Cəlil
Məmmədquluzadə - 140
Cəlil Məmmədquluzadə və XX
əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai
fikri
XX əsrin
əvvəlləri Azərbaycan xalqının gələcək
həyatının böyük sınaq illəri idi. Xalqı
mədəni inkişafa və milli istiqlala hansı yollarla
aparmaq sualı bütün vətənpərvər xadimlərin
qarşısında bir tarixi vəzifə olaraq dayanmaqda idi. Bu dövrdə Azərbaycan siyasi-ictimai fikri xarici
istilalar və təbliğatlar nəticəsində öz
milli mənliyini itirmək təhlükəsi ilə
üz-üzə dayanmışdı. Xalqı milli kökə
qaytarmaq, onu fanatizm bəlasından xilas etmək, nəhayət,
müasir dünyanın sivil nailiyyətləri ilə zənginləşdirmək
bir milli ideal kimi qarşıda dururdu.
Məhz bu idealların nəticəsi olaraq XX əsrin əvvəllərində
Azərbaycan siyasi-ictimai fikrində "Türkləşmək,
islamlaşmaq, müasirləşmək" devizi ilə
böyük bir mübarizə cəbhəsi fəaliyyət
göstərəmyə başlamışdı. Bu milli
mücadilədə iştirak edənlər arasında bu gün
anadan olmasının 140 illiyini qeyd etdiyimiz böyük realist
yazıçı, böyük dramaturq, ən
başlıcası XX əsrin əvvəlləri Azərbaycan
ədəbi-ictimai fikrini ideya-estetik cəhətdən yeni
inkişaf yoluna çıxaran məşhur mollanəsrəddinçilər
satirik publisistika məktəbinin banisi Cəlil Məmmədquluzadənin
müstəsna rolu vardır.
Məlum olduğu kimi, Cəlil Məmmədquluzadə
özünün ədəbi-estetik mübarizəsi ilə XIX
əsr Azərbaycan maarifçiliyinin korifeyləri olan Mirzə
fətəli Axundov və Həsən bəy Zərdabinin
tarixi mübarizə idealları ilə sıx bağlı idi. Cəlil Məmmədquluzadə
öz böyük sələflərinin ideallarını
öz müasirlərindən tarixi-xronoloji cəhətdən
daha əvvəl və daha uğurla davam etdirən söz sənətkarı
və ictimai xadim idi. O hələ 1894-cü ildə Azərbaycan
xalqının nə cür böyük ictimai bəlalara
düçar olmasını özünün "Danabaş kəndinin
əhvalatları" əsərində təsvir etmişdir. O, Rusiya imperiyasında hələ 1905-ci il demokratik
inqilabıının baş verməsindən əvvəl - yəni
1904-cü ildə Azərbaycan insanının düçar
olduğu ictimai ətalət bəlalarını ifşa edən
"Poçt qutusu", "Kişmiş oyunu" kimi məşhur
hekayələrini yazıb çap etdirmiş, bir realist yazıçı
kimi şöhrət tapmışdı. C.Məmmədquluzadə
XX əsrin ilk illərində "Kafkazskiy raboçi
listok", "Tiflisskiy listok", "Vozrojdeniye",
"Kaspi" kimi qəzetlərdə iştirak etmiş,
1904-cü ildə "Şərqi-Rus" qəzetində bir
müddət redaktor əvəzi kimi fəaliyyət göstərmiş,
bir publisist kimi hazırlıq məktəbi keçmişdi.
Cəlil Məmmədquluzadə öz müasirləri
içində zəmanəsinin nəbzini tuta bilmək cəhətdən
də öncül idi. O, zamanın həssas vaxtında ictimai
hadisələri ciddi üslublu epik nəsr və publisistika ilə
deyil, tənqid və satira kimi kəsərli ədəbi silahlarla
ifşa etməkdə də fərqlənirdi. Belə
ki, o, 1905-ci il burjua-demokratik inqilabından sonra bir bədii
söz sənətkarı kimi Azərbaycan milli ictimai fikri
qarşısında duran ədəbi estetik vəzifələri
dərk etmiş, epik nəsrin "təmkinli" üslubu ilə
deyil, siyasi-ictimai mübarizələr dövrünün daha fəal,
daha kəsərli və döyüşkən
ədəbi mübarizə vasitəsi olan satirik publisistikaya
müraciət etmək qərarına gəlmiş, 1906-cı
ilin 7 aprelində bütün Yaxın və Orta Şərqdə
məşhur olan satirik "Molla Nəsrəddin"
jurnalının nəşrinə nail olmuş, "Molla Nəsrəddin"
bədii mübarizə məktəbinin əsasını
qoymaqla XX əsrin əvvəlləri Azərbaycan ictimai fikrində
ideya-məzmun və bədii-estetik cəhətdən yeni bir səhifə
açmışdır.
