Xalq yazıçısı Mehdi
Hüseynin 100 illik yubileyi qeyd edildi
İyunun 12-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xalq yazıçısı
Mehdi Hüseynin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev mərasimi açaraq vurğulamışdır ki,
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə
xalq yazıçısı
Mehdi Hüseynin 100 illik yubileyinin layiqincə qeyd olunması istiqamətində
ciddi işlər görülmüş, Bakı
şəhərində və
bölgələrdə ədibə
həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.
Yeni dövr Azərbaycan ədəbiyyatının
inkişafında istedadlı
nasir, dramaturq və tənqidçi Mehdi Hüseynin özünəməxsus yeri
olduğunu qeyd edən nazir demişdir ki, o, tarixi və
müasir mövzulu bədii əsərlərin
bir çox dəyərli nümunələrini
meydana gətirməklə yanaşı,
peşəkar ədəbiyyatşünas
kimi sənətkarlıq
və yaradıcılığın
nəzəri məsələlərinə
dair aktual mülahizələri ilə
ədəbi prosesə
istiqamət vermişdir.
Azərbaycan Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anar
ədibin ədəbiyyatımızdakı
mövqeyindən, zəhmətkeş
bir nasir kimi yazdığı ölməz əsərlərdən
danışmış və
unudulmaz xatirələrini
bölüşmüşdür.
Xalq yazıçısı bildirmişdir
ki, Azərbaycan ədəbiyyatı tarixində
öz yaradıcılığı
ilə silinməz iz qoymuş Mehdi Hüseyn tənqid və publisistika sahələrində
də qələmini sınamış, əsərləri
bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Tədbidə Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik Bəkir Nəbiyev “Mehdi Hüseynin yaradıcılıq yolu” mövzusunda məruzə ilə çıxış
etmişdir.
B.Nəbiyev demişdir ki, Mehdi Hüseyn
1909-cu il martın 22-də Qazağın İkinci Şıxlı kəndində dünyaya göz açmışdır.
Orta təhsilini Qazaxda almış, Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini bitirmiş,
sonra Moskva Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenaristlər kursunun məzunu olmuşdur.
Bildirilmişdir ki,
yığcam, səlis,
bitkin povestlərin, dəyərli romanların
müəllifi kimi tanınıb-sevilən Mehdi Hüseyn ədəbiyyata çox gənc yaşlarından gəlmişdir. İlk vaxtlar kiçik hekayələr yazan M.Hüseyn sonradan “Tərlan”, “Abşeron”, “Qara daşlar”, “Səhər”, “Yeraltı çaylar dənizə axır”
romanlarının müəllifi
kimi tanınmışdır.
Onun dərc olunmuş ilk hekayəsi “Qoyun qırxımı” adlanırdı. 1930-cu ildə
“Bahar suları” və “Xavər” adlı hekayə kitabları ilə oxucuların görüşünə
gələn xalq yazıçısı bu
ədəbi nümunələrdə
zəmanəsinin hadisələrini,
insanlarını, onların
həyata və hadisələrə, cərəyan edən cari ictimai proseslərə
baxışlarını qələmə
almış, milli ədəbiyyatımızda nəsr
dilinin inkişafında
əsərləri böyük
rol oynamışdır.
Bu əsərlər ədəbi dil normalarını ən yaxşı şəkildə
təcəssüm etdirirdi.
Həmin əsərlərin
dil şirinliyi, obrazlılığı öz
şirəsini, dadını-tamını Azərbaycan türkcəsinin canlı xalq dilindən almışdır. Mehdi Hüseynin povest və romanları daim oxucular üçün
müasirdir, bəşəridir.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.
Ədəbiyyat qəzeti.-2009.-19
iyun.-S.1.