Tale
yazıları
Yazı - insan təfəkkürünün
ilk ən nəhəng kəşfi, bəşər
sivilzasiyasının təməl daşıdır - desək
yəqin ki, yanılmarıq. Başqa sözlə, yazı -
danışıq səsinin qrafik cizgilərdə təcəllasıdır.
Yazı ilə məşğuliyyətin tarixi yazının
tipləri qədər qədim və müqəddəsdir. Yazı
məfhumunun ilkinliyində, sübh çağında ilahi
qüdrət, sözün hikməti və sehri
yaşamaqdadır. Əsrlər, minilliklər keçdikcə
yazının daşıdığı fiziki və mənəvi
yükün nisbəti ikinci komponentin prioritetliyi ilə
sonuclanmışdı. Çağdaş dövrümüzün
məişət leksikonunda işlətdiyimiz "yazı"
anlayışının semantik çaları adi, bəsit
görünsə də filologiya elmləri doktoru, professor Vilayət
Quliyevin "Son illərin yazıları"nda bu söz yeni məna,
qürur və iftixar hissi yaşadan mahiyyət kəsb edir. Elmi-publisistik üslubda işlənmiş
bu "yazılar"la dərindən tanış olduqca bitkin
və mükəmməl struktura, zəngin fakt yeniliyinə,
cazibədar və şirin təqdim manevrlərinə, millətsevərlik
və yurdsevərlik hissləri ilə yoğrulmuş yenilməz
ruha, qayəyə, məfkurəyə malik tutumlu, sanballı əsərlərin
yaranışının Tanrı işi, tale qisməti
olduğuna inanmaya bilmirsən. Ən qədim türk
yazılarının açıq muzeyi sayılan Orhun daş
kitabələrinin ziyarətinə gedən müəllifin
yaşadığı duyğu və düşüncələrini
həyəcansız oxumaq, geniş erudisiyasına, ümummilli
tarixi keçmişimizin 1300 illik dərinliyinə göstərdiyi
maraq və ehtirama heyran qalmamaq mümkün deyil.
İmkanlı insanlarımızın çoxu məzuniyyətlərini
Avropa ölkələrinin ən gözəl kurort şəhərlərində
keçirməyi üstün tutduqları halda bu kitabın
müəllifi eynitəyinatlı vaxtını
qışın 15-20 dərəcə şaxtalı-sazaqlı
vaxtında, Ulan-Batorun 400 km. yerləşən Qaraqorum
yaxınlığındakı ucsuz-bucaqsız
çöllüyə səpələnmiş "Bilgə
Kağan", "Kül Tigin", "Tonyukuk"
yazılı abidələrinin ziyarətinə
yollanmışdı. Əski türk runik yazılarına
kitab müəllifinin dərin məhəbbəti haradan
qaynaqlanır? - sualına Vilayət müəllim özü
belə cavab verir: "Dindar bir müsəlmanın Məkkə
ziyarəti nə qədər içdən gələn və
qutsaldırsa, ana dilini sevən, tarixini öyrənmək, onun
qaynaqlarına baş vurmaq istəyən hər bir türk
insanı üçün də ucsuz-bucaqsız Monqolustan
çöllərindəki bu yazılı daşları ziyarət
etmək o qədər mühüm və zəruridir."
V.Quliyevin
hələ universitet illərindən əski türk abidələrinə
ciddi maraq göstərməsinin, L.Qumilyovun "Qədim
türklər" kitabını Azərbaycan və türk
dillərinə çevirməsinin və uzun əsrlərdən
sonra ilk oxunuşu "Tenqri" (Tanrı) sözü ilə
başlanan Orhun abidələrinə ziyarətini gerçəkləşdirə
bilməsinin səbəbini dilimizə və qədim tariximizə
sevgi ilə yanaşı bir tale yazısı, Tanrı qisməti
kimi də dəyərləndirmək olar. Əslində onun
"Son illərin yazıları"
adlandırdığı kitaba daxil etdiyi məqalələr
tarixi vətənindən uzaqlarda mühacirət həyatı
yaşamış, Azərbaycanla gen, qan və mənəvi
bağlılığı olan görkəmli şəxsiyyətlərin,
ictimai-siyasi xadimlərin, mütəfəkkirlərin, elm və
ədəbiyyat adamlarının keşməkeşli
ömür yolu, qəribə tale yazılarıdır. Bu
yazılar müxtəlif aktual mövzuları əhatə etsə
də, mənəvi sərvətlərdən
yükünü tutaraq ovsarla bir-birinə bağlanıb susuz
səhralardan, Orhun çöllüklərindən üzü
sabaha doğru yol gedən dəvə karvanını
xatırladır. Karvanın önündə gedən dəvə
ləngərlidi, asta addımlarından hiss olunur ki,
yükü çox ağırdı... Çünki Azərbaycan
ədəbi-ictimai fikrinin intibahında, milli-mənəvi dəyərlərin
intişarında, istiqlal və azadlıq ideyalarının təbliğində
müstəsna xidmətləri olan görkəmli mütəfəkkir,
mühərrir, müəllim, müstəşar, milliyyətçi
və mücahid Əhməd bəy Ağaoğlunun ədəbi-bədii,
elmi-fəlsəfi irsini aparır. "Sonuncu mogikan - Əhməd
Ağaoğlu" məqaləsini 70 illik sovet dönəmində
haqsız olaraq tarixi vətənində qınanan böyük
fikir adamının elmi bəraəti kimi də dəyərləndirmək
olar. Təsadüfi deyil ki, Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə 2007-ci ildə Əhməd
bəy Ağaoğlunun kütləvi tirajla (25000) işıq
üzü görən "Seçilmiş əsərləri"nin
tərtibçisi, ön sözün, izah və şərhlərin
müəllifi də professor Vilayət Quliyevdir. O, Ə.Ağaoğlunun
çoxcəhətli fəaliyyətini, zəngin
yaradıcılığını bütövlükdə
türk-islam dünyasının ədəbi-bədii
düşüncəsinin ayrılmaz tərkib hissəsi kimi təqdim
edir və yüksək qiymətləndirmişdi.
