Müşfiqi Məcnun edən sevgi

 

Müşfiqi Məcnun edən gözəl kim idi? Al-əlvan göy qurşağı kimi şairin gənc ömrünü əbədi öz sehrinə bürüyən bu sevgili kim idi? Əlbəttə, Gəncə gözəli, qumral gözlü, şux ədalı, uzun hörüklü Dilbər! Müşfiqin ilk və əbədi sevgisi, sevgilisi Dilbər! 1931-1937-ci illərdə şairin bəxtəvər günlərinin şahidi, sevgi dünyasının ilahəsi Dilbər Axundzadə! Onlar 1931-ci ilin baharında tanış olmuşdular, Azərbaycan Pedaqoji İnstitutunun buraxılış gecəsinə əmisi arvadı fərəmuşla gedən gənc, gözəl gəncəli qızına Müşfiq elə ilk baxışdan bir könüldən min könülə aşiq oldu və bu sevgi ta ömrünün sonunadək şairi yaşadan sehirli qüvvəyə çevrildi. Onilliklər keçməsinə baxmayaraq, böyük zaman kəsiyindən, ağır sınaqlardan şərəflə çıxan bu sevgi - Müşfiq-Dilbər sevgisi bu gün də yaşamaqdadır. Əbədi sevgi şerində şair özü bu sevgisini onun qəlbini iki andan fəth etdiyini belə tərənnüm edir:

 

Xatırla, sevgilim, bir axşam çağı

Yandı gözlərimdə eşqin çırağı.

Saçlarından ilham aldığım zaman

Sardı gözlərimi incə bir duman.

 

Sevgilisinin qumral gözlərində gah sevgi, gah duman-sis görən şair ilk görüşlərindən birində üzünü sevimli Dilbərinə tutub bədahətən deyir:

 

Qara qış üstümə tökər qarını,

Nərgiz gözlərindən məni ayırsan.

Mənim ümidimin qapılarını

Neçin gah açırsan, gah qapayırsan.

 

Dilbər isə özünəməxsus xoş əda ilə: "Müşfiq, hər sözə şeirlə cavab verirsən?" - deyə soruşanda Müşfiq: "Dilbər, şeir mənim həyatımdır. O həmişə pərvazlanmaq istəyən bir quşa bənzəyir. Sən isə bu quşun əbədi qanadısan!" deyə cavab verir.

Bəli, şairin pərvazlanan ruhunun qanadı idi Dilbər! Göylərdən enməyən əbədi ilham pərisi idi Dilbər!

Müşfiq Dilbər ilə hər görüşə bir təzə şeir gətirər, ya da elə bu görüşün təsirindən həyatın şirinliyindən, sevgisindən aldığı zövq və ilhamla oradaca bədahətən şeir qoşub yarına söyləyirdi. İlk görüşlərindən birində Dilbəri başdan ayağadək süzüb təkrarolunmaz coşqunluqla sevgilisinə belə demişdi:

 

Sevgilim əyninə yaşıl geyinmiş,

Sallanışı sərvi-çəmən kimidir.

Bu bənzətmə bir az üzdən olsa da,

Tamamən görkəmi sənəm kimidir.

 

Müşfiqin ürəyi yarpaqdan incə,

Titrəyir bir xəfif ruzgar əsincə.

Məşuqun ayağı haraya dəysə,

Orası aşiqə vətən kimidir.

 

Həmin bəxtiyar anlarda bu gözəl şeir Dilbərin başından nur yağışı kimi ələnmişdi.

Dilbərin Müşfiqin həyatına daxil olması, onun pak duyğularına eyni duyğularla cavab verərək böyük məhəbbətlə sevməsi şairə qol-qanad verir, yaradıcılığında yeni-yeni üfüqlər açır. Gözəllər gözəli Dilbər pərəstişkarlarının, onu sevən aşiqlərin arasından məhz Müşfiqi - qaynar təbiətli, coşqun qəlbli gənc şairi seçdi, sevdi. Mal-mülkü, varı-dövləti dünya boyda ürəyi olan, bu ürəkdə günəş kimi odlu sevgisi, bir də sehrli qələmi olan sadə bir şairi. Bu sevgi bütün keşməkeşli həyatı boyu onu tərk etmədi, bezdirmədi, usandırmadı.

