Mənalı
ömrün anları
İlləri-illərə
calayıb çox yaşamaq hünər deyil. Hünər mənalı
yaşamaq, gələcək nəsillərə gərəkli
olan nəsə qoyub getməkdir. Bu baxımdan Rasim Kərimli
(01.05.1932-24.06.1996) xoşbəxt taleli insanlardandır - desək,
həqiqətdən kənar olmaz. Rasim Kərimli Yaradandan verilən
ömür payında istedadlı bir şair kimi bir-birindən
maraqlı və oxunaqlı kitablar qoyub getdi.
Cəmi
beş yaş fərqlə bir kənddə boya-başa
çatdığım şairin yoxluğunu ürək
ağrısı ilə xatırlayıram. Təsəllini
onda tapıram ki, şairin "Dostluq ilk
sözümdür" ("Gənclik"- 1969), "Şəfqət
bulağım" ("Gənclik" - 1975), "Dünya mərdlər
dünyasıdır" ("Gənclik" -1979), "Biləydin
kaş" (Gənclik" -1983), "İntizarda qoyma məni"
("Yazıçı" - 1991) kitablarını vərəqlədikcə
ölümün nə olduğunu bilmədiyimiz illər
göz önünə gəlir.
Rasim Kərimli
xalq ruhunda yazan, xalqın qəlbinə asanlıqla yol tapan,
sevilən şairlərdən idi. Böyük Yaradan bu sahədə
ondan kəramətini əsirgəməmişdi.
Uşaqlıqdan saz, zurna-balaban çalan, Bakı Dövlət
Universitetində oxuyarkən qarmon və pianino
çalmağı öyrənən Rasim Kərimli
universitetin bədii özfəaliyyət dərnəyinin ən
fəal üzvlərindən biri idi. Hələ orta məktəbdə
oxuyarkən şeir yazan Rasim bu vaxt artıq respublika mətbuatında
çap olunurdu. Burada xüsusi vurğulamalıyam ki, Tovuz rayonunun
Düzqırıxlı kəndindən görkəmli alimlər,
Sosialist Əməyi Qəhrəmanları, təsərrüfat
rəhbərləri, milli məclisin üzvü və ictimai
xadimlər çox çıxıb. Lakin o, bu kənddən
çıxan və xalq tərəfindən sevilən,
Yazıçılar Birliyinə üzv seçilən yeganə
şairdir.
Rasim Kərimli Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsində təhsil almış (1951-1956),
bir il Ağsu rayonunda müəllim işlədikdən sonra,
Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və
Ədəbiyyat İnstitutunda elmi işçi vəzifəsində
çalışmış (1957-1969), lakin bədii
yaradıcılıq elmi yaradıcılığa üstün gəlmişdi.
Sanki Süleyman Rüstəmin Bəxtiyar Vahabzadəyə həsr
etdiyi:
Qatlayıb
dizinin altına qoyar
Alim Bəxtiyarı
şair Bəxtiyar. -
dostluq
şarjı elə Rasim Kərimliyə də aid idi. Tezliklə
o, M. F. Axundov
adına Dillər
İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
kafedrasına müəllim keçdi. Bu vaxt Rasim artıq
tanınmış şair idi. Odur ki, onun bizim instituta gəlməsi
sevinclə qarşılandı və ömrünün
axırına qədər bu təhsil ocağında dərs
dedi. Rasimin dərsləri o qədər maraqlı keçirdi
ki, müəllimlər və başqa kurs tələbələri
də onun dərsinə gəlirdilər. Bununla belə, bədii
yaradıcılıq onun üçün hər şey idi. Rasimin yaradıcılığında, xüsusən
də onun gəraylı və qoşmalarında Vaqif,
S.Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif ruhu
açıqca görünürdü. Şairin əsərlərinin
xalq ruhuna son dərəcə yaxın olması onların
asanlıqla əzbərlənməsinə və xalq
arasında yayılmasına şərait
yaradırdı. Bu təsadüfü deyildir. Uşaqlıqdan
qonşuları Aşıq Nağının yanında
aşıq havalarını və el şairlərinin şeirlərini
əzbər öyrənməsi onun gələcək
yaradıcılığına əhəmiyyətli dərəcədə
təsir göstərmişdi. Bu təsir o qədər
güclü olmuşdur ki, həyatı boyu saz-söz
adamlarının cazibəsindən kənara çıxa bilməmişdi.
