Sərhəd Nəsirzadə - 70
Nur düşür yaddaşlara
Keçən əsrdən qalma yaşlı nəslin nümayəndələri yeni
yüzillikdə nə
qədər çox yaşasalar, bu, bir o qədər
də onlar üçün qənimətdir,
- deyirlər. Bir əsas fərqlə ki, yaradıcı nəsillər özlərindən
sonraya mənəvi qənimət qoyub getdiklərinə görə
həmişə müasirdirlər.
Böyük sələflərin yoluyla
gedən haqq aşiqlərindən biri də bu il
70 yaşı tamam olan imanlı və əqidəli qələm dostumuz, gözəl şair və tərcüməçi
Sərhəd Nəsirzadədir.
Qabaqcadan qeyd edim ki,
o, bu müdrik
yaşın zirvəsindən
geri boylananda yəqin ki, öz normal yaradıcılıq imkanlarından
maksimum dərəcədə
yararlanmadığına görə
müəyyən peşimançılıq
hissi keçirə bilər. Ancaq S.Nəsirzadənin bütün yaradıcılığına
münbit zəmin olan, duyğu və düşüncələrini
qidalandıran fitri mərd, insani keyfiyyətlərindən - öz
ətrafındakılara, münasibətdə
olduğu yaxınlara və özgələrə
həmişə eyni maksimum diqqət, nəzakət, qayğı
və sədaqət əsirgəmədiyindən
məncə, gileylənə
bilməz.
Şairi yaxından tanıyanlar onun insanlıq borcunu necə ləyaqətlə yerinə
yetirdiyinin həmişə
şahidi olmuşlar. Bu, ilk növbədə ona görədir ki, o, bu
çətin və keşməkeşli zəmanədə
Qəzalinin təbirincə
desək, özünə
rəva görmədiyini
başqalarına da rəva görməyənlərdəndir.
Çünki onda mənsub olduğu xalqın müsbət genetik xüsusiyyətləri - sadəlik, nəciblik və alicənablıq xüsusilə
seçilir. Buna görə də o, özü səbəbsiz yerə demir ki:
Süni-süni gülməkdənsə,
Doğruçu ağlamaq yaxşı.
Sünilik də bir yamaqdır,
Ola bilməz yamaq yaxşı.
Bəlkə bu,
şairliyin ilkin xüsusiyyətlərindəndir ki, fikrin işıqlı,
ürəyin saf olmasa, bəhs açdığın, hətta
ən ali insanlıq kateqoriyaları
- mənəvi təmizlik,
düzlük və səmimiyyət, bəşəri
və ilahi eşq, vətən, dünya və bu kimi müqəddəs kəlamlar süni, cansız sözlər yığınına
çevrilərdi. Çünki
yüksək əxlaqi
dəyərlərin sahibi
olmadan bədii-estetik əsərlərin yaranması absurd bir illüziya olardı.
Hələ
"Yazıçı" nəşriyyatında bir redaktor kimi işlədiyi
vaxtdan onu sözünü əməli
ilə təsdiqləyən
praqmatik, ancaq xeyirxahlıq etməyə
can atan bir ziyalı kimi tanımışam. Müşahidə etmişəm
ki, o, söz
sərrafı olduğuna
görə, sözü
əməlin ağası
hesab etdiyinə görə hər hansı bir vədini, verdiyi sözü yerinə yetirilən görməyincə
rahatlıq tapa bilmir. O, hətta imkanı xaricində olanın da mümkünlüyünə inanan
optimistlərdəndir.
Qapqara torpaqda çaylar ağarır,
Yol gedir Arazı kürləşdirməyə.
Kür, Araz qovuşur, sanki çağırır
Ayrılan xalqımı birləşdirməyə.
O, həcmcə kiçik olan bu şeirdə
bu gün üçün əlçatmaz,
irreal görünən
böyük, bütöv
Azərbaycan ideyasının
nə vaxtsa reallaşacağını görür.
Kür, Araz təkcə coğrafi adlar deyil, ayrılan
xalqımızın birlik
simvolu, yeni, fərqli, orijinal bir ifadə vasitəsidir.
Yəqin köhnə
oxucuların yaxşı
yadındadır ki, S.Nəsirzadənin keçən
əsrin 80-ci illərində
çap etdirdiyi "Bəzz qalası"
(1983), "Elə bildim
sən gəlirsən"
(1987) adlı şeir kitabları ədəbi ictimaiyyətin dərhal diqqətini cəlb etdi. Şairin əsərlərində hər
şeydən öncə
təbiətin obyekt və hadisələrinin rəngarəngliyi, ilin hər fəslinin təbii gözəlliyi, əlvanlığı öz
təravətli təcəssümünü
tapmışdır. Onun
qələmində "küləklər
qaranquşun qırçın
qanadı" kimi çırpınır, "çaylar
köhlən inadı
kimi cilov gəmirir". Orijinal metaforalar təbiət görüntülərini, canlıların
cansızlarla təmasını
real canlandırır:
Atların dırnağından
Cıdıra çınqı düşər.