Müşfiq sevgisinin qüdrətindən güc alırdı, bu eşq şairi daha yaxşı işləməyə, daha böyük həvəslə yazmağa-yaratmağa, dünyanı, həyatı daha böyük məhəbbətlə sevməyə sövq edir, onun həyat eşqini artırırdı:

Müşfiqin şair qəlbini riqqətə gətirən, məhəbbət ətri saçan şeirlər yazmağa ruhlandıran Dilbər eşqi, Dilbər sevgisi idi. Demək olar ki, sevgi şeirlərinin əksəriyyətini şair Dilbərlə görüşlərində bədahətən söyləmiş, unudulmaz xoş xatirələrin qoynuna əbədi həkk etmişdir. Belə görüşlərin birində məşhur rəssam Rafaelin Məryəm adlı sevgilisinin şəklini çəkib qurtarandan sonra rəssamın özünün öz əsərinə vurularaq bayılması rəvayətini yada salan şair bədahətən bu şeir parçasını söyləyir:

 

Deyirlər ki, Rafael vəcdə gəlib bayılmış

Çağlayınca içində o incə tellər.

Röya görmüş kimi yuxusundan ayılmış,

Yaratdığı şəklə vurulmuşdu o rəssam.

Öz böyük sənətinə özü qalmışdı heyran.

İndi də mən səninçün şeir yazmağa dursam,

Olaram zülfün kimi xəyalına pərişan.

Sən bir Məryəm misallı, bəlkə də

ondan göyçək,

Mən rəssam Rafael, bəlkə ondan da yüksək.

 

Məhəbbət qüdrətlidir, onun ecazkar qüvvəsi hər şeyə qadirdir, iki sevən aşiq-məşuq - Müşfiq və Dilbərin gənc qəlbləri qırılmaz tellərlə əbədi olaraq bir-birinə bağlandı və bu bağlılığı həsrət, hicran, təqiblər, təhqirlər, soyuq zindanlar, hətta ölüm belə qıra bilmədi! Nişanlı vaxtlarında Dilbər yay tətilini doğma şəhəri Gəncədə keçirmək üçün gedəcəyini bildirəndə Müşfiqin üzünə buludlar çöküb, bu "hicran dağına" dözə biləmyəcəyini söyləmişdir:

 

Gəlmiş hüzuruna bir qara dağlı,

Bir qara qulundur qolları bağlı.

Gəl çəkmə sinəmə sən hicran dağı,

Gümüş topuğunda xal, sənə qurban.

 

Müşfiq yay tətilində Dilbərlə bərabər olmayacağını xəyala gətirdikcə dözə bilməyərək yeni bir şeir də deyir. Şerin ardınca "Dilbər, sənsiz mən cənnətdə də olsam darıxaram, səninlə zindanda olsam, oranı cənnət bilərəm" söyləyir.

Həmin yay Dilbər Gəncəyə, oradan isə ailəsi ilə birlikdə Gəncə dağlarına yaylağa istirahətə gedir. Az sonra ayrılığa dözə bilməyən Müşfiq də dostu şair Səməd Vurğunla əvvəl Gəncəyə, oradan da Dilbər dincələn yaylağa qonaq gedir. İki gənc şairin qonaq gəlməsi dağlara istirahətə gələnlərin böyük sevincinə səbəb olur, onların görüşünə gəlirlər, həmin axşam toy-büsat, şadyanalıq olur. Dilbər xanım xatirəsində yazır ki, səhər tezdən qonşu uşaqlarla birlikdə moruq yığmağa getdik, o biri uşaqlar moruqları yığdıqca yeyir, mən isə öz səbətimə yığırdım. Birdən qonşu uşaqlardan olan balaca Ələkbər (bəstəkar Ələkbər Tağıyev) soruşdu ki, Dilbər bacı, hamı moruqlarını yeyir, bəs sən niyə yeməyib yığırsan? Özüm də bilmədən ürəyimə dammışdı ki, Müşfiq buraya gələcək, ona görə "şair Müşfiqi eşidibsən? Bax, o, bizə qonaq gələcək, moruqlaı ona yığıb saxlayacam". Bunu eşidən uşaqlar hamısı moruqları mənim səbətimə yığmağa başladılar. Hamı şairin yolunu gözləyirdi. Az sonra biz alaçığa dönəndə gözümüzə inanmadıq, həqiqətən də Müşfiq Səməd Vurğunla bizə qonaq gəlmişdi.

