Dünyamalı Məftun – 80
Yurd sevgisi ilə
O, dünyaya məftun
gəldi, məftun yaşadı. Ömrün
ayrı-ayrı illərində yazdığı,
kitablarına daxil edilən şeirlər bu məftunluğun ifadəçisi kimi oxundu, Qərbi Azərbaycanın itirilmiş,
unutdurulmuş yurd yerlərinin ağrısını
çəkə-çəkə
yaşadı.
1929-cu ildə Qafan
rayonunun Baharlı kəndində anadan olmuşdu Dünyamalı Məftun. Ötən əsrin ortalarında -
1946-1948-ci illərdə İrəvanda
pedaqoji texnikumda təhsil almış, Qafan rayonunun Gığı kənd orta məktəbində əmək fəaliyyətinə
başlamış, 1950-1954-cü illərdə Azərbaycan
Dövlət Universitetinin
filologiya fakültəsində
təhsilini davam etdirmişdi. Doğma Azərbaycanın müstəqillik duyğusunu
"Çiçəklənən arzular" kitabında cəmlənən şeirlərində
əks etdirir, "Qaytarın"da yurd uğrunda savaşa çıxır,
ağrı-acılarını
"Mənim ömrüm"
toplusunun vərəqlərinə
köçürürdü. Zəngəzur, Göyçə
həsrətindən qaynaqlanan
kədərini rəhmətlik
Qəşəm Aslanla,
o cümlədən digər həmyerliləri,
tanınmış şair
Hidayət, professor Teymur Əhmədov, fəlsəfə elmləri
doktoru Sabir Əsədovla bölüşməklə
yüngülləşdirərdi. Özünün düzüb-qoşduğu,
bəstələdiyi mahnılarda
bu acı kədərin qəlb sızıltıları boy
göstərərdi. Sevməyən bir ürəyin heç vaxt sevinclə dola bilməyəcəyinə inamlı
olduğundan o, yurdunun hər qarış torpağını,
gülünü-çiçəyini,
qayasını-daşını,
insanlarını sevirdi,
sevgi hissinə təmizlik, paklıq məqamı kimi baxırdı. Dədə
Ələsgəri şeriyyət,
görkəmli bəstəkarımız Tofiq Quliyevi musiqi ustadı kimi sevirdi. Ruhunun, qəlbinin zərifliyindən
idi ki, getdiyi
yerlərdə "tək
bircə gülə dəy, gəl" öyüd-nəsihəti
verirdi öz-özünə. Daldalanmaq,
geri çəkilmək
yad idi Dünyamalı
Məftunun təbiətinə.
Xarakterinin bu tərəfi şeirlərində
də əlbəəl
hiss olunur:
Demirəm ağ elə, gəl,
Süzməni yağ elə, gəl.
Məftun, get kişi kimi
Sözünü dağ elə, gəl…
İlk şeri 1956-cı ildə "Sovet Ermənistanı"
qəzetində dərc
edilən D.Məftunun
ilk şeirlər toplusu da Qərbi
Azərbaycanın İrəvan
şəhərində işıq
üzü görmüşdü.
Haqsızlığa qarşı
barışmazlıq, yurd
həsrəti, təbiət
gözəlliklərinin təsviri
topluya daxil edilən şeirlərin əsas
mövzusunu təşkil
edirdi. Ancaq hələ 1970-ci il idi. Özünün də bir vaxt
doğma od-ocağından didərgin
salınacağı günə
çox var idi. Minlərlə soydaşının yaşadığı
didərginlik dağı
ona da çəkildi.
Vətəndən-vətənə
sürgün edildi. Düz 10 il məcburi köçkün
ömrü yaşayası
oldu. 1999-cu ildə elə həmin dərdlə də dünyasını dəyişdi.
Bütün yaradıcılığı boyunca
həmişə öz
xalqını şerin
diliylə birliyə, zəfərə səslədi
D.Məftun, "Ucalan
bayraq enməz, Məhəmməd Əmin
əfəndi" - təskinliyi
ilə ömür etdi. Yaşasaydı, indi ömrün 80-ci baharını qeyd edəcəkdi.
İndi biz onun ömrünün
80-ci baharını qarşılayırıq.
Deməli, şair ömrü ömürlərə
qovuşur, yaşayır,
yaşadılır.
S.Əsgər
Ədəbiyyat qəzeti.-2009.-12
iyun.-S.6.