Vaqif Səmədoğlu – 70

 

Vaqif Səmədoğluna açıq məktub

 

Hörmətli Vaqif müəllim!

Sizin yetmiş yaşınızın tamam olduğu günlərdə yalnız Sizi deyil, mənsub olduğunuz ideya- mədəni mühiti (və xalqı!) təbrik etməyə daxili bir ehtiyac duydum… Sizin böyüklüyünüz ondadır ki, yaradıcılıqda dahi Səməd Vurğunun övladı olmaqla qalmadınız, eyni zamanda (bəlkə də, daha çox!), Səməd Vurğunu yetirmiş etnokulturoloji sistemin övladı kimi ondan sadəcə zamanca (kəmiyyətcə!) yox, keyfiyyətcə də çox-çox irəli gedib Azərbaycan ədəbiyyatı, ümumən mədəni- ictimai fikir tarixinə öz adınızı yazdınız.

Səməd Vurğun dövrünün Azərbaycan poeziyası ancaq ikinci, yaxud üçüncü dərəcəli alternativ tanıyır; Səməd Vurğundan sonrakı poeziyanın çoxmiqyaslı, çoxçeşidli alternativliyində isə Sizin yaradıcılığınız ikinci, üçüncü… yerə deyil, məhz birinci yerə iddialıdır… Kifayət qədər qabarıq olan köksünüzü möhtəşəm kürsülərə gərmədiniz, hamının fəxr elədiyi nəslinizin, qohum- əqrabalarınızın tarixi şöhrətinə sıravi (və normativ!) mənada varislik etmədiniz, tarixi özündən başlamağın və tarixi tarixçilərin öhdəsinə buraxmağın, müdrik bir təmkinlə kim olduğunuzu deməməyin metafizik bir nümunəsini verdiniz…

Siz Azərbaycan yazıçısının deyə biləcəyi ən ciddi, ən ağrılı və ən cəsarətli sözləri dediniz. Və eyni zamanda Azərbaycan yazıçısının edə bilməyəcəyi ən ciddi, ən ağrılı və ən cəsarətli zarafatları elədiniz…Və bu zarafatları edə-edə kiməsə gülmək, kimisə güldürmək marağından çox-çox uzaq oldunuz, bütöv bir xalqın həyatı qədər zəngin olan daxili həyatınızın coğrafiyasını mütəvazö bir səxavətlə ortaya qoyub "mən burdayam…" dediniz.

Sizin XVIII əsrdə yaşamış adaşınız Molla Pənah Vaqifin öz əli ilə yazdığı bircə şeir belə elm aləminə məlum deyil. Başqalarına yazı-pozu öyrədən bir insanın əsərlərinin bu günə onun-bunun qələmi ilə gəlib çıxmasına mən həmişə təəccüblənmişəm… Siz də adamı təəccübləndirirsiniz: demək olar ki, bütün şeir silsilələriniz, şeir kitablarınız hansısa böyük ziyalımızın təkidinin (və əməyinin) məhsuludur. Əsərlərinizi yazmısınız, sözünüzü demisiniz… Və taleyin öhdəsinə buraxmısınız. Ona görə yox ki, yazdığınızın, dediyinizin əsl sənət hadisəsi olduğuna şübhə ilə yanaşmısınız; ona görə ki, insana (və insanlığa!) hörmət eləmisiniz, izinsiz-icazəsiz kiminsə ruhuna, daxili aləminə müdaxilə etmək, ədəbiyyatın ən qəbuledilməz bir keyfiyyətinə çevrilmiş qaba təcavüz texnologiyalarına uymaq Sizin nəinki yaradıcılıq, həyat prinsiplərinizə belə ziddir…

Hörmətli Vaqif müəllim!