Səhər tezdən Dilbər durub Müşfiq üçün moruq yığmağa gedir, yuxudan oyanan şair sevgilisini görməyib onun dalınca moruqluğa gedir. Təbiətin əsrarəngiz gözəlliyi, təmiz dağ havası, ayaqları sübhün şehinə bulanmış, pərişan saçlı yarının məsum görkəmi, əlinə tikan bata-bata Dilbərin ona qayğı göstərib moruq yığması, qohum-əqrabadan gizli bu görüş Müşfiqi ilhama gətirir: "Nə gözəl yerdir" deyib, Dilbərin uzun hörüklərini əlinə alıb bədahətən bu şeri söyləyir:

 

Qaçma, qaçma məndən, boyunu göstər,

Könlüm ay üzünü hey görmək istər.

Qoşa gəzəcəyikmi bu döşdə, bu çəməndə,

Evə dönəcəyikmi günəş qürub edəndə?

 

Bir gün Gəncədə qonaq olarkən Dilbərin analığı Xanımana soruşur ki, ay Müşfiq, Dilbərə hansı şeri yazmısan, oxu, görüm qızıma nə demisən?!

Müşfiq həyəcanla “Dilbər” şerini oxuyur.

Beş bənddən ibarət bu şeirdə şair Dilbərin zərifliyini, gözəlliyini, ona bəslədiyi sonsuz sevgisini tərənnüm edir.

Elə həmin günlərdə Müşfiq dillər əzbəri olan "Yaşa könül" şerini yazır. Şerin maraqlı tarixçəsi vardır. Belə ki, Müşfiq nişanlısı Dilbər ilə kəbin kəsdirmək barədə söz açanda, nə qədər təkid, israr etsə də, müəllimə olan Dilbər hələ bir müddət Gəncədə qalıb işləmək istədiyini bildirir. Bu vaxt Müşfiq çox məyus olur, nə qədər etsə də, Dilbəri fikrindən daşındıra bilmir, öz hisslərini həmin şeirə köçürür:

 

Ah, bu uzun sevda yolu

Vurulurmu başa, könül!

Nişan aldım, kaman atdım,

Dəydi oxum daşa, könül!

 

Bu sevgi atəşi ömrünün sonunadək Muşfiqi tərk etmədi. Kim bilir, bəlkə də ağzında ölüm gəzdirən soyuq güllələr şairin eşq dolu sinəsinə tuşlananda da, son nəfəsində də Müşfiq öz sevimli Dilbərini anmışdır?! Bu sevgi ölmədi, əbədiləşdi… Bu sevgi Dilbər xanımın qanına, canına, ruhuna çökdü. Ömrünü qara buludlar alsa da, gənc ikən xəzan vurmuş yarpaq kimi solsa da, tərlan könlü eşqin göylərində daha ölməsə də, Müşfiq sevgisi əbədi yaşadı.

Dilbər xanım da Müşfiqin illərlə hafizəsində qoruyub saxladığı 50-dək şerini şairin könül yadigarlarını yazıya köçürüb nəşr etdirdi, mənəvi borcu kimi yeni nəslə çatdırdı. Eləcə də "Müşfiqli günlərim" kitabını nəşr etdirib unudulmaz Müşfiqli günlərinin xoş xatirələrini oxucularla bölüşdü, şair Müşfiqi, vətəndaş Müşfiqi, həyat yoldaşı, əsl insan Müşfiqi oxuculara bir daha tanıtdı, sevdirdi. Dilbər xanım şair deyildi, ancaq dərd adamı dilləndirər - deyiblər. Dilbər xanım da Müşfiq sevgisini, Müşfiq həsrətini, Müşfiqsizliyini misralara köçürdü, özü demiş:

 

Bahar oldu, yaz oldu,

Niyə ömrü az oldu.

Dönüb telli saz oldu

Mənim ilk məhəbbətim.

 

1937-ci ilin iyun ayında Müşfiqi gəlib apardılar, qapıdan çıxarkən Müşfiq son dəfə dönüb Dilbərə baxdı və Dilbərə qalan həmin son baxış, son görüş, son gediş və bir də həzin-həzin ağlayan nakam məhəbbəti oldu. Bu kədərli baxışlar, intizar nəzərlər və daş həsrət Dilbəri bütün ömrü boyu tərk etmədi, illər sonra o, bu son kədərli mənzərəni yana-yana belə təsvir edir:

 

Dönüb baxdın üzümə,

Həsrət qondu gözümə.

Kədər düşdü üzümə

Sən ayrılıb gedəndə.

