Qaysın Quliyev: “Azərbaycanı dünyaya sevdirən Vilayət

 

Mən Vilayətlə 70-ci illərin əvvəllərində Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda partiya təşkilatının katibi işləyən şərqşünas və türkoloq, professor Xalıq Hüseyn oğlunun kabinetində tanış olmuşdum. 1969-cu ilin oktyabrında Daşkənddə keçirilən Beynəlxalq simpoziumda Xalıq müəllimlə tanış olandan sonra başlayan səmimi münasibət gözəl bir dostluğa çevrilmişdi, biz daim sıx əlaqə saxlayır, zəngləşib, məktublaşıb biri-birimizdən xəbər tutur, o, Bakıya gələndə, mən Moskvaya gedəndə görüşüb hal-əhval tutmağı vacib hesab edirdik. Bir dəfə də belə oldu. Mən Xalıq müəllimin iş yerinə gəldim, həmişə olduğu kimi onun o qədər də böyük olmayan kabinetində səmimi görüşdük. Xalıq müəllimin özünün hazırladığı kofedən bir-iki qurtum içmişdik ki, qapı döyüldü, bir nəfər cavan oğlan qapıda göründü. Xalıq müəllim yerindən qalxıb ona "xoş gəldin" dedi, stul çəkib oturmaq üçün yer göstərdi. Cavan oğlan əyləşdi, Xalıq müəllim bizi tanış elədi. Sonra üzünü mənə tutub əlavə etdi:

- Bu cavan istedadlı şair də Bakıdandır, Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantıdır.

Sonra sözünə davam etdi:

- Belə iki gözəl gənci bir yerdə görmək bilirsizmi necə xoşdur?!

Vilayət o dəqiqə söhbətin səmimiyyətinə körpü saldı:

- İki gənci yox, üç gənci, Xalıq müəllim, nə üçün özünüzü bizdən ayırırsınız?

Xalıq müəllim güldü, Vilayət səmimiyyətlə onun əlini sıxdı və o günü axşama qədər biz birlikdə olduq. Axşam onu müşayiət edəndə bizi evinə dəvət elədi, mənzilinin geniş olduğunu söylədi. Ancaq mənim gecə reysilə Bakıya qayıtmalı olduğumu biləndə:

- Yaxşı, onda sənin qonaqlığın qalsın gələn dəfəyə, - deyib Vilayətə müraciətlə soruşdu:

- Sən Azadı yola sala bilərsənmi?

Vilayət isə özünəməxsus istiqanlıqla məni yola salacağını söylədi.

Biz mənim qaldığım "Ural" mehmanxanasına gəldik, bir qədər söhbət edib dincəldikdən sonra mən yır-yığış edib yol çantamı sahmanladım "Domodedovo"ya getmək üçün taksi sifariş elədim. İstədim ki, daha Vilayəti narahat etməyim. Aeroporta çatandan sonra çətin bir yox idi. Amma Vilayət dedi: "Yox, qardaş, təyyarəyə mindirməmiş heç yana gedən deyiləm".

O gündən Vilayət Rüstəmzadə ilə mənim çox səmimi dostluğum başladı. Tale elə gətirdi ki, biz sonradan onunla bir təşkilatda - Azərnəşrdə işləməli olduq, bu, münasibətlərimizi daha da yaxınlaşdırdı. Bizim o gözəl, unudulmaz tanışlığımız səmimi bir dostluğa çevrildi. Vilayət Azərnəşrdə tərcümə ədəbiyyatı şöbəsinin müdiri idi. Dünya ədəbiyyatının dilimizə çevrilməsində həmin illərdə Vilayətin çox böyük xidmətləri vardı. Heç yadımdan çıxmaz, mərhum şərqşünas Mübariz Əlizadə "Şahnamə"nin səkkiz cilddə tərcüməsini nəşriyyata təqdim etmişdi. Vilayət bir gün mənə dedi ki, yuxarıdan təkid edirlər ki, təcili üstünə qol çəkib mətbəəyə göndərim. Gəl sınaq üçün bir cildi oturub oxuyaq. Bəlkə bizim bağımıza gedək, orada oxuyaq görək necə tərcümədir?!

