Ədəbiyyatımıza və ədəbiyyatşünaslıq elmimizə dəyərli töhfələr

 

Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Azərbaycan ədəbiyyatı” seriyasından tərtib etdiyi “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”, “Süleyman Rüstəm. Seçilmiş əsərləri”, “Xəlil Rza Ulutürk. Seçilmiş əsərləri” kitabları nəşr edilmişdir.

Ədəbiyyatşünas alim Teymur Əhmədov indiyədək 486 çap vərəqi həcmindən çox olan 37 adda əsərlərin, monoqrafiya və kitabların, 300-dən çox elmi-kütləvi və publisistik yazıların, tərtib etdiyi 28 adda elmi, ictimai-siyasi və ədəbi nəşrlərin müəllifidir. Bundan əlavə, yorulmaz alim həmkarlarının yazdıqları 44-dən artıq monoqrafiyanın redaktoru olmuşdur.

Professor T.Əhmədovun gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri XIX-XX əsrlər Azərbaycan ədəbiyyatşünaslıq elminin, ədəbi-ictimai fikrin inkişafı və zənginləşməsində mühüm rol oynamışdır.

Nəriman Nərimanov ədəbi irsinin hərtərəfli, dərindən öyrənilməsində professor Teymur Əhmədovun tədqiqatları mühüm əhəmiyyətə malikdir. “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanovun həyatı, mühiti və yaradıcılıq yolu”, “Nəriman Nərimanovun yaradıcılıq yolu”, “Azərbaycanın görkəmli adamları” seriyasından Azərbaycan, rus, alman, ingilis, fransız dillərində kütləvi tirajla çap olunan “Nəriman Nərimanov” və digər əsərləri alimə geniş şöhrət qazandırmışdır.

Teymur Əhmədovu bir alim kimi ədəbi ictimaiyyətin gözündə qaldıran cəhətlərdən biri də onun yaradıcılığının mühüm tərkib hissəsini təşkil edən tərtibatçılıq fəaliyyətidir. Tərtibatçılıq alimdən yüksək peşəkarlıq, həmin sahəyə dərindən bələd olmaq kimi keyfiyyətlər tələb edir. Bu mənada müəllifin “Çaşıoğlu” nəşriyyatında yüksək poliqrafik keyfiyyətdə işıq üzü görən “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”, “Süleyman Rüstəm. Seçilmiş əsərləri”, “Xəlil Rza Ulutürk. Seçilmiş əsərləri” kitabları bunu deməyə əsas verir ki, T.Əhmədov uzun axtarışlar, düzgün seçim tələb edən bu işin öhdəsindən peşəkarlıqla gəlmişdir.

T.Əhmədovun tərtibatında nəşr olunan “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” kitabı xalq yazıçısı, akademik Mirzə İbrahimovun ön sözü ilə açılır. Oxuculara təqdim olunan antologiya XIX əsr Cənubi Azərbaycan poeziyasını əhatə edir. Ön sözdə həmin poeziyanın istiqamət meyillərindən, əsas ideya-bədii keyfiyyətlərindən, janr xüsusiyyətlərindən ətraflı bəhs olunmuşdur.

Kitab Arazın o tayında yaranmış ədəbiyyatın gözəl keyfiyyətləri, çətinlikləri, inkişaf meyilləri haqqında oxucularda geniş təsəvvür yaradır. Oxucu antologiyada Cənubi Azərbaycanda yaşayıb-yaradan 110-dan artıq şairin yaradıcılığı ilə tanış olur.

Antologiyanın müsbət keyfiyyətlərindən biri də odur ki, böyük çətinliklərə qatlaşaraq tərtibatçı burada əsərləri yer almış sənətkarları oxuculara daha yaxından tanıtmaq üçün hər şair haqqında qısa biblioqrafik məlumat da vermişdir. Məlumdur ki, Cənubi Azərbaycan şairlərinin əsərlərində fars tərkibli sözlər də yer almışdır. Onların əsərlərinin Şimali Azərbaycan oxucularına daha anlaşıqlı olması üçün müəllif kitabda fars tərkibli sözlərin əlifba sırası ilə lüğətini də vermişdir.

“Süleyman Rüstəm. Seçilmiş əsərləri” və “Xəlil Rza Ulutürk. Seçilmiş əsərləri” kitablarına isə ön sözü tərtibçinin özü yazmışdır.

Ön sözdə bildirilir ki, xalq şairi Süleyman Rüstəm XX əsr Azərbaycan ədəbiyyatının təməlini qoyan yazıçılar nəslinə mənsubdur. Burada müəllif xalq şairinin tərcümeyi-halından, yaradıcılığından ətraflı söz açmış, şairin ilk şerindən son yaradıcılıq nümunəsinə qədər olan müddəti ardıcıl izləmiş və böyük sənətkarın şeriyyətinin özünəməxsusluğunu aydın şəkildə diqqətə çatdırmışdır.

Tərtibatçı, şairin müxtəlif janrlarda qələmə aldığı şeirləri ayrıca başlıqlarla - “Şeirlər”, “Poetik düşüncələr”, “Satira-yumor”, “Mahnılar” adları altında qruplaşdırmışdır. Kitabın “Təbrizim” şeri ilə açılması tərtibaçının uğurlu seçimi olmaqla yanaşı, oxucuların ürəyindən xəbər verir. Çünki bu şeir bir tərəfdən sənətkarın yüksək poetik vüsətindən xəbər verirsə, digər tərəfdən sovet imperiyası dövründə belə bir poeziya nümunəsinin yazılması həm də Süleyman Rüstəmin böyük cəsarətini, qorxmazlığını, vətənpərvərliyini göstərir.

Teymur Əhmədovun “Xəlil Rza Ulutürk. Seçilmiş əsərlər” kitabında 45 illik ədəbi yaradıcılığı dövründə şairin milli poetik fikrimizdə özünəməxsus mövqe qazandığını göstərir. “İstiqlal nəğməkarı” adlı ön sözdə deyildiyi kimi, Azərbaycanın azadlığını və istiqlalını öz yaradıcılıq amalına çevirən Xəlil Rza Ulutürkün şeirlərində cəsarətli vətəndaşlıq mövqeyi, həyat hadisələrindən doğan daxili narahatlıq, çılğınlıq başlıca yer tutur.

Müəllif Xəlil Rzanın kəşməkəşli ömür yolundan və mübarizəsindən söz açaraq, xalq şairinin yaradıcılığının müxtəlif mərhələlərindən ətraflı bəhs etmişdir.

 

 

Ədəbiyyat qəzeti.-2009.-19 iyun.-S.2.