Ədəbiyyat qəzeti” – 75

 

İllər, xatirələr

 

Radio dalğalarında

 

"Ədəbiyyat qəzeti"ni 75 illik tariximizin ədəbiyyat və incəsənət ensiklopediyası da adlandırmaq olar. Bu qəzet heç vaxt siyasətçilərin ruporuna çevrilməmişdir. 75 il ərzində dövlətçiliyə, xalqa xidmət etmiş, Azərbaycanda ədəbiyyatın və incəsənətin inkişafında mühüm rol oynamışdır. Bəlkə elə buna görədir ki, "Ədəbiyyat qəzeti"nə təkcə bizim respublikada deyil, İraqda, Türkiyədə, İranda və bir sıra digər ölkələrdə də böyük maraq olmuşdur və bu gün də var.

"Ədəbiyyat qəzeti"nin 75 illiyi günlərində mən İraq vətəndaşı, İraq türkmanları arasında böyük nüfuza malik olmuş Sinan Səidi xatırlayıram. Çünki o da bu qəzetin pərəstişkarlarından biri idi.

1958-ci ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan Azərbaycana gəlmişdi. O zaman respublikamızda ərəbşünas kadrlar yenicə yetişirdi. Sinan Səid mahir diktor idi, gözəl səsi vardı, onun Nərminə Məmmədova ilə birlikdə oxuduğu Kərkük mahnıları bu gün də Azərbaycan radiosunun qızıl fondunu bəzəyir və vaxtaşırı efirdə səsləndirilir.

Sinan Səid ədəbiyyat həvəskarı idi, rəssam idi. Hər şeydən əvvəl isə Azərbaycana vurğun idi o. Azərbaycan ədəbiyyatı nümunələrini ərəb dilinə çevirən ilk tərcüməçi olub. Onun Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın və onlarla digər şairlərin şeirlərindən tərcümələri 1963-cü ildə çapdan çıxmış "Dost ellər" almanaxında toplanmışdır. O zaman "Ədəbiyyat və incəsənət" qəzetinin ("Ədəbiyyat qəzeti"nin) elə bir sayı yox idi ki, Sinan Səid onu oxumasın, qəzet səhifələrindəki bir sıra yazıları tərcümə edib efir vasitəsilə ərəb dünyasına çatdırmasın. Məhz Sinan Səidin təşəbbüsü ilə Beynəlxalq Radionun ərəb şöbəsində hər həftə "Ədəbiyyat və incəsənət" qəzetinin xülasəsi efirdə səslənirdi.

1970-ci ildə Sinan Səid Bakıda öz işinə xitam verib vətənə - İraqa qayıtdı. Tale elə gətirdi ki, həmin il mən də İraqa işləməyə getdim və üç il İraqda Sinan Səidlə bir şəhərdə - Bağdadda yaşamalı oldum. Onunla tez-tez görüşürdüm. Hər dəfə də Sinan Səidin evi qonaq-qaralı olurdu. Kərküklü dostları, qohumları Bağdada gələndə onu görməmiş geri dönməzdilər. Çox maraqlıdır ki, Sinana qonaq olanların əksəriyyəti ədəbiyyat, incəsənət həvəskarı idi. Hər dəfə Azərbaycan ədəbiyyatından, incəsənətindən şöhbət düşərdi. Sinan Səid Azərbaycan şairlərinin, yazıçılarının əsərlərindən parçalar oxuyar, "Ədəbiyyat və incəsənət" qəzetinin artıq saralmış səhifələrini vərəqləyərdi.

1973-cü ilin noyabrında İraqa üç illik səfərim sona yetdi. Vətənə dönməzdən iki gün qabaq Sinan Səidlə görüşdüm, onunla birlikdə bir daha Bağdadın küçələrini gəzdik, Dəclə çayı sahilinə çatanda Sinan Səid cibindən dəmir pul çıxarıb mənə uzatdı. Qeyri-ixtiyari pulu aldım, amma nə edəcəyimi bilmədim və sual dolu baxışlarımı ona zillədim. Arif adam idi Sinan müəllim, sual dolu baxışlarıma aydınlıq gətirdi və dedi:

- Dəclə çayına pul atan hər kəs ikinci dəfə də mütləq Bağdada gələr.

Mən dəmir pulu ehmalca suya atdım, çünki bu gözəl şəhərə yenidən qayıtmaq mənim də arzum idi.

- Hə, Sinan müəllim, yenidən Bağdada gəlmək, sizinlə bir yerdə olmaq, düzünü deyim ki, mənim ən böyük arzumdur, - dedim.

Sinan Səid ucaboylu idi, ikiqat əyilib üzümdən öpdü, hiss etdim ki, bir qədər də kövrəlib. Səsi tutulmuşdu, gözləri yaşarmışdı.