C.Məmmədquluzadənin zamanın "sifarişi"
ilə meydana gətirdiyi yeni ideya-məzmun və yeni ədəbi-estetik
keyfiyyətlərə malik olan "Molla Nəsrəddin"
jurnalının ictimai-bədii əks-sədası müasirlərinin
dediyi kimi, cəmiyyətdə bir bomba təsiri
yaratmışdı. O dövrün ən görkəmli fikir
sahibləri - Əli
bəy Hüseynzadə, Əhməd bəy Ağayev, firidin bəy
Köçərli və başqaları "Molla Nəsrəddin"in
meydana çıxmasını bir tarixi hünər kimi qiymətləndirmişlər.
XX əsrin Cəlil Məmmədquluzadəyə həsr
edilmiş müxtəlif elmi tədqiqatlarından və
müxtəlif şəxslərin xatirə yazılarından
məlum olur ki, "Molla Nəsrəddin" ədəbi məktəbinin
publisist, nəsr və poetik forma nümunələrini Cəlil
Məmmədquluzadə özü yaratmış, "Molla Nəsrəddin" ədəbi məktəbinin
bünövrəsini özü qoymuşdur. Bu cəhətlər
nəzərə alınarsa, "Molla Nəsrəddin"
jurnalı C.Məmmədquluzadənin XX əsrin əvvəlləri
Azərbaycan ədəbi-estetik fikrində yaratdığı ən
möhtəşəm bir abidə idi. Cəlil Məmmədquluzadə
XX əsrin əvvəlləri Azərbaycan ədəbi-estetik
fikrində yaratdığı ən möhtəşəm bir
abidə idi. Cəlil Məmmədquluzadə
"Molla Nəsrəddin"də dərc etdirdiyi publisistika,
nəsr və poetik nümunələr ilə Azərbaycanda və
ondan kənarda yaşayan onlarca yazıçı və
şairi yeni yaradıcılıq yoluna salmışdı.
Ömər faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əli
Nəzmi, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd
Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Razi
Şamçızadə kimi bu gün Azərbaycan ədəbiyyatı
tarixində "mollanəsrəddinçilər" adı
ilə məşhur olan söz sənətkarları
yetişdirmişdi. Cəlil Məmmədquluzadənin məsləhət
və sifarişləri ilə Oskar Şmerlinq, İosif Rotter, Əzim
Əzimzadə kimi rəssamlar Azərbaycanda satirik
qrafikanın parlaq nümunələrini yaratmışlar.
Cəlil
Məmmədquluzadənin yaratdığı "Molla Nəsrəddin"
ədəbi məktəbi bütün Azərbaycan ədəbi-ictimai
fikrinə, o cümlədən romantizmə təsir göstərməkdə
idi. Müasir həyatın real, konkret hadisələrini tənqid
etmək işində romantiklər mollanəsrəddinçilərin
ədəbi təsirlərindən faydalanırdılar. Bu cəhətdən
XX əsrin əvvəlləri Azərbaycan romantik şerinin Məhəmməd
Hadi, Abbas Səhhət, Əliabbas Müznib kimi nümayəndələri
"Molla Nəsrəddin" satirasının təsiri
altında uğurlu əsərlər yazmışlar. Mollanəsrəddinçilər
epiqon şeirə daha çox təsir göstərmiş,
onların yaradıcılığını ictimai həyatın
qüsur və nöqsanlarını tənqid edən şeirlər
yazmağa istiqamətləndirmişlər. Təsadüfi
deyil ki, bütün bu hadisələri görən Cəlil Məmmədquluzadə
- qabaqlar belə şeylər yox idi. İndi hamı "Molla
Nəsrəddin"ə baxıb onun kimi yazırlar - sözlərini
deyirdi.
