Ömür, mənə sən aman ver

 

Buludlar , qara, bomboz

yanıyla işıqlar axır,

qəlbimdə bir nisgilim var

buludlar tərəfə qalxır.

 

Ahəngdi dünyanın dili,

o dili bilənlər hanı?

ömür, mənə sən aman ver

soraqlayım mən hər yanı

 

Dilimdə ahəng kəlməsi,

ahəng - Allahın yoludu

ayrı işim-gücüm yoxdu

eşqim - o yolun yoludu.

 

Hələ, hələ işim çoxdu,

məni tez aparma ölüm

Allah, mənim köməyim ol,

borcumu bitirim gəlim.

 

 

Eşq içində

 

Mənə

- eşq olsun dedin

Mən indi eşq içindəyəm

üzdən belə sakit, dinməz

qəlbimdəsə -

Allah bilir gündəyəm

 

Bəlkə özüm deyiləm,

bəlkə gördüyün kölgəmdi

öz gözümdə bilsən kiməm?..

gördüyün ayrı görkəmdi

 

Bütün kainat qəlbimdə

buludlardan yuxarı

burulğanlı, tufanlı,

o sonsuz aləm mənəm

 

Sevda içində titrəyən,

təbəssümlü qara torpaq,

təzə yaşıllaşan otlar

bu bal kimi ilıq havamənəm

görürsənmənəm

 

Sən Allah, sən kimsən axı?

belə ürkək baxırsan?

niyə elə sən havada

hərdən batırsan, çıxırsan,

sən Allah, sən kimsən axı?

 

doğma, şirin

- eşq olsun! dedin

mən indi eşq içindəyəm

 

 

Ruhun yeni yaraşığı

 

Gül yaradır gülün ruhu,

gül ətrinə bələnir gülün ruhu

saralır-solur, ölür gül

göylərə qalxır

gülün ruhu.

 

İnsan yaradır insanın ruhu

ya ahəngə qovuşur,

ya dərbədər olur insanın ruhu

saralır, solur, ölür insan

göylərə qalxır

insanın ruhu.

 

Yer üzündə

haldan-hala düşür

dənizin, ağacın, dağın?

torpağın daşınruhu.

 

Hər yaranmışın ruhu

göylərə qalxır

yeni yaraşıqda.

 

... göy üzündə, yenidən

illər, minillər boyu

silkinir yer üzünün

toz-torpağından...

 

 

Salam olsun o kəslərə...

 

Mən belə od tutmuşam

gözünə dəymir işığım?

dərdimiz yaman böyükdü,

gözə görünən işığa

necə sığım?

 

İşığın da dilavəri,

işığın da lalı var….

salam olsun o kəslərə,

onlarda

işıq əhvalı var…..

 

 

And

 

...İlahi, necə gözəl düzülüb

buludların üstünə əlvan işıqlar.

 

Bir göy buludun boynuna dolanan

az qala dil açıb danışan işıq!

sənə and içirəm!

 

Mən göy üzünə sənin kimi,

sən yaraşıqda gələcəyəm!

 

 

Bir bax, qurtarır ömür...

 

Mənə ən doğma qadın!

qəlbimdə odun, dilimdə adın...

nədən, nədən ömrümdə

üzükdə qaş olmadın?

 

Eşq ağacı yaşıldı

ha dolandıq başına

hərəmiz bir tərəfdə

bələndik göz yaşına

 

Əl uzatdım əlinə

əlimdən vurdu dünya

istədim gül göndərim

gülümdən vurdu dünya....

 

Bir bax, qurtarır ömür...

rahatlıq tapmır ömür

sevdalar bir ilğımmı?

ha gedir, çatmır ömür...

 

Ayrı günlər olaydı,

günlər gülrəng olaydı....

ömrümüz bir birinə

arxa, ahəng olaydı...

 

 

İlğımmısan...

 

Sən ilğımmısan, yoxsa

qəlbimdən doğulub,

dünyaya meydan oxuyan

mələkmi?

 

Bu dünyanınmı adamısan,

yoxsa, mən uydurmuşam səni?

 

…Ah, bir ilan qıvrılıb su kimi axdı

çiçəklər arasından,

xatırələrimdə...

 

Tellərinin doğmalığı titrəyir

əllərimdə

ömrümün hökmü verilir

qəlbində,

gözlərındə

 

 

Gülümsəyən göy üzü

 

Bir dağın döşündəydim...

dünya çıxmışdı yadımdan...

dünyaya yeni gəlmiş,

hələ Həvvası yaranmamış

Adəmin günündəydim...

 

Həvvanın ətri gəlirdi

çiçəklərdən, otlardan, səmadan....

göy üzüylə birdi gəlbim...

 

Göy üzündə fırtınalar vardı,

ildırımlar vardı,

bir-birilə vuruşan buludlar vardı.

qəlbim bir ilahi sirrə, ilahi duyğuya

intizardı...

 

 

Əhməd Qəşəmoğlu

 

Ədəbiyyat qəzeti.-2009.-19 iyun.-S.5.