Miniatürlər
Bizdən küsən illərimiz
Bir
insan ömrü sayıla biləcək həyatımı sənə
həsr etdim. "Uf" demədən, xəsislik etmədən,
heç nəyin fərqinə varmadan bütün illərimi
sənə verdim, hisslərimi, duyğularımı sənə
sərf etdim.
Sən
işlədin, gecə-gündüz çalışdın, saatları
günlərə, günləri aylara qatdın, onları isə
düşünməyə vaxt tapa bilmədin. Günlərimiz
aya döndü. Sual dolu baxışlarla gözlərini
üzümüzə zillədi. Nə isə demək istədi,
nəyi isə başa salmaq istədi. Saymazlıq etdik, onlara
yuxarıdan aşağı baxdıq. Gənc idik hələ,
çox şeyləri başa düşmürdük.
Aylarımız
ilə döndü. Yenə də həmin iztirablı
baxışlar, cavabı tapılmayan suallar. İllər lal
baxışlarla bir daha bizi süzdü, süzdü… və
sürətlə geriyə qayıtdı, tarixin
keçmiş səhifələrinə çevrildi.
Aylar,
illər küsdü bizdən. Küsdü bizim laqeydliyimizdən.
O illərdən lazımınca istifadə edə bimədik,
illərimizi yelə verdik.
İllərdə
qalan gəncliyimizi artıq xərcləmişdik. Bədxərclik
etmişdik. İllər üzümüzə baxanda onların
nə dediyini başa düşmədik. Küsdürdük
illəri.Onlar bizi saatlarla, günlərlə, aylarla gözlədilər.
Dözərək gözlədilər. Bizsə onları
eşitməzliyə, görməzliyə vurduq.
…İllər
bizdən küsdü.
Bir
qoca gördüm, beli ikiqat əyilmişdi. Elə bil yerdə
nəyinsə axtarışında idi. Soruşdum: "Qoca, nə
axtarırsan?" Cavab verdi: "İllərə dönüb
itən qayğısız uşaqlığımı, gəncliymi…"
Sözlərin dərin təəssüf hissiylə,
peşimançılıqla deyildiyini anladım.
İnsan
üç şeyin olmasını istəmir: xəstəliyin,
qocalığın və ölümün.
İnsan
üç şeyin qədrini bilmir: sağlamlığın,
cavanlığın və həyatın.
Bir də sevginin qədrini bilmir. Onun qismətinə, taleyinə çıxmış sevginin. Hər bir sevgidə bir nifrət, hər bir nifrətdə bir sevgi yaşayır.
İllərə qarışıb onun içində ərimiş sevgimizin qədrini lazımınca qiymətləndirə bilmədik.
İllər küsdü bizdən, tarixin səhifələrinə çökdülər. Dönüb keçmiş illərə nəzər salanda, onları vərəq-vərəq səhifələyəndə, onun damarlarından, yaralarından hələ də qan axdığını, bir vaxtlar yandırdığı ocağın hələ də korun-korun tüstüləndiyini görürük. İllərin bağrına çalın-çarpaz dağ çəkdik, ağrıtdıq, ağlatdıq onları.
İllər bizdən küssə də hələ inciməyib. Ömrünü hələ də bizə bağışlamaqda səxavətini əsirgəmir.
Biz yuxulu imişik demək. Elə bir vaxt ayıldıq ki, qocalıqda üzbəüz gəlib toqquşduq. Sən demə, qocalıq astanadaymış. Qapını taqqıldadan da elə o imiş. Bir gözün görə biləcəyi qədər qapını aralayıb baxıram. Qocalıq pələng kimi marıtlayıb illərimizi sayırdı. Qocalıq illərisə məhəbbəti ümman olan mehriban analar kimi ağuşunu açıb bizi gözləyirdi; deyirdi, gəlin, girin günlərimin, aylarımın içinə.
İllər bizdən küsdü. Onlar bir daha qayıtmayacaqdı. Özlərilə bərabər uşaqlığımızı, gəncliyimizi insafsızcasına ömrümüzdən qoparıb apardılar. İndən belə qalan ömrümüzü, gəl, elə yaşayaq ki, illər bizdən küssə də, inciməsin. Yoxsa, əlimiz çatacaq qədər yaxın olan qocalıq illərimiz bizdən gen düşər. Qocalıq illərini yaşaya bilmərik. İllərdə qərəz yoxdur, onlar xeyirxahdır. Məqsədi, qərəzi olmayan illər…
…Gəlin aylarımızı, illərimizi incitməyək. Axı bizik onların içində yaşayan.
Salatın Əhmədli
Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.8.