Tarixi həqiqətlərin
ekran təcəssümü
Bu
günlərdə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Tədris
Teatrında Rusiya Federasiyasının "Studiya Kinoprodukt"
şirkətinin yüksək peşəkarlıqla çəkdiyi
və Moskvanın "Zvezda" telekanalında nümayiş etdirilən
"Əfsanənin əks üzü" seriyasından
"26 Bakı komissarı" sənədli filminə
geniş ekranda baxış keçirilmişdir. Sənədli
filmin aparıcısı Rusiyanın məşhur kino ulduzu
Aleksandr Nosik, ssenari müəllifi Yelena Melnikova, redaktoru Olqa
Ditrix, quruluşçu rejissoru Roman Otrıba və
quruluşçu operatoru İvan Rozovdur. Filmin ayrı-ayrı
hissələri Moskva və Bakı şəhərlərində
lentə alınmış, çəkiliş prosesində zəngin
arxiv materiallarına və elmi ekspertlərə müraciət
olunmuşdur. "26 Bakı komissarı" sənədli
filmində hərbi tarixçilər Dimitri Fost, Vyaçeslav
Zvyaqintsyev və azərbaycanlı tədqiqatçı-alim
Asif Rüstəmli toxunulan mövzuların mürəkkəb,
ziddiyyətli, eyni zamanda, naməlum tərəflərinin elmi
şərhini vermişlər.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin prorektoru, professor Rafiq Sadıqov tədbiri
açaraq sənədli filmin faktlara, sənədlərə
köklənmiş məziyyətlərindən,
Şaumyanın və onun rəhbərlik etdiyi antiazərbaycan
siyasətinin ağır nəticələrindən, elmi
ekspertlərdən biri, tədqiqatçı-alim Asif Rüstəmlinin
bu filmdəki sanballı çıxışlarından, onun məxfi
arxivlərdə apardığı səmərəli
araşdırmalardan söz açdı.
"Əfsanənin
əks üzü" seriyasından "26 Bakı
komissarı" sənədli filmi müasir avadanlıqlarla təchiz
olunmuş Tədris Teatrının geniş ekranında
nümayiş etdirildikdən sonra müzakirələr
başlandı. Öncə söz filmin elmi eksperti, tədqiqatçı-alim
Asif Rüstəmliyə verildi. O dedi ki, Moskva
kinematoqrafçılarının müraciətinə
respublikamızın Mədəniyyət və Turizm Nazirliyi rəsmi
mövqeyini sərgilədikdən sonra filmin çəkilişləri
Bakıda dənizkənarı bulvarda, İçərişəhərdə,
Şirvanşahlar sarayında, sabiq 26-lar bağında, Bibiheybətdə
və Məhəmmədi kəndindəki Yanardağda
reallaşdırıldı.
Bütövlükdə
filmin ruhu qənaətbəxşdir, yüksək peşəkarlıqla
çəkilmişdir. Başda S.Şaumyan olmaqla bolşevik
cildinə girmiş erməni qatillərinin,
vandallarının, soyqırımı törədənlərin
iç üzü, mənfur niyyəti filmdə kifayət qədər
cəsarətlə açıqlanmışdır. Şaumyanın,
Korqanovun (erməni əsillidir), Avetisyanın, Lalayanın,
Amazaspın, Əmiryanın başçılıq etdiyi
daşnak-bolşevik cinayətkar quldur dəstələrinin azərbaycanlılara
qarşı soyqırımı törətməsi, Bakıda
10 min, Şamaxıda 6 min, Qubada 4 mindən çox silahsız
və günahsız insanların qəddarıqla qətlə
yetirilməsi faktı Rusiya miqyasında bəlkə də ilk
dəfə bu film vasitəsilə geniş
tamaşaçı auditoriyasına çatdırılır.
Asif
müəllim 26-lar kimlərdir? - sualına cavab olaraq qeyd etdi
ki, "26 Bakı komissarı" siyasi termin olaraq bu adı
daşıyanların siyasi arenanı tərk etmələrindən,
cismani varlıqlarının qürubundan, tarix səhnəsindən
silinmələrindən iki il sonra yaranmış və
dövriyəyə buraxılmışdır. Bakı
komissarlarının hamısı Ağcaqum çölündə
güllələnməmişdir. Və yaxud Ağcaqum
çölündə güllələnənlərin
hamısı komissar deyildir. Ümumiyyətlə, Bakı Xalq
Komissarları Sovetinin 26 komissar ştatı olmayıb. O, həmkarı,
filmin eksperti Dimitri fostun Qafqaz müsəlman ordusunun Bakıya
daxil olması barədə danışarkən "türklər
gəlsə, bütün xristianları qıracaq, o cümlədən
rusları" ifadəsini işlətməsinə cavab olaraq
dedi ki, fakt və həqiqət ondan ibarətdir ki, türklər
gəlir və Bakının "xristian əhalisini, öncə
rusları məhv etmir”. Hətta Cümhuriyyətin
qurucuları 1918-ci ilin martında əlləri azərbaycanlıların
qanına batmış "Daşnaksütun"
partiyasına, erməni milli şurasına və xəyanətkar
Slavyan-rus cəmiyyətinə Azərbaycan Parlamentində yer
ayırır.
