Aybəniz həsrəti
Səməd Vurğun yadigarı Aybənizi itirdik. Kədərimiz böyükdür.
Sözlə ifadə etməyə çətinlik
çəkirəm. Aybəniz
mənim əlli beş illik rəfiqəm, həmdəmim,
təsəllim, dostum,
doğmadan da doğma bacım idi. Həmişə ona deyirdim ki,
sən mənim həyat stimulumsan.
1954-cü
ildə universitetin birinci kursunda tanış olduq. İlk gündən aramızda çox səmimi bir dostluq yarandı. Çox sadə idi, mehribandı Aybəniz. Hamı onu uzaqdan-uzağa göstərib deyirdi: “Bu, Səməd Vurğunun qızıdır.”
Bir dəfə dərsdən çıxanda indiki Əlyazmaları İnstitutunun
qapısında(o vaxt həmin bina Ali Sovetin
idi) ağ saçlı, dağ vüqarlı Səməd
Vurğunu gördük.
Aybəniz yüyürüb
atasını qucaqladı.
Səməd Vurğunu
ilk dəfə mən onda gördüm.
Yaxşı yadımdadır.
Böyük şairimiz
hər birimizlə ayrı-ayrılıqda görüşdü, hal-əhval tutdu. Elə sevinirdik ki... fəxr edirdik ki, biz
Səməd Vurğunla
söhbət edirik. O qayğısız illərdə
biz ancaq şirin arzularla yaşayırdıq. Elə
bilirdik ki, hər birimizə ayrılmış ömür
payı səmadakı
ulduzların sayı qədərdir. Sən demə, çox qısa imiş ömür. Elə bil dünəndi. Universiteti bitirdik. Müxtəlif yerlərə
işləməyə getdik.
Aybənizlə iş
yollarımız ayrılsa
da, həyat yollarımız ayrılmadı,
həmişə bir yerdə olduq. Tez-tez görüşürdük.
Onun çalışdığı
Səməd Vurğun
muzeyində keçirilən
tədbirlərdə mən
də iştirak edirdim. Aybənizin təşkilatçılığına, işgüzarlığına, enerjisinə
heyran qalırdım.
O, həm Səməd
Vurğun irsini hifz edirdi, həm
yazıçılarımızın yubileylərini, xatirə günlərini keçirirdi,
qonaqları qəbul edirdi, həm də tez-tez xarici ölkələrdə
olurdu. Keçən il Türkiyəyə getmişdi. Səməd Vurğun küçəsinin
açılışına dəvət olunmuşdu. fotoşəkillərlə qayıtmışdı.
Sevinirdi, fəxr edirdi. Türkiyədə ona fəxri elmlər doktoru diplomu verilmişdi. “İndi yaşamaq, ancaq yaşamaq lazımdır” - deyirdi.
Aybəniz yaxşıların yaxşısı
idi. Ən yaxşı övlad, ən yaxşı ana, ən yaxşı
dost idi. O, mədəniyyətimiz üçün,
ədəbiyyatımız üçün
səməndər quşu
kimi canını fəda edirdi. Bir hadisə yadıma düşdü. Bir dəfə Aybəniz kamera teatrının “Son qatar” adlı
tamaşasının bütün
biletlərini alıb yaxınlarına, mədəniyyət
xadimlərinə paylamışdı.
Çoxdan görüşməyən
dostlar Aybənizin sayəsində görüşdülər.
...Məzarlıqdan qayıtmışam.
Torpaq soyudur - deyirlər. Yox, mən Aybənizin yoxluğuna inana bilmirəm, inanmaq istəmirəm. Albomu vərəqləyirəm. İkinci
kursda çəkdirdiyimiz
fotoşəklə baxıram.
Necə də cavandıq. Qarşıda bizi nələr gözləyəcəyindən, əlbəttə, xəbərsizdik.
Aybəniz bilmirdi ki, bir il
sonra atasını - fəxrimiz, vüqarımız
Səməd Vurğunu
itirəcək... Çox
illər sonra qardaşı Yusifi, anası Xavər xanımı itirəcək...
