Kaşğari işığı, Qaspıralı yolu

 

Yaradılanları yaşatmaq yenisini yaratmaq qədər həm çətin, həm faydalı, həm də şərəflidir. Xüsusilə, söhbət böyük bir ulusun əsrlər boyu ərsəyə gətirdiyi milli-mənəvi dəyərlərdən, mədəni irsdən gedirsə, onları yaşatmaq, onlara yeni nəfəs verərək, nəsildən-nəslə ötürmək, elə yenisini yaratmağa bərabərdir.

Türk dilinin beşiyi başında duran böyük Mahmud Kaşğari az qala min il bundan əvvəl ucsuz-bucaqsız türk ellərini illərlə dolaşaraq dünya, o cümlədən türk dili tarixinin ən möhtəşəm əsərini - «Divani-lüğat it-türk»ü yaratmışdır. Çar Rusiyası imperiyasında - böyük bir coğrafiyada - özünün əzəli və əbədi torpaqlarında, lakin rus əsarəti altında əziyyət çəkən türkdilli xalqların təhsilə, tərəqqiyə, elmə, mədəniyyətə, nəhayət, birliyə möhtac olduğu bir dönəmdə «Tərcüman»ı və «Dildə, fikirdə, işdə birlik» şüarı ilə tarixin səhnəsinə İsmayıl bəy Qaspıralı çıxdı. Altaydan Urala, Orta Asiyadan Qafqaza, Volqaboyundan Balkanlara səpələnmiş türk ulusunun eyni dəyərlərə mənsub olduqlarını və ona sahib olmanın vaxtı çatdığını anlatdı. Böyük ideoloq Əhməd Ağaoğlu İsmayıl bəyin vəfatı ilə əlaqədar «Türk yurdu» jurnalında dərc etdirdiyi (1914, ¹12) «İsmayıl bəy Qaspirinski» adlı məqalədə yazırdı ki, öz ideyalarını yaymaq üçün «qapı-qapı dolaşmaq məcburiyyətində qalan» İsmayıl bəyin israrla təqib etdiyi qayənin türkdilli xalqlara bir dilə, bir mədəniyyətə mənsub olduqlarını təlqin etməkdən ibarət idi. Bu birliyi duyan hər bir qövm əslində milli-mənəvi vəhdətin zərurətini duymuş olacaqdı.

Hələ sovetlər dövründən - dəmir pərdə arxasındakı rejim və kommunist ideologiyasının hakim olduğu vaxtdan - 1980-ci illərin əvvəllərindən türk elləri adı, sorağı ilə səfərlərə çıxan Yücel Feyzioğlunun məramı, məqsədi, hədəfləri barədə fikirləşəndə təbii olaraq böyük Kaşğari və Qaspıralını xatırladım. Bu öndərlərin işığı, yolu ilə gedən yüzlərlə, minlərlə cəfakeş, fədakar davamçıları olmuşdur, yenə də olacaqdır. Yücel Feyzioğlunu da özü demiş, həyəcanlandıran, düşündürən, səfərlər edən bu dühaların ideya və əməlləri olmuşdur.

1946-cı ildə Qarsda dünyaya göz açan Yücel Feyzioğlu hələ kiçik yaşlarından yazı-pozuya meylini salmış, məktəb dəftərindəki ilk şeirləri ilə müəlliminin diqqətini çəkmiş, onun tövsiyəsi ilə daha heç vaxt qələmdən ayrılmamışdır. Bunları yazarkən, on illər boyu Azərbaycan atalar sözlərini toplayan, nəşr etdirən Əbülqasım Hüseynzadə və onun məşhur dəftəri yadıma düşür. Məktəbli ikən hər gün atasının gündəlik xərci kimi verdiyi 5 qəpiklə baqqal dükanlarını gəzən, diqqəti çəkmək üçün üstünə atalar sözləri yazılmış saçaqlı konfet kağızlarını toplayan və səliqə ilə məktəb dəftərinin vərəqləri arasına yığan Əbülqasımın hərəkəti böyük Üzeyir Hacıbəyovun və dövrünün tanınmış maarifpərvər pedaqoqlarından sayılan Fərhad Ağazadənin diqqətindən qaçmır. Fərhad Ağazadə Ə.Hüseynzadəyə «Bu, nəcib, xeyirxah işdir. Xalqımızın incilərini toplayırsan. İşində möhkəm ol. Dama-dama göl olar» - deyib onu ruhlandırır. Üzeyir bəyin dediklərini isə Əbülqasım həyat kredosu kimi qəbul edir: Əbülqasım, indi söz çeynəyən çox, söz deyən azdır. Odur ki, müdrik atalar sözlərinin qədrini bilmək, onları misqal-misqal toplayıb xalqın özünə qaytarmaq lazımdır. Yoxsa, atalar demişkən, «dama-dama göl olar, dada-dada heç». Bundan sonra, necə deyərlər, Əbülqasım ayağına çarıq geyib, bir əlinə qələm, bir əlinə əsa alıb, el-el, oba-oba gəzməyə, atalar sözlərini toplamağa başlayır. Lap nağıllardakı kimi. Nağıllar demiş, Sovet dövründə ötən əsrin 20-30-cu illərində Azərbaycan nağıllarını da, digər şifahi söz nümunələrini də toplayan, səf-nəzər edən, çox sayda kitab buraxan Əhliman Axundov, Məmmədhüseyn Təhmasib, Hümmət Əlizadə, Hənəfi Zeynallı, Vəli Xuluflu, Salman Mümtaz, Bəhlul Behcəti kimi fədailərimiz də olmuşdur. Onların bu missiyasını 70-ci illərdən sonra Nurəddin Seyidov, Vaqif Vəliyev, Sədnik Paşayev, Mürsəl Həkimov, Qəzənfər Paşayev, Bəhlul Abdullayev, Əzizə Cəfərzadə, Azad Nəbiyev, Məhərrəm Qasımlı kimi tanınmış alimlər davam etdirmişlər.