Siz hələ gənc yaşlarınızdan Azərbaycan ədəbi-ictimai fikrinə, mədəni mühitinə olduqca "mürəkkəb" bir sənətkar obrazı gətirmisiniz. Səməd Vurğunun ümumictimai təfəkkür üçün aydın (fundamental!) yaradıcı şəxsiyyətindən sonra Sizin (onun övladının!) mübhəm, laübalı və "anti" - Səməd Vurğun yaradıcılığı ədəbi-ictimai fikri əməlli-başlı çaş-baş salmışdı. Və keçən əsrin yetmişinci, səksəninci illərində elə düşünürdülər ki, Siz sözün böyük (fundamentalist) mənasında milli ədəbiyyatın yox, milli kosmopolitizmin hadisəsisiniz… Hətta Sizi poeziyamızın min illik tarixinə "xəyanət"də günahlandıranlar da vardı. Ənənə ilə novatorluğun vəhdətindən danışa- danışa öz novatorluqlarına haqq qazandırıb ədəbiyyatın ənənəvi tarixində sxematik yer tutmağa çalışanlardan fərqli olaraq Siz həmin sxematikanın özünü də şübhə altına alır, ədəbiyyatın ən gözəl əsərlərini yarada- yarada ondan (ədəbiyyatdan!) qaçırdınız… Və Siz ədəbi yaradıcılığa başladığınız ilk illərdən sübut etdiniz ki, ədəbi həyatda inzibatçılıq, məmurluq Sizlik deyil. Əgər bunu uzun illər Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etmiş, qurultaylarda, toplantılarda rəyasət heyətində əyləşmiş Səməd Vurğunun oğlu yox, bir başqası etmiş olsaydı, tamamilə təbii görünərdi…Və xalq Sizi yalnız bir dəfə tribunada gördü. Onda da hərəkatın liderlərinin öz üzərlərinə götürə bilməyəcəyi bir fövqəladə məntiqlə hakimiyyətə üz tutub "gəlin xalqa rəhbərlik edin, meydan rəhbərləri çıxıb getsinlər öz işlərinin dalınca" dediniz. Və millətin ağır günündə siyasi kapital qazanmağa çalışan "hərəkat qəhrəmanları"na əsl yerlərini başa salmaqla yanaşı, başını itirmiş hakimiyyətin tarixi faciəsinin nədən ibarət olduğunu göstərdiniz…

Artıq neçə illərdir ki, Azərbaycan Milli Məclisinin üzvü - millət vəkilisiniz. Etiraf etmək lazımdır ki, bu yüksək adı daşıyanlar içərisində çox nadir təvazökar intellektuallardan birisiniz…

Hörmətli Vaqif müəllim!

Sizin yaradıcılığınız, ədəbi-ictimai, intellektual-fəlsəfi düşüncə mədəniyyətiniz barədə olduqca az yazılıb, nəinki tələb olunan səviyyədə, heç onun yarısı qədər də təhlillər, ümumiləşdirmələr aparılmayıb… Ona görə yox ki, Sizi dərk eləmək çətindir, daha çox ona görə ki, Sizi izah edəcək elmi modellər, ifadə texnologiyaları tapmaq çətindir. Və Siz bizim ədəbi-elmi təfəkkürümüzü çətinlik qarşısında qoymaqla, əslində onun inkişafı üçün zəruri perspektiv də vermiş olursunuz…

Sizin bədii-fəlsəfi leksikonunuz, emosional olduğu qədər də ciddi, məntiqli sintaksisiniz Azərbaycan dilinin müasir mərhələdəki uğurlarından sayıla bilər. Zəngin daxili aləmi, yüksək intellekti, mükəmməl fərdi özünəməxsusluğu olan lirik qəhrəmanımızın dili ana dilində səmimi (adam kimi!) danışmağın (və düşünməyin!) o qədər də çox olmayan nümunələrindən birini verir. Geniş panoramlı, böyük həcmli əsərlər yaratmasanız da, bütün poetik yaradıcılığınız ilham ( və cəsarətlə) yaradılmış bütöv bir əsərdir ki, onun ideya-məzmun miqyasının genişliyini, forma-bədii panoramının zənginliyini etiraf etməmək olmaz…

Mən xalqımı ona görə sevmirəm ki, o, dünyaya möhtəşəm eposlar, müdrik atalar sözləri, zərif lirika, …bəxş edib…, Ə.Türkini, M.Kaşğarini, …yetirib, Balasaqun, …kimi böyük şəhərlər yaradıb, müxtəlif xalqlara öz daxilində yer verib, dünyanın ən fərqli dinlərini qəbul edib, mən xalqımı ona görə sevirəm ki, onun övladıyam, ondan doğulmuşam. Vaqif müəllim, Sizin yaradıcılığınızla üzdən deyil, dərindən tanış olan hər bir azərbaycanlı, hər bir türk də Sizi ona görə sevməyə məhkumdur ki, mənsub olduğunuz etnosun təbii ifadəsisiniz - bütün sadəlövhlüyünüz ilə… Siz yüksək intellektiniz, ancaq özünüzə tabe olan iradənizlə (və şəxsiyyətinizlə!) yalnız ürəyiniz istəyən gücə, qüvvəyə tabe ola bilərsiniz; Sizi istəmədiyiniz, könüllü tabe olmadığınız heç bir təzyiq, müdaxilə ayağa qaldıra bilməz… Bütün yaradıcılığınızla bir yerdə!.. Və Sizin atanız da belə idi: möhtəşəm (və təvazökar!) Və Səməd Vurğundan başlayan Azərbaycan poeziyasının tarixini yazacaq, əslində, ümumiləşdirəcək tədqiqatçılar üçün mən belə bir sxem - model üzərində düşünməyi də təklif edirəm: atasının bilavasitə fizioloji genini daşıyan, yaradıcılıq texnologiyası, ideya-estetik strukturu ilə onu inkar edəcək qədər fərqli məktəbin sıravi üzvü olmaq fikrinə düşən, lakin həmin məktəbin fövqünə qalxaraq nəinki "anti" - Səməd Vurğun, hətta ondan sonrakı məktəbin ən böyük nümayəndəsi!..