 

Sanki Müşfiqdən sonra şairin ilham pərisi qanadlarını Dilbərin başı üzərinə gərmiş, Müşfiqin təbi Dilbər xanıma keçmişdi. Dilbər xanım üçün bir dünya vardı - Müşfiq xatirələri, Müşfiq sevdalı bir sehrli dünya.

Dilbərin Müşfiq sevgisi ilə dolu könül tarının həzin-həzin ötən sevgi şərqiləridir bu şeirlər, Dilbər xanımla Müşfiqin ruhən deyişməsini xatırladır bu şeirlər, zaman-zaman qədim aşiq-məşuq deyişmələrinin bariz nümunəsi, ruhu göylərdə qovuşan sevgililərin könül bəstələridir bu şeirlər. Bəli, bu sevgi ölmədi. Dilbər xanım öz sevgisinə, əhd-peymanına sadiq qaldı, öz ilk məhəbbətini qəlbinin ən dərin guşəsində son anadək qoruyub saxladı, təravətini itirmədən, hərarətini söndürmədən, atəşinə öz atəşini, nuruna öz nurunu, eşqinə öz eşqini qata-qata ta son mənzilədək can evində, ruhunda yaşatdı və əziz Müşfiqinin əmanəti olan sevgisini özü ilə o dünyaya apardı, o dünyada yolunu gözləyib pişvazına çıxan Müşfiqinə qovuşmaq üçün yaşatdı, qorudu bu sevgini. Uzun illərdən sonra ruhları o dünyada qovuşanda bu həsrətə son qoyuldu, ruhları əbədi birləşdi, əbədiyyətə qovuşdu, sonsuzluğa yetişdi, bu odlu sevgilər yenidən alovlandı, sönməz günəşə döndü və göylərdən yer üzünə nur və sevgi şəfəqləri saçıldı və biz yer adamlarına sevməyi-sevilməyi, sədaqəti öyrətdi. Sevən aşiqlərin könüllərinə köçdü bu sevgi. Dillərə düşdü, əfsanələşdi. Yazılmamış məhəbbət dastanına döndü Müşfiq-Dilbər sevgisi. Hər il ellərimizə baharla (5 iyun Müşfiqin doğum günüdür) birgə yenidən bu dünyaya gəlir bu eşq, yer üzünü gözəlləşdirir, insanlara ruh, paklıq, ülvi duyğular bəxş edir. Adı beşikdəki körpələrə qoyulduqca xoş arzulara, saf niyyətlərə döndü bu eşq. Ölməzlik adlı Müşfiq-Dilbər sevgisi.

Təsadüfi deyil ki, əsrlərin arxasından günəş kimi boylanan ölməz məhəbbətləri ilə Leyli-Məcnunlar, Əsli-Kərəmlər, Romeo-Cülyettalar sevgi və sədaqət simvoluna çevrilmişlər. Və bu Leyli-Məcnunların mənəvi övladları, məhəbbət xələfləridir Müşfiqlə Dilbər…

Deyirlər, Allah-təala öz sevgili bəndələrini hər cür sınaqlara çəkir, tarix boyu aşiqlər də min bir əzab-əziyyət, həsrət, hicran, zülmlər çəkə-çəkə sədaqətlə öz məhəbbətlərini qoruyub yaşadıblar, cismən məhv olsalar da, mənən eşqin qanadlarında göylərin ənginliklərinə ucalıb, ruhları ilə əbədiyyətə qovuşublar, dillərdə dastan olublar "Müşfiq-Dilbər" sevgisi kimi. Bu yazılmamış dastan hələ çox-çox illər dillər əzbəri olacaq, hafizələrdə yaşayacaq, insanların qəlbini ən ülvi duyğularla zənginləşdirəcək, sevən aşiqlərə örnək olacaqdır. Müşfiqin məzarı yoxdur, ancaq o ürəklərdədir, mən əminəm ki, gün gələcək Müşfiq-Dilbər sevgisini əbədiləşdirmək üçün Bakının ən səfalı yerlərinin birində Müşfiq Dilbər abidəsi ucalacaq və bu müqəddəs yer sevənlərin əhd-peyman yerinə, insanların ziyarətgahına çevriləcəkdir. Qoy gənclərimizə Müşfiqlə Dilbərin acı taleyi yox, onların ölməz məhəbbəti və qırılmaz sədaqəti qismət olsun.

 

 

Əsmət GƏNCƏLİ (Məhsəti)

 

Ədəbiyyat qəzeti.-2009.-26 iyun.-S.3.