Yücel Feyzioğlu toplama dairəsinin, fəaliyyət coğrafiyasının genişliyi ilə diqqəti çəkir. Taleyin hökmü ilə 1972-ci ildə Almaniyada məskunlaşmışdı, burada Höte İnstitutunda ali dil təhsilinə yiyələnmiş, Andersson Yazıçılıq Akademiyasını bitirmişdir. Bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olduqdan sonra özünü bütünlüklə yaradıcılığa həsr etmişdir. Almaniyadakı türk uşaqlarının doğma dilə, ədəbiyyata, mədəniyyətə, məmləkətə məhəbbət ruhunda böyüməsi üçün əlindən gələni əsirgəməmişdir. Y.Feyzioğlunun «Kəloğlan» və «Sehirli limon» adlı nağıl kitabları müxtəlif dillərə tərcümə edilərək yayılmış, böyük əks-səda doğurmuşdu. Ötən əsrin 80-ci illərinin əvvəllərində, dəqiq desək, 1982-ci ildə Bakıya ilk səfəri ilə Y.Feyzioğlunun həyat və yaradıcılığında yeni mərhələ başlayır.

Xalq yazıçısı Elçin Yücel Feyzioğlunun nəşr etdirdiyi nağıllarla tanışlıqdan sonra ona xitabən - «Bizim çoxlu xalq nağıllarımız var. Onları da Avropaya tanıtmaq lazımdır» - dedi. Bu unudulmaz görüşdən aldığı təəssüratı az qala 30 il keçəndən sonra Y.Feyzioğlu belə xatırlayacaq: «Türk dilində danışılan bütün coğrafiyalarda qardaş nağılları toplamaq düşüncəsi o zamandan beynimə həkk oldu…».

Beləliklə, Y.Feyzioğlu intəhasız dəryaya, incilər dünyasına, nağıllar aləminə qədəm qoydu. Həvəslə, sevgi və ehtirasla türk ellərindən nağılları toplamağa, yenidən işləyərək nəşr etməyə başladı. Anadoludan, Azərbaycandan, Dağıstandan, Tuvadan, Qaqauzdan, Karaçaydan, Özbəkistandan, Türkmənistandan, Qazaxıstandan, Qırğızıstandan, Kosovadan, Tatarıstandan, Başqırdıstandan, Altaydan, Xakasyadan… topladığı, yenidən yazdığı onlarca nağıl kitab-kitab uşaqlara hədiyyə edildi.

