Bakıda A.S.Puşkinin
anadan olmasının 210-cu ildönümü qeyd edildi
İyunun
6-da Aleksandr Sergeyeviç Puşkinin Bakının ən
gözəl guşələrindən birində
ucaldılmış abidəsi önünə böyük
şairin anadan olmasının 210-cu ildönümü
münasibətilə poeziya həvəskarları toplaşmışdılar.
Rusiya
hökumətinin hədiyyəsi olan bu bürünc abidənin
2001-ci il oktyabrın 12-də açılışı
olmuşdur. Abidənin açılışında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev iştirak
etmişdir. Həmin vaxtdan hər il iyunun 6-da böyük rus
şairinin ad günündə poeziya həvəskarları
abidənin önünə gəlirlər.
Rusiya
Federasiyasının Azərbaycandakı səfirliyinin,
“Rossotrudniçestvo” nümayəndəliyinin, Bakının Səbail
Rayon İcra Hakimiyyətinin, “Sodrujestvo” Azərbaycan
xalqlarının Respublika Həmrəyliyi Cəmiyyətinin təşkil
etdikləri ədəbi görüşün
iştirakçıları, məktəblilər, ictimaiyyət
nümayəndələri Aleksandr Puşkinin abidəsi
önünə tər çiçəklər qoymuşlar.
“Sodrujestvo”
Azərbaycan xalqlarının Respublika Həmrəyliyi Cəmiyyətinin
sədri Tatyana Kərimova, Rf-nin ölkəmizdəki səfiri
Vladimir Doroxin, xalq yazıçısı Anar, Səbail Rayon
İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov,
RF Prezidenti Dmitri Medvedev tərəfindən Puşkin medalı
ilə təltif olunmuş Bakı Slavyan Universitetinin rektoru
Kamal Abdulla ədəbiyyatın, insanların mənəvi aləminin
inkişafında Puşkin poeziyasının əhəmiyyəti
barədə danışmışlar.
A.S.Puşkinin
hər ad günündə onun şeirləri səsləndirilir,
nağıllarından parçalar göstərilir. 4
yaşlı Danila Orexov “Keşiş və onun işçisi
Balda haqqında nağıl”ı, əzbərdən söyləmiş,
“Nord” uşaq bağçasında tərbiyə alan körpələr,
paytaxtın orta məktəblərinin şagirdləri,
Bakı Slavyan Universitetinin tələbələri, “Günay”
uşaq teatrının aktyorları şairin şeirlərini
oxumuş, tamaşalar göstərmişlər.
Tarixə
çoxlu böyük şairin adı həkk olunmuşdur. Lakin
onların heç də hamısı uşaqların,
ziyalıların, sadə əmək adamlarının,
müxtəlif millətlərin nümayəndələrinin
eyni məhəbbətini qazanmamışdır. Bu gün
Puşkinin şeirləri bütün dillərdə, hətta
esperanto dilində də səslənir. Qeyd edək ki,
Puşkinin əsərlərinin tam toplusu yalnız Rusiyada və
Çində nəşr edilmişdir. Şairin şeirləri
hansı dildə səslənməsinə baxmayaraq, eyni dərəcədə
hamıya aydındır və sevilir. Çünki bu şeirlər
məhəbbət, xeyirxahlıq, əbədi dəyərlər
barədədir.
Azərbaycanda
Puşkin artıq XIX əsrin 20-30-cu illərindən
tanınmağa başlanmışdır. Şairin
ölümünə ilk əsəri Mirzə fətəli
Axundov yazmışdır. Onun “Şairin ölümü”
şerini rus dilinə Bestujev-Marlinski tərcümə
etmişdir.
Puşkinin
Moskvada abidəsinin açılması ilə əlaqədar
Azərbaycan şairi Seyid Əzim Şirvani şeir
yazmışdır. Puşkinin 100 illiyi ilə bağlı Məmmədtağı
Sidqinin məruzəsi ayrıca kitabça şəklində
buraxılmışdır. Böyük rus şairinin şeirlərini
Azərbaycan dilinə Firidun bəy Köçərli və Rəşid
bəy Sidqi çevirmişlər. Sonralar Puşkinin şeirlərinin
Azərbaycan dilinə tərcüməsi ilə Abbas Səhhət,
Mikayıl Müşfiq, Məmməd Rahim, Rəsul Rza məşğul
olmuşlar. Əlbəttə, burada Səməd Vurğunun
böyük rus şairinin “Yevgeni Onegin” əsərini tərcümə
etməsi xüsusi vurğulanmalıdır.
Puşkinin
həyat və yaradıcılığı barədə
görkəmli Azərbaycan tədqiqatçıları
Mikayıl Rəfili, Məmməd Arif, Əziz Şərif,
Şıxəli Qurbanov əsərlər yazmışlar. Böyük
bəstəkarlarımız Qara Qarayev və Ağabacı
Rzayeva şairin şeirlərinə romanslar bəstələmişlər.
Şairin
anadan olmasının 210-cu ildönümü də yeni nəşrlər
və tədbirlərlə qeyd edilmişdir. Belə ki,
“Sodrujestvo” Azərbaycan xalqlarının Respublika Həmrəyliyi
Cəmiyyəti nəzm və nəsr əsərləri toplusu
nəşr etmişdir. Topluya “Ədəbi Azərbaycan – 2009”
IV Respublika festivalı iştirakçılarının əsərləri
daxil edilmişdir. Yubileylə bağlı respublikamızın
bütün məktəblərində rus dilinin öyrədilməsinə
dair “Puşkiniana” müsabiqəsi keçirilmişdir. Azərbaycandakı
rus icması yanındakı rus mədəniyyəti mərkəzi
ədəbi-musiqili müsabiqə təşkil etmişdir.
Qocaman
jurnalist İvan Tretyakovun Puşkinin yubileyinə həsr etdiyi
essedə deyilir: “Bu yubiley şairin yeni minilliyə daxil
olması kimi nəzərdən keçirilməlidir. Yeni
minillikdə də şairin nəsr və nəzm əsərlərinə,
onun nikbinliyinə, uzaqgörənliyinə, həqiqəti
söyləməsinə, insanların ürəklərini
alovlandırmasına, onun insan zəifliyinə kinayəli-kədərli
təbəssümlə nəzər salmaq qabiliyyətinə
heyran olacaqlar”.
Ədəbiyyat qəzeti.-2009.-12
iyun.-S.5.