Karvanın sarbanı

 

Təxminən 40 ildir ki, İntiqam Mehdizadənin imzası həm yazıçı, həm jurnalist kimi oxuculara tanışdır. O, ömrünün 35 ilini Azərbaycan radiosunun incəsənət redaksiyasında çalışıb, görkəmli sənət adamları ilə ünsiyyətdə olub, onlar haqqında verilişlər hazırlayıb, sonradan bu yaxınlıqlar dostluğa çevrilib.

Onun son kitabı - "Karvanın sarbanı" da tanınmış jurnalistin sənət adamlarına sədaqətinin təcəssümüdür. Müəllif kitabda 100-ə yaxın sənətkar haqqında öz fikirlərini bildirir, maraqlı məqamlara toxunur. Kitabı vərəqlədikcə görkəmli sənətkarların adlarına da rast gəlmək olur, "unudulmuş"lara da. Bu da ondan xəbər verir ki, müəllif ədəbiyyatımızın incəsənətimizin inkişafında xidməti olan hər bir şəxsin diqqətdən kənarda qalmamasına çalışıb.

Bu günlərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Karvanın sarbanı" kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimi Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açıb.

Yığıncaqda İ.Mehdizadənin qələm dostları - Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Aybəniz Məmmədəliyeva, f.e.n. Asif Rüstəmli, şair Ramiz Rövşən, yazıçı Seyran Səxavət, dramaturq Rafiq Səməndər, Qarabağ müharibəsi veteranı Elçin Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllimi Fatimat Məmmədova, əməkdar artist Əli Nur, Zülfiyyə Telmanqızı b. kitabda söhbət açılan sənətkarlar - İlyas Əfəndiyev, Nəsibə Zeynalova, Şövkət Ələkbərova, Rübabə Muradova, Əli Fəhmi digər şəxsiyyətlər haqqındakı oçerklərdən söhbət açmış, yazılardakı faktların dəyərini yüksək qiymətləndirmişdilər. Onlar sənət adamlarının həyatlarından alınan müəyyən məqamları əbədiyyətə qovuşdurduğu üçün İntiqam Mehdizadəyə təşəkkürlərini bildirmiş, gələcək elmi işlərdə bu məqamların gərəkliliyini vurğulamışlar.

Çıxışçılar belə təqdimatların kitabxanalarda keçirilməsinin vacibliyini vurğulamış, bu sahədə C.Cabbarlı adına Dövlət Gənclər Kitabxanasının tədbirlərini qeyd etmişlər.

Tədbirin iştirakçılarına təşkilatçılarına təşəkkürümü bildirən İntiqam Mehdizadə görüləsi işlərindən sözhbət açmışdır. Kitabın redaktoru f.e.d. Aqşin Babayevdir.

 

 

A.Xiləli

 

Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.6.