D.fostun dediklərindən və düşündüklərindən fərqli olaraq o dövrün qəzetlərində dezinformasiyaları
təkzib edən ibrətamiz faktlar və məlumatlar da yer almışdır.
Məsələn, "Azərbaycan"
qəzetinin 19 sentyabr
1918-ci il tarixli 2-ci sayında qeyd olunur ki, şəhər
ermənilərinin arximandriti
(baş monarxı -
A.R.) Levonun başçılığı,
İ.N.Xocayevin və
Q.M.Şahnəzərovun iştirakı
ilə 6 nəfərlik
nümayəndə heyəti
15 sentyabr Bakının
alınması münasibətilə
Fətəli xan Xoyskini və onun müavini Nuru Paşanı təbrik etmişdilər.
Arximandritin 6 nəfərlik
heyətlə Azərbaycan
Cümhuriyyətinin rəhbərlərini
təbrik etməsi D.Fostun filmdə söylədiklərinin məkrli
yalan olmasını təsdiqləyən tutarlı
arqumentdir. Bundan əlavə, Levonun
azərbaycanlı həmkarı,
Şamaxı məscidinini
axundu molla Cəfərqulunun Lalayanın
quldur və qatilləri məscidə sığınmış minlərlə
qadınların, uşaqların,
qocaların gözü
qarşısında gözünü
çıxarır, dilini,
qulağını, burnunu
kəsir və sonra məscidə, mədrəsəyə od
vuraraq hamısını diri-diri
yandırırlar. Şaumyanın
rəhbərlik etdiyi daşnak-bolşevik bandalarının
Şamaxıda diri-diri
yandırdığı şəxslərdən
biri də Azərbaycanın görkəmli
ictimai-siyasi xadimi, Rusiya Birinci Dövlət Dumasının
deputatı Məhəmməd
Tağı Əlizadədir.
O məşum, müsibətli
günləri səhifələdikcə
ən yaxın tariximizin Xocalı faciəsi, Bağanis-Ayrım yanğısı
yaddaşları göynədir.
Bakı komissarlarının acınacaqlı
taleyi, rəhbərlik
etdikləri hərbi rejimin rüsvayçı
süqutu onların antiazərbaycan siyasətinin,
xalqa zidd mövqelərinin qaçılmaz
məntiqi nəticəsi
idi. Qısa fəaliyyətləri dövründə Bakıda,
Şamaxıda, Qubada kütləvi məzarlıqlar
yaradan Bakı komissarlarının aqibəti
də kütləvi məzarlıqla sonuclandı.
Sənədli film tarixi həqiqətləri
üzə çıxardığı
üçün müstəsna
əhəmiyyət kəsb
edir.
Mərasimdə Qafqaz
Universitetinin professoru Minaxanım Təhləli,
filologiya elmləri doktoru İslam Ağayev, rejissorlardan Ağakişi Kazımov, Ədalət Ziyadxanlı,
Fikrət Məlikov, kulturoloq Fatimat Məmmədli, filoloq Fəridə Əsgərova,
yazıçı-publisist
İntiqam Mehdizadə
və b. vurğuladılar ki, sənədli film yüksək peşəkarlıqla çəkilib,
26-lar haqqında uydurulmuş
əfsanələr dağıdılaraq
tarixi həqiqətlərə
geniş yer verilmiş, azərbaycanlılara
qarşı ermənilərin
törətdiyi kütləvi
qırğınlar, soyqırımı
faktı filmdə etiraf olunmuşdur. Tədbirin yekununda qeyd olundu ki, "Əfsanənin əks üzü" seriyasından
"26 Bakı komissarı"
sənədli filmi tərcümə edilərək
Azərbaycanda və beynəlxalq aləmdə yayılmalı, rusiyalı
kinematoqrafçıların nəcib və cəsarətli işi minnətdarlıqla anılmalıdır.
Leyla Adışirinova
Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.8.