Gürcüstanda Azərbaycan mədəniyyəti
günləri
İyunun 16-da Tbilisidəki “Tbilisi Kortiat” mehmanxanasında Gelati Elmlər Akademiyasının akademiki, professor Rövşən Mustafayevin “Mirzə Şəfi nəğmələri” kitabının təqdimat mərasimi ilə Gürcüstanda Azərbaycan mədəniyyəti günləri başlanmışdır.
Tədbiri Azərbaycan Respublikasının
Gürcüstandakı səfiri
Namiq Əliyev açmışdır. Səfir
həyat və yaradıcılığı
Kitabda Azərbaycan və gürcü xalqları mədəniyyətlərinin yaxınlaşmasında mühüm rolu olan M.Ş.Vazehin yaradıcılığının unudulmaz və az məlum olan rus dilindən tərcümələrin toplandığını deyən N.Əliyev bu nəşrin siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin gərgin əməyi nəticəsində ərsəyə gəldiyini bildirmişdir. Səfir o zaman Tiflis ədəbi mühitində Mirzə Şəfinin yeri və yüksək nüfuzu barədə söhbət açarkən, həmin dövrün “cənab Zaltsmanın ədəbi divanı” adlandırılan və öz qələbəliliyi ilə seçilən “drafdın”(çayxana) haqqında danışmışdır. Bildirmişdir ki, həmin “drafdın” indi bu tədbirin keçirildiyi əraziyə yaxın yerdə yerləşirmiş və təəssüf ki, artıq o bina yoxdur.
N.Əliyev hər iki ölkənin mədəniyyət nazirlərinin bu tədbirdə iştirakından məmnunluğunu vurğulamışdır. Diplomat bu ərazidə tarixi keçmişin bərpası istiqamətində addımlar atılmasını təklif etmişdir. Demişdir ki, həmin binanın bərpası sayəsində xalqlarımızın qədim mədəni əlaqələrinə işıq salınması ilə yanaşı, bu sahədə əməkdaşlığımızın daha da inkişafına nail olmaq mümkündür.
Mirzə Şəfi ilə gürcü şairi Nikolaz Barataşvilinin taleləri arasındakı oxşarlığa diqqəti cəlb edən N.Əliyev, kitabın müəllifi, xalqımızın vətənpərvər oğlu, həyatdan erkən köçmüş istedadlı alim Rövşən Mustafayevin də vaxtilə Gürcüstanla sıx əlaqəsi olduğunu vurğulamışdır. O, səfirliyin təşəbbüsü ilə Tbilisinin “Unniversal” nəşriyyatında işıq üzü görmüş bu kitabı Azərbaycan və gürcü xalqları mədəniyyətlərinin inkişafı tarixində orijinal fakt adlandırmışdır.
Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Nika Rurua, Gürcüstan Yazıçılar Birliyinin sədri Mağvala Qonaşvili, şair-tərcüməçi İmir Məmmədli və başqaları çıxış edərək mərhum professor R.Mustafayevin “Mirzə Şəfi nəğmələri” kitabının təqdimatı ilə rəsmən açılan Gürcüstanda Azərbaycan mədəniyyət günlərinin dost gürcü xalqının Azərbaycan ədəbiyyatı, incəsənəti və musiqisi ilə yaxından tanışlığında mühüm rol oynayacağına əmin olduqlarını bildirmişlər.
R.Mustafayevin həyat yoldaşı, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə etmişdir.
Təqdimat mərasimində Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstanın Bakıdakı səfiri Nikoloz Natbiladze iştirak etmişlər.
Mərasimdən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bizimlə söhbətində demişdir: “Azərbaycan Respublikasının Gürcüstanda mədəniyyət günləri bir neçə gün davam edəcəkdir. Ölkəmizin incəsənət ustaları təkcə Gürcüstan paytaxtında çıxışlarla kifayətlənməyəcək, həmçinin azərbaycanlıların yığcam məskunlaşdıqları bölgələrə də gedəcək, soydaşlarımız qarşısında maraqlı proqramlarla çıxış edəcəklər. Əminəm ki, belə tədbirlər ənənə halını alacaqdır.
Prezidentlərimiz arasında dostluq və qardaşlıq münasibəti siyasi-iqtisadi sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrimizin daha da yaxşılaşdırılmasına şərait yaratmışdır. Əminəm ki, qarşılıqlı əlaqələrimiz daha da yüksələcək, bu işdə mədəniyyət sahəsində getdikcə genişlənən əməkdaşlıq öz sözünü deyəcəkdir”.
Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Nika Rurua demişdir: “Ölkəmizdə dost Azərbaycanın mədəniyyət günlərinin başlanmasına çox şadam.
Mən nazir Əbülfəs Qarayev başda olmaqla, nümayəndə heyətini Gürcüstanda görməkdən məmnunam. Əminəm ki, bu cür tədbirlər xalqlarımızın daha da yaxınlaşmasında böyük rol oynayacaqdır. Biz də Bakıda Gürcüstan mədəniyyəti günlərinin keçirilməsini arzulayırıq. Ümid edirəm ki, sentyabr, yaxud oktyabrda bunun şahidi olacağıq. Biz azərbaycanlı dostlarımızın öz istedadlarını gürcüstanlı tamaşaçılar qarşısında nümayiş etdirmələri üçün hər şeyi etməyə çalışmışıq və əminəm ki, qonaqlar Gürcüstan torpağında onlara göstərilən münasibətdən razı qalacaqlar”.
İyunun 16-da Azərbaycan incəsənət ustaları Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında qala-konsert vermişlər.
***
Gürcüstanda Azərbaycan mədəniyyəti günlərinin iştirakçıları iyunun 17-də ulu öndər Heydər Əliyevin Tbilisidəki büstü önünə əklil qoymuş, xatirəsini ehtiramla anmışlar.
Əklilqoyma mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, respublikamızın Gürcüstandakı səfiri Namiq Əliyev, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva iştirak etmişlər.
Gürcüstan Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyində keçirilən görüşdən sonra nazirlər Əbülfəs Qarayev və Nika Rurua birgə brifinq keçirmişlər.
Nika Rurua azərbaycanlı həmkarı ilə gələcək fəaliyyət planlarını müzakirə etdiklərini bildirmişdir. Əbülfəs Qarayev jurnalistlərin “Gürcüstanda qədim Azərbaycan və türk abidələrinin dağılmaq təhlükəsi var. Gürcüstanlı həmkarlarınızla görüşdə bu barədə söhbət aparıldımı?” - sualını cavablandıraraq demişdir ki, təəssüf ki, həm Azərbaycanda, həm də Gürcüstanda abidələrin qorunması məsələsində problemlər vardır. Bu istiqamətdə tədbirlər görülür və nazirliklərin mədəniyyət üzrə komissiyalarının iclası keçiriləcəkdir. İclasda bu qəbildən olan problemlərin həlli yollarına baxılıb birgə fəaliyyət planı işlənib hazırlanacaqdır.
Ə.Qarayev demişdir ki, gürcü həmkarlarımla Tbilisinin Nəbatat bağında azərbaycanlı ictimai xadimlərin dəfn olunduqları qəbiristanlığın qaydaya salınıb qorunması məsələləri barədə də söhbət etdik və Gürcüstan tərəfi bu işi öhdəsinə götürdü.
Jurnalistlərin Qaxdakı gürcü teatrı ilə bağlı sualını cavablandıran nazir teatrın normal fəaliyyəti üçün müvafiq tədbirlər görüldüyünü demişdir.
Sonra hər iki nazir gələcəkdə mədəniyyət xadimlərinin, yazıçı və şairlərin, musiqi kollektivlərinin yaradıcılıq gecələrinin keçirilməsi, qarşılıqlı səfərlərin təşkil olunması, birgə film çəkilişi layihəsinin də planlaşdırıldığını bildirmişlər.
Həmin gün Əbülfəs Qarayev Tbilisidəki M.F.Axundov
adına Azərbaycan Mədəniyyət Muzeyini
ziyarət etmiş, onun fəaliyyəti ilə
Ə.Qarayev Tbilisidəki M.F.Axundov adına 73 nömrəli Azərbaycan məktəbində olmuş, şagirdlərin rəsmlərindən ibarət sərgiyə baxmışdır.
Əbülfəs Qarayev mədəniyyət günləri çərçivəsində Tbilisidəki “Karvansara” şəkil qalereyasında müasir Azərbaycan incəsənəti sərgisinin açılış mərasimində iştirak etmişdir. Sərgidə 17 azərbaycanlı fotoqrafın əsərləri nümayiş etdirilir.
Həmin gün Azərbaycan incəsənət ustaları Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərində geniş konsert proqramı ilə çıxış etmişlər.
Ədəbiyyat qəzeti.-2009.-19 iyun.-S.1, 2.