Yazıçılar Birliyində

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın anadan olmasının 70 illiyi münasibətilə xatirə günü keçirilmişdir. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açaraq qələm dostu ilə bağlı ürək sözlərini söyləmiş, xatirələrini danışmışdır. Tədqiqatçısı Natəvan xanım şairin həyat və yaradıcılığı haqqında məlumat vermiş, onun ədəbi irsinin bəzi məqamlarını açıqlamışdır. Yığıncaqda xalq şairləri Fikrət Qoca, Vaqif Səmədoğlu, şairlərdən Musa Ələkbərli, Ənvər Əhməd, Ramiq Muxtar, Sona Xəyal, tənqidçi Vaqif Yusifli, Rəfiq Zəkanın həyat yoldaşı Nailə xanım, qızı Aydan, oğlu Xəndan və b. çıxış edərək tanınmış şairin lirik şeirlərindən söhbət açmış, sözlərinə yazılmış, dillər əzbəri olan "Qurban verərdim", "Ana Kür", "Səadət", "Qarabağım", "Gül, gözəlim, gül" mahnılarını diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, o qədər də uzun ömür sürməyən Rəfiq Zəka öz nikbin poeziyası ilə oxucularının yaddaşında daima yaşayır. Eyni zamanda, təkcə şair kimi xatırlanmır. Onu ictimai həyatın ən qaynar nöqtələrində görmək olardı. Yaradıcılığı hərtərəfli idi. Ədəbi və ictimai fəaliyyəti ilə yanaşı o, elmi və pedaqoji fəaliyyət də göstərirdi. Elmi işlərə böyük tələbkarlıqla yanaşıldığı bir dövrdə - 1983-cü ildə Rəfiq Zəka fəlsəfə üzrə doktorluq işi müdafiə etmişdir. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Dövlət Bədən Tərbiyəsi Universitetlərində dərs demiş, bu tədris ocaqlarının professoru olmuşdur. Yığıncaq iştirakçıları onu da bildirmişlər ki, ziyalı ailəsində dünyaya göz açan Rəfiq həm alim, həm şair, həm də pedaqoq kimi atası Cəfər Xəndanın layiqli davamçısı idi.

Məclisdə Rəfiq Zəka Xəndanın Türkiyə-Azərbaycan Əlaqələrinin inkişafındakı xidmətləri xüsusi vurğulanmışdır. Bu xidmətlərinə görə onun Türkiyədəki bir çox nüfuzlu ictimai təşkilatların mükafatlarını alması toplaşanların diqqətinə çatdırılmışdır. Onlar qeyd etmişlər ki, Sovet İttifaqının sukuta uğramağa başladığı ötən əsrin 80-ci illərində Rəfiq Zəka Xəndan artıq Türkiyə və Azərbaycan arasında mədəni körpülərin yaradılmasının bünövrəsini qoymağa başlamışdı. Doğma ölkəsində 30-dan çox kitabı işıq üzü görən şairin Ankarada və İstanbulda "Seçilmiş əsərləri", "Azərbaycanın səsi", "Bakı-İstanbul" və s. əsərləri dərc olunmuşdur. Yığıncaq iştirakçıları Rəfiq Zəka Xəndanı sədaqətli dost, diqqətcil pedaqoq, səmimi və mehriban insan kimi dəyərləndirmişlər.

Məclisdə görkəmli ədəbiyyatşünas Əkrəm Cəfərin oğlu Sokrat Cəfər atası ilə Rəfiq Zəka Xəndan arasındakı səmimi münasibətlərdən, dostluqdan söhbət açmışdır.

Sonda şairin qardaşı Akif Hacıyev ailələri adından məclisin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.

Bu günlərdə Rəfiq Zəka Xəndanın “Azərbaycan cahandır” adlı şeirlər kitabı “Mütərcim” nəşriyyatında nəfis tərtibatla çapdan çıxıb. Kitabın tərtibçisi şairin qızı, f.e.n. Aydan Xəndandır.

 

 

A.İsmayıloğlu

 

Ədəbiyyat qəzeti.-2009.-19 iyun.-S.3.