Y.Feyzioğlunun nəfis tərtibatla, Mustafa Dəlioğlunun rəsmləri ilə yenicə işıq üzü görmüş «Kardeş masallar» adlı kitabı (İstanbul, 2009, Yapı Kredi Yayıları (YPY), «Doğan Kardeş», 303 səh.) xüsusilə diqqəti çəkir. Burada Azərbaycan, qaqauz, xakas, kalmık, qaraçay, qazax, kərkük, kıbrıs, qırğız, noğay, özbək, tatar, tuva, uyğur… bir sözlə, türk soyundan olan əksər xalqların 39 nağılı verilmişdir. Kitabın üstün keyfiyyətlərindən biri də budur ki, balaca oxucular nağıldan əvvəl onun mənsub olduğu türk soyunun ölkəsi, məskunlaşdığı ərazi barədə məlumatlandırılır. Arzu olunur ki, gələcək kitablarda bu bölgələr haqqında informasiyalar daha sistemli, daha səhih, müfəssəl və zəngin olsun. Uşaq oxucunun nağıl qəhrəmanlarının vətəninin tarixi-maddi abidələri, milli-mənəvi irsi, yazarları ilə, hətta təbiəti ilə tanışlığı onu öz soyuna da möhkəm tellərlə bağlayacaq. Yücel Feyzioğlunun fəaliyyəti sayəsində ərsəyə gələn, işıq üzü görən nağıllar ilk növbədə uşaqların böyük marağına səbəb olmuşdur, digər tərəfdən KİV-in, tanınmış ədəbiyyat xadimlərinin, təhsil müəssisələrinin, böyüməkdə olan nəslin problemləri ilə məşğul olan mütəxəssislərin diqqətini çəkmişdir. Türkiyə, Almaniya, Hollandiya kimi ölkələrdə nəşr olunan kitablar böyük əks-səda yaratmış, Y.Feyzioğlu müxtəlif quruluşların çoxsaylı mükafatına layiq görülmüşdür. Heç şübhəsizdir ki, Y.Feyzioğlunun aldığı mükafatlar sırasına dünyanın müxtəlif şəhərlərindən müəllim və şagirdlərin ona ünvanladığı səmimi məktublar da daxildir. KİV Y.Feyzioğlunun nağıllarını mədəni həyatda hadisə kimi qiymətləndirir, uşaqların təlim-tərbiyəsində bu əsərlərin rolunu yüksək dəyərləndirirlər. «…həsrətimizi, umudlarımızı, duyğularımızı dilə gətirdiniz nağıllarda. Vacib olanı, lakin etmədiyimizi nağıl qəhrəmanları vasitəsilə həyata keçirdiniz, söyləmək istədiyimizi, lakin demədiklərimizi, yaxud deyə bilmədiklərimizi nağıl qəhrəmanlarının dili ilə dediniz». («Hürriyyət», 10.05.1984). «…Yalnızca uşaqlar üçünmü?.. Yox, yox, min dəfə yox» («Die Brücke, iyun 1984). «Vilhelmsburq» kitab dükanında Yücel Feyzioğlunun nağıl oxuma günü səbəbi ilə uşaqlar basabas yaratdılar («Hamburger Abendblatt», 10.12.1984). «Türk uşaqları kimi avropalı uşaqlar da Yücel Feyzioğlunun nağıllarını oxuyurlar» («Milliyyət-Panorama», 08.06.1986). «Yücel Feyzioğlunun yazdığı nağıllar Almaniyada türk və alman uşaqları arasında bir körpü saldı. Alman uşaqlarından bəzisi Kəloğlanla görüşmək üçün yolunu Türkiyəyə saldı, bəziləri də saçlarını qazıtdırıb Kəloğlana bənzəmək istədilər» («Birgun», aprel, 2004). Bu sitatların sayını on qat artırmaq olar. Başlıcası odur ki, bir çoxları tərəfindən «nağıl elçisi» adlandırılan Y.feyzioğlu türk xalq nağıllarını, həm bu soydan olan xalqlar arasında, həm də Avropa xalqları arasında inadla, israrla və uğurla yayır, təbliğ edir. Nağılla birlikdə oxucular qədim türk ellərinə səyahət edir, yerli xalqlarla onların həyat, düşüncə tərzi, adət-ənənələri, məişəti ilə daha yaxından tanış olurlar.

Nağıllar digər şifahi söz nümunələri kimi balacaların igid, sədaqətli, düzgün, prinsipial, əməksevər, imanlı, inamlı həyata üstünlük verən, halallıqla yaşamağı təlqin edən böyük sərvətdir, sənətdir. Nağıllar keçmişləri sevdirir, gələcəyə səsləyir. Balacalar hər nağıl oxuyandan sonra bir az böyüyür, sərbəst olur, yaxşını pisdən, gözəli çirkindən seçir, onda sabah üçün xoş niyyətli xəyallar, arzular baş qaldırır. Nağıllar uşaqların əqidəsinin formalaşmasına, fiziki və mənəvi saflığının təminatına təkan verir.

Ötən il Bakıda Atatürk mərkəzində tanınmış şair-publisist Dilsuzun qələmə aldığı 70-ə yaxın nağıl kitabının (ideya müəllifi Elçin, layihə rəhbəri Qoşqar İsmayıloğlu) təqdimat mərasimində çıxış edən akademik Bəkir Nəbiyev nağılları obrazlı ifadə ilə körpələr üçün vaksin adlandırmış və demişdi ki, bu nağıllarla tərbiyələnən, böyüyən uşaqların əsl vətəndaş kimi yetişəcəyinə bizdə böyük inam və ümid var. Bütün bunları və daha artığını dərindən dərk edən Y.Feyzioğlu nə az, nə çox, bu vaxta kimi onlarca nağıl kitabı nəşr etdirmişdir, gələcək planları isə daha geniş, daha maraqlıdır. 2010-cu ilədək türk dünyasına aid 22 cildlik nağıl kitabı buraxmaq. Bu seriyaya daxil olan 10 cild artıq işıq üzü görmüşdür. İnanırıq ki, Yücel bəy sevimli nağıl qəhrəmanları kimi öz xoş niyyətinə, məqsədinə yetişəcək.

 

 

Abid TAHİRLİ

 

Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.4.