbrahimov bu mübarizənin
gedişatını ənənəvi xeyir-şər, mənfi-müsbət
vuruşlarından, çəkişmələrindən xilas
etmiş, hadisələrin təbii məntiqinə, həyati əsaslarına
meydan vermişdir.
"Bahar yağışı" romanı Hüseyn
İbrahimovun "Baharın hekayəsi" povestindən
başlayıb, təxminən iyirmi beş il davam edən
yaradıcılıq axtarışlarına həm müvəffəqiyyətlə
yekun vurur, həm də öz müəllifinin yeni, orijinal sənətkarlıq
imkanlarını nümayiş etdirir.
Hüseyn İbrahimovun "Bahar yağışı", "Günəş doğan yerdə", "Əsrin onda biri", "Böhtan" romanlarında epik təsvirin genişliyi, çoxşaxəliliyi, mövzunun dərinlik və əhatəliliyi, millilik və xəlqilik, tarixilik və müasirlik ön mövqeyə çəkilmişdir. Bu əsərlər yalnız həcminə görə deyil, qaldırdığı problemin dəyərinə, siqlətinə, insan talelərinin çoxsaylı süxurlarından bir neçə qatı açıb sökə bilməsinə, zəngin surətlər aləminə görə romandır. Böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvaniyə həsr olunmuş "Əsrin onda biri" romanında sənətkar taleyi, zaman və şəxsiyyət problemləri bacarıqla əks etdirilmişdir. Əsərin yazılmasına yetmişinci illərin əvvəllərində başlanılmışdır. Hətta romandan bir parça hələ 1972-ci ildə mətbuatda dərc olunmuşdur. On il ərzində yazılmış "Əsrin onda biri" romanı tam halda 1987-ci ildə çapdan çıxmışdır. Bu əsər yeni dövr Azərbaycan tarixi romanının dəyərli nümunəsidir. Məhz bu əsərlə ədəbiyyat tariximizdə ilk dəfə olaraq Şərq memarlıq məktəbinin banisi, məşhur memar Əcəmi Naxçıvaninin bədii obrazı yaradılmışdır. Bununla belə, romanda Cahan Pəhləvanın hakimiyyəti dövrünün siyasi-tarixi hadisələri bədii sözün gücü, imkanları vasitəsilə dəyərləndirilmişdir. Müəllif əsərdəki Əli Şimşək obrazı ilə sənətkar və xalq, həmçinin hakimiyyət və xalq münasibətlərini mənalandırmağa müvəffəq olmuşdur. "Əsrin onda biri" tarixi romanı Əcəmi Naxçıvaninin dövrü, mühiti və müasirləri haqqında əyani təsəvvür yarada bilir. Əsərdə tarixiliklə müasirlik vəhdətdədir. Hüseyn İbrahimov Əcəmi dövründən alınmış mövzu və ideyalar, habelə obrazlar vasitəsilə yeni dövrün insanlarına ibrət və sənət dərsləri aşılayır.
Eyni mövqe Hüseyn
İbrahimovun "Böhtan" romanında da nəzəri cəlb
edir. "Böhtan" romanında
yaxın dövr tariximizin qaranlıq səhifələri
işıqlandırılmışdır. Hüseyn İbrahimov nəsrimizə ilk dəfə
olaraq Azərbaycan romantizminin banisi Hüseyn Cavidin bədii
obrazını ədəbiyyata gətirmişdir. Yazıçının hələ 1988-ci ildə
bitirdiyi bu əsər 1998-cı ildə Bakıda kitab
halında nəşr olunmuşdur. Romanda
keşməkeşli taleyə malik olan Hüseyn Cavidin həyatının
müxtəlif məqamları öz əksini
tapmışdır. Hüseyn İbrahimov
Cavid əfəndinin bütöv tərcümeyi-halmı yox, tərcümeyi-halından
seçilmiş təsirli məqamları ön mövqeyə
çəkmişdir. Hüseyn Cavidin həyatının
Naxçıvan, Təbriz, İstanbul,
Nəticə etibarilə, Hüseyn İbrahimov "çeşməkli
məhbusun - görkəmli şair Hüseyn Cavidin
timsalında böhtanın, şərin, şantajın
ağır, acı nəticələrini, törətdiyi məşəqqətləri
düşünülmüş gerçək vasitələrlə
göz önünə gətirmişdir. Daha vacibi budur ki, müəllif
böhtanın mahiyyətini açıqlamaqla yanaşı,
böhtançılıq fəlsəfəsinə ümumiləşmiş
yazıçı qiyməti vermişdir. Romanın bir yerində
Cavid məbus yoldaşına deyir: "Sən heç bilirsən
böhtan nədir?.. Böhtan - Mefistofeldir, Demondur… Böhtan -
İblisdir".
"Böhtan"
əsəri Azərbaycan tarixi romanının dəyərli
nümunəsidir. Bu, Cavid əfəndi haqqında ilk roman kimi
də qiymətlidir.
Hüseyn
İbrahimovun yaradıcılığında dramaturgiya da
müəyyən yer tutur. O, görkəmli Azərbaycan
dramaturqu Cəfər Cabbarlının "Aslan və Fərhad" hekayəsi
əsasında "Qardaş ürəyi" faciəsini,
"İtirilən sağlıq" və
"Torpağın övladları" pyeslərini qələmə
almışdır. "İtirilən sağlıq" pyesi
Cəlil Məmmədquluzadə adına Naxçıvan
Dövlət Musiqili Dram Teatrında uğurla tamaşaya
qoyulmuşdur. Bununla belə, Hüseyn İbrahimov xalis nasirdir.
Hətta onun dramlarında da epik əlamətlər dramaturji
vasitələrdən daha qabarıqdır.
Hüseyn
İbrahimovun maraqlı bir hekayəsi "Nəciblik"
adlanır. Sonralar o, hekayə kitablarının da birini "Nəciblik"
adlandırmışdır. Bizcə, nəciblik Hüseyn
müəllimin şəxsiyyəti, xasiyyəti, əməl və
rəftarı üçün də qabarıq görünən
cəhətlərdən biridir. Bundan başqa,
yazıçının yaradıcılığının
estetik idealını, iedya-mənəvi qayəsini də ləyaqət,
nəciblik təşkil edir. O, şəxsi nümunəsi, qələmi
və əsərləri ilə bütövlükdə nəcibliyin
keşiyində dayanmışdır. Hazırkı şəraitdə
nəciblik fəlsəfəsini şərtləndirən,
daxili saflıq, müdriklik, əxlaqi kamillik və
bütövlük kimi mənəvi dəyərlərə
çağırmaq ciddi yazıçılıq və vətəndaşlıq
işidir.
Görkəmli
ədib bu gün cismən aramızda yoxsa da, həyat nəfəsli,
yüksək qayəli əsərlərilə yenə həmin
böyük məqsədə xidmət edir.
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.-2009.-12
iyun.-S.3.