Molla Nəsrəddin
ədəbi məktəbinin təsirilə XX əsrin əvvəllərində
təkcə Bakıda deyil, İran Azərbaycanında, Orta
Asiya və Volqaboyu ölkələrində bir sıra satirik mətbuat
orqanları çıxmışdır.
C.Məmmədquluzadə
"Molla Nəsrəddin" səhifələrindəki
yazıları ilə XX əsrin əvvəlləri Azərbaycan
həyatının demək olar ki, bütün aktual
siyasi-ictimai problemlərini əhatə edirdi. O, bütün
janrlı əsərlərində publisist idi. Siyasi-ictimai məzmun,
günün ən aktual və konkret həyat hadisələrinə
müraciət etmək Cəlil Məmmədquluzadə əsərlərinin
başlıca xüsusiyyəti idi. Onun ədəbi-estetik
konsepsiyası XX əsrin əvvəllərinin bütün ədəbi
mühitinə təsir göstərirdi.
Cəlil
Məmmədquluzadə "Molla Nəsrəddin"
jurnalındakı əsərlərilə XX əsrin əvvəlləri
Azərbaycan həyatının demək olar ki, bütün
aktual siyasi-ictimai problemlərini əhatə edirdi. O,
jurnalın ilk saylarından birində yazırdı: "Nə
bilim, bu nədir - torpaq məsələsi; bu nədir - əmələlər
acdırlar. Kəndlilər torpaqsızdırlar. Kəndlər
şkolsuzdurlar, viran olub vətənimiz, elimiz, itib gedib dinimiz,
həm dilimiz, əzilib əngimiz, sınıb belimiz, bəs
biz ağlamayaq, kim ağlasın?!" (Bax:
"Molla Nəsrəddin" jur.1907, ¹41).
Bu sözlər Cəlil Məmmədquluzadənin ictimai
mübarizəsinin ayrı-ayrı tezisləri olsa da, lakin
heç də hamısı və başlıcası deyildi.
Onun bu dövrdə əsas mübarizə cəbhəsi Azərbaycan
ədəbi-ictimai fikrinin başlıca şüarı olan
"türkləşmək, islamlaşmaq və müasirləşmək
ilə bağlı idi. Bu konsepsiyada "türkləşmək"
xüsusilə mühüm yer tuturdu. Məlum olduğu kimi, Azərbaycan
ədəbi-ictimai fikrində "türkləşmək"
istəkləri hələ XIX əsrin ortalarında Mirzə Fətəli Axundovun, bugünkü
müasir Azərbaycan-türk dilinin parlaq nümunələri
olan komediyalarında öz əksini tapıb. Seyid
Əzim Şirvaninin islam dini fanatiklərinə qarşı
çevrilmiş satiralarında, nəhayət - Həsən bəy
Zərdabinin Azərbaycan milli həyatını müasirləşdirmək
mübarizəsinin aynası olan "Əkinçi" qəzeti
səhifələrində - bu konsepsiyanın dərin izlərini
görmək olar. Məlum olduğu kimi, XX əsrin əvvəllərində
"Türkləşmək, islamlaşmaq və müasirləşmək"
çağırışları bir konsepsiya şəklində
Azərbaycan ədəbi-ictimai fikrinə böyük filosof və
ədib Əli bəy Hüseynzadə gətirmişdi. Onun 1905-ci ilin 7 iyunundan Bakıda nəşrinə
başladığı "Həyat" qəzetində
(1905-1906) bu problem "Bütün dünya türklərinin
birləşməsi" arzusu ilə meydana
atılmışdı. Lakin Cəlil Məmmədquluzadənin
ədəbi-ictimai fəaliyyətində bu problemin
"türkləşmə"
çağırışına özünəməxsus bir
baxış vardır. O, bütün dünya türklərinin
birləşməsi ideyasına strateji cəhətdən
etiraz etməsə də, lakin konkret olaraq Azərbaycan
türklərinin taleyi uğrunda mübarizəni zamanına
görə daha vacib bilirdi. Təsadüfi deyil ki, o, "Molla
Nəsrəddin" jurnalının ilk sayında məhz Azərbaycan
xalqına: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman
qardaşlarım, ey mənim türk qardaşlarım, sizinlə
türkün ana dilində danışacağam" sözləri
ilə müraciət edirdi. Jurnalın elə həmin
sayında dərc etdiyi "Bizim obrazovannılar" adlı
felyetonunda onun - "mənim bir rəfiqim var, özü də
müsəlmandır amma məni görəndə rus dilindən
savayı özgə dildə danışmaz" - sözləri
ilə müraciət etməsi əslində milli mənliyini
itirmiş azərbaycanlı müasirinə doğma
türkçülük yolunu başa salırdı. Bununla C.Məmmədquluzadə
əslində "Azərbaycançılıq"
mövqeyini ön plana çəkir, özünün gələcək
ədəbi-ictimai mübarizə xəttini elan edirdi. C.Məmmədquluzadənin
XX əsrin əvvəlləri Azərbaycan ictimai fikrindəki ən
böyük xidmətlərindən biri - dövrün
"İslamlaşmaq" çağırışları
ilə bağlı idi. Məlum olduğu kimi,
islam dininə münasibət məsələsi C.Məmmədquluzadədən
əvvəl də Azərbaycan maarifçilərini
düşündürmüşdü. XIX əsrin
ortalarında böyük filosof və ictimai xadim M.F.Axundov islam dini ətrafında
bəzi ziddiyyətli və tənqidə məruz qalan mülahizələr söyləsə də, lakin o
da bütün aydınlığı ilə islam dininin əsl
mahiyyətinə müsbət münasibət bəsləmiş,
özünün "Cəlalüddövlə məktublarının
mülhəqatı" adlı yazısında (bax: M.F.Axundov. Seçilmiş əsərləri,
III cild, Bakı -1961, səh. 150 ) bildirirdi:
"Biz də, müəllif də istəmirik ki, xalq ateist
olsun, dinsiz-imansız olsun. Bəlkə müəllifin məqsədi
dinin əsr və zəmanə müvafiq olaraq protestanizmə
möhtac olduğunu göstərməkdir".
Bu cəhətdən
"Molla Nəsrəddin" fikir cəbhəsinin
başçısı C.Məmmədquluzadə öz xələfi
M.F.Axundov ideyaları ilə birləşirdi.
C.Məmmədquluzadə bütün
yaradıcılığı boyu din və cəmiyyət
problemi ilə məşğul olsa da, əslində islam
dininin əleyhinə deyil, bu dini hörmətdən salanlara
qarşı mübarizə aparmışdır.
Təəssüf
ki, sovet ədəbiyyatşünaslığı C.Məmmədquluzadənin
bu problem ətrafında apardığı mübarizəyə
həmişə tendensiyalı mövqedən
yanaşmış, onun dini-fanatizmə qarşı
çevrilmiş əsərlərini islam dininin özünə
qarşı çıxması kimi izah etmişdir. Halbuki C.Məmmədquluzadə
əvvəldə qeyd etdiyimiz kimi "İtib gedib dinimiz"
sözləri ilə islam dininin bir təəssübkeşi
kimi çıxış edirdi. Ədib digər bir felyetonunda
islam dininə olan münasibətini daha açıq şəkildə
bildirərək yazırdı: "Molla Nəsrəddinin məqsədi
nə dinə sataşmaqdır, nə də təzə bir məzhəb
icad etməkdir. Molla Nəsrəddinin qəsdi vəhşi adətlərin
ortadan götürülməyi yolunda
çalışmaqdır ("Molla Nəsrəddin", 1911,
¹44 ).
C.Məmmədquluzadə öz böyük sələfləri
kimi müasirləşmək uğrunda inadla
çarpışırdı. O, “müasirləşmək"
adı altında milli tarixi kökdən uzaqlaşıb yad
sivilizasiyaların və mədəniyyətlərin təsiri
altına düşmək meyllərini həmişə pisləyirdi. Xalqı öz milli kökü
üzərində ucalmağı, yad ideoloji təsirlərə
uymamağı müasirləşmənin başlıca keyfiyyəti
hesab edirdi. O, Azərbaycan xalqını müasir
dünyanın səviyyəsində görmək istəyirdi.