Çoxlu böyük şairlərin adını çəkə, onların poeziya, xüsusilə lirika sahəsindəki yerlərini lazımi sxematik səviyyədə göstərə bilərəm… Ancaq bir an belə unutmuram ki, bu məktubu Sizə - poeziya və ümumən ədəbiyyat tarixində öz yerini bütün təvazökarlığınıza baxmayaraq əla bilən bir mütəfəkkirə yazıram.

Sizin poeziyanız (və şəxsiyyətiniz!) böyük mənada fərdi, özünəməxsus olsa da, burada şəxsi iddia, konyuktur sosial-ideoloji maraq, gələcəyə hesablanmış diplomatiya yoxdur. Və təsəvvür edilməzdir… Elə bil ki, hansısa ilahi qüvvə Sizi ana bətnindən çıxarıb, gənclik dövründə təlqin oluna biləcəyiniz ədəbi- ideoloji və "estetik" kanonlara bulaşmaqdan qoruyaraq, özünüzü azad (!) ifadə edəcəyinizə əmin olduğu bir dövrdə sərbəst buraxmışdı…

Yusif Səmədoğlunun prozaik diplomatiyası, Səməd Vurğunu (və onun dövrünü) təhlil etmək ehtirası Sizlik deyildi - Siz uzun illərin bir az da konyuktur mübahisə predmeti olmuş (və olan) bir dövrün (nə qədər doğma olsa da!) deyil, bütün dövrlərin üstündən keçib ədəbiyyatı (poeziyanı) keçmişdən gələcəyə aparmağın təbii (və səmimi) texnologiyasını müəyyənləşdirdiniz.

Mən rəhmətlik Yusif Səmədoğlunu təsadüfən xatırlamadım. Siyasəti Sizdən ( və yaşıdlarınızdan!) yaxşı bilən, özünü mühitinin (və zamanının!) fövqündə saxlamağı bacaran, "Qətl günü"nün müəllifinin Bakı Dövlət Universitetindəki bir görüşdə "Vaqif Səmədoğlu sizin üçün kimdir?" sualına verdiyi cavab da yadımdadır. Hamı gözləyirdi ki, Yusif müəllim "mənim kiçik qardaşım" deyəcək. Hətta bu cavab yerdən də səsləndi… Sizin böyük qardaşınız isə bir qədər sükut edib özünəməxsus ağayana təbəssümlə "Azərbaycanın ən böyük şairi!" dedi. Və alqışların sədası altında əlavə etdi: "Xahiş edirəm, özünə də çatdırasınız"… Bu sözlər deyiləndə Siz hələ əlli yaşınıza çatmamışdınız, məndən cavan idiniz… Və ədəbiyyatın nə olduğunu dərindən bilən, yaxın adamlarını tərifləməkdən çox uzaq olan, "dünya"nın mənasızlığını çox tez anlamış, obyektiv (!) Yusif Səmədoğlu səhv edə bilməzdi. Xüsusilə böyük sənətkarların iştirak etdiyi mötəbər bir məclisdə - "Qətl günü"nün müzakirəsində…

Sizdən əvvəl də, Sizdən sonra da Azərbaycan poeziyası var: Sizdən əvvəl… B.Vahabzadə, H.Arif, N.Həsənzadə, Qabil, M.Araz, N.Xəzri, C.Novruz, T.Bayram, Ə.Kərim; Sizdən sonra N.Kəsəmənli, S.Rüstəmxanlı, Ç.Əlioğlu, R.Rövşən, Z.Yaqub, V.Cəbrayılzadə… Təmayüllər, üslublar nə qədər desən… Ancaq Səməd Vurğundan başlayıb Vaqif Səmədoğlu ilə davam edən bir şeir-sənət mədəniyyəti də var - fərqli olduğu qədər də eyni, eyni olduğu qədər də fərqli…

Hörmətli Vaqif müəllim! Siz Azərbaycan poeziyasının tarixində elə bir hadisəsiniz ki, bu günün istənilən ədəbi-mədəni məktəbi başçısı olmağınıza görə Sizinlə fəxr eləyə bilər, ancaq Siz heç bir məktəbə şagirdlik etmədiyiniz kimi, heç bir məktəbə də müəllimlik etməyəcəksiniz.

 

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.-2009.-19 iyun.-S.1,2.