V.Quliyevin
bir vətəndaş-alim fədakarlığının nəticəsində
Türkiyədə yaxşı tanınan Azərbaycan əsilli,
ədəbiyyatşünas-alim, türkoloq Əhməd Cəfəroğlunun
"Seçilmiş əsərləri" (2008), görkəmli
ictimai-siyasi xadim, modern yazıçı Səməd
Ağaoğlunun "Hekayələr, memuarlar"(2008),
"Behbud xan Cavanşirin məhkəmə prosesi" (2008) və
Azərbaycan Xalq Cümhuriyyəti Milli Məclisinin sədri,
Paris sülh konfransında nümayəndə heyətimizin rəhbəri
Əli Mərdan bəy Topçubaşovun "Azərbaycan
Paris sülh konfransında" (2008) kitabları Azərbaycan
oxucusuna ilk dəfə təqdim edilmişdir. Bu kitabların tərtibi,
çapa hazırlanması, onlara geniş müqəddimə,
izah və şərh yazılması və geniş ədəbi-elmi
ictimaiyyətə çatdırılması Vilayət müəllimin
böyük əzmkarlığı və yorulmaz səyi sayəsində
mümkün olmuşdur.
"Son
illərin yazıları" sırasında Azərbaycan -
Türkiyə ictimai-siyasi, ədəbi-mədəni əməkdaşlıq
tarixinə sanballı töhfə verən, əhəmiyyətli
xidmət göstərən məqalələrdən "Səməd
Ağaoğlu - atasına layiq oğul", "Əhməd Cəfəroğlu:
Gəncədən bütün türk dünyasına",
"İstanbulda azərbaycanlı bir xanım - Nazan
Ölçər", "Türk ordusunun azərbaycanlı
generalları - Bərköz qardaşları",
"Bakıda ilk türk diplomatı - Məmduh Şövkət
Esendal" və b. adlarını xüsusi vurğulamaq olar.
Türkiyə Cümhuriyyətinin demokratik inkişafında,
dövlət quruluşunun möhkəmlənməsində,
elmi-mədəni irsinin zənginləşməsində fəal
iştirak edən həmyerlilərimizdən Səməd
Ağaoğlu Türkiyənin sənaye naziri, baş nazirin
müavini vəzifələrinə qədər yüksələ
bilib, Əhməd Cəfəroğlu İstanbul Universitetinin
professoru, Türkiyyat İnstitutunun direktoru işləyib. Əslən
Şəkidən olan “İstiqlal” medallı Məhəmməd
Sarıkərimli (Bərköz) Türkiyə
Jandarmeriyasının baş komandanı, general-polkovnik,
qardaşı Mahmud Sarıkərimli (Bərköz) isə
Üçüncü ordu komandanı, ordu generalı kimi
yüksək vəzifəyə və rütbəyə öz
istedadları, bacarıqları sayəsində layiq
görülüblər. Bu unikal faktlar hər bir azərbaycanlının
içində iftixar hissi yaradır, qürur mənbəyinə
çevrilir. Xalqımızın bu görkəmli
oğullarının əldə etdikləri nailiyyətlər
bütün türk dünyasının dirçəlişinə,
yüksəlişinə, xalqlar arasında münasibətlər
sisteminin nizamına, möhkəmlənməsinə həsr
edilmiş unudulmaz tarixi xidmətlərdir.
