Böyük rus şairi A.S.Puşkinin iyunun 6-da 210 yaşı tamam oldu.

 

Şairin poeziyasından yeni tərcümələri oxucularımıza təqdim edirik.

 

A.S.Puşkin

 

Çiçək

 

Bir kitabda rayihəsiz,

Quru çiçək gördüm bu gün.

Çulğaladı qəlbimi hiss,

Tüğyan etdi könlüm bütün.

 

Harda, haçan açıb görən,

Kim çıxıbdı ilk uğura?

Kim olubdu onu dərən,

Nədən ötrü qoyub bura?

 

Bir xoş vüsal xatirəsi,

Ya ayrılıq nişanıdır?

Ya sahibi tənha gəzib,

Tənhalığın bir anıdır?

 

O cavan da, o pəri

Hardadı bəs? Sevib kimi?

Solub bəlkə özləri

Bu tanınmaz çiçək kimi?

 

 

Dəlibaş

 

Yastı dağlar dalında

Qopdu atışma, təlaş

Ön təpənin yalında

At oynatdı dəlibaş.

 

Ey dəlibaş, sel gəlir,

Oda atma özünü;

Çıxar işin əngəli -

Süngü dələr köksünü.

 

Kazak, cumma dalınca,

Çəkin yeltək gedəndən.

Əl atdımı qılınca,

Başın gedər bədəndən.

 

Birdən qızışdı savaş,

Ərzə qışqırıq saldı.

Süngüləndi dəlibaş,

Kazak da başsız qaldı.

 

 

Cavab

 

Tanıdım, kahinim, tanıdım sizi!

Bir imza atmamış göndərsəniz

İlməsi naxışlı bu namənizi;

Tanıdım, örtülü hər şux təhnizdə.

İşvəli salamdan, haqdan-nahaqdan

Gülməli görünən yersiz qınaqdan;

Canlı kəlmələrin gözəlliyindən,

Bütün deyimlərin özəlliyindən.

Dönüb təkrar-təkrar oxuduqca mən,

Səbirsiz bir nida qopur sinəmdən:

Vaxtdı! Moskvaya! Elə bu saat!

Bu məhzun şəhərdə sönükdü həyat,

Ürəklər daş kimi, dillər soyuqdu,

Burda cananların duyğusu yoxdur;

Gözəl Presniyə yaddı buralar,

ilham pərisi, hurisi var.

 

 

Bulud

 

Tufanın qovduğu sonuncu bulud!

Tək-tənha dolanıb səmada məbud,

Tək sənsən qəlblərə kədər gətirən,

Tək sənsən xoş günə xətər yetirən.

 

İndicə göyləri dolandığıntək

Dolandı boynuna qəzəbli şimşək;

Gurultu qopardı sirli növrağın,

Yağışla suladın təşnə torpağı.

 

Bəsdi, gizlən daha! Bitdi o an da,

Torpaq cana gəldi, ötdü tufan da.

Ağacda yarpağı oxşayan külək

Səni süst səmadan sürgün edəcək.

 

***

 

Sonuncu gülləri solan payızın

Xoşdu lətafətli ilkindən yazın.

Həzin duyğuları oyadıb onlar

Ayırır insanı özgə məlaldan.

Bəzən həyatda da hicranlı anlar

Daha şirin olur şirin vüsaldan.

 

 

Qızıl xəncər

 

"Hər şey mənimkidi" - söylədi qızıl;

"Hər şey mənimkidi" - söylədi xəncər.

"Hər şeyi alaram" - söylədi qızıl;

"Hər şeyi çalaram" - söylədi xəncər.

 

 

Təpəgöz

 

Ağlımı, nitqimi birdən itirib,

Bacara bilmirəm daha özümlə;

Mən sizə baxıram bircə gözümlə.

Əgər bu səhnədə bəxtim gətirib,

Yüz gözüm olsaydı, dərdimmi vardı,

Yüzü birlikdə sizə baxardı.

 

***

 

Dünən axşam yanımdan

Biganə getdi Leyla.

Dedim: "Getmə, bir dayan!"

Etiraz etdi Leyla:

"Nədən ötrü mən qalım?

Ağarıb saç-saqqalın".

Ədalı istehzaya

Cavab verdim çox saya:

"Hər şeyin bir vaxtı var,

Dünən əsmər müşk olan

Bir gün kafur olar!"

Gülüb yersiz sözümə,

Belə dedi üzümə:

"Yadında qalsın bu da:

Müşk gəlinə gərəkdi,

Kafur isə - tabuta".

 

***

 

Hərdən darıxdıqca durub gəzinib,

Rübabı dindirib, əylənmişəm mən;

Daşan duyğuların nazlı səsini

Tək ona etibar eyləmişəm mən.

 

Amma bu məqamda səsin gəlincə

Rübabı sakitcə susdurmuşam mən;

Səsin havalanıb lap yüksəlincə

Donub yerimdəcə süst durmuşam mən.

 

Qəfil sellər kimi, vüsaldan ötrü

Tökmüşəm gözümün qoralarını;

Məlhəmtək ovudub səsinin ətri

Kövrək vicdanımın yaralarını.

 

Sən yenə ruhani, ali diləklə

Mənə əl uzadıb gəl-gəl deyirsən;

Kövrək səsindəki həzin ürəklə

Coşqun xəyalımı ram eləyirsən.

 

Qəlbindən qəlbinə alov süzülüb,

Şair rədd eləyib zülmət dünyanı;

Mələk arfasında qulaq kəsilib,

Müqəddəs dəhşətə tuş gəlib canı.

 

***

 

Neynirsən, var ki, sənə adımdan?

Bir uzaq dalğanın həzin səsitək,

Bir qalın meşənin zümzüməsitək

İtib gedəcəkdir, çıxıb yadından.

 

Naxışı bəzəkli məzar daşında

Dili anlaşılmaz xatirələrtək

Adın izləri solub gedəcək

Yaddaş dəftərinin mənzil başında.

 

gərək? Onsuz da unutduracaq

Bu zərif anları, bu pak anları; -

Könlünün təptəzə həyəcanları

Çatanda canında yeni bir ocaq.

 

Qəmli günlərində gətirib yada,

Sən çağır bu adı - qəlbində qubar;

De ki, bir ürəkdə xoş xatirəm var,

Bir könül yaşadır məni dünyada

 

 

Çevirəni: Eyvaz BORÇALI

 

Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.5.