Molla Vəli Vidadi – 300

 

Xalq ruhu, xalq həyatı

 

"Bu ağrılı və düşündürücü misra Növrəs İmanındı - "Yaralı gəlmişəm mən bu dünyaya" deyən nakam bir aşığın. Bəlkə də şairliyin, aşiqliyin, aşıqlığın əbədi qanunu budur. Bəlkə də Növrəs İman bu misranı on səkkizinci əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi Molla Vəli Vidadinin ağlar könlünün səsini eşidib yazıb. Bu misranın mahiyyətinə varmaq üçün gərək Vidadini dönə-dönə oxuyasan, sevəsən, sevdirəsən - azərbaycanlı mənəviyyatına, türk şeriyyatına hesablanmış duyğuyla. AMEA-nın müxbir üzvü Nizami Cəfərov çox doğru olaraq yazır: "Vidadi Füzulidən sonra ilk söz ustasıdır ki, dilində bu qədər hüzn var". Lakin bunu xüsusi olaraq qeyd etmək yerinə düşər ki, bu hüzn bəşəri hüzndür, bu dərd bəşəri dərddir. Doktor Cavad Heyətin Vidadi haqqında fikirləri bu baxımdan ədəbiyyatşünaslıqda yenidir: "Vidadi şeirləriylə Azərbaycan ədəbiyyatının kökləşməsinə çalışırdı". Yəni Cavad Heyət demək istəyir ki, Vidadi qoşması, bayatısı, müxəmməsi, gəraylısı adi şeirlər deyil, kökümüzdür, özü də sözümüzün təzə, möhkəm köküdür, mənəviyyatımızı hər cür erroziyalardan qoruyan kökdür".

AYB-nin Qazax bölməsinin sədri, şair Barat Vüsal mayın 22-də görkəmli söz ustası Molla Vəli Vidadinin anadan olmasının 300 illiyi münasibətilə Qazax rayon mədəniyyət sarayında keçirilən mərasimdəki çıxışında belə dedi. Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Qazax rayon İcra Hakimiyyətinin və AYB-nin Qazax bölməsinin birgə təşəbbüsü ilə keçirilirdi.

B.Vüsal vurğuladı ki, Vidadi imanı, dini, Quranı bilən, sevən şair olub. O, yazırdı: "Kim hüsnün kitabın oxumayandır - nə bilir ki, hədis nədir, ayə nə?" Vidadinin şeirlərində qəriblik mövzusu aparıcı xəttdir, onun qəribliyi böyük insanın, filosofun, ən nəhayət, əli həmişə Allah ətəyində olan tənha bir könülün qəribliyidir. Onun qəribliyi könülsüzlər içində yaşanan qəriblikdi".

Tədbirdə M.V.Vidadinin ədəbiyyat tariximizdəki yeri, şəxsiyyəti, ədəbi dilimizin formalaşmasındakı xidmətləri haqqında ətraflı danışan Qazax rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov belə bir görkəmli şairin Qazax torpağında yaşayıb-yaratmasından qürur duyduğunu vurğuladı. "Bir az öncə biz "Mütəfəkkirlər bağı"nda Qazax torpağının cəmiyyətimizə, ümumilikdə, bəşər mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərin xatirəsini yad etdik, Vaqifin, Vidadinin qoşa heykəlləri önünə gül-çiçək dəstələri qoyduq. Az-az xalqın taleyinə bir əsrdə Vaqif və Vidadi kimi söz ustalarının yetişməsi xoşbəxtliyi düşə bilər. Onlar doğma Azərbaycanımızın milli-mənəvi dəyərlərini yüksəldiblər, şerin diliylə əbədiləşdiriblər. Bu mənada Qazax camaatının böyük sənətkarlarla yanaşı, Vidadinin də adıyla öyünməyə böyük haqqı var. Ölkəmizin başçısı milli-mənəvi dəyərlərimizin yaşadılmasına, sənətkar haqlarına böyük diqqətlə yanaşır. Biz bu diqqəti hər an görür, hiss edirik. Və çalışırıq ki, bölgələrdə də ölkə başçısının apardığı siyasəti layiqincə davam etdirək. Azərbaycan xalqı qədirbilən xalqdı. Belə bir dəyərə malik olan ölkəmizdə Vidadiyə də xüsusi sevgi bəslənməsi təbiidir.

XVIII əsr Azərbaycan şerinin görkəmli nümayəndələrindən biri olan Vidadi yaşca özündən cavan olan böyük müasiri və dostu Molla Pənah Vaqiflə bərabər şerimizin sadə xalq dilinə yaxınlaşmasında, realist boyalarla zənginləşməsində önəmli xidmətləri olub. Aşıq şeri biçimlərindən məharətlə istifadə edən Vidadinin əruz vəznində də bir sıra qiymətli qəzəl, müxəmməs, müstəzad və müsəddəsələri var. Onun şeirləri "keçən günü bir-bir xəyal eyləməyin" vasitələrindəndir."

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli də ölməz sənətkarın dilimizin inkişafı sahəsindəki xidmətlərindən, yüksək şeriyyətindən söz açdı. "Ədəbiyyat tariximizdə Molla Pənah Vaqiflə Vidadinin adı həmişə qoşa çəkilir. Vidadinin şeir dili, ifadə vasitələri çox zəngindir. O, bizim görkəmli şairlərimizdəndi, yaradıcılığı həmişə xalqımızın, dövlətimizin diqqətində olub. Xalqımız belə qədirbilənliyi həmişə yüksək qiymətləndirir. Bu, ənənəyə bağlılıqdan irəli gəlir. Vidadiyə qayıdışımız milli dəyərlərimizə, varisliyə olan ehtiram hissindən irəli gəlir. "Vətən" deyib düşünməyin yolu Vidadidən keçir, keçən günlərin əzəli yaşantıları Vidadidə təzə-tərdi, gözəllik qarşısındakı heyranlıq, heyrət həm də Vidadidən qaynaqlanır:

 

Vidadi xəstənin canın almağa

Xət bir yana, xal bir yana düşübdür.