- Mən də istəyirəm ki, gələsən, sən yanımda olanda elə bilirəm Bakıdayam, Azərbaycanda keçirdiyim xoş illəri xatırlayıram. Səndən xahişim odur ki, gələndə yeni nəşr olunmuş kitablardan, imkanın olsa bir neçə nüsxə də "Ədəbiyyat və incəsənət" qəzetindən gətirərsən.

Bu təsadüf idi, ya həyatın qanunu, - deyə bilmərəm, - onu deyə bilərəm ki, bir neçə ildən sonra mən yenidən Bağdada uzunmüddətli ezamiyyətə getdim. Amma artıq Bağdad Sinan Səidsiz idi. O, dünyasını dəyişmişdi. Həyat yoldaşı, uşaqlar isə Türkiyəyə köçüb getmişdilər. Sonralar Bağdadda bir neçə dəfə də oldum. Hər dəfə Bağdadın küçələrini gəzərkən, bu şəhəri ikiyə bölən Dəclə çayı sahillərindən keçərkən Sinan Səidi, Bağdada qayıtmaq üçün bu çaya pul atmağı mənə tövsiyə etmiş əziz dostumu - Azərbaycan ədəbiyyatının, incəsənətinin, bu gün 75 yaşını qeyd etməyə hazırlaşdığımız "Ədəbiyyat qəzeti"nin fəal oxucularından və mən deyərdim ki, İraqda bu qəzetin təbliğatçılarından biri olan Sinan Səidi xatırlayırdım.

Mənim ilk uzunmüddətli səfərim Küveytə olub. O zaman - yəni 39 il bundan qabaq Azərbaycandan bu ölkəyə ayaq basan ilk mütəxəssis idim mən. Onda Moskvadan Küveytə birbaşa təyyarə reysi yox idi. Ya Hindistandan, ya Misirdən, ya da Tehrandan getmək lazım idi. Moskvada, Dövlət İqtisadi Əlaqələr Komitəsində hər üç variantı mənə təklif etdilər. Təbii ki, Tehranı seçdim. Tehranı, Təbrizi görmək üçün hər bir azərbaycanlı kimi, mənim də, necə deyərlər, burnumun ucu göynəyirdi.

Tehranın mərkəzindən bir az aralıda yerləşən təyyarə meydanına ayaq basanda gözlərimə inanmadım, elə bildim yuxudayam. Tranzit sərnişin kimi məni mikroavtobusa mindirib "Şərqül-avsat" ("Orta Şərq") mehmanxanasına apardılar. Xoşbəxtlikdən həmin mehmanxanada bir neçə azərbaycanlı işləyirdi. Darıxmamaq, həm də şəhəri görmək üçün hara getmək barədə onlardan məsləhət aldım. Dedilər taksiyə min və get "Bazar" deyilən yerə. Həm misli-bərabəri olmayan, ucu-bucağı görünməyən əsl Şərq bazarını görərsən, həm də ətraf yerləri gəzib qədim Tehranla tanış olarsan.

Onların dediyi kimi də etdim. Yolun kənarında dayanıb taksi gözlədim. Taksilərdən biri düz mənim yanımda dayandı, iki nəfər qabaqda, sürücünün yanında, iki nəfər də arxa səndəlidə oturmuşdu. Sürücü başını əyib açıq pəncərədən mənə baxdı. Dedim "Bazar", başı ilə işarə etdi ki, əyləş.

Tehranın küçələrini dolaşa-dolaşa gedirdik. Bir xeyli gedəndən sonra sürücüdən soruşdum:

- Ağa, türki bilirsən?

O, başını tərpədərək yox işarəsi verdi. Bu zaman sürücünün yanında əyləşmiş orta boylu, arıq bir sərnişin arxaya çevrilib mənə baxdı və təmiz Azərbaycan dilində soruşdu:

- Mən türki bilirəm, hardansan, Təbrizdənsən?

- Xeyr, ağa, Bakıdanam.

Həmin şəxs qulaqlarına inanmadı. Axı o vaxt - Şah rejimi dövründə Bakıdan Tehrana gəlmək inandırıcı deyildi. Odur ki, bir də soruşdu:

- Makudansan, ya Bakıdan?

- Bakıdanam.

- Səni xoş gördük, həmşəri! Nə lazımdır, hara getmək istəyirsən?

- Bazara!

- Elə mən də o tərəfə gedirəm.

Bir qədərdən sonra taksi dayandı. Bütün müsafirlər maşından düşdülər, mən də. Taksinin pulunu vermək istəyəndə bayaqkı müsafir əlimdən tutub: "Lazım deyil, mən vermişəm" - dedi.

