Gəncə: Nigar Rəfibəyli
Poeziya günü
Vətən torpağının iftixarı
"Vətən
torpağına iftixar
olan Şanlı nəsillərin yadigarıyam"
- deyən görkəmli
xalq şairimiz Nigar Rəfibəylinin bu poetik deyimi
onun iyunun 19-da Gəncədə keçirilən
ənənəvi poeziya
gününün ruhuna
hopmuşdu. Azərbaycan Yazıçılar
Birliyi Gəncə bölməsinin 1998-ci ildən
davam etdirdiyi, hər il şairin
doğum günü ərəfəsində doğma
vətənində düzənlənən
tədbir yenə N.Rəfibəyli adına 43
saylı orta məktəbdən başladı.
Xalq şairinin təhsil ocağının həyətində
ucalan abidəsi önünə müəllimlər,
şagirdlər, qələm
adamları toplaşmışdı.
AYB Gəncə bölməsinin
sədri, əməkdar
incəsənət xadimi,
Məmməd Alim XX əsr Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi Nigar
Rəfibəylinin həyat və yaradıcılıq yolundan
danışdı, onun
şair, tərcüməçi
və fədakar ana, ömür-gün yoldaşı kimi unudulmazlığını vurğuladı.
Yazarlardan Aləmzər
Əlizadə, Zaur Quliyev, Suğra İbrahimqızı, Solmaz
Şəms, Fəridə Heydərova, müəllimlərdən Əsli
Süleymanova, Fazil Kazımov və Validə Salmanova çıxış
edərək N.Rəfibəyliyə
ünvanladıqları şeirlərini,
ürək sözlərini
söylədilər. Şagirdlər
xalq şairinin şeirlərini oxudular. Abidə önünə gül-çiçək dəstələri
qoyuldu. Məktəbin
direktoru, şair Xəzangül tədbirin təşkilatçısı AYB Gəncə bölməsinə
təşəkkürünü bildirdi.
Nigar Rəfibəyli Poeziya günü axşam şairin Xan bağındakı heykəli
qarşısında yüzlərlə
insanın iştirakı
ilə təntənəli
surətdə davam etdirildi. Abidə önünə çoxlu
gül-çiçək
dəstələri düzüldükdən
sonra şair Məmməd Alim tədbiri açaraq şanlı nəsillərin
yadigarı, gözəl
lirik şeirlərin, bədii tərcümələrin
müəllifi Nigar xanımın ədəbiyyatımızın
inkişafında xidmətlərindən bəhs
etdi, ona ünvanladığı şerini
oxudu. Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Cəmilə Səttarova, Gəncə şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
rəisi Mina Məlikova hər ilin iyununda keçirilən
Nigar Rəfibəyli Poeziya gününün ölməz xalq şairinə sonsuz hörmət və ehtiramın ifadəsi olduğunu vurğuladılar,
Nizami yurdunun yetirdiyi sənətkarlar sırasında onun özünəməxsus yer
tutduğunu dilə gətirdilər.
Yazarlardan Xəzangül,
Aləmzər Əlizadə,
Bəxtiyar Yunisoğlu,
B.Qarayeva, Elman Eloğlu, Solmaz Şəms, Suğra İbrahimqızı, Oruc Göyçəli, Gənc
vətənpərvərlər cəmiyyətinin Gəncə
təmsilçisi Elçin
Axundov poeziya gününün əhəmiyyətindən
söz açdılar, Nigar xanıma həsr etdikləri şeirlərini
oxudular. N.Rəfibəyli
adına 43 nömrəli
orta məktəbin şagirdləri şairin şeirlərini söylədilər.
"Göygöl" ansamblının müşayiəti
ilə müğənnilərdən
Sənəm Hüseynova,
İlham Qasımov, Şəhadət Ömərov,
Ramin Hüseynov və aşıq İlqar Nəcəfoğlu
xalq şairinin sözlərinə bəstələnmiş
mahnılarla ədəbi-musiqili məclisin iştirakçılarını salamladılar.
Axırda Rəfibəylilər nəslinin
nümayəndəsi, şair
Səbuhi Rəfizadə
yeni şerini oxudu, Nigar Rəfibəyli
Poeziya gününün
yüksək səviyyədə
keçirilməsinə görə
təşkilatçı və
iştirakçılara minnətdarlığını
bildirdi.
İlhamə Yusifova
Ədəbiyyat qəzeti.-2009.-26
iyun.-S.1.