 

O, halallığı, doğmalığı və sədaqəti vəsf edir, şair dostuna bu dəyərlərin verdiyi dərsi keçirdi:

 

Gəl çəkmə cahan qeydini sən can belə qalmaz.

Qan ağlama çox, dideyi-giryan belə qalmaz"

 

Xalq artistləri Rafiq Əzimov və İlham Əsgərovun ifasında Səməd Vurğunun "Vaqif" dramından səhnə ifa edildikdən sonra Bakı Kamera Teatrının aktyorları Zülfiyyə Alhüseynova və Vüqar Məmmədəliyev Vidadinin "Gəl əylənmə qürbətdə", "Göz yolda" əsərlərini təqdim etdilər. Xalq artisti Arif Məlikovun "Gəl bizim dağlara" mahnısı əməkdar artisti Bilal Əliyevin ifasında iştirakçılara çatdırıldı. Aşıqlar Samirə Əliyevanın ifasında "Cəlili", Camoy Qurbanovun ifasında "Gəraylı", Hacı Abdıyevin ifasında "Qəhrəmani" havaları alqışlarla qarşılandı. Əməkdar artist Təyyub Aslanovun "Şur təsnifi"ni tarda Ələkbər Ələkbərov, kamançada İsmayıl Həmidov müşahidə etdi. Əməkdar artistlər Gülüstan Əliyeva "İnnabı"nı, Gülyanaq Məmmədova "Segah təsnifi"ni muğam üçlüyünün müşyiəti ilə təqdim etdilər. Xalq artisti Rafiq Əzimov M.V.Vidadinin "Gələcək", əməkdar artist Əli Nur "Bax" şeirləri ilə məclisi sehirlədilər.

Şair Musa Ələkbərli Molla Vəli Vidadiyə həsr etdiyi şeri oxuduqdan sonra Azərbaycan Yazıçılar Birliyinin məsul işçisi Ədalət Əsgəroğlu yubilyarın sənətkarlıq xüsusiyyətlərindən danışdı. Vurğuladı ki, Molla Vəli Vidadinin adı XVIII əsr türk xalqları sənətkarları içində Vaqif, Xəstə Qasım, Aşıq Valeh, Nədim, Şeyx Qalib, fəraqi, Qurdoğlu və başqaları ilə bir yerdə çəiklir. "Şübhə etmirəm ki, Vidadinin qoşma və gəraylıları öz dövründə yaranan dastanlarımıza daxil edilib, bu dastanların ətə-cana gəlməsində müstəsna rol oynayıb. Ona görə ki, Vidadinin şeirləri sevgi dastanlarımızın qəhrəmanlarının əhval-ruhiyyəsinə çox yaxındı".

Tanınmış rejissor Vaqif Əsədovun quruluş verdiyi ədəbi-bədii kompozisiya Vidadinin sufi şair ruhunu bütöv, boyaboy ifadə edirdi. Bu sufi ruh şəhadət verirdi ki:

 

Sultani-cahan olsa, gedər, canə inanma,

Bir gün pozulur, şövkəti-divanə inanma,

Haqq baqi deyil, mülkü-Süleymana inanma,

Gər aqil isən, gərdişi-dövranə inanma…

 

Vidadi poeziyası həmin gün yenidən qəlblərə hakim idi və elə bil ki, bu şeirlər XVIII əsrin bir ixtiyar şairinin dilindən yox, yurd-yuvasından didərgin salınmış, eli yağmalanmış minlərlə soydaşlarımızın könül rübabından səslənirdi:

 

Bəxt çöküb, çünki zəmanə dönüb,

Şadi-xürrəm işi fəğanə dönüb,

Ömrünün gülzarı xəzanə dönüb,

Novbaharı gedən bəs ağlamazmı?

 

Olmaya yanında yarı, cananı,

Puça çıxıb gedə ömri-cavanı,

Günbəgün əksilib şövkəti-şanı,

İxtiyarı gedən bəs ağlamazmı?

 

Onun yazdıqlarının müasirliyi zamanla, çağdaş həyatla səsləşməsindədi ki, elə bil bax elə bu gün, indicə yazılıb:

 

Bir baş çəkin dərdiməndin halına,

Ərzə yazsın, qələm alsın əlinə,

Vidadi xəstədən Bağdad elinə

Siz yetirin bir nişanə, durnalar!

 

Külli-Qarabağ torpaqlarımıza doğru gedən yol üstündə çəkilən bayatı, söylənən ağı kimi səslənir Vidadinin bu sətirləri:

 

Ərz eyləyim, bu, sözümün sağıdır,

Yollarınız haramıdır, yağıdır,

Şahin-şonqar sürbənizi dağıdır,

Boyanarsız qızıl qana, durnalar!

 

Necə də adbaad, necə də yerbəyerdi. Bizi klassik və çağdaş Vidadiyə, Vidadi vaqifliyinə qaytaran səbəbin bir ucu da əbədi ağrıyla, dərdlə bağlıdı.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.2.