Məhz bu səbəbdən o, öz
yaradıcılığında ictimai gerilik bəlasına
xüsusi yer verirdi. O, felyetonlarından birində öz
oxucularına müraciətlə yazırdı: "Gah vaxt
olubdur ki, bəziləri bizdən soruşurlar ki, nə səbəbə
siyasətdən, dumadan, hüquqdan, hürriyyətdən və
müsavatdan çoxluca bəhs etmirik. Amma bizdən
bunu soruşan ağalardan təvəqqe edirik, bizə cavab
versinlər görək, ayə mümkündürmü vəbanı
dayandırmaq üçün 43 qoyun kəsən bir millətə,
bir cahil lotunu özünə haşa, Allah bilən camaata həmişə
dumadan və siyasətdən bəhs etmək? Biz belə
qanırıq ki, xəyal, fikir və əqidə düzəlməzsə,
feil heç vaxt düzəlməz. O səbəbə ki,
"ikinci birincilərə tabedir" ("Molla Nəsrəddin",
1907, ¹ 36 ).
Onuncu illərdə C.Məmmədquluzadə "Türkləşmək,
islamlaşmaq və müasirləşmək" uğrunda
mübarizəsini nəsr və dram əsərlərində də
aparırdı. Bundan əvvəlki əsərlərində
olduğu kimi, bu dövrdə də o, ədəbi-ictimai fikri
geriliyə qarşı mübarizəyə
çağırırdı. Bu cəhətdən C.Məmmədquluzadə
cəmiyyəti tərbiyələndirən bir müəllim
kimi çıxış edir, öz məqsədini xalqa
çatdırmaq üçün bəzən eyni mövzunu
müxtəlif bədii janrlarda işləyirdi. Bu cəhətdən
onun XIX əsrin sonlarında qaldırdığı ədəbi-ictimai
problemlərlə 1906-cı ildən sonra "Molla Nəsrəddin"
jurnalında qaldırdığı problemlər arasında
sıx bir yaxınlıq özünü göstərməkdədir.
Bu dövrdə o, milli-ictimai geriliyə həsr edilmiş
"Usta Zeynal", "Qurbanəli bəy" və digər
hekayələrini yazır.
Milli-ictimai gerilik bəlası C.Məmmədquluzadəni
daim düşündürmüş, bunun nəticəsi olaraq
o, 1907-1916-cı illər arasında bu mövzuda
"Ölülər" adlı pyesini yazmışdır.
"Ölülər" pyesi əslində Azərbaycan
ictimai mühitinin dini fanatizmlə bağlı, tarixi dərdləri
ilə sıx bağlıdır. Adından da
göründüyü kimi, C.Məmmədquluzadə bu əsərində
islam aləminin dini fanatizm səbəbindən ölü vəziyyətinə
düşdüyünü göstərmişdir.
"Ölülər"i diriltmək fikri ilə meydana
çıxan Şeyx Nəsrullah və onu ifşa edən
Kefli İsgəndər obrazları arasında olan dramatik
çəkişmələr əslində fanatik
düşüncə ilə ayıq düşüncə
arasında davam edən mübarizədir.
C.Məmmədquluzadənin
ədəbi-ictimai mübarizəsinin Azərbaycan
xalqının milli oyanışında oynadığı rolu
onun "Anamın kitabı" pyesində görmək olar.
Bu əsərində Cəlil Məmmədquluzadə Azərbaycanda
Xalq Cümhuriyyətinin qurulması ərəfəsində
baş verən hadisələrin tarixi mənzərəsini əks
etdirir. Məlum olduğu kimi, 1917-ci ilin fevralında Rusiyada
çarizmin devrilməsi imperiyaya daxil olan xalqların öz
milli istiqlalları uğrunda çalışmaları Azərbaycanda
da davam edirdi. Bu illərdə hakimiyyətə gəlmək
uğrunda ölkədə bir sıra düşmən siyasi
partiyalar mübarizə aparırdı. C.Məmmədquluzadə
Azərbaycan xalqında milli-müstəqillik ideyalarını
oyatmaq üçün "Anamın kitabı"ndan əvvəl,
hələ "Molla Nəsrəddin" jurnalının
1917-ci il 27 noyabr tarixli 24-cü sayında məşhur
"Azərbaycan" adlı essesini nəşr edir. Bu
publisist əsərində yazıçı Azərbaycan
xalqını Rusiya imperiyasının dağılması hadisəsindən
istifadə edib, öz milli müstəqilliyini qurmağa
çağırır. Xalqında "Azərbaycançılıq"
ideyasını oyatmaq üçün cəmiyyətə -
"anam kimdir?", "dilim nə dildir?", "vətənim
haradır?" - kimi konkret suallarla müraciət edir.