Həftənin sonunda biz bağda "Şahnamə"nin bir cildini oxuyub başa çıxdıq. Vilayətin əlyazma üzərində çoxlu sualları, qeydləri, iradları vardı. İkinci cildi oxumağa başlamaq istəyirdik ki, Vilayətin qayınatası, SSRİ xalq artisti İsmayıl Dağıstanlı gəlib çıxdı, biləndə ki, iki gündür əsər oxuyuruq, "Şahnamə"nin bir cildini oxuyub başa vurmuşuq, gülə-gülə dedi:

- Belə işləri bir-iki günə yox, bir-iki aya oxuyub başa vurmaq olar.

İsmayıl Dağıstanlı sonra da sürücüsünə maşını işə salmağı tapşırıb üzünü bizə tutub sözünə davam etdi:

- Hazırlaşın, gedək dəniz qırağında rahat bir yerdə oturaq, yorğunluq canımızdan çıxsın.

Gözəl, mehriban insan olan İsmayıl Dağıstanlı ilə dostluğumuz uzun illər davam etdi. Onun vəfatı tək bizim üçün yox, bütün xalqımız üçün ağır itki oldu.

Vilayət Rüstəmzadə incə təbli şair, gözəl tərcüməçi idi. O, rus dünya ədəbiyyatından bir çox tərcümələr etmişdi. Onun Nazim Hikmət, Çingiz Aytmatov, Qaysın Quliyev, Rəsul Həmzətov bir çox tanınmış şairlərlə gözəl dostluq əlaqələri vardı. Qaysın Quliyev bir dəfə Bakıya gələndə Vilayət Rüstəmzadə haqqında çox gözəl bir söz demişdi. Vilayət o vaxtlar Nəbi Xəzrinin yanında Xarici Öləklərlə Dostluq Mədəni Əlaqələr Cəmiyyətində işləyirdi. Vilayətin onun yaradıcılığından etdiyi tərcümələr xoşuna gəlmişdi. O da Vilayətə razılığını bildirərək üzünü Nəbi Xəzriyə tutaraq demişdi:

- Vilayət Azərbaycanı dünyaya sevdirən şairdir. O, gör qədər şairin əsərini tərcümə eləyib onları Azərbaycana gətirmiş, Azərbaycanı onlara sevdirmişdir.

Bu, həqiqətən beləydi. Vilayət vətəndaş tərcüməçi idi. O, Rəsul Həmzətovun "Mənim Dağıstanım" əsərini dilimizə gözəl tərcümə etmişdi, şairlə yaxşı dostluq əlaqələri saxlayırdı. 1992-ci ildə Rəsul Həmzətov erməni təcavüzkarlarının xalqımıza etdiyi xəyanəti sükutla qarşılayanda bu, Vilayəti çox həyəcanlandırmış, o, incikliyini bildirmişdir. Rəsul Həmzətov ona qısa aydın bir cavab göndərmişdi: “Əzizim Vilayət, mən Səməd Vurğunu, Azərbaycanı elə böyük bir ürəklə sevirəm ki, bu sevgini qəlbimdən heç kəs çıxara bilməz. O ki, qaldı ermənilərə, Allah onların ağlını başından almaqla elə lənətləyib ki, yüz illər keçsə , bir daha bellərini düzəldib ayağa qalxa bilməzlər. Güman edirəm ki, mənə ehtiyac yoxdur. Sizin Həmzət".

Vilayət aramızdan çox tez getdi, ancaq mən inanıram ki, onu tanıyanlar bu səmimi insanı, gözəl dostu, "Azərbaycanı dünyaya sevdirən" incə rübablı bu şairi heç vaxt unutmayacaqdır. Allah ona qəni-qəni rəhmət eləsin.

 

 

Azad NƏBİYEV

 

Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.6.