"Bakıda
ilk türk diplomatı - Məmduh Şövkət Esendal"
haqqında da çağdaş Azərbaycan oxucusuna ilk dəfə
maraqlı, geniş və ətraflı məlumatı professor
V.Quliyev təqdim edir. Bu məqalədə 1920-ci ilin
sentyabrında Türkiyənin siyasi nümayəndəsi sifətilə
Bakıya gələn Məmduh Şövkət Esendalın təkcə
həyatı, diplomatik fəaliyyəti deyil,
bütövlükdə dövrün və iki ölkə
arasında mövcud münasibətlərin siyasi-publisistik
icmalı yüksək peşəkarlıqla öz əksini
tapmışdır. Mövzunu arxiv materialları əsasında
dərindən araşdıran müəllif zərurət
yarandığı halda nümayəndəliyin böyük
elçiliyə (səfirliyə) çevrilməməsinin,
Bakıya hərbi attaşe göndərilməməsinin səbəblərini
araşdırmış, Azərbaycanda get-gedə dəyişilən
ictimai-siyasi vəziyyətin münasibətlərə mənfi
təsirinin səbəbləri göstərilmişdi. Tale elə
gətirmişdir ki, bu sətirlərin müəllifi də
iyirmi il əvvəl Azərbaycanın Türkiyədə ilk hərbi
attaşesi işləmiş Ələsgər Əsgərov
haqqında araşdırmalar aparmış, məqalə
çap etdirmişdir. Azərbaycan XİN-in arxivindəki sənədlərə
əsasən məlum oldu ki, Türkiyənin cəbhədə
vəziyyəti ilə bağlı sovet rəhbərliyi Ə.Əsgərovdan
məxfi informasiyalar tələb ediblər. Ə.Əsgərov
buna açıq etiraz etdikdə isə onu İstanbula göndərilməsindən
doqquz ay sonra, 1922-ci il mayın 7-də həbs edərək
qolları qandallı Bakıya göndərirlər. Lakin hərbi
attaşe Samsunda Rusiyanın qırmızı dipkuryerlərinin
əlindən çıxmağa müvəffəq olur. Bu
hadisə sözsüz ki, Türkiyənin Bakıdakı siyasi
nümayəndəliyinin fəaliyyətinə, onun statusunun
yüksəldilməsinə və ştatının genişləndirilməsinə
mənfi təsir göstərmişdi.
Məmduh
Şövkət Esendalın Bakıda diplomatik fəaliyyət
göstərdiyi, yaşadığı dövrdə (1920-1924)
Mirzə Bala Məhəmmədzadənin rəhbərlik etdiyi
İstiqlal hərəkatı Azərbaycanın müstəqilliyi
uğrunda sovet rejiminə qarşı gizli mübarizə
aparırdı. Milli istiqlalçılarla əlaqədar məxfi
arxivlərdə araşdırmalar apararkən 1923-cü ildə
əvvəl İrana, sonra isə Türkiyəyə
mühacirət etmiş Mirzə Balanın dəfələrlə
Məmduh Şövkət Esendalla görüşməsi,
istiqlal hərəkatına ondan maddi və mənəvi dəstək
istəməsi istintaq sənədlərində öz təsdiqini
tapmışdı. Gizli İstiqlal təşkilatının
1923-cü il oktyabrın 1-də Azərbaycan çekası tərəfindən
20 nəfər fəal üzvünün həbs edilməsi
onların Türkiyə diplomatı ilə məxfi əlaqələrini
üzə çıxartdı. Siyasi münasibətlərdə
soyuqlaşma özünü çox gözlətmədi. Əgər
İzmirin azad edilməsi (1921, 30 avqust) münasibətilə
respublikanın partiya və hökumət
başçıları Məmduh Şövkəti hərarətlə
təbrik etmişdilərsə, Türkiyənin
özünü Cümhuriyyət elan etməsi (1923, 29 oktyabr)
münasibətilə diplomatın Azərbaycan rəhbərliyi
tərəfindən "unudulması" təsadüfi
deyildi. Hadisələrin sonrakı inkişafı nəticəsində
1924-cü ilin aprelində milli istiqlalçılar Solovkiyə,
"Buzlu cəhənnəmə", Məmduh Şövkət
Esendal isə münasibətlərin "buzlaşma"
prosesinin əsas günahkarı kimi Tehrana yola salındı.
Türkiyə diplomatının işğalçı sovet
rejimi şəraitində gənc milli istiqlalçılara mənəvi
dəstəyi o dövr üçün çox cəsarətli
addım idi və şübhəsiz ki, rəğbətə
layiqdir.
Məmduh
Şövkətlə Mirzə Balanın İranda
yaşadıqları illərdə (1924-1927) şəxsi
münasibətləri, görüşləri isə başqa
bir tədqiqatın mövzusudur.