Üfüqün ətəyinə
Sanki bir yanğı düşər.
Şair bədii təsvirlərin yerləşdirilməsini
məhdudlaşdıran kiçik
misralarda (8 hecalı) bənzətmə qoşmasından
istifadə etmədən,
ancaq dolğun, parlaq bahar lövhələrini
göz önünə
gətirən sərrast,
mükəmməl təşbehlər
yaradır:
Papaq-papaq göbələkdi,
Düymə-düymə çiyələkdi.
Dağ çiynində döyənəkdi
Yaz yağışı.
Payız "yanağı
xallı", "qızıl-qızıl hörüklü",
"döşləri ballı"
epitetlərlə oxucuları
məftun edir. Şairin "Çay tarlasında", "Yaz yağışı", "Fəsillər", "Durna
qanadı" və s. kimi şeirlərində
təbiətin nitqi, ətirli nəfəsi, yarpaqların pıçıltıları,
bulaqların, çayların
şırıltıları eşidilir.
S.Nəsirzadə II Dünya
müharibəsinə təsadüf
edən məhrumiyyət
dolu uşaqlıq illərini, öz ata və anasının
şəxsində döyüş
cəbhələrindən geri
qayıtmayan əsgər
atalarımızı, ərlərinin
yolunu gözləyə-gözləyə min bir məşəqqətlə
uşaqlarını böyüdən,
gəlin qarıyan cəfakeş analarımızı
ürək ağrısıyla
yad edir. Bu itkilər onun "Ağır illərin acısı", "Cəbhəçi
atalarımıza", "Ana əlləri",
"Gəlin", "Qaytarın
siz mənim uşaqlığımı" və s. şeirlərində
öz bədii əksini tapmışdır.
Şair o vaxtdan onun üçün
tarazlığını, müvazinətini
itirmiş "yerində
olmayan dünyada" yaşayır:
Ay ana, kim deyər bu məhəbbətin
Kökləri üzdədir, dərində deyil.
Sənsiz ömür çətin, yaşamaq çətin,
Sən yoxsan, bu dünya yerində deyil.
Bu poetik parçada analarını vaxtsız itirmiş övladların ərşə bülənd olan gizli ah-nalələri qərar tutur.
S.Nəsirzadə heç kəsi təkrar etməyən, bir-birinə bənzəməyən orijinal məhəbbət şeirləri qələmə almışdır. Hər bir bəşər övladı kimi o da əbədi məhəbbət mövzusuna "Səndən ayrıldığım gün", "Sən də vəfasız ol", "Məni yalqız qoyub getmə", "Nə gözəlmiş", "O hələ qəlbini mənə açmayıb", "Açıl, sabahım, açıl", "Mən gecikmiş bahar" və s. kimi şeirlər həsr etmişdir.
S. Nəsirzadə BDU-nun bir zamanlar bütün İttifaq miqyasında məşhur olan şərqşünaslıq fakültəsinin fars dili ixtisası üzrə təhsilini başa vurduqdan sonra həm də bədii tərcüməçiliklə məşğul olmuşdur. Məlumdur ki, bədii tərcümə tərcümə obyektindən asılı olan, estetik mahiyyət kəsb edən ədəbi yaradıcılığın bir növüdür. S.Nəsirzadə tərcümə əsərinin orijinal mətnə yaxınlığını və oxucu qavrayışına uyğunluğunu nəzərə alan peşəkar tərcüməçilərimizdəndir. O, sovet dövründə M.Əlizadə, Məmmədağa və Rəhim Sultanovların, A.Sarovlunun ənənələrini davam etdirərək fars dilində olan bir sıra məşhur ədəbi-bədii abidələri doğma dilimizə gətirmişdir.
S.Nəsirzadə, xüsusilə, keçən əsrin 90-cı illərindən etibarən geniş oxucu kütlələrinin fars dilindən tərcümə edilən dini-fəlsəfi əsərlərə olan ehtiyaclarını ödəməkdə analoqu olmayan məhsuldar bir tərcüməçi kimi məşhurdur. Ümumiyyətlə, onun tərcümə yaradıcılığı orijinal yaradıcılığını bir neçə dəfə üstələyir.
Məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperiyə görə: "Kamillik o zaman gəlib çatmır ki, əlavə etmək olmur, o zaman çatır ki, üstündən götürməyə bir şey qalmır". S.Nəsirzadə də üstündən götürüləsi qüsurları olmayan, ancaq üstünə cilalar əlavə edilən kamillik zirvəsindədir. O, şeirlərinin birində belə deyir:
Allah zəka payladı beyinlərə, başlara,
"Rəbb" adı çəkiləndə nur düşür
yaddaşlara.
Bu nurlu sözləri onun özünə və yaradıcılığına da şamil etmək olar.
Qələm dostuma möhkəm cansağlığı, ailə xoşbəxtliyi ilə yanaşı, indən belə daha böyük şövqlə yazıb-yaratmağı arzulayıram.
Hafiz
RÜSTƏM
Ədəbiyyat qəzeti.-2009.-19
iyun.-S.6.