Keçən əsrin 60-70-ci illərində aşıqlar
şəhərə müəyyən münasibətlə gəlirdilər
(təssüf ki, indi onlar şəhərdə, xüsusən
də Bakıda yaşayır və xalq sənətini
açıqca bayağılaşdırırlar). Və
mütləq səhər-səhər qatardan düşən
kimi Rasim Kərimlinin evinə gələrdilər. Təkcə
ona görə yox ki, şair dəmiryol vağzalının
lap yaxınlığında, indiki S.Rəhimov adına
küçədə yaşayırdı. Bir də ona görə
ki, Rasimin dostları idilər. Ona baş çəkməyi
özlərinə borc bilirdilər. Mikayıl
Azaflı, Əkbər, İmran, Xanlar, Əlixan, Əli,
Hüseyn Saraclı, Əmrah, Kamandar və başqaları onun
daimi qonağı, ürək və yaradıcılıq
dostları idilər. Şairin həyat yoldaşı Zəminə
xanımın obrazlı şəkildə dediyi kimi, evləri
hələ o vaxtlar mövcud olmayan Aşıqlar Birliyinin
filialı idi (Aşıqlar Birliyi 1982-ci ildə
yaranıb). Maraqlısı budur ki, həmin günlərdə
Rasimgildə saz-söz məclisləri təşkil
olunardı. Həmin məclislərdə xalq şairləri
Osman Sarıvəllini, Hüseyn Arifi, o cümlədən,
İlyas Tapdığı, Zəlimxan Yaqubu, prof. Camal
Mustafayevi, prof. Bəşir Əhmədovu, Vilayət və
İbadət Rüstəmzadələri, Vəli Musa oğlunu
və bir çox başqalarını dəfələrlə
görmüşdüm.
Kim bilir,
bəlkə də mənim folklorçu kimi yetişməyimdə
bu məclislərin də rolu böyük olub. Bir neçə
musiqi alətlərimizdə gözəl çalan Rasim Kərimli
milli musiqimizin bilicilərindən idi. Həm buna, həm də
şeirlərinə görə musiqiçilər və
müğənnilərin əksəriyyəti onunla dostluq
edirdi. Görkəmli sənətçilərimiz Habil Əliyev,
Əlibaba Məmmədov, Teymur Mustafayev, Arif Babayev, eləcə
də Mayis Salmanov, Mayis Məmmədov və başqaları
şairə xüsusi ehtiram göstərirdilər. Elə bir konsert (dövlət tədbirləri daxil
olmaqla), elə bir şənlik, elə bir toy olmazdı ki,
Rasim Kərimlinin sözlərinə yazılmış
mahnılar oxunmasın. Şairin "Səndən
savayı", "Biləydin kaş", "Bir qız bir
oğlanındır", "Qurban olum", "Sənsiz",
"Min yaşasın", "Axtarar səni", Zümrüd
Məmmədova və Təhmurazın oxuduğu çox
maraqlı, dərin mənalı "Deyişmə" və
başqa şeirlərinə bəstəlnmiş mahnılar
dillər əzbəri olmuşdu.
Şairin
yaradıcılıq diapazonu geniş idi. Onun poetik irsini
aşağıdakı kimi qruplaşdırmaq olar: "Gəraylılar",
"Qoşmalar", "İthaflar", "Satirik şeirlər",
"Təmsillər", "Dördlüklər",
"Poemalar".
Minnətdarlıq hissi ilə uzun illər Azərbaycan Elmlər
Akademiyasında Rasim Kərimli ilə bir şöbədə
çalışan filologiya elmləri namizədi Seyfi Behbudov və
alimin qızı Gülnarə Behbudovanın şairin yaradıcılığına
həsr etdikləri "Rasim Kərimli poeziyası"
kitabını yada salmaq istərdim. Tədqiqatçılar şairin
yaradıclığını "Lirik şeirlər" və
"Satirik şeirlər" başlıqları altında təhlil
etmiş və onun poeziyasını yüksək qiymətləndirmişlər.
Şairin
istər lirik, istər satirik, istərsə də ictimai-siyasi,
fəlsəfi, şeirlərində fikirləri aydın və
qəlbəyatandır:
Məftunu
olmayıb könlüm heç kəsin,
Ay xumar
baxışlım, səndən savayı.
Sığındım eşqinə, bir pay görmədim,
Dumandan savayı, çəndən savayı.
Qaytar eşq havası çalan günləri,
Ağlımı başımdan alan günləri.
Ömürdən saymıram qalan günləri,
Oduna yandığım gündən savayı. -
misraları şairin səmimi etirafı, lirikanın gözəl nümunəsidir.