Bakı
mühitinin Məmduh Şövkət Esendal şəxsiyyətinə,
dünyagörüşünə təsirsiz
qalmadığını vurğulayan kitab müəllifi
yazırdı: "Ötən əsrin 20-ci illərinin əvvəllərində
Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli,
Hüseyn Cavid, Cəfər Cabbarlı kimi görkəmli sənətkarların
yazıb-yaratdıqları Bakıda yaşaması Məmduh
Şövkətin həyatının ən əlamətdar mərhələsi
olmuşdu. O dövrdə Azərbaycanın bütün
müsəlman Şərqində misli-bərabəri olmayan zəngin
teatr və musiqi həyatı, Şərq və Qərb mədəniyyətinin
çuğlaşdığı Bakı mühiti ölkəmizdəki
ilk Türkiyə diplomatının ədəbi
zövqünün formalaşmasına,
yaradıcılığının mövzu və sənətkarlıq
dairəsinin genişlənməsinə öz təsirini
göstərməyə bilməzdi."
Doğrudan
da, Azərbaycana göndərilənə qədər
yalnız bədii yaradıcılığı ilə xalq
arasında tanınan, hətta ali təhsil almağa belə
imkanı olmayan Məmduh Şövkət Esendal
üçün Bakı mühiti bir həyat məktəbi,
diplomatiya akademiyası oldu. V.Quliyev türkiyəli həmkarının
siyasi portretini ən incə cizgilərlə, əlvan boyalarla
yaddaqalan üslubda, xalqımıza qarşı içi sevgi
ilə çırpınan iri planda, məğrur, təvazökar
pozada işləyə bilmişdi.
"Son
illərin yazıları"ndakı tarixi notlar üzərində
gəzişmələr, unudulmuş şəxsiyyətləri,
hadisələri çağdaş tariximizin gündəminə
gətirmək, onu istiqlal məfkurəli gəncliyin iftixar mənbəyinə,
ilham qaynağına, həyat amalına çevirmək
özü millət və dövlət qarşısında
tarixi xidmətdir. "Kazımbəylər: İki əsr
Rusiya ilə birlikdə", "İsa Sultan Şahtaxtinskinin
qəribə həyatı", "İstiqlalçılar nəsli",
"Talelərin qəribə kəsişməsi"… Hər
biri tariximizdən qopardılmış səhifələr…
Aralarında xronoloji ardıcıllıq olmasa da, milli-mənəvi
tellərlə bir-birinə sıx bağlıdır.
Kazımbəylər, Şahtaxtinskilər, Ziyadoğlular nəsli
xalqımızın tarixində dərin iz və zəngin irs
qoyub getmişlər. Kitabda Mirzə Kazım bəy nəslinin
ağrılı-acılı taleyindən, mühacir həyatından,
İsa Sultan Şahtaxtinskinin ömür yolundan,
maarifçilik, jurnalistlik fəaliyyətindən, ailəsinin
sonrakı aqibətindən, Ziyadoğlular nəslinin Azərbaycanın
müstəqilliyində və dövlət quruculuğunda
göstərdiyi misilsiz xidmətlərdən bəhs edilir.
"Son
illərin yazıları"nda yer alan "Polşa
tatarları Azərbaycan dövlətçiliyinin xidmətində"
silsiləsindən "General Masey Sulkeviç",
"Kriçinski qardaşları", eləcə də
"Şapşal - azərbaycanşünas, yaxud
qardaşlarımız karaimlər" yazıları mövzu
yeniliyi və fakt zənginliyi etibarilə diqqəti cəlb
edir, beynəlxalq əməkdaşlığın
üfüqlərini genişləndirmək baxımından
aktualdır.
"Unudulmayanlar"
sırasında Azərbaycanın üç görkəmli
alimi, akademiki - Məmməd Cəfər Cəfərov, Ziya
Bünyadov və Əziz Mirəhmədov barədə səmimi
duyğular, isti xatirələr yüksək qədirşünaslıqla
yer almışdır.
Azərbaycanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyevin "Son illərin yazıları" kitabı son illərin dövri mətbuatında çap olunsa da, əslində uzun illərdən bəri (bəlkə də bütün ömrü boyu) apardığı narahat axtarışlarının, səmərəli tədqiqatlarının uğurlu nəticəsidir. Qeyri-adi ehtirasla, analitik təfəkkürlə, yüksək peşəkarlıqla yazılan bu elmi məqalələr haqqında söz açılan tarixi şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin, görkəmli elm, ədəbiyyat və mədəniyyət adamlarının ömür yolundan, mübarizəsindən, taleyindən bəhs edən yazılardı. Tanrının qismət etdiyi tale yazıları…
Asif RÜSTƏMLİ
Ədəbiyyat
qəzeti.-2009.-19 iyun.-S.5.