Sevgidən doğan nifrət

 

Bir ailə tanıyırdım, gənc idilər. Hər ikisi də cavan və gözəl, hər ikisi bir-birini dərindən-dərin, ülvidən-ülvi bir məhəbbətlə sevirdi. İllərin necə keçdiyindən xəbərləri olmurdu. Xoşbəxt cütlük üçün zamanın, vaxtın elə bir mənası da yox idi. Ər tezdən durub sevimli həyat yoldaşını öpər, sağollaşar, işə gedərdi. Gün ərzində neçə dəfə evə zəng vurar, arvadından hal-əhval tutardı. Arvadı isə evdə hər rahatlığı təmin edər, stol düzəldib ərinin işdən qayıtmasını gözlərdi.

Elə bir vaxt gəlib çatdı ki, orta yaşa dolmuş ailə vaxtın nə olduğunu, vaxtın hərdən dayandığını, ləngidiyini, haradasa ilişib qaldığını hiss etməyə, başa düşməyə başladı. Ər vəzifə pillələrini qalxdıqca ailəyə, həyat yoldaşına münasibəti pillə-pillə aşağı enməyə başlayırdı. Başı bərk qarışmışdı - işi çoxaldıqca, ətrafında yeni-yeni qadınlar peyda olduqca, evdə yolunu gözləyən qadına münsibəti soyuqlaşırdı. İllər beləcə soyuq-soyuq bir-birini əvəz edirdi. Sən demə, heç nə əbədi deyilmiş, heç məhəbbət də əbədi olmurmuş.

Ailə, həmişə olduğu kimi, bu il də yayda bağa köçmüşdü. Yad qadınların telefon zəngindən, biabırçı mesajlarından zinhara gələn, mənliyi, qüruru tapdalanan qadın bütün bu işgəncələrin nə zaman sona çatacağını ərindən soruşur. Ər daşa dönüb cavab vermir, buz kimi soyuq nəzərlərini divara çevirir. Üzü də, gözünün ifadəsi də mənasızlaşmışdı. Bir zamanlar onsuz yaşaya bilməyəcəyini dəfələrlə söylədiyi ömür-gün yoldaşına indi lazımsız bir əşya kimi laqeydcəsinə nəzər saldı. Qadın dərd əlindən başını götürüb qaçmaq, qaçmaq, hər şeydən uzaqlaşmaq istədi.

Qadın hər şeyi dərk edirdi, başa düşürdü ki, kişidə qısqanclıq ən pis xasiyyət olsa da, qadına laqeyd olması dəhşət imiş. Qadın düşdüyü iztirablardan az da olsa yaxa qurtarmaq, başını qatmaq üçün həyətə çıxdı. Bağa keçdi. Yetişmiş əncirləri görəndə bir anlıq keçmiş xoşbəxt günlərinə qayıtdı. Hər şeyi unudub sevimli ərinə əncir yığmağa başladı. Göbəyindən bal süzülən, günəş şüaları altında bərq vuran yetişmiş əncirləri seçir, ehmalca qoparırdı. fikri keçmişdə qaldığından ağacın budağına dolanmış ilanı görə bilmədi. Budağın lap yuxarısında yetişmiş ənciri qoparmaq istəyəndə ilan başını onun köksünə doğru uzatdı. Heç nə başa düşməyən qadın dəhşətlə qışqırdı. Qışqırığa çıxan ər səs gələn tərəfə doğru addımladı. Qabaqda, ağacın altında ağrının şiddətindən qıvrılıb-açılan arvadını gördü. Qadının gözlərində yalvarış dolu bir ifadə vardı. O sözlərini deyə bilmirdi, kəsik-kəsik nəfəs alırdı. Bir zamanlar başına pərvanə kimi dolandığı əri indi ondan aralı dayanmışdı. Soyuq baxışlarını can verən arvadına zilləmişdi. Qadının qulağında nənəsinin bir vaxtlar dediyi sözlər cingildədi: "Ərin üzü dönüncə, atın yəhəri dönsə yaxşıdır". Qadın indi başa düşdü bu sözlərin hikmətini.

Arvadının bütün bədəni qurbanlıq qoyun kimi kişinin ayaqları altında çabalayırdı. Kişinin gözlərində kinli bir ifadə var idi, gözlərindən sarı ilanlar tökülürdü. Ürəyi daşa dönmüşdü. Baxışları qışın soyuq, sərt üzünə bənzəyirdi. Bilinmirdi o sevinir, ya kədərlənir? Onun onsuz da açıq olan yolları daha da açılırdı. İndi onu heç kəs qınaya bilməyəcəkdi. Çünki o, indi dul kişi olurdu. Ərinin buz kimi baxışlarından qadının əti ürpəşdi. Çəkdiyi ağrıdan daha inildəmədi. Dodaqlarını bərk-bərk dişlərinə sıxdı. Bir az keçmiş qadının gözləri don vurmuş şüşəyə döndü. Kişinin üzündə iblisanə bir görkəm əmələ gəlmişdi.

…Sevgilisi cavan idi, qızından da cavan. Həmin fitnəkar qız idi qadının ailəsinə girən, soyuqluq yaradan, qadına bu dünyada cəhənnəm əzabı çəkdirən, qadının yuxusuz gecələrinə səbəb olan.

Onlar çoxdan görüşürdülər. Ancaq kişinin xəbəri yox idi ki, sevgilisinin özünün də cavan bir sevgilisi var. Hələ bunları kişiyə hiss etdirmək olmazdı. Çünki kişi hələ cavan sevgililərə lazım idi. Onun kifayət qədər varı-dövləti, vəzifəsi və nüfuzu var idi.

Kişi illər ötdükcə sevgilisinin ondan soyuduğunu, bəzən də evə gec gəldiyini görür, hiss edir, ancaq bir soz deyə bilmirdi. Qızın onu atacağından qorxurdu. Atılmaq, unudulmaq çox çətindir.

Günlərin bir günü hər şeyə nöqtə qoyuldu. İndi kişi nimdaş paltar kimi küncə tullanmışdı. Günlərlə tək qalırdı. Hərdən yuxularına arvadı girirdi. Ərinin başını sığallayır, öpür, mehriban, nəvaziş dolu baxışla onu süzür və xəfif yerişlə uzaqlaşırdı.

...Kişi yavaş-yavaş ayağa qalxdı. Ciblərini axtardı, pullarını toplayıb arvadının uyuduğu qəbiristanlığa yollandı. Yaxınlıqdakı gül köşkündən arvadının sevdiyi nərgiz gülündən bir dəstə alıb onun qəbri üstə qoydu. Çoxdan yadırğadığı cığırı ot basmışdı. Baxımsızlıq üzündən arvadının başdaşı əyilmişdi. Günahkarcasına başını qaldırıb arvadının qəmli gözlərinə baxdı.

Onun gözlərindən iki damla yaş üzünə, sinəsinə, oradan da arvadının uyuduğu torpağa töküldü.

Orada nə qədər oturduğunu bilmədi.

Hiss edirdi ki, nə isə onu izləyir. Nəzərlərilə ətrafa göz gəzdirdi. Sarı bir ilanın ona sarı süründüyünü gördü. Yerindən tərpənməyib oturduğu yerdə donub qaldı.

 

 

Salatın Əhmədli

 

Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.8.