Yazıçı oxucuya "Dilimin adı türk-Azərbaycan
dilidir, vətənim də Azərbaycan vilayətidir" -
sözləriylə cavab verir.
Cəlil
Məmmədquluzadə bu publisist əsərini yazmaqla kifayətlənmir.
Azərbaycanda xalq cümhuriyyətinin davam etdiyi dövrdə
vətəni Azərbaycanın yenidən işğala
düçar olacağından ehtiyat edir. Xalqı ana vətəni
Azərbaycanın ətrafında birləşdirmək
üçün özünün "Anamın kitabı"
adlı əsərini yazır. Müxtəlif
dövlətlərin siyasi mənafelərini təmsil edən
üç qardaş ilə, xalqının, vətənin
taleyini düşünən Gülbahar adlı bacının
dramatik münaqişələri üzərində qurulan
"Anamın kitabı" əsərində o, bir daha
açıqlığı ilə "Azərbaycançılıq"
ideyasını təbliğ edir. Müəllif əsərin
ideya ruporu olan Gülbaharın dili ilə "Axı adamlar nə
üçün hərə bir yana gedir… niyə hamısı
bir yerə getmir, niyə hamısı bir tərəfə
getmir?" şəklində oxucuya suallar verir.
1920-ci
ilin iyulunda, yəni Azərbaycanın bolşevik istilasından
sonra C.Məmmədquluzadə Qarabağın Kəhrizli kəndindən
İran Azərbaycanına - Təbriz şəhərinə
köçür. Böyük çətinliklərdən
sonra yerli ziyalıların köməyi ilə "Molla Nəsrəddin"in
8 nömrəsini çıxara bilir. O, "Molla Nəsrəddin"in
Təbriz nömrələrində də özünün
tarixi mübarizəsini davam etdirir. O, xalqı türkləşmək,
islamlaşmaq və müasirləşmək idealları
uğrunda mübarizəyə çağırır.
Jurnalın Təbriz saylarındakı yazıların əksəriyyətini
Cəlil Məmmədquluzadə özü yazır. Onun bu
yazıları Təbrizin ədəbi və ictimai həyatında
böyük əks-səda yaradır. O, "Tüstü"
felyetonunda bu dövrdə İran Azərbaycanında hökm
sürən ictimai geriliyi bu cür səciyyələndirirdi:
"Hər yan tüstüdür, məclislərdə və
evlərdə düxaniyyat və məşrubat
tüstüsü, küçələrdə hamam
tüstüsü, mənəviyyatda mövhumat
tüstüsü, ruhda və qəlbdə kəsafət
tüstüsü! Xülasə, millət tüstü
içində boğulmaqdadır və boğula-boğula
nicata müntəzirdir" (mart, N-7 1921).
"Missionerlər"
adlı felyetonunda isə yazıçı Amerika dövlətinin
iqtisadi cəhətdən zəif olan ölkələri öz
nüfuzu altına almaq üçün buraya missionerlər
göndərməsinə təəssüflənir (1921, ¹6).
C.Məmmədquluzadənin Təbriz dövrü
yaradıcılığı ictimai həyatda qeyri-adi bir
oyanış yaradır. Onun satirasının təsirlərindən
təkcə ayrı-ayrı məmurlar deyil, adlı-sanlı
xanlar və hakimlər lərzəyə düşürlər.
