Müzəffər Şükür Məchul
***
Bu yaz havasından bihuş olmuşam,
Yaman darıxmışam bülbül
səsinə!
Bu nə həsrətdir ki, mən tuş
olmuşam,
Yaman darıxmışam bülbül
səsinə!
Bu dünya qəlbimin közündən keçir,
Özündən alışır, özündən
keçir.
Varlığım iynənin gözündən
keçir,
Yaman darıxmışam bülbül
səsinə!
Durur qızılgüllər üzü
sabaha,
Salacaq sabahı açıb günaha.
Bülbüllər kor olub susacaq daha
Yaman darıxmışam bülbül
səsinə!
Könlüm durma deyir, burdan
baş götür,
Özünü çiçəklər altına yetir.
Qəlbimdə elə bil bülbüllər ötür.
Yaman darıxmışam bülbül
səsinə!
Doyduram ruhumu Ay işığından,
Çiçəkli bağların may
işığından.
Doyam ulduzların sayrışığından,
Yaman darıxmışam bülbül
səsinə!
Burda həyat məni ram edə bilmir,
Bu göy qübbəsini dam edə bilmir.
Sönmüş ürəyimi şam edə bilmir,
Yaman darıxmışam bülbül səsinə!
***
Novruz günü səni gördüm şəhərdə
Tutqun könlüm oldu açqın, bənövşə.
Köynəyini hansı əllər tikmişdi,
Gətirmişdi yoxsa daşqın, bənövşə!
Ətrin gəldi bağçalardan, bağlardan,
Nə istərsən könlüm kimi ağlardan?
Min zülm ilə ayrı düşdün dağlardan,
Yoxsa oldun sən də qaçqın, bənövşə!
Köksündəki həsrətdimi, qordumu,
Dərd içində firqət səni yordumu?
Qürbət ellər heç halını sordumu,
Nə baxırsan çaşqın-çaşqın, bənövşə?
Sən bir gözəl idin nazlı, məzəli,
Sevdanın əzəli, ömrün əzəli.
Xəzan vurdu, oldun həsrət xəzəli,
Açılmadan soldu eşqin, bənövşə!
Bir ahım var gül bağrında yaralı,
Haralıydın, oldun indi haralı!
Bir də düşüb öz yurdundan aralı,
Olmayasan səni seçkin, bənövşə!
Məchul könlüm bir yaralı piranə,
Dağlar uçdu, ellər qaldı viranə,
Kərəm kimi yurd eşqindən divanə,
Mən sərsəri, sən bir saçqın, bənövşə!
***
Ürəyimin sevincindən doymadım,
Gəlib-gedən ahu-zarla yaşadım!
Gördüm solub bağçamızın gülzarı,
Qəlbimdəki gülüzarla yaşadım!
Neyləyirəm yel ağzında kül ömrü,
Tufanlar da dəlib gedər tül ömrü.
Nə lazımdı tikanlıqda gül ömrü,
Gül bəslədim, özüm xarla yaşadım!
Vaxtsız gəldi, baxtsız getdi baharım,
Öz canıma sığmadı öz qubarım.
Daşa dəydi, axır sındı vüqarım,
Elə sandım boş vüqarla yaşadım!
Ümidimə bir qul oldum dünyada,
Bir durulmaz məhlul oldum dünyada.
Qiymət aldım, məqbul oldum dünyada,
Yaz ömrümü boran-qarla yaşadım!
Gün çıxandan öz kölgəmi izlədim,
Ürəyimi sözə qoşdum, sözlədim,
Məchul ikən qismətimi gözlədim,
Ömrü boyu intizarla yaşadım!
***
Çoxalıb bir canımız,
gör neçə min can oxuyur,
Şuşada tülkü gəlib aslana
meydan oxuyur!
Cabbarın ruhu durub indi Xan ilə
yanaşı,
Dərbədər göydə şəhid ruhuna
heyran oxuyur!
Bakıda bir qulaq as dərdli vətən
nəğməsinə,
Fışqırıb al qan ilə qanlı xiyaban
oxuyur!
Dəli bülbül Qarabağda çəkir öz
naləsini,
Əks edib nəğməsini çöllü-biyaban
oxuyur!
Gecə yatmış, oyanır dərdli
muğam səslərinə,
Qızaran gözlərinin pərdəsini
dan oxuyur!
Gələn indi qulağa yurd səsinin
nəğməsidir,
Sanıram dadlı vətən nəğməsidir,
Xan oxuyur!
Elə bil millətimiz də yığılıb
dağ başına,
"Qarabağ, qalx!" deyərək
Azərbaycan oxuyur!
Sanki Dağlıq Qarabağda ulu
Peyğəmbərimiz
Neçə şəhid ruhuna lap özü
Quran oxuyur!
Dinlə, Məchul, onu həsrətlə,
bu Haqqın səsidir,
Onu tək Gəncə, Qazax yox,
Şəki, Şirvan oxuyur!
Ədəbiyyat qəzeti.-2009.-19 iyun.-S.4.