Və bir gün gələcək ki, Aybəniz özü də bu aylı-ulduzlu
dünyamızdan ayrılacaq.
Türklərdə bir söz var: “Keçmişi dilə gətirən yeganə vasitə şəkildir.” Nə yaxşı ki, bu fotoşəkillər var, lent yazıları
var, xatirələr var.
Şəkillərə baxıram. Bağda, dəniz sahilində, müxtəlif tədbirlərdə, universiteti bitirməyimizin 25 illik yubileyində çəkdirdiyimiz şəkillər doğrudan da keçmişi dilə gətirir, məni neçə illər əvvələ aparır. Bu ay universiteti bitirməyimizin 50 ili tamam olur. Baş tutmayacaq bu görüş!
Aybəniz deyəndə ilk növbədə onun xeyirxahlığı gözlərim önündə canlanır. O qədər adama kömək edib, əl tutub ki... Ona minnətdar olan insanlar çoxdur. Aybənizin dəfn mərasimindəki izdiham, axıdılan göz yaşları, onun məzarını qucaqlayan qızıl güllər bu minnətdarlıq duyğularının bir qətrəsidir.
Ötən günlər bir-bir gözlərimin önündən keçir.
...Qapının zəngi çalınır. Aybəniz bizə gəlib. Qan-tər içindədir.
- Xeyir ola Aybəniz? - deyə soruşuram.
- Sara xanımın yanına gedirəm. Gəldim səni də götürüm.
Sara xanım Hacı Zeynalabdin Tağıyevin qızıydı. Unudulmuş, dünya işığına həsrət qalan bu zavallı qadına Aybəniz böyük qayğı göstərirdi, ona yardım edirdi. Sara xanım qapısını ancaq Aybəniz üçün açardı.
Biz Aybənizə zarafatla “Tereza ana” deyərdik. Prezident təqaüdünə layiq görüləndən sonra mənə məlum oldu ki, Aybəniz aldığı məbləğdən ehtiyacı olan yaxınlarına hər ay pul verirmiş. O, bu xeyirxahlığını ətrafındakılardan gizlədirdi, demirdi.
Yay aylarında biz çox vaxt birlikdə istirahət edərdik, bağa, dənizə gedərdik. Bəzən qızı Aygün və nəvəsi Vurğun da bizimlə olardı. Aybəniz fəxr edərdi Vurğunla. On yaşlı mahir pianoçu Vurğunla. Vurğun prezident təqaüdünə layiq görüləndə Aybəniz xəstə yatağında idi. Həkimlər ona iki ay vaxt qoymuşdular. Allahın mərhəməti və Aygünün fədakarlığı, qayğısı sayəsində Aybənizin ömrü bir neçə ay uzandı. O, mənimlə son görüşündə dedi ki, yaman uzun çəkdi xəstəliyim. Qoy ayağa durum. Yenə birlikdə istirahət edəcəyik, bu dəfə Yesentukidə.
Aybəniz bu sözləri deyəndə ürəyim qan ağlayırdı. Bilirdim ki, o, bu yataqdan qalxa bilməyəcək...
İndi Aybəniz ruhlar dünyasındadır. Hamımızın əbədi məskəni olan və olacaq ruhlar dünyasında. Aybəniz dünyasını dəyişən gündən onunla danışıram. O, mənim aman evimdi. (Özü də tək mənim yox!) Nə işim, çətinliyim olsaydı, sözümü ona deyərdim. Aybəniz yaxını, əzizi, dostu üçün canını hər an qurban verməyə hazır olan əvəzsiz bir insan idi.
Canım Aybəniz! Sən bu dünyaya bir fərd kimi gəldin, şəxsiyyət kimi getdin. Həmişəyaşarlıq qazanaraq getdin. Nə qədər ömrüm var, mən sənin həmişə həsrətini çəkəcəyəm.
Əlvida, Aybəniz!
Müzəyyən
AĞABƏYOVA
Ədəbiyyat qəzeti.-2009.-19
iyun.-S.3.