Azərbaycanda
sovet hakimiyyətinin qurulması ölkədə mədəni-maarif
tədbirlərinin aparılmasında C.Məmmədquluzadənin
keçmiş ədəbi-ictimai şöhrəti onu yerli
sovet orqanlarının yadına salır. Nəhayət, 1921-ci
ilin sonlarında Cəlil Məmmədquluzadə Bakıya dəvət
edilir. Bu dövrdə o, "Kamança", "Lal",
"Danabaş kəndinin məktəbi", "Dəli
yığıncağı" kimi qısa həcmli pyeslərini
yazır. 1922-ci ilin payızında "Molla Nəsrəddin"in
nəşrinə icazə alır. Jurnalın ilk nömrəsi
1922-ci ilin noyabrında çıxır. C.Məmmədquluzadə
1922-ci ilin noyabrından 1924-cü ilə qədər "Yeni
yol" qəzetinin redaktoru olur. Sovet hakimiyyətinin ilk illərində
yeni quruluşun mədəni tədbirlərində
böyük rol oynayır. C.Məmmədquluzadə bu dövrdə
respublika mətbuatında özünün bir sıra hekayələrini
çap etdirir. O, sovet hakimiyyəti illərində "Molla Nəsrəddin"
jurnalını 1922-ci il 2 noyabrdan 1931-ci il yanvarın 7-nə
kimi nəşr edir. Əlbəttə, C.Məmmədquluzadənin
sovet hakimiyyəti illərindəki fəaliyyəti uğurlu
olmur. Yazıçı sovet idarələrindəki
qüsurları və ölkənin varidatını
Rusiyanın talamasını tənqid etməsi üstündə
siyasi dairələrin təzyiqlərinə məruz qalır.
Ədəbiyyatşünas Əli Nazim "Cəlil Məmmədquluzadə
və yaradıcılığı" adlı məqaləsində
ədibin sovet dövrü yaradıcılığından bəhs
edərkən yazırdı ki, o bir dəfə
yazdığı məsələlərdən artıq əl
çəkə bilmir və həmin məsələlərdən
eyni adət etdiyi
üsulla danışır və gülür. Bu surətdə
"Molla Nəsrəddin" gülüşü sovet
dövründə öz kəskinliyini itirmiş və sovet
satirasına çevrilə bilməmişdir" (Cəlil Məmmədquluzadə.
Məqalələr və xatirələr məcmuəsi,
Bakı, 1963).
Əlbəttə, belə bir münasibət Cəlil Məmmədquluzadəni
mənəvi sarsıntılara salırdı. Xüsusilə
1930-cu ildən jurnalın "Mübariz, Allahsızlar
İttifaqının Mərkəzi və Bakı
Şurasının Orqanı"na çevrilməsi C.Məmmədquluzadənin
həyatı üçün daha sarsıntılı olur. Məhz bu
sarsıntıların nəticəsi olaraq böyük ədib,
dramaturq və publisist Cəlil Məmmədquluzadə 1932-ci
ilin 4 yanvarında beyninə qan sızması nəticəsində
vəfat edir.
Bu
gün Cəlil Məmmədquluzadənin ədəbi irsi
Müstəqil Azərbaycan respublikasının böyük
tarixi yaddaşı olaraq qalır. Onun müxtəlif janrlı
ədəbi irsi xalqımızın tarixi bir abidəsi kimi
qiymətləndirilməkdədir. Böyük sənətkarın
XX əsrin ilk illərindən başlayaraq Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağayev, Firidun bəy
Köçərli, Seyid Hüseyn, sonrakı illərdə Əli
Nazim, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov,
Mir Cəlal Paşayev, Əziz Şərif, Əziz Mirəhmədov,
Kamal Talıbzadə, Abbas Zamanov və onlardan sonrakı nəsil
tərəfindən dəfələrlə tədqiq və təhlil
edilmişdir. Lakin bütün bunlara baxmayaraq, Cəlil Məmmədquluzadənin
ədəbi-ictimai irsi yeni tarixi şəraitdə yeni tədqiq
və təhlilə möhtacdır.
C.Məmmədquluzadə
bu gün bizim böyük müasirimizdir. Onun Azərbaycan
xalqını özünüdərkə çağıran əsərləri
müstəliq Azərbaycan ədəbiyyatşünaslığının
işığında özünün yeni dərkini gözləyir.
İslam AĞAYEV
Ədəbiyyat qəzeti.-2009.-26
iyun.-S.1, 2.