Onunla birlikdə həqiqətən də Şərq nağıllarında oxuduğum bazarın cüzi bir hissəsini gəzdim. Bütün bazarı gəzmək üçün, yalan olmasın, günlərlə vaxt lazımdır. Əlbəttə, məqsədim bu Şərq bazarı haqqında danışmaq deyil, bu ayrıca bir mövzudur. Bazarı gəzə-gəzə taksidə tanış olduğum müsafirin adını, peşəsini də öyrəndim. Doktor Lütvi ixtisasca kimyaçı idi. Londonda təhsil almışdı. Danışdı ki, Londonda olarkən Bəxtiyar Vahabzadə, Rəşid Behbudov və başqaları gəlmişdilər ora. Bəxtiyar Vahabzadə ilə görüşüb dost olur. Azərbaycan nümayəndə heyəti Londondan ayrılarkən doktor Lütvi Bəxtiyar Vahavzadəyə kiçik bir hədiyyə verir və hədiyyənin üstünə dörd misradan ibarət bir şeir yazıb qoyur. Həmin şeir yadımda belə qalıb:

 

Ulduzları saya-saya

İnsan oğlu uçar aya;

Heyif ki, əlim çatmayır

Mənim bu taydan o taya…

 

Ötən əsrin sonlarında sərhədlər açıldıqdan sonra doktor Lütvinin əli o taydan bu taya çatdı. Dəfələrlə Bakıda oldu. Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Fərhad Bədəlbəyli və digər ədəbiyyat və incəsənət xadimləri ilə dəfələrlə görüşdü, dostluq etdi. Ümumiyyətlə, doktor Lütvi ixtisasca kimyaçı olmasına baxmayaraq, ədəbiyyat həvəskarı idi. Onunla tanışlıqdan 23 il sonra Tehranda, Şimran deyilən çox gözəl bir məntəqədəki evində oldum. İlahi, nə qədər val, kaset var idi onda. Elə bir Azərbaycan şair və yazıçısı, bəstəkarı, müğənnisi yoxdur ki, doktor Lütvi onu tanımasın. Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Müşfiqin, digər şairlərin şeirlərini əzbərdən söyləyir. Gözəl səsi də var. Xalq mahnılarını bacarıqla ifa edir.

Tehrana ilk səfərimdən sonra mən dəfələrlə İranda oldum, Təbrizi, Ərdəbili qarış-qarış gəzdim, yüzlərlə, minlərlə soydaşımızla görüşüb söhbət etdim. Məndə həm təəccüb, həm də iftixar hissi oyadan o idi ki, cənublu qardaşlarımızda Azərbaycan ədəbiyyatına, incəsənətinə hədsiz maraq var. Elə bu marağı nəzərə alaraq Bakıdan Cənubi Azərbaycana yayımlanan verilişlərimizdə müntəzəm olaraq "Ədəbiyyat qəzeti"nin xülasəsini verməyə başladıq. Bu verilişi uzun illərdən bəri "Ədəbiyyat qəzeti"nə başçılıq edən Ayaz Vəfalının qızı, istedadlı jurnalist Sevda Ayazqızı hazırlayırdı. Cənubi Azərbaycanda yaşayan soydaşlarımız istər "Ədəbiyyat qəzeti"nin xülasəsinə, istərsə də ədəbiyyat və incəsənətlə bağlı digər verlişlərə çox böyük maraq göstərirdilər və bu maraq bu gün daha da artıb.

Sərhədlər açılandan sonra İrana səfərlərim zamanı Qaflantı, Saplaq, Haşım Tərlan, Fərzanə, onlarla digər şairlə tanış oldum (bu tanışlıq üçün Aydın Təbriziyə minnətdaram). Neçə-neçə ədəbi məclislərdə iştirak etdim. Və mən bir də qəti qənaətə gəldim ki, ədəbiyyat və incəsənət kimi insanın qəlbinə yol tapan, deyərdim ki, hakim kəsilən ikinci bir sənət, peşə növü yoxdur. Çünki, məhəbbət mövzusunda yazılmış şeri, hekayəni oxuyarkən öz məhəbbətin - Vətənə, valideynə, övlada olan məhəbbətin yada düşür. Hər hansı bir şeir və ya nəsr əsərini vərəqləyərkən öz həyatın, dostunun, tanışının həyatı gəlir gözlərin önünə. Ədəbi əsərləri oxuyarkən müharibəyə, haqsızlığa, rüşvətxorluğa, süründürməçiliyə, öz yerində olmayan vəzifə adamına, daha nə bilim kimə, kimə nifrət edirsən. Düşünürsən ki, yaxşı ki, mən belə deyiləm. Yox, əgər sən də onlara oxşayırsansa, istəsən də, istəməsən də öz-özünə nifrət edirsən. Müsbət qəhrəmanlar isə həmişə oxucunun idealına çevrilir, özünü onlara bənzətməyə çalışırsan. Bir sözlə, ədəbiyyat və incəsənət insan qəlbinin hakimidir. İnsan qəlbinə hakim kəsilən əsərlərə 75 ildir ki, öz səhifələrində yer ayıran "Ədəbiyyat qəzeti"nə məhz buna görədir ki, yaxın və uzaq ölkələrdə də maraq çoxdur.

 

 

Hafiz Nağıoğlu

 

Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.7.