Rasim Kərimlinin həyat yolu keşməkeşli olub. Ömür-gün yoldaşından ayrılandan sonra çox peşmançılıq çəkib. Bu, şairin yaradıcılığından qırmızı xətt kimi keçib:
Səni itirdiyim gündən, ay mələk,
Dünyada hər şeyi itirmişəm mən. -
deyə taleyindən şikayətlənib. Qadını evin çırağı adlandırıb.
Heç əskik olmasın evin çırağı,
O, qəlbə dayaqdır, o ömrə keşik.
Çəkmişəm qəhrini çıraqsızlığın,
Çıraqsız qalmasın bir ev, bir eşik. -
arzusu ilə yaşayıb.
Rasim Kərimlinin şeirlərinin cövhərini qeyri-adi təsvirlər, həyat həqiqətləri, fəlsəfi fikirlər təşkil edir. Onun poeziyası oxucunu haldan-hala salır, düşüncələrə qərq edir:
Bildirir aləmə qış öz dadını,
Sulara buzlarla yazır adını.
Kürklülər dördnala çapır atını,
Kürksüzlər qəlbində ildırım çaxır,
Arana qar yağır, dağa qar yağır.
Piylənmək gör necə haraya çatır,
Ayılar dünyadan bixəbər yatır.
Alçacıq yuvalar qar altda batır,
Dərd varmı yuvasız qalmaqdan ağır,
Arana qar yağır, dağa qar yağır.
Rasim Kərimli yaradıcılığında satirik şeirlər əhəmiyyətli yer tutur. Şairin satirik şeirləri bədii boyaların canlılığı, deyim tərzinin rəngarəngliyi, ifşa obyektinin reallığı ilə seçilir. "Olmur", "Verilmədi", "Nə var ki…" "Millət" şeirlərindən verilən misralar deyilənlərə dayaq olur:
Qanmazlar bir kökə salır adamı,
Əllicə yaşı da haqlamaq olmur.
***
Qarğa qarıldadı, mükafat aldı,
Biçarə bülbülə söz verilmədi.
***
Baldırını dişləməsə öz itin,
Özgə itdən qorunmağa nə var ki?
***
Toplayan arılar, yığan arılar,
Ayılar nırx qoyur balına, millət. və s.
Şairin nəzirələri məna dərinliyinə, axıcılığına görə xüsusilə fərqlənirlər. Xalq şairi Məmməd Arazın "Salamat qal" şerinə Rasim Kərimlinin yazdığı nəzirəsi deyilənlərə əyani sübutdur:
Əzəldən belədir işi dünyanın,
Şamaman dərildi, tağ, salamat qal.
Rasim Kərimlinin ithafları tədqiqata layiq böyük bir bölmədir. Burada xalq qarşısında şəksiz xidmətləri olan İmadəddin Nəsimi, M.Füzuli, M.Ə.Sabir, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, İsmayıl Şıxlı, Zəlimxan Yaqub, Rübabə Muradova, Zeynəb Xanlarova, Şahnaz Haşımova, tarzən Ramiz Quliyev, professorlar Qoşqar Əhmədov, Həbib Şirinov, Bəşir Əhmədov, Camal Mustafayev və başqalarından söz açılır.
Aşıq Ədalət və Habil Əliyevə həsr olunmuş "Elə çaldın" və "Kaman dindi" poemaları kitabın sanbalını artırır. İlhamla, məhəbbətlə yazılmış bu poemalar, ümumiyyətlə, saz-söz sənətinə töhfə olmaq baxımından əhəmiyyət kəsb edir və maraqla oxunur.
İthaflarda şair tərənnüm etdiyi şəxsiyyətlərin obrazını ustalıqla yaratmış, onların daxili aləmini, yaradıcılıqda tutduqları mövqelərini açıb göstərə bilmişdir.
Rasim Kərimlinin "Şeir bağçasının bağbanı şair" misrasını oxuyan kimi söhbətin Səməd Vurğundan getdiyini duyursan. Və ya
Vətənin dağları, düzü kimisən,
Saflıqda çeşmələr gözü kimisən.
Elə təbiətin özü kimisən,
Bağından, bağçandan gül ətri gəlir. -
misralarını oxuyanda gözlərimiz önündə dağ vüqarlı, saflıq, paklıq, ziyalılıq rəmzi olan İsmayıl Şıxlı canlanır.
Sözümə son verərkən onu da deməliyəm ki, şairin "Dözmək olmur ayrılığa" kitabı ilə şeirsevərlərin görüşü təkcə bulaq kimi dupduru, qəlbə rahatlıq gətirən poetik incilərlə görüş deyil, eyni zamanda Rasimli günlərə qayıdışdır.
Qəzənfər
PAŞAYEV
Ədəbiyyat qəzeti.-2009.-19
iyun.-S.6.